Məhkəmə qərarları › İş №1(006)-208/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-208/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-208/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qohumu Şahid3 Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 01 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs sonuncunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 31.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının sonu əvvəllər tanıdığı Şahid4 ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, həmin vaxt ”Riad" mühafizə xidmətində mühafizəçi işləyir və orta məktəblərdə posta çıxırdı. 2020-ci ilin avqust ayının sonları Rövşənlə metronun “Memar Əcəmi" stansiyasının yaxınlığında, “Moskva” univermağının qarşısında görüşmüşlər. Rövşən həmin vaxt adının İntiqam olduğunu bildirdiyi şəxsi onunla tanış edərək kömək lazım olduğunu demişdir. Ondan nə ilə bağlı kömək lazım olduğunu soruşduqda İntiqamla bir-birlərinin mobil nömrələrini götürmüş və daha sonra danışmaq qərarına gəlmişlər. Bir neçə gün sonra İntiqam onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, qohumu Şahid3 ali məktəbə imtahan vermiş, lakin yetəri qədər bal toplaya bilməmişdir. Şahid3 Bakı şəhərində yerləşən hüquq fakültələrinin birinə düzəltməyə köməklik göstərməyini xahiş etmişdir. O, bir neçə nəfərdən maraqlanmış və qəbulun mümkün olduğunu dedikləri üçün 01.10.2020-ci il tarixdə, saat 19 radələrində İntiqamdan Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nın yaxınlığında onun idarə etdiyi “Pajero" markalı avtomaşının salonunda 31.000 manatı almışdır. Lakin bir müddət sonra ona məlumat vermişlər ki, müddət keçib, həm də Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə pulla qəbul etdirmək qadağandır. Lakin İntiqamdan aldığı 31.000 manatı şəxsi ehtiyacları üçün xərclədiyindən onunla telefon əlaqəsi saxlamış və bildirmişdir ki, Milli Aviasiya Akademiyasına pulla düzəltmək mümkün deyil, Rusiya və Türkiyə dövlətlərinin təhsil müəssisələrinə mümkündür. İntiqam da bildirmişdir ki, gəl həmin adamın valideyni ilə görüşək və onlar razılıq versin. O da onları tanımadığını İntiqama demiş və ondan xahiş etmişdir ki, özü Səxavətin valideynləri ilə danışıb nəticəsini ona desin. Onlar 09 oktyabrda danışmış, İntiqam demişdir ki, razı deyillər, pulu qaytar. O bildirmişdir ki, pulu xərcləmişdir, dekabrda qaytara bilər. 11 oktyabrda İntiqam bildirmişdir ki, Türkiyəyə razıdırlar. Buna görə də o, “Caspian Plaza"da xaricdə təhsil adı ilə qeydiyyatdan keçmiş “xxxx" şirkətinə müraciət etmişdir. Həmin şirkət Şahid3 sənədlərinin surətlərini istəmişdir. O, 09 oktyabrda sənədləri İntiqama vermişdi deyə, yenidən sənədləri ondan istəyəndə, İntiqam bildirmişdir ki, döyüş zonasına gedir, gəl özün sənədləri götür və göndər. O da qardaşını yollamışdır. Sənədləri İntiqamdan götürdükdən sonra 15 oktyabrda o, həmin sənədləri şirkətə təqdim etmişdir. Bir neçə gündən sonra həmin şirkətdən ona bildirilmişdir ki, şirkətə xidmət haqqı və təhsil haqqı olaraq ümumilikdə 6.275 manat ödəmək lazımdır. İntiqamdan aldığı 31.000 manatdan 4.000 manatı aparıb “Caspian Plaza"da yerləşən "xxxx" şirkətinə ödəmişdir. Sonra İntiqam demişdir ki, istəmirlər, pulu geri qaytar. O da şirkətə pulu və sənədləri qaytarmalarını bildirdikdə, onlar artıq pulu ali məktəbə ödədiklərini bildirmişlər. Demişlər ki, ya qalan məbləği də ödəyin, ya da verdiyiniz pul batacaq. O da qalan 2.275 manatı da ödəyib qəbul haqqında sənədləri almışdır. Hazırda isə zərər çəkmişə dəymiş zərərin əvəzini tamamilə ödəmişdir. Vurulmuş zərərin tamamilə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında qohumu Şahid3 ona müraciət edərək bildirmişdir ki, qəbul imtahanları zamanı kifayət qədər nəticəsi yaxşı olmadığından ali məktəbə qəbul ola bilməmişdir. Bunun üçün əlavə imtahanlar olacaq və həmin imtahanlar zamanı ona köməklik lazımdır. Ona həmin sahədə heç bir tanışının olmadığını bildirmiş, lakin onunla birlikdə işləyən keçmiş iş yoldaşı Şahid4 Təhsil Nazirliyində tanışının olubolmadığını soruşmuşdur. Çünki R.Pirəliyev bir neçə dəfə onun yanında bildirmişdir ki, Təhsil Nazirliyində Təhlükəsizlik Xidmətinin rəisi onun tanışıdır. Rövşəndən bu barədə soruşduqda sonuncu bildirmişdir ki, onu Ramillə görüşdürə bilər. Dəqiq tarix yadında qalmasa da, 2020-ci ilin avqust ayının sonlarında Rövşənlə birlikdə Ramillə metronun '‘Memar Əcəmi“ stansiyasının yaxınlığında görüşmüşlər. Ramilə vəziyyət barədə məlumat verdikdə Ramil Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və onların vasitəsi ilə kömək edəcəyini demişdir. Həmin görüşdən bir neçə gün sonra Ramil whatsapp şəbəkəsində ona səs və smslər göndərərək həmin vəzifəli şəxslərlə danışdığını, Bakı Dövlət Universitetinə 120.000 manat, Naxçıvan Dövlət Universitetinə 30.000 manat, Milli Aviasiya Akademiyasına isə 31.000 manat müqabilində hüquqşünaslıq ixtisasına qohumu Şahid3 düzəldə biləcəyini demişdir. Səxavətin valideynləri ilə məsləhətləşdikdən sonra qərara gəlmişdir ki, onu Milli Aviasiya Akademiyasına “Hüquqşunaslıq" ixtisası üzrə sənədlərini Ramilə təqdim etsinlər. 29.09.2020-ci il tarixdə Ramil bildirmişdir ki, Səxavətin sənədlərini ona göndərsin ki, işi danışdığı şəxslərə göstərsin. Həmin gün saat 13-14 radələrində Səxavət sənədlərini gətirərək onunla birlikdə Bakı Hərbi Məhkəməsinin qarşısında Ramilə vermişlər. Ramil sənədləri onlardan götürmüş və 01.10.2020-ci il tarixdə, səhər saatlarında ona zəng edərək bildirmişdir ki. Səxavətin qəbul məsələsinə razılıq verilib təcili olaraq 31.000 manatı ona çatdırsın. Özü şəxsən 31.000 manatı iş yoldaşı Şahid1la birlikdə 01.10.2020-ci il tarixdə, saat 19.30 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Qış Parkı" nın yaxınlığında özünə məxsus “Pajero" markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda Ramilə vermişdir. Ramil əvvəlcə oktyabr ayının 4-nə kimi, sonra 7-nə, daha sonra isə 11-nə kimi məsələni həll edəcəyini bildirsə də, sonradan X2 Universitetinə düzəltməyi təklif etmişdir. O, Ramillə razılaşmayıb yalan danışdığını hiss edərək pulunu geri istəmişdir. Həmin vaxtdan Ramil Masallı rayonunda olduğunu bildirmiş və bir neçə günə Bakı şəhərinə gəlib onunla görüşəcəyini bildirmişdir. Lakin Ramil 3-4 dəfə vaxtı uzatmışdır. O da Ramilin pulu ona qaytarmaq fikri olmadığını görüb istintaqa ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq zamanı Ramil aldığl pulun bir hissəsini, məhkəmə istintaqı dövründə isə tam şəkildə geri qaytarmışdır. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə Rusiya Federasiyasının Dövlət X1 fakültəsini bitirmişdir. Həmin vaxt İltimas adlı tələbə yoldaşı vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Ramil ona özünü Təhsil Nazirliyinin mühafizə xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Ramil ondan zəruri sənədlərin surətini istəmiş və bildirmişdir ki, həmin sənədlərə baxdıqdan sonra ona nəticəsi barədə bildirəcək. Təxminən 2019-cu ilin noyabr ayında Ramillə Şamaxinka adlanan ərazidə görüşmüş və Ramil bildirmişdir ki, sənədlərdə problem yoxdur, lakin diplomunun Təhsil Nazirliyində təsdiq edilməsi üçün 5.500 manat verməlidir. Həmin yerdə Ramilə 5.500 manat vermiş və həmin görüşdən bir neçə gün sonra onu Təhsil Nazirliyinə çağırmışlar. 2019-cu ilin dekabr ayının əvvəlində Təhsil Nazirliyinə gedib müsabiqədən keçdikdən sonra dekabr ayının sonunda diplomunun təsdiqlənməsi barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində elan edilmiş və bu barədə mobil telefonuna sms gəlmişdir. Həmin hadisədən sonra 2020-ci ilin avqust ayında iş yoldaşı Zərərçəkmiş şəxs ona müraciət edərək bildirmişdir ki, yaxın qohumunun ali məktəbə qəbul olması ilə əlaqədar ona köməklik lazımdır. İntiqamı Ramillə tanış etmiş və bildirmişdir ki, istədiyi məsələ ilə bağlı Ramil ona kömək edə bilər. Dəqiq tarix yadında olmasa da, təxminən 2020-ci ilin avqust ayında Ramil, İntiqam və özü metronun “Əcəmi” stansiyasının yaxınlığında görüşmüş və orada İntiqamla Ramili tanış etmişdir. Lakin həmin görüş zamanı Ramillə İntiqam heç bir məsələ ilə bağlı danışmamışlar. Onlar sadəcə olaraq bir-birlərinin mobil nömrələrini götürmüşlər ki, daha sonra münasib vaxtda əlaqə saxlayacaqlar. 2020-ci ilin oktyabr ayının əvvəlində İntiqam ona bildirmişdir ki, Ramil onu aldadaraq 31.000 manatını ələ keçirmişdir. Bundan sonra o, İltimasla əlaqə saxlamışdır ki, Ramil barədə məlumat öyrənsin, sonuncu da Ramillə əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, “xxxx” təhsil mərkəzi MMC-nin direktoru vəzifəsində işləyir və işlədiyi MMC xaricdə təhsil almaq üçün vətəndaşlardan müraciətləri qəbul edib xarici dövlətlərdə yerləşən universitetlərə, xüsusən də, Türkiyə dövlətinə istiqamətləndirir və tələbə qəbulunu həyata keçirir. 15.10.2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs şirkətə müraciət edərək yaxın qohumu Şahid3 Türkiyə Cümhuriyyətində yerləşən təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istədiyini bildirmişdir. Şirkət olaraq Ramillə müqavilə imzalamış və Təqsirləndirilən şəxs müvafiq sənədlərin surətini onlara təqdim etmişdir. Bundan sonra onlara təqdim olunan sənədləri türk dilinə tərcümə edib daha sonra aidiyyəti universitetə göndərmişlər. Sonra isə həmin universitetdən dəvət məktubu gəlmiş, daha sonra isə Təqsirləndirilən şəxs təhsil haqqının ödənilməsi barədə məlumat vermişlər. Ramil isə onlara 5.000 manat ilkin xidmət haqqı ödəməklə daha sonra isə 1.275 manat təhsil haqqı ödəmişdir. Ramilin ödədiyi həmin məbləği X4 hesabına ödəmişlər. Bundan sonra ödəniş barədə qəbzi “Çankırı Karatekin” universitetinə göndərmiş və bir neçə gün sonra universitetdən Şahid3 adına rəsmi tələbə arayışını almışlar. Həmin arayışı Türkiyənin Azərbaycandakı Səfirliyinə göndərmiş və səfirlikdən arayış rəsmi möhürlə təsdiq edildikdən sonra Şahid3 rəsmi olaraq qeyd olunan universitetin hüquq fakültəsinin tələbəsi olması bildirilmişdir. Bundan sonra Ramilin qardaşı şirkətin əməkdaşı Nigar Məmmədliyə zəng edərək qardaşının Nəsimi rayon Polis İdarəsində saxlanıldığını bildirmiş və zəruri sənədlərin surətini istəmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Azərbaycan Ordusunda xidmət edir, hazırda xidmətini Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Məxfi bölməsinin rəisi vəzifəsində, “baş gizir" rütbəsində davam etdirir. Ədliyyə polkovnik-leytenantı Zərərçəkmiş şəxs tanıyır, həmin şəxs Tibb Baş İdarəsinin hüquqşünası vəzifəsində xidmət edir. Onunla qohumluğu və dostluğu yoxdur, ancaq xidməti münasibətləri var. Ədliyyə polkovnik-leytenantı Zərərçəkmiş şəxs təxminən 2020-ci ilin sentyabr ayının sonlarında onunla söhbət zamanı yaxın qohumunun ali məktəblərə qəbul imtahanından kəsilməsini, ona görə də əlavə qəbul zamanı onun ali məktəblərdə boş qalan yerlərdən birinə qəbul edilməsinə kömək edə biləcək bir şəxs axtarmasını xahiş etmişdir. Bir neçə gün sonra ondan bu barədə soruşanda ona, əvvəllər eyni idarədə birgə xidmət etdikləri iş yoldaşının Təhsil Nazirliyinin Təhlükəsizlik Xidmətində çalışan belə bir tanışının olmasını, onunla tanış olub qohumunun qəbulu üçün lazım olan sənədləri verməsini, əgər sənədlər barədə müsbət rəy verilərsə həmin şəxsin 31.000 manat qarşılığında dayısı oğlunu Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinə yerləşdirməyə vəd verməsini demişdir. Bu söhbətdən 3-4 gün sorra, yəni 01.10.2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təhsil Nazirliyinin Təhlükəsizlik xidmətinin rəisi olan həmin şəxs sənədlərin keçərili olması barədə zəng edib və 31.000 manat pulu istəyir. İntiqam ondan xahiş elmişdir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində "Qış Parkı" adlanan yerin yaxınlığında Ramillə görüş təyin etmişlər və pulu Ramil adlı həmin şəxsə verərkən onun yanında olsun. İntiqam ilə razılaşmış, saat 19:30 radələrində İntiqama məxsus **-ZL-*** nömrəli “Pajero” markalı avtomaşınla “Qış Parkı” adlanan əraziyə getmiş, üzü Heydər Əliyev adına Respublika sarayına tərəf gedərkən yolun hərəkət istiqamətinin sağ tərəfində qəza işıqlarını yandırıb dayanmış qara rəngli dövlət nömrə nişanın son rəqəmləri 671 olan “Volkswagen passat” markalı maşından bir nəfər düşmüş və İntiqamın maşınına minmişdir. Ramil adlı şəxs maşına minən vaxt Zərərçəkmiş şəxsla çox səmimi görüşmüş, deyilən pulu gətirib gətirmədiyini soruşmuş, Zərərçəkmiş şəxs da qara rəngli sellofan torbada hamısı 100 manatlıq əskinaslardan ibarət pulları çıxarıb Ramilə vermişdir. Ramil pulları saymış və 31.000 manat olmasını təsdiq etdikdən sonra ad çəkmədən lazımi adamlarla danışdığını, görüşdüyünü, bu məsələnin həll edilməsini və “ən yuxarı” səviyyədə icazə verilməsini deyərək, İntiqama qəti narahat olmamağı, 04 oktyabr tarixinə qədər qohumuna sms vasitəsi ilə qəbul edildiyi məktəbin, fakültənin və qrupun adının göndəriləcəyini, şəxsən özünün aparıb Milli Aviasiya Universitetinə yerləşdirəcəyini dedikdən sonra, sağollaşıb, pulu da götürüb getmişdir. Sonradan eşitmişdir ki, Ramil İntiqamı aldatmış, əvvəl ayın 4-nə söz versə də, sonradan ayın 7-nə, daha sonra 11-də düzələcəyini bildirmiş, həmin gündən də telefonu söndürmüş və müxtəlif yalan və bəhanələr gətirməklə görüşməkdən və pulu qaytarmaqdan yayınmışdır. İş materiallarında olan: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respubliksı CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.100-101); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 23 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MYS-dən azad edilmişdir (İ cild, i.v.135-137); - “Qətimkan tədbirinin seçilməsi” haqqında 23 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.138-141); - “Sübutların qiymətləndirilməsi barədə” 25.01.2021-ci il tarixli qərarla tərəflər arasında aparılan danışıqların əks olunduğu səs yazıları və yazışmaların köçürüldüyü 02 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldığı 31.000 manatdan 23.11.2020-ci il tarixdə 15.000 manat, 11.01.2021-ci il tarixdə 2.000 manat sonuncuya ödəniş etmiş və eyni zamanda “xxxx” təhsil mərkəzi MMC-nin direktoru Şahid2 tərəfindən təqdim olunun 4.000 manatın 11.01.2020-ci il tarixdə müvafiq qəbzlər əsasında Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmışdır (İ cild, i.v.198-207); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.10.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə məhkum edilmiş, 11.01.2008-ci il tarixdə Yasamal rayon Məhkəməsinin 16.01.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 67.1-ci maddələri ilə məhkum edilərək 09 il azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 15.03.2012-ci il tarixli 2101 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır kateqoriyalı cinayətlər üzrə cəzanın çəkilib qurtarmasından sonra məhkumluq müddəti 6 il müəyyən edildiyi üçün onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və onun məhkumluğu ödənildiyindən əməli cinayətin residivini yaratmır (İ cild, i.v.45-47). - Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı halda təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 21 noyabr 2020-ci il tarixdən 23 noyabr 2020-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilənlərə əsasən mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2020-ci il tarixdən 23 noyabr 2020-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar