Məhkəmə qərarları › İş №1(006)-209/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-209/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-209/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3-ü azyaşlı olmaqla dörd uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olan, Abşeron rayonu, Müşfiq qəsəbəsində müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək barıədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Mersedes Benz» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq, avtomobilin salonundakı sandıqçadan içərisində 3000 manat nağd pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş bank kartı olan 30 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 3040 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Toyota Prado» markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan çəkiclə sındıraraq, avtomobilin ön sərnişin oturacağının qarşısındakı sandıqçadan içərisində 7300 manat, həmin günün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 10 manat olmaqla cəmi 20 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş bank kartları olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 8350 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 il müddətdir ki, Nəsimi rayonu ərazisində müxtəlif ünvanlarda avto yuyucuda işləmişdir. Həmin avto yuyucuda işləyən vaxtlarından zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 tanıyırdı. Sonuncunun avtomobilinin içərisini yuyarkən orada daimi pul olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 onun işlədiyi avtoyuyucunun yaxınlığındakı binada qalırmış və sonuncunun avtomobilini harada saxladığını əvvəlcədən bilmişdir. 24 sentyabr 2022-ci il tarixdə əvvəllər kirayə qaldığı ünvan 4 ünvanda spirtli içki qəbul etdikdən sonra maddi imkanının zəif olması səbəbindən evin kirayəsinə, kommunal xərclərə həmçinin uşağının xəstəliyi ilə əlaqədar olaraq maddi sıxıntıları yadına düşdüyü üçün, evdə olan əvvəlcədən ona verilmiş hərbi formanı geyinərək və çəkici götürərək evdən çıxmışdır. Biraz gəzdikdən sonra Zərərçəkmiş şəxs1 avtomobilində pul olması yadına düşmüş və o, Qüdrətin yaşadığı məhəlləyə gəlmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus olan “Toyota Prado” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ şüşəsini əvvəlcədən özü ilə gətirdiyi çəkic vasitəsi ilə sındırmış və avtomobilin kənarında ayaq qoymaq üçün nəzərdə tutulan yerə qalxaraq yarıya kimi avtomobilin içərisinə daxil olduqdan sonra avtomobilin salon hissəsində ortada qol qoymaq üçün nəzərdə tutulan daxılın içərisini yoxladıqda orada dəyərli heç bir əşya aşkar etməmişdir. Daha soma avtomobilin panelində daxıl hissəsini açdıqda orada qəhvəyi rəngli pul qabını görmüş və onu götürərək oradan uzaqlaşmışdır. O, biraz oradan uzaqlaşdıqda pul kisəsinin içərisində pul olduğunu görmüş, lakin orada dayanaraq pulu saymamışdır. Xeyli uzaqlaşdıqdan sonra yəni “Memar Əcəmi” metrostansiyasına çatdıqda pul kisəsinin içərisindəki pulu saydıqda orada 600 ABŞ dollarının və 1084 manat pulun olmasını, həmçinin sənədlər və bank kartlarının olduğunu görmüşdür. Daha sonra “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən kafelərin birində spirtli içki qəbul etdikdən sonra çıxıb xeyli müddət gəzdikdən sonra evə səhərə yaxın qayıtmışdır. Sonradan pulları öz ehtiyaclarına xərcləmişdir. Pul qabını isə sənədlərlə birlikdə özündə saxlamış və onları tullamamış, fikirləşmişdir ki, həmin sənədləri hansısa yolla sahibinə qaytarar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında kirayə qaldığı ünvanda olarkən polis əməkdaşları həmin ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə 19-cu polis şöbəsinə gəlmişdir. Həmçinin gələrkən özü ilə pul qabı və sənədləri, həmçinin hadisə vaxtı istifadə etdiyi çəkic və geydiyi hərbi geyimləri götürmüş və polis şöbəsində onları təhqiqatçıya təqdim etmişdir. Hadisə 24 sentyabr 2022-ci il tarixdə saat 03:00 radələrində ünvan 5 ünvanında baş vermişdir. O, Zərərçəkmiş şəxs1 əvvəllər işlədiyi avtoyuyucudan müştəri qismində tanımış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun oğurluğu gecə saatlarında etdiyi üçün onu kənardan heç kim görməmişdir. O, etdiyi oğurluq barəsində əvvəlcədən heç kimə məlumat verməmiş, oğurluq etməkdə ona heç kim kömək etməmişdir. O, oğurladığı pulların bir qismini uşaqlarının xəstəlikləri ilə bağlı olaraq müalicələrinə, qalan hissəsini isə kommunal xərclərə və evin kirayəsinə ödəmişdir. O, həmin avtomobildən 1084 manat və 600 ABŞ dollar pul oğurlamışdır. 2021-ci ilin avqust ayında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus Mersedes Benz markalı avtomobildən Binəqədi rayonu ərazisində dayanacaqda olarkən daş ilə avtomobilin şüşəsini sındırıb içərisindən həmin şəxsə məxsus pul və sənədlər olan pul kisəsini oğurlamışdır. Belə ki, 2021-ci ilin avqust ayının təxminən 19-da o, Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən avtomobillərin yuyulma məntəqəsində yuyucu kimi işləmişdir. Həmin vaxt məntəqəyə avtomobilini yuduzdurmaq üçün əvvəllər tanımadığı bir şəxs yaxınlaşıb Mercedes Benz markalı nömrəsi ona sonradan məlum olmuş **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini yuduzdurmaq üçün gətirmişdir. Avtomobili yuduğu üçün ona pul verəndə o, fikir vermişdir ki, həmin şəxs pulu avtomobilin əşya qutusunda saxlayır. Söhbət zamanı həmin şəxs bildirmişdir ki, 6-cı mikrorayonda, hansısa məhəllədə yaşayır. Sonra onun pula ehtiyacı olduğu üçün o, həmin avtomobili tapıb əşya qutusundan həmin pulu oğurlamaq qərarına gəlmişdir. O, həmin şəxsin dediyi məhəlləyə getmiş, uzaq məsafə olmamış və həmin avtomobili tapmış, məhəllədə dayanmışdır. Təxminən gecə saat 23 radələrində gedib daş parçası ilə həmin avtomobilin qabaq sağ tərəfdə olan şüşəsini sındırmış və əşya qutusundan pul qabını götürmüşdür. Avtomobildən aralanandan sonra pul qabının içərisinə baxıb orada 2200 manat pul, 100 ABŞ dolları, bank kartları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsinin olduğunu görmüşdür. Onun pula eyhtiyacı olduğu üçün həmin manatla olan pulları və 100 dolları öz ehtiyaclarına xərcləmişdir. Sənədləri isə özündə saxlamış, nə üçün saxladığını heç bilmir. Təxminən 1 gün əvvəl onu Nəsimi RPl-nin əməkdaşları saxlamışlar və onu Nəsimi rayonunda törətdiyi oğurluqla əlaqədar 19-cu polis şöbəsinə aparmışlar. Orada özündə olan Mercedes Benz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü sənədləri və bank kartlarını təqdim etmişdir. O, həmin avtomobildən 2200 manat və 100 ABŞ dollar pul, sənədləri və bank kartlarını oğurlamış, pul qabının içərisində başqa pul olmamışdır. Həqiqətən də Samir adlı şəxsin mobil telefon nömrəsi onda olmuş, çünki avtomobili o, yumuş, nömrəsini həmin vaxt götürmüşdür. O, Samirə zəng vurmuşdur ki, evdə olub-olmamasını öyrənsin, istəmişdir ki. Samirin dəqiq harada olmasını və evdə olduğu təqdirdə çölə çıxıb-çıxmamasını dəqiqləşdirsin. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü qismən təqsirli bilməyinin səbəbi Zərərçəkmiş şəxs1 ittiham aktında nəzərdə tutulmuş 7300 manat və 600 ABŞ dollar məbləğində deyil, 1084 manat və 600 ABŞ dollar məbləğində pul və digər Zərərçəkmiş şəxs2 3000 manat məbləğində pul deyil 2200 manat və 100 ABŞ dolları məbləğində pul oğurlamışdır. Özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində 3-ü az yaşlı olmaqla 4 uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evin qarşısında ona məxsus olan “Toyota Prado” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq yaşadığı ünvana qalxmışdır. O, evdə olarkən gecə saatlarında saat 03:50-də pəncərədən baxdıqda avtomobilinin ön sağ şüşəsinin sındırıldığını görmüşdür. O, aşağı düşdükdə avtomobilinin ön sağ şüşəsinin sındırıldığını görmüş və avtomobilin içərisinə baxış keçirdikdə avtomobilinin alətlər panelinin üstündə olan daxılın sındırıldığını və içərisində olan pul kisəsini içərisində olan sənədlər ilə birlikdə oğurlandığını aşkar etmişdir. Həmin pul kisəsinin içərisində ona məxsus sənədlər, 7300 manat pul və 600 ABŞ dollar pul olmuşdur. O, dərhal DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və baxış keçirmişlər. O, həmin avtomobilin şüşəsini düzəltdirmək üçün 170 manat, avtomobilin salonundakı daxıl hissəsini düzəltmək üçün isə 100 manat xərcləmiş, buna görə ona ümumi 270 manat maddi ziyan dəymişdir. Avtomobilindən içərisində hər biri 10 manat olmaqla 20 manat dəyərində 2 ədəd «Kapitalbank» bank kartı, 7300 manat pul və 600 ABŞ dolları olan 10 manat dəyərində pul qabı oğurlanmış, ona ümumilikdə 8350 manat maddi ziyan dəymişdir. Sənədləri və pul qabı ona qaytarılmış, sənədlərin oğurlanması nəticəsində ona ziyan dəyməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin cəzalandırılmasını və ona dəymiş ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mercedes Benz markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. 19 avqust 2021-ci il tarixdə təxminən səhər vaxtı həmin avtomobili Nəsimi rayonu, 4-cü mikrorayonda stadionun aşağı hissəsində işləyən avtomobil yuma məntəqəsinə aparmışdır. Məntəqə onların evindən uzaq olmamış, pəncərədən məntəqə görünür. Maşını adı ona sonradan məlum olmuş Təqsirləndirilən şəxs adlı şəxsə vermiş, sonuncu ona demişdir ki, avtomobili yuyandan sonra hissələri çox uzun müddət quruyacaq. Sonra ondan uzaqda yaşayıb- yaşamıdığını soruşmuşdur. O, yaxında məhəllədə yaşadığını demiş və yaşadığı binanı göstərmişdir. Təqsirləndirilən şəxs dediyi vaxt o, məntəqəyə gəlmiş və sonuncu ondan zəhmət haqqı kimi 30 manat pul istəmişdir. O, pul qabından 30 manat pul çıxardıb Zakirə vermişdir. Pul qabını da avtomobilin əşya qutusuna qoymuşdur. O, Zakirə pul verəndə sonuncu pul qabında başqa pulların da olduğunu görmüşdür. Həqiqətən pul qabında 3000 manat pul olmuşdur. Ondan mobil telefonun nömrəsini istəmişdir ki, onun üçün arxa şüşəyə ucuz qiymətə plyonka tapacaq. O da Zakirin dediyi nömrəsinə çağırış atmışdır ki, onun nömrəsi düşsün. Həmin gün saat 19:00-da avtomobili yaşadığı binanın yanında saxlamış və evə getmişdir. Təxminən saat 21:00 radələrində Zakir ona zəng edib harada olduğunu, evdə olubolmadığını soruşmuş, səhər gəlib pərdələri qoyacağını demişdir. O, demişdir ki, səhər gələ bilməz. Zakir «deyəsən yatırsınız» deyə soruşduqda, o, evdə dincəldiyini demişdir. Təxminən saat 23:30 radələrində həyətdən səs- küy eşitmiş, aşağı düşüb görmüşdür ki, avtomobilin sağ qabaq şüşəsi sındırılıb maşından əşya qutusunda içərisində 3000 manat, şəxsiyyət vəsiqəsi, avtomobilinin qeydiyyat şəhadətnaməsi, onun sürücülük vəsiqəsi, öz adına Kapital Bankın bank kartı, anası Heybətova Elmira qızının Beynəlxalq Bankın, atası X2 Kapital Bankın, qayınanası X3 təqaüd bank kartları, o da Kapital Bankın kartı olmuşdur. Bundan sonra onun Nəsimi RPİ-nin 19-cu PB-nə dəvət etmişlər və ondan sonra məlum olmuşdur ki, bu oğurluğu həmin avtomobil yuyan Təqsirləndirilən şəxs etmişdir. Məlum olmuşdur ki, ondan oğurladığı sənədlərin hamısını saxlamışdır. O isə oğurluqdan sonra sənədlərin hamısını bərpa etmişdir. Həmin oğurluq nəticəsində onun pul kisəsi oğurlanmış, pul kisəsinin içərisində 3000 manat nağd pul, yuxarıda göstərdiyi sənədlər və bank kartları olmuş, pul kisəsinin dəyəri 30 manat olmuşdur. Bank kartları hamısı səhərisi gün tərəfindən bloklanmışdır. Ona görə bu oğurluq nəticəsində ümumilikdə ona 3030 manat maddi ziyan dəymişdir. Bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əlavə ifadəsində göstərmişdir ki, onun avtomobilindən ümumilikdə 5 ədəd bank kartları oğurlanmış, həmin kartların hər biri 10 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq ncticəsindo ona ümumilikdə 3080 manat maddi ziyan dəymişdir. Həmçinin avtomobilin şüşəsi sındırıldığından həmin şüşənin bərpasına 150 manat pul xərcləmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin cəzalandırılmasını və ona dəymiş ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 138-148-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin təqdim etdiyi 01 ədəd çəkic, Zərərçəkmiş şəxs1 məxsus pul qabı, sənədlər, Zərərçəkmiş şəxs2 məxsus pul qabı, sənədlər xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, sənədlər və pul qabları zərərçəkmiş şəxslərə qaytarılmış, 01 ədəd çəkic maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarınadək saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi hərbi geyim forması iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən təqsirləndirilən şəxsə təqdim edilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 noyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 21 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə 25 avqust 2011-ci il tarixdə AR CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən, 03 (üç) ay 23 (iyirmi üç) günündən vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin verdikləri ifadələri və digər iş materialları ilə onun tamah niyyəti ilə təkrar olaraq özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələrinə əsasən müvafiq olaraq oğurluq təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində 3-ü az yaşlı olmaqla 4 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Z.M.Kəriomov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 19 may 2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd çəkic məhv edilməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus pul qabı, sənədlər sonunculara qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2023-cü il tarixdən, saat 10:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd çəkic məhv edilsin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus pul qabı və sənədlər sonunculara qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “EKOL” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar