Məhkəmə qərarları › İş №1(006)-207/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-207/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-207/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər “Pro Bono” Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Mosul kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Şəhid ailələri və müharibə iştiralçıları üçün inşa edilmiş binada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.2006-cı ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qusar rayonu Hill kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Zavod yolu küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanının qarşısındakı körpünün altında tanışı X1 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görüb oraya yaxınlaşaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Ərəstun Alhümbətov və digər tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan Ərəstun Alhümbətov və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs zor tətbiq etməklə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub sonuncuya sağ diz oynağı və sağ baldır nahiyələrinin qançır-şişkinliyi (hematoması), sağ gicgah nahiyəsinin qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində ünvan 1 ünvanının qarşısındakı körpünün altında tanışı X1 Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görüb oraya yaxınlaşaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Ərəstun Alhümbətov və digər tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan Ərəstun Alhümbətov və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs zor tətbiq etməklə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub sonuncuya sağ diz oynağı və sağ baldır nahiyələrinin qançır-şişkinliyi (hematoması), sağ gicgah nahiyəsinin qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş, Ağdərə uğrunda döyüşlərdə yaralanmış, 2-ci qrup əlil olmaqla qazidir. 2024-cü ilin əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindəki körpünün altında yerləşən avtomobil dayanacağında “parkovşik” işləmişdir. Həmin avtomobil dayanacağını Ərəstun adlı şəxs işlətmiş və həmin şəxs gündəlik ona 20 manat pul vermişdir. Şahid1 də həmin yerdə hadisə vaxtı yeni işə düzələrək işləmişdir. Cəmil adlı şəxs isə onun işlədiyi avtodayanacağa tez-tez gəlib getmişdir. Cəmil atası ilə körpünün yanındakı «Grenn Hall» restoranında təmir işləri ilə məşğul olmuşdur. Elmar adlı şəxs isə «Grenn Hall» restoranını icarə əsasında işləmiş, orada hər gün nahar etmişdir. 15 yanvar 2024-cü il tarixdə saat 17.30 radələrində dayanacaqda olan zaman tanımadığı bir nəfər şəxs əlində mobil telefonla dayanacaqda olan kofe maşınının şəklini çəkmişdir. Bu zaman Ərəstun həmin şəxsə yaxınlaşaraq orada şəkil çəkməyin qadağan olunduğunu və çəkdiyi şəkli silməsini bildirmişdir. Həmin şəxs isə siləcəyəyini bildirmişdir. Bu zaman Ərəstun onun çəkdiyi şəkli silmək məqsədilə həmin şəxsin əlindən mobil telefonunu almışdır. Ərəstun həmin şəkli silə bilməmiş və onun mobil telefonunu özünə qaytararaq şəkli özü silməsini tələb etmişdir. Bu zaman Ərəstun həmin şəxsin boğazından yapışıb şəkli silməsini tələb etmiş və zərərçəkmişi vurmağa başlamışdır. Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdikdə o zərərçəkmiş şəxsi vurmağa başlamış və bu zaman sonuncu yerə yıxılmışdır. Bu zaman Zərərçəkmiş şəxs polisə şikayət edəcəyini bildirmişdir. O yaxınlıqdakı polis əməkdaşlarını çağırmış və qayıdarkən Ərəstun adlı şəxsin Zərərçəkmiş şəxs üstünə qışqıraraq şəkli silməyini tələb etməsini müşahidə etmişdir. Sonra isə polislər onları Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə aparmışlar. Göstərilənləri nəzərə alaraq, barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı körpünün yanında yerləşən «Grenn HALL» restoranına atalığı Vüqarla birlikdə gedib-gəlmişdir. Belə ki, Vüqar usta fəaliyyəti ilə məşğul olduğundan orada təmir işləri aparmış və o da köməklik göstərmişdir. Həmin restoranın yanındakı körpünün altında isə avtodayanacaq yerləşir. Həmin vaxt orada işləyən Ərəstun, Ramazan və Elşadla tanış olmuşdur. Ərəstun qazi olmuş və təxminən 2024-cü ilin ortalarında vəfat etmişdir. Elşad və Ramazan adlı şəxslər “parkovşik” işləmişlər. Elmar adlı şəxs isə dayanacağın yanında yerləşən «Grenn Hall» restoranın işçisi olmuşdur. 15 yanvar 2024-cü il tarixdə saat 17 radələrində o, restoranda olarkən Vüqar ona bayırda onu gözləməsini xahiş etmişdir. O dayanacaqda olarkən bir nəfər tanımadığı şəxs əlində mobil telefonla dayanacaqda olan kofe maşınının şəklini çəkmişdir. Bu zaman Ərəstun həmin şəxsə yaxınlaşaraq «burda şəkil çəkmə, çəkdiyin şəkli də sil» demişdir. Həmin şəxs isə siləcəyini bildirmişdir. Bu zaman Ərəstun şəkli silmək məqsədilə həmin mobil telefonu onun əlindən almışdır. Lakin Ərəstun şəkli silə bilməmiş və mobil telefonu yenidən həmin şəxsə şəkli silməsi üçün qaytarmışdır. Bu zaman Ərəstun həmin şəxsin boğazından yapışaraq «sənə demədim şəkli sil» deyərək qışqırmış və onu vurmağa başlamışdır. Bu zaman Ramazan da həmin şəxsi vurmağa başlamışdır. O Ramazan və Ərəstunun həmin şəxsi döydüyünü, həmin şəxsin isə sonuncuları nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. Ramazan və Ərəstun onun tanışları olduğu üçün o da yaxınlaşıb dalaşan şəxsləri aralaşdırmağa çalışmışdır. Daha sonra polislər hadisə yerinə gələrək onları Nəsimi RPİ 20-ci PŞ-nə aparmışlar. Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlamış və həmçinin notarial qaydada ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və onun iştirakı olmadan məhkəmədə işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, X9 Alayında polis nəfəri kimi xidmət aparır və polis serjantıdır. Xidmət apardığı ərazi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin ətrafıdır. Belə ki, 15 yanvar 2024-cü il tarixdə saat 17:30-da həmin ərazidə xidmətdə olarkən ona bir nəfər şəxs yaxınlaşaraq 3-cü mikrorayon dairəsinin altında münaqişə baş verdiyini bildirmişdir. O, iş yoldaşı Şahid3lə həmin ünvana getmişlər və körpünün altına çatanda Şahin adlı şəxs ona yaxınlaşaraq bir neçə nəfər şəxs tərəfindən döyüldüyünü bildirmiş və həmin şəxsləri onlara göstərmişdir. Şahin adlı şəxsin həmin vaxt paltarları cırılmış vəziyyətdə olmuşdur. Bundan sonra Şahin adlı şəxsi və digərlərini xidməti avtomobillə inzibati ərazi üzrə Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirmişlər. Bu barədə raportla məruzə edərək həmin şəxsləri PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid1, Şahid2 Hüseyn oğlu və Şahid3 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid1, Şahid2 Hüseyn oğlu və Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi Rayon Prokuroru Həsən Hənifəyev tərəfindən CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i/v 1-2). İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayəti üzrə hadisə yeri ünvan 1 ünvanının qarşısındakı körpünün altıdır (i/v 14-15). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2024-cü il tarixli, 70 saylı ekspertiza rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər — sağ diz oynağı və sağ baldır nahiyələrinin qançır-şişkinliyi (hematoması), sağ gicgah nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (i/v 30-32). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 99). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (i/v 100-101). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 01 iyul 2024-cü il tarixli, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 iyul 2024-cü il tarixli qərardan, “axtarışda olan şəxsin tutulması barədə” 09 noyabr 2024-cü il tarixli protokoldan və “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və 09 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nə gətirildiyindən icraat təzələnərək müstəntiqin icraatına qəbul edilmişdir (i/v 89, 92, 103, 104-105). İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması barədə” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, 06 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 saxlanılaraq Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinə təhvil verilmişdir (i/v 158). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatması nəzərə alınaraq barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi qərara alınmışdır (i/v 198-204). İş materiallarına əlavə olunmuş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatamayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 132-133). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştiraçısı” medalları ilə təltif olunmuşdur (i/v 180). İş materiallarına əlavə olunmuş “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 189). İş materiallarına əlavə olunmuş “Qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz olunması haqqında” 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əvəz olunmuşdur (i/v 207). İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş **********612 saylı ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir və onlara qarşı zərərçəkmiş şəxsin heç bir tələb və ya şikayət yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 təqsirliliyi özü tərəfindən inkar edilsə də, Təqsirləndirilən şəxs1 və şahidin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq cinayəti törətməməsi ilə bağlı ifadəsinə dair aşağıdakıları qeyd edir. İlk növbədə vurğulamaq lazımdır ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsin telefonla fotoşəkil çəkməsinə göründüyü kimi qarşılıqlı davranış qaydalarına zidd olan formada reaksiya verərək ictimai yerdə səs-küy salmış, zərərçəkmiş şəxsə zor tətbiq etmiş, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, təqsirləndirilən şəxslər cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Həmin hallar məhkəmədə tədqiq edilmiş hadisənin videogörüntüsü ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini məsuliyyətdən boyun qaçırmaq üçün verdikləri ifadələr kimi qiymətləndirərək, onlara tənqidi yanaşır və inandırıcı hesab etmir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və “Vətən müharibəsi” iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət və Təqsirləndirilən şəxs2 tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və Müdafiəçi2 vəkil işlədikləri “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-207/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərara əsasən 28 yanvar 2025-ci il tarixdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna məhkəmə istintaqı dövründə göstərilmiş 33 (otuz üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və Müdafiəçi2 vəkil işlədikləri “Pro Bono” Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 228 (iki yüz iyirmi səkkiz) manat olmaqla ümumilikdə 456 (dörd yüz əlli altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və Müdafiəçi2 vəkil işlədikləri “Pro Bono” Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 228 (iki yüz iyirmi səkkiz) manat olmaqla ümumilikdə 456 (dörd yüz əlli altı) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar