Məhkəmə qərarları › İş №1(006)-208/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-208/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-208/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Müdafiəçi: «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, ev 249-da qeydiyyatda olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(005)-266/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.122022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 04 yanvar 2023-ci il tarixdə, saat 16:00 radələrində "xxxx" QSC-nin “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın “28 May” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək, qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkcəsinin sağ yan cibindən üzərində 07 manat dəyəri olan 051 ***-**-** saylı və 05 manat dəyəri olan 055 ***-**-** saylı GSM nömrələr ilə istifadə olunan 450 manat qiymətində olan bir ədəd “Samsung Galaxy J6" markalı **********91530 və **********91538 İMEİ kodlu mobil telefonu çıxararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 462 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o: • 04 yanvar 2023-ci il tarixdə, saat 16:30 radələrində metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın “28 May” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək, qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkcəsinin sağ yan cibindən üzərində 10 manat dəyərində olan 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 396 manat qiymətində olan bir ədəd “Redmi 8” markalı **********28777 və **********28785 İMEİ kodlu mobil telefonu çıxararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 406 manat məbləğində; • 04 yanvar 2023-ci il tarixdə, saat 17:00 radələrində metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın “28 May” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək, qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkcəsinin sağ yan cibindən üzərində dəyəri 08 manat olan telefon qabı, dəyəri 10 manat olan ekran qoruyucusu və 10 manat dəyərində olan 070 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 350 manat qiymətində olan bir ədəd “Samsumg A10” markalı **********64452 İMEİ kodlu mobil telefonu çıxararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 378 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra onun Bakı şəhərində daimi yaşayış yeri olmamış, müxtəlif ünvanlarda kirayədə qalmış və heç bir yerdə işləməmişdir. Buna görə də ailəsini dolandıra bilməmişdir. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, oğurluq üçün ən əlverişli yeri "xxxx" QSC-nin stansiyalarını seçmişdir. 04 yanvar 2023cü il tarixdə o, metronun “28 May” stansiyasına gəlmişdir. Həmin stansiyannın platformasında “Dərnəgül” stansiyası istiqamətində dayanmış, orada çoxlu sayda sərnişin olduğundan sıxlıq var idi. Platformada dayanmış, adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs1 Kəmaləddin qızının əynində olan qış gödəkcəsinin cibindəki telefon onun diqqətini çəkmiş, qatar platformada dayanan zaman o, onun arxasında getmiş, sonuncu vaqona daxil olan zaman onunla bilrikdə vaqona minərək bu telefonu götürüb vaqondan düşmüşdür. Telefonu oğurladıqdan sonra onun üzərindəki GSM nömrələri çıxardaraq söndürmüş və sonra platformada dayanmışdır. Sonra platformada digər bir qadının, adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkcəsinin sağ yan cibində olan mobil telefonu görüb onun yanına yaxınlaşıb dayanmışdır. Həmin vaxtı qatar platformada dayanmışdır. Zərərçəkmiş şəxs2 qatara minərkən o da onun arxasınca getmiş, yaranmış sıxlıqdan istifadə edib həmin telefonu gizlicə götürmüşdür. Bu telefonun da içərisindən nömrəni çıxardıb onu söndürmüş və yenə platformada dayanmışdır. Bundan təxminən 20-25 dəqiqə sonra adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs3 cibində olan telefonu görmüşdür. Bu zaman qatar platformada dayanmış, Zərərçəkmiş şəxs3 qatara minmək istəyən zaman o da onun arxasınca getmiş, yenə sıxlıqdan istifadə edib onun cibindən bu telefonu sakitcə çıxarıb stansiyanı tərk etmişdir. Oradan çıxandan sonra oğurladığı telefonlardan “Samsung J6” markalı telefonu 60 manata, “Redmi 8” markalı telefonu 70 manata və “Samsung A10” markalı mobil telefonu isə 85 manata tanımadığı adamlara satmışdır. 10 yanvar 2023-cü il tarixdə metronun “20 Yanvar” stansiyasında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirib onu polis idarəsinə aparmışlar. Vurulmuş zərəri ödəmiş, ona yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 04 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində metronun “Memar Əcəmi” stansiyasına getmək məqsədilə metronun “28 May” stansiyasına daxil olmuş, platformada dayanıb metronun “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözləmiş, üzərində 070 ***-**-** saylı GSM nömrə olan **********64452 İMEİ kodlu “Samsung A10” markalı mobil telefonunu əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxt stansiyanın platformasında çoxlu sayda sərnişin olmuş və sıxlıq var idi. Daha sonra qatarın vaqonuna minmişdir. Vaqonda olan zaman mobil telefonunun oğrurlanmasını aşkar etmişdir. Telefonu 350 manata, 070 ***-**-** saylı nömrəni 10 manata, telefonun üzərində olan telefon qabını 08 manata, ekran qoruyucusunu isə 10 manata almışdır. Hadisə nəticəsində ona 378 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərərdən 300 manat ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, metronun “20 Yanvar” stansiyasına getmək məqsədilə 04 yanvar 2023-cü il tarixdə, saat 16:30 radələrində metronun “28 May” stansiyasına daxil olmuş və platformada dayanıb “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözləmişdir. Həmin vaxtı özünə məxsus, üzərində 050 ***-**-** saylı mobil nömrə olan **********28777 və **********28785 İMEİ kodlu “Xiomi Redmi 8” markalı mobil telefonunu əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayananda o, vaqona minmişdir. Bir müddət sonra cibində telefonunun olmadığını aşkar etmişdir. Bu telefonu 396 manata, GSM nömrəni isə 10 manata almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vuruluş zərərin bir qismi, yəni 300 manatı ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə çağırılmasına və onun məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirakı təmin edilməmiş, eyni zamanda sonuncu məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, şikayət və tələbinin olmadığını, habelə onun iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs1 həmin ifadəsinə əsasən o, 04 yanvar 2023-cü il tarixdə metronun “Elmlər Akademiyası” stansiyasına getmək məqsədi ilə saat 16:00 radələrində metronun “28 May” stansiyasına daxil olub platformada dayanaraq “Dərnəgül” istiqamətində hərəkət edən qatarı gözləmişdir. Eyni zamanda özünə məxsus olan, 051 ***-**-** və 055 ***-**-** saylı mobil nömrələri ilə istifadə etdiyi **********91530 və **********91538 İMEİ kodlu “Samsung J6” markalı mobil telefonu əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Sonra qatara minmiş, vaqonda olan zaman isə telefonunun oğrurlanmasını aşkar etmişdir. Telefonu 450 manata, 051 ***-**-** saylı nömrəni 07 manata, 055 ***-**-** saylı nömrəni isə 05 manata almışdır. Hadisə nəticəsində ona 462 manat maddi ziyan dəymişdir (İ cild, i.v.43-45). İş materiallarında olan: • “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən "xxxx" QSC-nin müşahidə kameralarında qeydə alınmış videogörüntülərə dair bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində metronun “28 May” stansiyasından qatara minik edən sərnişin X1 əynində olan qış gödəkcəsinin sağ cibindən “Samsung J6” markalı, həmin günü saat 16:30 radələrində metronun “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın vaqona minik edən sərnişin Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkcəsinin sağ yan cibindən “Xiomi Redmi 8” markalı telefonu, həmin günü saat 17 radələrində metronun “28 May” stansiyasının platformasında metronun “Dərnəgül” stansiyası istiqamətində qatara minik edən sərnişin Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkcəsinin sağ yan cibindən “Samsung A10” markalı mobil telefonu çıxarır. Təqsirləndirilən şəxs videogörüntüdə telefonları götürən şəxsin özü olduğunu bildirir (İ cild, i.v.103); • “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarla hadisəni özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, i.v.133-138); • Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-33/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.110-114); • Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq dövründə təqdim edilmiş ərizəyə əsasən Təqsirləndirilən şəxs ona vurmuş ziyanı tam olaraq ödəmiş, onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı iddia və tələbi yoxdur (İ cild, i.v.146); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq, soyğunçuluq və s. cinayətlərə görə məhkum olunmuş, sonuncu dəfə o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(005)-266/2018 saylı hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə bu hökmlə təyin edilmiş cəzasının çəkilməmiş 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanı tam şəkildə çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v. 115-129). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır (26-cı bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, sabit kriminal meylliliyini, əvvəllər məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasını və bununla da nəticə etibarilə yüksək ictimai təhlükəli şəxs olaraq qalması nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə müvafiq olaraq cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki əməlləri cəzasının çəkilməmiş hissəsi ərzində törətdiyindən, onun barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(005)-266/2018 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 27 gün hissəsi hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli həbsə alındığı andan – 10 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi – 27 (iyirmi yeddi) gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) 06 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar