Məhkəmə qərarları › İş №1(006)-208/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-208/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-208/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 Müdafiəçilər: “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 X3 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Hacıqabul şəhəri, Xətai küçəsi, ev 20-də qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1974-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Hacıqabul şəhəri, Xətai küçəsi, ev 2, mənzil 2-də qeydiyyatda olan, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu götürülmüş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 15, mənzil 2/3-ün giriş qapısının qarşısına gəlib orada aralarında apardıqları rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək üçün müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə mənzilin giriş qapısının açıq olmasından istifadə edərək oraya qanunsuz daxil olub mənzilin yataq otağında olan stolun üzərindən Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində bir ədəd “iPhone” markalı, “X” modelli mobil telefonu, 300 manat dəyərində bir ədəd “HP” markalı notbuku, içərisində 80 manat pul və hər birinin dəyəri 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində iki ədəd "xxxx" ASC-yə aid bank kartları olan 10 manat dəyərində pul kisəsini oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 910 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 07 radələrində ünvan 1 ünvanda yerləşən “Adress” restoranının arxa hissəsində yerləşən giriş qapısından restorana girərək yalnız restoran işçilərinin giriş-çıxışı üçün nəzərdə tutulmuş otağa qanunsuz daxil olub həmin otaqdan Zərərçəkmiş şəxs2 məxsus əl çantasının içərisindən sonuncuya məxsus, içərisində 03 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 160 manat dəyərində bir ədəd “Xiaomi” markalı, “Redmi 9” modelli mobil telefonu və 53 manat pulu oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 216 manat məbləğində maddi ziyan vurmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə maddi cəhətdən əziyyət çəkirmiş. 25 dekabr 2022-ci il tarixdə, saat 09 radələrində işləmək məqsədilə həmyerlisi və qonşusu Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhərində şadlıq evlərində çalışdığı üçün orada iş tapa biləcəyini düşünmüşdür. Bakı şəhərində metronun “28 May” stansiyasının yaxınlığında olarkən Təqsirləndirilən şəxs2 təbii ehtiyaclarını ödəmək istədiyini bildirmiş, onu bir qədər gözləməsini xahiş edib sonuncudan uzaqlaşmışdır. Bir qədər irəliləyərək binanın həyətinə girmiş, təsadüfən binanın həyətində 1-ci mərtəbədə yerləşən mənzilin qapısının yarıaçıq olduğunu görüb yaxınlaşmış və daxil olmuşdur. Mənzilə girdikdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 yatdığını görüb evdə sonuncudan başqa heç kimin olmamağından istifadə edərək otaqda olan stolun üstündəki “İphone X” markalı mobil telefonu, “HP” markalı notbuku və pul kisəsini götürüb səssizcə oranı tərk etmişdir. Pul kisəsi və telefonu ciblərinə qoymuş, notbuku isə əynindəki gödəkçənin içərisində gizlədərək Təqsirləndirilən şəxs2 doğru getmişdir. Təqsirləndirilən şəxs2 onun törətdiyi əməldən və götürdüyü əşyalardan xəbəri olmamışdır. Bundan sonra onlar həmin ərazidən uzaqlaşaraq dənizkənarı bulvar ərazisinə getmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs2 sellofan torba almasını xahiş edəndə, sonuncu bunun səbəbini soruşmuş, o da törətdiyi əməli etiraf edərək oğurladığı əşyaları onun içərisinə qoymaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan ayrılıb getmiş, özü isə oğurladığı əşyalarla birlikdə rayona qayıtmışdır. Pul kisəsinin içərisində olan 35 manat nağd pulu götürmüş, şəxsiyyət vəsiqəsi və bank kartlarını pul kisəsi ilə birlikdə tanımadığı yerdə otluğa atmışdır. Mobil telefonun oğurluq olduğunu bildirmədən Ramil adlı şəxsə 100 manata, notbuku isə tanımadığı şəxsə 120 manata Şirvan şəhərindəki mağazaların birində satmışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Adress” restoranının arxa hissəsindən yolla keçən zaman restoranın giriş qapısının olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Qapıya yaxınlaşaraq onun açıq olduğunu müəyyən etmiş, içəri boylanaraq heç kimin olmadığından və səs gəlmədiyindən əmin olub ora daxil olmuşdur. Orada bir neçə otağın qapısı açıq vəziyyətdə olmuşdur. Onlardan birinə girib qadın əl çantasının olduğunu görüb dərhal onun içərisini axtarmağa başlamışdır. Çantanın içərisindəki 53 manat pulu və bir ədəd “Xiaomi” markalı mobil telefonu götürüb çölə çıxmış və dərhal oradan uzaqlaşmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmyerlisi və qonşusudur. Ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxs1 pul istəmiş, sonuncu isə Bakıda bir nəfər tanışının ona 700 manat borcu var, əgər o, onunla Bakıya getsə, ona pul verə biləcək. O da yeni ili bacısı və onun ailəsi ilə birlikdə keçirmək, həm də borc pul almaq məqsədi ilə 25 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs1la birlikdə rayondan Bakıya gəlmişdir. Metronun “28 May” stansiyasının yaxınlığında olarkən Təqsirləndirilən şəxs1 ona həmin tanışı ilə görüşüb pulunu alacağını bildirmiş, bir qədər gözləməsini xahiş edib uzaqlaşmışdır. Bir müddət sonra qayıdaraq pulu ala bilmədiyini demiş, birlikdə səhər yeməyi üçün dənizkənarı bulvar ərazisinə getmişlər. Parkın yaxınlığında olarkən Təqsirləndirilən şəxs1 ondan sellofan torba almasını istəmiş, o da bunun səbəbini soruşanda, Təqsirləndirilən şəxs1 mobil telefon və notbuku göstərərək həmin tanışının borc pulun əvəzinə verdiyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs1 bu əşyaları oğurladığını anlayıb onunla sağollaşaraq Yasamal rayonu ərazisində yaşayan bacısıgilə getmiş, sonra da rayona qayıtmışdır. 05 yanvar 2022-ci il tarixdə işə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxs1la birlikdə olduğu kamera görüntülərini göstərmiş və həmin şəxsi tapmaqda köməklik göstərməsini xahiş etmişlər. Polis bölməsində olarkən cinayət əməlini törətmədiyini və hadisədən xəbərinin olmadığını desə də, polis əməkdaşları onun sadəcə olaraq dindirildiyini və sərbəst buraxılacağını bildirmişlər. Lakin o tutulmuş, polis bölməsində olarkən işgəncəyə məruz qalaraq sənədlərə qol çəkmiş, ancaq bu barədə heç bir yerə müraciət etməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 15, mənzil 2/3-də yatarkən anası çörək almaq üçün mağazaya gedəcəyini, tez bir zamanda qayıdacağı üçün giriş qapısının kilidini bağlamayacağını demişdir. Bir müddət sonra yuxudan ayılanda özünə məxsus “iPhone” markalı “X” modelli mobil telefon, “HP” markalı notbuk və içərisində 80 manat nağd pul, iki ədəd "xxxx" ASC-yə aid boş bank kartları, şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində pul kisəsinin yatdığı otaqdakı masanın üzərində olmadığı görmüşdür. Bu barədə anasına bildirənsə, sonuncu xəbəri olmadığını, mağazadan yenicə gəldiyini bildirmişdir. Artıq ona məlum olmuşdur ki, yuxuda olarkən anası giriş qapısının kilidini bağlamadığı üçün naməlum şəxs və ya şəxslər mənzilə daxil olub bu əşyaları oğurlamışdır. Dəymiş zərər ödənilməsə də, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 07 radələrində ünvan 1 ünvanda yerləşən xadimə işlədiyi “Adress” restoranına getmiş, əl çantasını restoranın arxa girişində yerləşən və yalnız restoranın işçiləri üçün nəzərdə tutulmuş otağa qoymuşdur. Restorana gəldikdən sonra işlərini görməyə başlamışdır. Təxminən 30 dəqiqə sonra çantasını qoyduğu otağa qayıtmış və çantasının içərisinə baxdıqda 53 manat nağd pulunun, “Xiaomi” markalı “Redmi 9” markalı mobil telefonunun, dərman preparatlarının və reseptlərin oğurlandığını aşkar etmişdir. Restoranda olan kamera görüntüsünə əsasən bir nəfər şəxsin restoranın arxa giriş qapısından daxil olaraq bir qədər ətrafa nəzər yetirərək gözlədiyi, daha sonra onun əl çantasının olduğu otağa daxil olduğu və çıxan zaman cibinə nəsə qoyaraq oranı tərk etdiyi məlum olmuşdur. Bu zaman başa düşmüşdür ki, həmin şəxs onun yoxluğundan istifadə edib içəri gizli olaraq daxil olub çantasından oğurluq etmişdir. Mobil telefonunun içərisində 055-537- 25-49 saylı dəyəri 3 manat olan GSM nömrə olmuşdur. Ona ümumilikdə 456 manat maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmiş, mobil telefonu ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan:  “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarına əsasən Təqsirləndirilən şəxs2 bildirir ki, o, narkotik vasitə aludəçisidir. Bu səbəbdən məhkumluğu olmuşdur. Narkotik vasitələrdən istifadə etdiyinə görə maddi cəhətdən əziyyət çəkir. 25 dekabr 2022-ci il tarixdə, saat 09 radələrində həmyerlisi, həmçinin qonşusu Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərinə gəlmişdir. Onlar narkotik qəbul etmək üçün sakit bir yer axtarmışlar. Həmin zaman “28 May” metrostansiyasının yaxınlığında idilər. Bir qədər irəliləyərkən binanın həyətinə girmişlər. Binanın həyətinin sakitçilik olduğunu görmüşlər. Binanın həyətində 1-ci mərtəbədə yerləşən mənzilin qapısına tərəf yaxınlaşmışlar. Həmin mənzilin qapısı binanın həyətindən görsənmədiyi üçün orada narkotik maddə qəbul etmək istəmişlər. Lakin Təqsirləndirilən şəxs1 qəflətən mənzilin qapısına əl atmış və açıq olduğunu görmüşdür. Bu vaxt qapı yarımaçıq vəziyyətdə bir qədər gözləyib mənzildən səs gəlmədiyinin şahidi olduqda belə qərara gəlmişlər ki, həmin mənzildən oğurluq etsinlər. Belə ki, razılaşmalarına görə o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə qapının yanında çöl tərəfdə dayanmış, Faiq isə mənzilə daxil olmuş və bir qədər sonra mənzildən əlində əşyalarla birlikdə çölə çıxmışdır. Faiq içəridən bir ədəd markasını bilmədiyi mobil telefon, bir ədəd markasını bilmədiyi stolüstü kompyuter və pul kisəsi götürmüş, həmin əşyaları gödəkçəsinin altında gizlədərək oradan uzaqlaşmalarını bildirmişdir. Faiq həmin əşyaları satıb narkotik maddə alacağını və birlikdə istifadə edəcəklərini demişdir. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq dənizkənarı bulvara gəlmişlər. Faiq pul kisəsinin içərisində olan miqdarını bilmədiyi pulları götürmüş, şəxsiyyət vəsiqələrini və bank kartlarını isə lazım olmadığı üçün tullamışdır. Həmçinin, Faiq pul kisəsinin içərisini boşaltdıqdan sonra tanımadığı yerdə otluğa atmışdır. Onlar birlikdə həmin gün Hacıqabul şəhərinə getmişlər. Faiq ona oğurladığı əşyaları satacağını və daha sonra onunla görüşəcəyini deyərək çıxıb getmişdir. Lakin Faiq ona həmin əşyaları kimə və harda satacağı barədə bir məlumat verməmişdir. O, yaşadığı evdə olarkən polis əməkdaşları oğurluqda şübhəli olduğunu bildirmişlər. Polis bölməsində olarkən həmin mənzilə daxil olmadığını, Faiqin mənzilə daxil olaraq içəridən oğurluq etdiyini bildirmişdir (İ cild, i.v.61-62, 108-109, 258-259);  “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarına əsasən Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 ifadəsinə uyğun izahatlar vermişdir (İ cild, i.v.41-43, 96-98, 246-248);  “Götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs1 təqdim etdiyi “Xiaomi” markalı “Redmi 9” modelli mobil telefon götürülür (İ cild, i.v.45);  “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokola və fotoşəkillərə, xx.xx.2022-ci il tarixli “Götürmə aparılması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs1 Şirvan şəhərində yerləşən mobil telefonların satışı ilə məşğul olan “Azercell” adlı mağazanı göstərərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “iPhone” markalı “X” modelli mobil telefonu həmin mağazaya 100 manata satdığını bildirir, mağazada satıcı və telefon ustası kimi fəaliyyət göstərən Şahid **********29960 İMEİ kodlu həmin mobil telefonu təqdim edir (İ cild, i.v.65-67, 74);  “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola və diskdə olan görüntüyə əsasən kişi cinsindən olan şəxs “Adress” restoranının giriş qapısından içəriyə daxil olaraq bir qədər ətrafa nəzər yetirdikdən sonra içəri daxil olur və ilkin olaraq sol hissədə yerləşən otağa daxil olaraq təxminən 10- 25 saniyə sonra həmin otaqdan çıxmaqla kameranın müşahidə dairəsindən kənarda başqa otağa daxil olur. Həmin şəxs təxminən 15-20 saniyə sonra bu otaqdan çıxır və çıxan zaman əynində olan gödəkçənin iç hissəsinə nə isə qoymaqla giriş qapısından çölə çıxaraq oranı tərk edir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 görüntüdə əks olunan şəxsin özü olduğunu və görüntüdə həmin obyektə oğurluq etmək məqsədilə daxil olduğunu, orada otaqda olan əl çantasından mobil telefon və 53 manat pul oğurladığını bildirir (İ cild, i.v.171, disk);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1410 saylı rəyinə görə ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların istifadədə olması nəzərə alınmaqla halhazırda orta bazar qiyməti qara rəngli, “iPhone” markalı, “X” modelli mobil telefonun dəyəri – 500 manat, “Xiaomi” markalı, “Redmi 9” modelli mobil telefon – 160 manat, bir ədəd ədəd “HP” markalı notbuk – 300 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.202- 204);  “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla hadisəni özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarına əlavə edilmiş, iş üzrə “Xiaomi” markalı, “Redmi 9” modelli və “iPhone” markalı, “X” modelli mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanması üçün sahiblərinə qaytarılmışdır (cild İ, i.v.223-234); “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin:  26.01.2022-ci il tarixli arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 05 ay 14 gün hissəsi Cinayət Məcəlləsinin 68.1 və 67.1-ci maddələrinə müvafiq olaraq bu hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib ona qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-964/2021 saylı qərarı ilə o, cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsidən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, i.v.162-164, 177-189, ll cild);  26.01.2022-ci il tarixli arayış və hökmün surətinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər 7 dəfə məhkum edilmiş, sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir (İ cild, i.v.165-168, 191-194);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-8/2022 və 4(006)-9/2022 saylı qərarları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.120-129);  Hacıqabul rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-964/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsidən şərti olaraq vaxtından əvvəl azad edilmiş, qərar icra olunması üçün xx.xx.2021-ci il tarixdə şöbəyə daxil olmuşdur (cild İİ). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Təqsirləndirilən şəxs2 tərəfindən ona ittiham olunan əməlin törətməməsinə dair məhkəmə istintaqındakı ifadəsinə məhkəmə tənqidi yanaşmaqla hesab edir ki, ibtidai istintaq dövründən fərqli olaraq hazırda belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq məqsədi güdür. Çünki Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdiyi ifadələrində ona ittiham olunan əməli törətməsini etiraf etmiş, Təqsirləndirilən şəxs1 da ifadələrində oğurluğu birlikdə etdiyini söyləmişdir. Eyni zamanda məhkəmədə bu şəxslərin ifadələri arasında olan uyğunsuzluqlar da (T.Atamalıyev Təqsirləndirilən şəxs1la birlikdə Bakıya pul, Təqsirləndirilən şəxs1 isə onun iş axtarmaq üçün gəldiyini vurğulamışdır) onların qeyri-səmimiliyinə dəlalət edir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirlən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzadan azad edildiyi üçün həmin qərarın 7-ci hissəsinə görə onun məhkumluğu götürülmüşdür. Belə olan halda onun cəzasının ağırlaşdıran hal müəyyən edilmir. Təqsirləndirilən şəxs1 isə əvvəllər qəsdən törətdiyi az ağır cinayətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsidən şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 76.6-cı maddəsinə müvafiq olaraq cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 67.4-cü maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-964/2021 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsi hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarının əvvəli onların həbsə alındıqları andan – 05 yanvar 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında, “Xiaomi” markalı, “Redmi 9” modelli mobil telefon sahibi Zərərçəkmiş şəxs2, “iPhone” markalı, “X” modelli mobil telefon isə Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş həmin büronun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-964/2021 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında, “Xiaomi” markalı, “Redmi 9” modelli mobil telefon Zərərçəkmiş şəxs2, “iPhone” markalı, “X” modelli mobil telefon Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılsın, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş həmin büronun vəkili Müdafiəçi1 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar