Məhkəmə qərarları › İş №1(006)-21/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-21/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-21/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,940 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 13 aprel 2023-cü il tarixdə saat 11:00-da ünvan 2 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 0,940 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, səhər evdə olmuş və onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Dalğa FM”dən zəng gəlmişdir. Həmin zəng zamanı ona televizor udması bildirilmişdir. Onun “İrşad Elektronics”ə gəlməyi ilə bağlı ondan soruşulmuş və o da cavabında Nəsimi rayonu ərazisində yaşadığı üçün ona yaxın ərazidə yerləşən “28 May” filialına gələ biləcəyini bildirmişdir. Həmin əraziyə saat 11 radələrində gəldikdən sonra ona yenidən zəng gəlmiş və telefonuna kod göndəriləcəyi və mağazada Rəşad adlı şəxsə yaxınlaşmalı olduğu bildirilmişdir. Bundan sonra o içəri daxil olmuş və Rəşad adlı şəxsi soruşmuşdur. Həmin vaxt ona belə bir adamın orada işləmədiyi, ona yalan deyildiyi bildirilmişdir. Bundan sonra o mağazadan çıxmış və dərhal onu polis əməkdaşları saxlamışlar. Həmin polislər Bakı Baş Polis İdarəsinin əməkdaşları olmuşlar. Onlardan biri cavan olmuş, digəri isə onun kimi orta yaşlı şəxs olmuşdur. Onu avtomobillə “Rus kilsəsi”nin yanı ilə sola, M.Qaşqay küçəsi ilə “Nəsimi bazarı”na tərəfə, sonra da sol istiqamətə dönərək aparmışlar. Həmin vaxt polis əməkdaşlarından hara getdiklərini soruşduqda, polis əməkdaşları 20-ci PB-nə getdiklərini bildirmişlər. Bölmədə onu dəmir barmaqlıqlarda otuzdurub telefonunu əlindən alaraq atasına vermişlər. Polislərdən oraya gətirilməsinin nə ilə əlaqədar olduğunu soruşduqda ona “sən sroka getməlisən” deyə cavab verilmişdir. O hansı səbəbdən, hansı cinayətə görə saxlanıldığını soruşmuş, həmçinin heç bir günahının olmadığını və heç bir qanunsuz işlə məşğul olmadığını polislərə bildirmişdir. Lakin ona bu barədə cavab verilməmişdir. Onu polis bölməsində döymüşlər, zorakılığa məruz qalmışdır, sonra isə gətirib qabağına narkotik vasitə qoyaraq boynuna almasını tələb etmişlər. Həmin narkotik vasitə skoçla bağlı vəziyyətdə olmuş, o da götürüb skoçu açaraq narkotik vasitənin bir hissəsini yerə tökmüşdür. Bunu etməkdə məqsədi onu külli miqdarla cinayət məsuliyyətinə cəlb etməsinə mane olmaq istəməsi olmuş, sonradan məhkəmədə bu barədə bidirməklə ona kömək edilməsinə nail olmaq istəmişdir. Üzərindən narkotik vasitənin götürülməsi və baxış keçirilməsi barədə olan videoçəkiliş canlı olmamışdır. Belə ki, bir neçə dəfə videoçəkiliş qeydə alınmış və həmin görüntüdə o, narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, bundan sonra onu aparıb döyüb zorakılığa məruz qoymuşlar və yenidən gətirib çəkiliş aparmışlar. Onun bədəni döyülməyə, zorakılığa dözə bilməmiş, buna görə də, o, narkotik vasitənin ona məxsus olmasını qəbul etməzsə, onu külli miqdarda narkotik vasitə ilə ittiham edəcəklərini hesab etmişdir. Halbuki, həmin vaxtlar o fərdi işlə məşğul olmuş, normal həyat tərzi yaşamışdır. Həmin vaxtlarda heç bir polis bölməsi onun nəsə qeyriqanuni hərəkət etdiyini deyə bilməz. O, müstəntiqə narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, müstəntiq Əli İmanov isə cavabında onu buraxarsa daha ağır ittihamla yəni, külli miqdarda narkotik vasitə ilə məsuliyyətə cəlb ediləcəyini bildirmişdir. O da müstəntiqdən nə etməli olduğunu soruşmuş, müstəntiq isə ona prokurorun yanında olan zaman onun azadlığa buraxılmasını xahiş etməsini məsləhət görmüşdür. O da həbs olunmazsa, bu məsələ ilə əlaqədar təqsirsiz olmasını sübut edə biləcəyini fikirləşmişdir. Polis nəfərləri Əbdülü və Sabutayı tanımamış, deyilən ünvanda onların heç biri olmamışdır. Hadisənin həmin gün saat 11:00-da baş verdiyi ittiham aktında yazılmışdır. Şahid2 məhkəmə iclasında Sabutayın da orda olduğunu və onun həmin şəxslər tərəfindən saxlanıldığına dair ifadə vermişdir. Əgər o və iki nəfər şahid orada olmuşdursa, buna dair anten məlumatları məhkəmə tərəfindən alına bilər. Bu zaman onların orada olmadıqları öz təsdiqini tapacaqdır. Onu Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlamışlar. Həmin şəxslər ona qarşı heç bir hərəkət etməmişlər, ona qarşı bütün hərəkətlər yalnız 20-ci Polis şöbəsində aparılmışdır. Əgər o qatı cinayətkardırsa, o “Dalğa FM” vasitəsilə tutulursa, bu zaman onun hansı cinayət etdiyi ona bildirilməli, həmin cinayətin onun tərəfindən olunması sübut edilməlidir. Hansısa tədbirə və ya idman yarışlarına görə şəxsin tutulması yolverilməzdir. O, sonuncu dəfə sənədlərə imza etməmiş və ərizə yazmışdır ki, ona hədə qorxu gəlmişlər və bu səbəbdən o, qorxaraq CM-nin 234.1-ci maddəsini qəbul etmişdir. Əks halda onun Həmin Məcəllənin 234.4-cü hissə ilə cəlb olunacağını düşünmışdür. İfadəsinin sonunda məhkəmədən barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 13 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanda birlikdə Şahid2la ərazidə xidmət apararkən bir nəfər şəxsin onları görüb özünü şübhəli aparmasını və yayınmaq istədiyinin şahid olmuşlar. Bundan sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vaxt qeyd olunan şəxsin vəziyyətinin pis olmasını müşahidə etmişlər. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsinin olmaması müəyyən edilsə də, narkotik vasitələrdən istifadə etməsinə dair əsaslı şübhələr yaranmışdır. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 20ci PB-yə dəvət etmişlər. Polis bölməsində həmin şəxsə vəkil təyin olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış nəticəsində şalvarının cibindən özü qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Söhbət əsnasında həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda, həmin narkotik vasitəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki və psixi təsirlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2023-cü ilin aprel ayında Bakı şəhəri Nəsimi rayonu S.Rüstəmov küçəsi 55 ünvanında “Sabutay” adlı polis əməkdaşı ilə ərazidə xidmət apararkən bir nəfər şəxsin onları görüb özünü şübhəli aparmasını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşdıqda şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Bakı şəhəri Nəsimi rayonu S.Rüstəmov küçəsi 55 ünvanı Bakıxanovda “Şaurma” ilə üzbəüz yerləşən küçədir. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsinin olmaması müəyyən edilsə də, narkotik vasitələrdən istifadə etməsinə dair əsaslı şübhələr yaranmışdır. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış nəticəsində özü qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini təqdim etmişdir. 19 dekabr 2023-cü il tarixdə məhkəmə iclasında anten dairəsi məlumatlarının götürülməsi barədə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(006)-348/2023 saylı qərarı əsasında Azercell MMC-nin xüsusi işlər şöbəsinin rəhbəri Elxan Əsgərov tərəfindən məhkəməyə ünvanlanmış 22673 saylı məktub və ona əlavə edilmiş CD diskdə qeyd olunanlarla əlaqədar yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi hadisə vaxtı həqiqətəndə onun istifadə etdiyi mobil nömrə olmuşdur. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı vaxt mobil telefonun onun üzərində olub-olmamasını hadisədən uzun müddət keçdiyinə görə xatırlamır. Belə ki, onun istifadə etdiyi mobil telefon bəzən digər polis əməkdaşları tərəfindən istifadə edilmişdir. Həmçinin anten məlumatlarında göstərilən 1-ci mikrorayon, Cəfər Cabbarlı kinostudiya ünvanı Təqsirləndirilən şəxs saxlanıldığı yerə yaxın ərazidir. Belə ki, bəzən anten məlumatları da düzgün ünvanı göstərmir. 16 yanvar 2024-cü il tarixdə məhkəmə iclasında anten dairəsi məlumatlarının götürülməsi barədə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(006)-348/2023 saylı qərarı əsasında Azercell MMC-nin xüsusi işlər şöbəsinin rəhbəri Elxan Əsgərov tərəfindən məhkəməyə ünvanlanmış 22673 saylı məktub və ona əlavə edilmiş CD diskdə qeyd olunanlarla əlaqədar yaranmış ziddiyyətin aradan qaldırılması məqsədilə Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi həqiqətəndə onun istifadə etdiyi mobil nömrə olmuşdur. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı vaxt mobil telefon onun üzərində olmamışdır. O, Nərimanov rayonu “Metropark” adlanan ərazinin yaxınlığında yaşayır və həmin vaxt onun mobil telefonu yaşadığı mənzildə olmuşdur. Lakin yaşadığı mənzilin hansı küçədə yerləşməsini bilmir. Adətən onun etibar etdiyi şəxs vasitəsilə telefonu ona gətirilir. Belə ki, gündəlik həyat üçün lazım olan əşyalar, o cümlədən, mobil telefonu bəzən unutduğu üçün yaşadığı mənzildə qalmışdır. Məhkəmə iclasına ekspert qismində dəvət olunmuş X3 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji rəy verilərkən sidik və qan analizi alınmamışdır. Narkoloji rəy verilərkən Təqsirləndirilən şəxs cinayət işi üzrə şübhəli şəxs qismində verdiyi ifadələr əsas götürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında saxlanılsa da, narkoloji rəyin alınması məqsədilə 2023-cü ilin may ayında müvafiq müəssisəyə təqdim edilmişdir. Halbuki, şəxsin narkotikdən istifadə etməsi istifadə edildiyi andan 24-48 saat ərzində müəyyən edilə bilər. Narkoloji rəydə Təqsirləndirilən şəxs bir il əvvəldən narkotik vasitələrdən istifadə etməsi barədə qeyd olunanlar təqsirləndirilən şəxsin özünün verdiyi məlumatlar əsasında göstərilmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin təhqiqatçısı Tuqay Mehtiyev tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis X8, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 13 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ayağa qalxaraq bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının cibində narkotik vasitə olan “kakos” var və o, könüllü olaraq həmin narkotik vasitəni təhqiqata təqdim etmək istəyir. Bundan sonra o, masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarının cibindən, şəffaf selofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan “kakos”dur. Həmçinin verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitəni istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə səhər saatlarında “papanin'’ kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata almasını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs əyninda olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, içərisində tünd qəhvəyi rəngli maddə olan büküm boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırılmış və DİN-nin 188 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq edilmişdir (i/v 46-51). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixli, şəxsi axtarış və götürmə haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 6/2188 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs ....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,940 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 58-60). İş materiallarına əlavə edilmiş “Maddi sübut kimi tanıma və cinayət işinə əlavə edilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,940 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 0,890 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 94-95). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3114 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli tələbnamədən və Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olmuşdur. Bağırov X4 Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2014-cü il tarixli hökmünə əsasən Aəzrbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.5, 66.4 və 67.1-ci maddələri tətbiq edilməklə 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 08 ay 06 gün vaxtından əvvəl həmin cəzadan şərti olaraq azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1, 67.5 və 68.2-ci maddələri tətbiq edilməklə 01 il 05 ay 02 gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuç və xx.xx.2019-cu ildə əsas cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Bağırov X5 Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli hökmünə əsasən Aəzrbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.5, 69.3-cü maddələri tətbiq edilməklə 06 ay 28 gün müddətə nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum edilməklə 03 il 04 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 24 gün vaxtından əvvəl həmin cəzadan şərti olaraq azad olunmuşdur (i/v 105-109, 110-118). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(006)-199/2023 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-348/2023 saylı qərarı ilə barəsində 02 avqust 2023-cü il tarixədək həbs müddəti uzadılmışdır (i/v 23-24, 90-93). İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli 3-13-16/2-22509/14 nömrəli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs müvafiq məhkəmə hökmü ilə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı əlavə cəzasının müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 31 yanvar 2024-cü il tarixli, 3-16-17/40/2-665/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon prokurorluğunun müstəntiqi X10 tərəfindən tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə baxış iclası zamanı ifadəsində saxlanıldığı zaman Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyüldüyünü bildirməsi barədə həmin məhkəmədən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılmış və toplanmış 430-c-23 nömrəli araşdırma materialı üzrə Təqsirləndirilən şəxs döyülməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən məhkəmə daxil olmuş cavab məktublara əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə anten məlumatları 13 aprel 2023-cü il tarixdə 10:26:11-dən 11:30:01-dək müddət ərzində ünvan 7 ünvanını göstərir. Bundan əlavə, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə anten məlumatları 13 aprel 2023-cü il tarixdə 10:03:16-dan 11:54:51-dək müddət ərzində 1-ci mikrorayon, Cəfər Cabbarlı kinostudiyası ünvanını göstərir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin sahibidir və həmin nömrə üzrə anten məlumatları 13 aprel 2023-cü il tarixdə saat 10:50:56-dan 10:51:20-dək müddət ərzində Bakı şəhəri, Azadlıq prospekti 2, 67 ünvanını göstərir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla razılaşmaması, onu 13 aprel 2023-cü il tarixdə saat 11 radələrində ittiham aktında qeyd edilən ərazidə deyil, başqa bir yerdə “İrşad Elektronics”in yaxınlığında Bakı şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 20-ci polis bölməsinə gətirmələri və s.ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, işdə tədqiq edilmiş “Azercell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən məhkəmə daxil olmuş cavab məktublara əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, şahidlərin anten məlumatları fərqli əraziləri göstərsə də, təkrar dindirilən Şahid2 ***-***- **-** saylı mobil nömrəni işlətsə də, Təqsirləndirilən şəxs saxlanılıb bölməyə gətirilərkən onun mobil telefonun üzərində olmadığını bildirməklə, həmçinin Şahid1 təqsirləndirilən şəxs saxlanıldığı vaxt mobil telefonun onun üzərində olub-olmamasını hadisədən uzun müddət keçdiyinə görə xatırlamamasını, həmçinin onun istifadə etdiyi mobil telefonun bəzən digər polis əməkdaşları tərəfindən istifadə edilməsini bildirməklə Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilləri təkzib etmişdir. Məhkəmə nəzərə alır ki, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİnin 20-ci Polis Şöbəsinin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə istintaqı aparılarkən ona təzyiq edildiyini və döyüldüyünü bildirmiş, bundan əlavə, Nəsimi rayon məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərarında Təqsirləndirilən şəxs öz izahatında törətdiyi əməl üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olmasını bildirmişdir. Nəsimi rayon məhkəməsinin müraciəti əsasında Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı döyülmə faktı öz təsdiqini tapmadığından barəsində toplanmış 430-C-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Bakı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 31 yanvar 2024-cü il tarixli, 3-16-17/40/2-665/2024 saylı məktubdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar olunmamışdır. Ambulator X2 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə narkotik vasitələrdən istifadə etdiyini gizlətməyə çalışmışdır. Narkotik vasitələrə qarşı abstinensiya əlamətləri patoloji meyl formalaşması və narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilməsi, xəsarət alması və polis bölməsində döyülməsi barədə məlumat bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə göy rəngli cins şalvarının cibindən, şəffaf selofana bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və həmin maddəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsində həmin videoçəkilişdən öncə döyüldüyünü və xəsarətlərin olduğunu göstərsə də, həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir xəsarətin olmadığı, onun çox sərbəst şəkildə verilmiş suallara cavab verməsi müşahidə olunmuşdur ki, bu da təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli dəlillərinin heç bir sübuta əsaslanmamasına, əksinə iş materiallarında olan sübutlarla təkzib edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə görə cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin xüsusilə təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən təyin edilmiş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ondan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,940 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,890 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-348/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 95 (doxsan beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 570 (beş yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,940 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,890 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 570 (beş yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar