Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-209/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 yanvar 2024-cü il tarixdə saat 05 radələrində ünvan 2 ünvanda yerləşən “Piramida Billiard” adlı bilyard zalının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub, orada işləyən Zərərçəkmiş şəxs başının qarışıq olmasından istifadə edərək, həmin gün saat 05:07-də kassanın üzərindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 550 manat dəyərində “iPhone 11” markalı 64 GB yaddaşlı mobil telefonu və 01 ədəd üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 60 manat dəyərində “ZTE” markalı “Blade V00850” modelli mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 618 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 21 yanvar 2024-cü il tarixdə axşam saatlarında evdə olan zaman ailə üzvləri ilə mübahisə edib evi tərk etmişdir. Bir qədər Nəsimi rayonu ərazisində gəzdikdən sonra saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 19A ünvanında yerləşən “Piramida Billiard” oyun zalına getmiş və içəridə “Vətən” adlı işçi ilə bir qədər söhbət etdikdən sonra, sonuncudan 10 manat borc pul istəmişdir. O, Vətənə pulun əvəzində şəxsiyyət vəsiqəsini verib növbəti gün pulu verəcəyini bildirsə də, sonuncu pulu verməkdən imtina etmişdir. O, buna əsəbləşib həmin oyun zalını tərk etmişdir. Daha sonra 1-2 nəfərlə əlaqə saxlayıb borc pul tapa bilmədiyi üçün 22 yanvar 2024-cü il tarixdə saat 04:30 radələrində təkrar “Piramida Billiard” oyun zalına gəlmiş və içəri daxil olan zaman içəridə adamın az olduğunu görmüşdür. O, zalın içərisində Zərərçəkmiş şəxs təmizlikdə bir qədər köməklik göstərmişdir ki, bəlkə Vətən ona pul verər, lakin Vətənin pul vermədiyini gördükdə, kassaya yaxınlaşmış, kassada olan əlcəkləri düzəldən zaman, kassanın üzərində olan 2 ədəd mobil telefonu götürüb satmaq məqsədi ilə oradan “Kubinka” adlanan yer istiqamətində getmişdir. Daha sonra həmin günü “Xiaomi” markalı mobil telefonu xatırlamadığı yerdə gizlətmiş, 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında “İphone 11” markalı mobil telefonu Nizami metrostantiyası yaxınlığında yerləşən “Grand Mart" iaşə obyektinin içərisindəki telefon mağazasına 50 manat qarşılığında satmışdır. Daha sonra telefonu satdığı pulla özünə siqaret və yemək almışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, oğurluq cinayətini tək etmiş, bu barədə heç kimə deməmiş və heç kimin köməyindən istifadə etməmişdir. Telefonu satdığı şəxsə telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil nömrələri xatırlamadığı yerdə telefondan çıxarıb atmışdır. O, oğurladığı “ZTE” markalı, qızılı-ağ rəngli mobil telefonu daha sonra evdə divanın arxasında gizlətdiyini xatırlamış və bu səbəbdən həmin telefonu könüllü şəkildə təqdim etmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin avqust ayından Bakı şəhərinə işləmək üçün gəlmiş və avqust ayının sonlarından Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 19A ünvanında yerləşən “Piramida Billard” oyun zalında işləməyə başlamışdır. 21 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində işlədiyi oyun zalına Rövşən adlı şəxs gəlmiş və sonuncu gəldikdən bir müddət sonra ondan 10 manat pul istəmişdir. Rövşən pulu verəcəyi halda öz şəxsiyyət vəsiqəsini girov-qoyub növbəti gün pulu qaytaracağını bildirsə də, o, Rövşənə pul verməkdən imtina etmiş və Rövşən oyun zalını tərk etmişdir. Daha sonra Rövşən oyun zalına yenidən gəlmiş, lakin onun oyun zalında müştərilərə başı qarşdığından Rövşənin gəlişini görməmişdir. Rövşən gəldikdən sonra içəridə təmizlik işləri görmüş və o, qabları yumaq üçün mətbəxə keçmişdir. O, mətbəxdən geri qayıdan zaman saat 05:20 radələrində içəridə olan kassanın üzərindəki bir ədəd ağ rəngli “İphone 11” markalı, 64 GB yaddaşa malik olan mobil telefonun və ağ rəngli “Xiaomi” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. O, zalın içərisindəki kameraya baxdıqda mobil telefonları Rövşən adlı şəxsin götürdüyünü aşkar etmişdir. O, “İphone 11” markalı mobil telefonu 2023-cü ildə 700 manata almış, “Xiaomi” markalı mobil telefonu isə 2021-ci ildə 200 manata almışdır. “İphone 11” markalı mobil telefonun üzərində 2 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olmuşdur və “Xiaomi” markalı mobil telefonun üzərində isə 5 manat dəyərində ***- ***-**-** saylı nömrə olmuşdur. Hazırda “İphone 11” markalı mobil telefonun dəyəri 500 manat, “Xiaomi” markalı mobil telefonun dəyəri isə 100 manat təşkil edir. Ona ümumilikdə 607 manat maddi ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Grandmart” mağazasının içərisində yerləşən telefon mağazısını 15 ildir ki, işlədir. Həmin telefon mağazasının əvvəllər adı “Big store” olmuşdur. 22 yanvar 2024-cü il tarixdə əvvəlcədən tanımadığı bir nəfər şəxs yaxınlaşıb onda olan ağ rəngli, “İphone 11” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin şəxs telefonun özünə məxsus olduğunu, koda düşdüyünü və bu səbəbdən 100 (yüz) manata satdığını bildirmiş, daha sonra telefonu 60 (altmış) manata satacağını bildirsə də, o, buna razı olmamış və həmin şəxs mağazanı tərk etmişdir. Bir müddət vaxt keçdikdən sonra həmin şəxs mağazaya yenidən daxil olub telefonu 50 (əlli) manata ona satmışdır. O, telefonu satan şəxsin şəxsiyyət vəsiqəsini almış və həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü X1 olmuşdur. O, telefonu kodda olduğu üçün ehtiyyat hissəsi kimi almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.43); - “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.89-90); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanda yerləşən “Piramida Billiard” oyun zalıdır (i.v.8-12); - “Götürmə aparılması haqqında” 24 yanvar 2024-cü il tarixli qərardan, “könüllü təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi bir ədəd “iPhone 11” markalı mobil telefon və Təqsirləndirilən şəxs mobil telefonu satan zaman təqdim etdiyi, üzərində telefonun satışı ilə bağlı qeydlər aparılmış şəxsiyyət vəsiqəsinin surəti sonuncudan götürülmüşdür (i.v.24-26); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən «Piramida Billiard» oyun zalından 02 ədəd mobil telefonu hansı qaydada oğurladığını hadisə yerində əyani olaraq göstərmişdir (i.v.62-64); - “Diskə baxış keçirilməsi barədə” 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD formatlı diskdə 01 ədəd videofayl vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 19 saniyə davam edir. Həmin videogörüntüdə 22 yanvar 2024-cü il tarixdə saat 05:07-də “Piramida Billiard” oyun zalının içərisində üzərində qara rəngli gödəkcəsi olan, ağ köynəkli saqqallı şəxs kassaya yaxınlaşır, həmin yerdə göy rəngli oturacaq, oturacağın qarşısında masa vardır, ağzında siqaret əlində siqaret qutusu olan həmin şəxs kassanın üzərində olan mobil telefonu naqildən çıxarır və onun yuxarı hissəsində olan ağ rəngli mobil telefonla birlikdə götürərək arxa sağ cibinə qoyaraq masanın yanından uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan ağzında siqaret, əlində siqaret qutusu, qara rəngli gödəkcəsi, ağ köynəyi olan saqqallı, kassaya yaxınlaşıb, həmin kassanın üzərində olan mobil telefonu naqildən çıxarıb və onun yuxarı hissəsində olan ağ rəngli mobil telefonla birlikdə götürərək arxa sağ cibinə qoyub masanın yanından uzaqlaşan şəxsin özünün olduğunu bildirmişdir (i.v.94); - “Götürmə aparılması haqqında” 12 fevral 2024-cü il tarixli qərardan, həmin tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon «Xiaomi ZTE» markalı olmaqla həmin mobil telefonun qarşı tərəfi sensor ekrandan ibarətdir, kənarları ağ rəngdədir, qarşıda şəkil çəkmək üçün xüsusi kamerası vardır. Mobil telefonun arxa hissəsi qızılı rəngində olmaqla yuxarı hissəsində şəkil çəkmək üçün kamerası vardır, həmin kameranın aşağısında isə mobil telefonun kilidini barmaq izi ilə açmaq üçün xüsusi yeri vardır, ordan aşağıda isə “ZTE” yazılmışdır. Mobil telefon işlənmiş vəziyyətdədir, üzərində cızıqlar vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonu 22 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 19A ünvanında yerləşən “Piramida Billiard" oyun zalının içərisindəki kassanın üzərindən oğurladığını, sonradan həmn mobil telefonu gizlətdiyi yeri yadından çıxdığını, sonra telefonu yaşadığı evdən tapdığını göstərmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonu nəzərdən keçirib, həmin mobil telefonun ona məxsus olduğunu və 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 19A ünvanında yerləşən ‘'Piramida Billard" oyun zalının içərisindəki kassanın üzərindən oğurlandığını bildirmişdir (i.v.109-110); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 mart 2024-cü il tarixli. 3-16- 16/2-9/939 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 11” markalı, 64 GB daxili yaddaşlı mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən olunur. ***-***-**-** saylı və ***-***-**-** saylı GSM nömrələrin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.128-131); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 mart 2024-cü il tarixli. 3-16- 16/2-9/1170 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı “ZTE” markalı, «Blade V00850» model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 60,0 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.132-134); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “iPhone 11” markalı 64 Gb daxili yaddaşlı mobil telefon. 01 ədəd “ZTE” markalı “V00850” model mobil telefon, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti iş üzrə sübut kimi tanınmışdır (i.v.140-149); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-də ona məxsus olan “İphone 11” markalı və “ZTE” markalı mobil telefonları təhvil almışdır (i.v.150A); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum elmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CMnin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.103-105); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-504/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 may 2024-cü il tarixindən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir; - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə olan videogörüntü 19 saniyə davam edir. Həmin videogörüntüdə 22 yanvar 2024cü il tarixdə saat 05:07-də “Piramida Billiard” oyun zalının içərisində üzərində qara rəngli gödəkcəsi olan, ağ köynəkli saqqallı şəxs kassaya yaxınlaşır, həmin yerdə göy rəngli oturacaq, oturacağın qarşısında masa vardır, ağzında siqaret əlində siqaret qutusu olan həmin şəxs kassanın üzərində olan mobil telefonu naqildən çıxarır və onun yuxarı hissəsində olan ağ rəngli mobil telefonla birlikdə götürərək arxa sağ cibinə qoyaraq masanın yanından uzaqlaşır. Təqsirləndirilən şəxs videogörüntüdə olan ağzında siqaret, əlində siqaret qutusu, qara rəngli gödəkcəsi, ağ köynəyi olan saqqallı, kassaya yaxınlaşıb, həmin kassanın üzərində olan mobil telefonu naqildən çıxarıb və onun yuxarı hissəsində olan ağ rəngli mobil telefonla birlikdə götürərək arxa sağ cibinə qoyub masanın yanından uzaqlaşan şəxsin özünün olduğunu bildirmişdir; - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, gələcəkdə ona qarşı şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-504/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - ümumilikdə 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 11” markalı və 01 ədəd “ZTE” markalı mobil telefonlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-504/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 11” markalı və 01 ədəd “ZTE” markalı mobil telefonların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-209/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-209/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver