Məhkəmə qərarları › İş №1(006)-211/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-211/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-211/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkil X2 iştirakları ilə xx.xx.1991-ci ildə Ağdam şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, 2020-ci ilin noyabr ayının sonlarında qeydiyyatda olduğu Ağdam rayonunda istintaqa məlum olmayan şəxsdən 80 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə, ümumi təmiz çəkisi 25,917 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 04.12.2020-ci il tarixdə, saat 12:30 radələrində ünvan 2 ünvanının qarşısında piyada hərəkətdə olan zaman DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə qurudulmuş marixuana bir bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəsinə görə tutulmadan təxminən 5-6 ay öncədən narkotik vasitə hesab edilən marixuanadan istifadə etməyə başlamışdır. Həmin maddədən fiziki asılılığı olmasa da, arabir narkotik vasitələrdən istifadə etmişdir. 04.12.2020-ci il tarixdə, saat 12:30 radələrində kirayədə yaşadığı evin yerləşdiyi Nəsimi rayonu, Qulu Quluyev küçəsi ilə piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu əməliyyat axtarış tədbirlərinin keçiriliməsi barədə qərarla tanış etdikdən sonra Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gəlmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində olan bir büküm sellofana bükülmüş qurudulmuş marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra polis əməkdaşları onun üzərinə baxış keçirməyə davam etmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulmuş və onun narkotik vasitə olub-olmamasını dəqiqləşdirmək üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Üzərindən aşkar edilmiş maddə ona məxsus olmuş, onu təxminən bir həftə əvvəl yaşadığı Ağdam rayonunda tanımadığı şəxsdən 80 manata almışdır. Həmin narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün almışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində 3 uşağının olmasını bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 04.12.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yaşayan Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Baş İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən rəsmiləşdirildikdən sonra məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən və ya törətdikdən sonra yaxalanması üçün raportla Baş İdarə rəhbərliyinə müraciət edilmişdir. Həmin gün polis mayoru Şahid2 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi və onun cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılması barədə qərar qəbul edilmişdir. Baş İdarə rəisi tərəfindən təsdiq edilmiş qərarla qrupa rəhbərlik etmək polis mayoru Şahid2 həvalə edilmiş, özü isə qrupun üzvü təyin edilmişdir. 04.12.2020-ci il tarixdə, saat 12:30 radələrində Baş İdarə rəisi tərəfindən əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmış və keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edildikdən sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən xidməti otaqlardan birində onun üzərinə videoçəkiİişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qadağan olunmuş hər hansı digər əşya aşkar edilməmişdir. Sonra həmin bir ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və bir ədəd boş zərfin içərisinə qoyularaq möhürləndikdən sonra üzərində müvafiq qeydlər aparılaraq şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalar edilmiş, digər əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar edilmiş maddənin qurudulmuş marixuana olduğunu, onu Ağdam rayonu ərazisindən öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş iştirakçılar tərəfindən zərfin üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş və həmin idarənin baş əməliyyat müvəkkili Şahid2, XMİÜ baş əməliyyat müvəkkili Şahid1, müdafiəçi X8 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 04 dekabr 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təkif edilmişdir. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “İPHONE” markalı, qızılı rəngli mobil telefon və dörd manat pul aşkar olunmuşdur. Sonra həmin bir ədəd, içində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 29,87 qram olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd, “İPHONE” markalı, qızılı rəngli mobil telefon götürülmüş, dörd manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən sualllara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu, Ağdam rayonu ərazisindən öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən səksən manata aldığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona psixi və fiziki zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin əməkdaşı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD əlavə olunmuşdur (i/v 30-32). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 04.12.2020-ci il tarixli şəxsi axtarış aparılması və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2020-ci il tarixli, 7/843 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı...1 büküm ...marixuanaya bənzər...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 25,917 olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi - 25,917 qram olmuş, 0,1 qram tədqiqata istifadə olunmuş, 25,817 qram qalıq qalmışdır (i/v 38-39). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi barədə” 05.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 25,917 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıq qalan 25,817 qramının maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilməsi qərara alınmışdır (i/v 109-117). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 17.12.2020-ci il tarixli, 3486 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 95-96). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli arayışdan və Tərtər rayon məhkəməsinin 21 iyul 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin 21 iyul 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i/v 80-81, 83-93). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərardan və “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 dekabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsassız olduğundan vəsatətin müdafiə edilməsindən Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən imtina olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 21, 73-75, 76-77). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək tutulduğu bir gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, ondan 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Nəsimi rayon Polis İdarəsinin məsul saxlancında saxlanılan ümumi qalıq çəkisi 25,817 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-211/2021 saylı, 23.02.2021-ci il tarixli qərara əsasən 01.03.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin məsul saxlancında saxlanılan, ilkin çəkisi 25,917 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 25,817 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar