Məhkəmə qərarları › İş №1(006)-211/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-211/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-211/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş (hazırda məhkumluğu olmayan), orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massiv, 301 nömrəli orta məktəbin yaxınlığı, nömrəsiz fərdi ev ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kirayədə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu A.Məhərrəmov küçəsi 35 saylı binanın 50 saylı mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olub qonaq otağındakı masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 40 manat dəyərində "Samsung J5" markalı mobil telefonu, içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 200 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu, 01 ədəd 60 manat dəyərində qızılı rəngli üzərində “Vizzini" yazısı olan eynəyi, Zərərçəkmiş şəxs2 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 280 manat dəyərində "Redmi Note 12" markalı mobil telefonu, Zərərçəkmiş şəxs1 qonaq otağındakı stulun üzərinə qoyduğu şalvarının cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 10 manat dəyərində “Unibank" ASC-yə aid “Leobank" plastik bank kartı, 250 manat nağd pul olan 3 manat dəyərində pul kisəsini və Zərərçəkmiş şəxs2 qonaq otağındakı stulun üzərinə qoyduğu şalvarının cibindən zərəçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində “Kapitalbank" ASC-yə aid plastik bank kartını gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 576 manat, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 295 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir və həmin nikahdan 2 nəfər yetkinlik yaşına çatmamış övladları vardır. O, 2015-ci ildən hazıradək heç bir yerdə işləmir. Uzun müddətdir ki, “epilepsiya” adlı xəstəlikdən əziyyət çəkir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində “Nizami" metro stansiyası yaxınlığında anası X7 ilə görüşmüşdür. Bu zaman anası Sevda Əsgərova ona 5 (beş) manat yol pulu vermişdir. Bundan sonra o, oradan çıxıb şəhərin müxtəlif ərazilərində gəzməyə başlamışdır. Həmin zaman təxminən saat 20:00 radələrində içmək üçün Bakı şəhəri, Tbilisi prospektindəki yolkənarı mağazaların birindən “GO” adlı spirtli içki almışdır. Bundan təxminən yarım saat sonra ona məxsus olan “Bakı kart"a 2 manatlıq balans yükləmişdir. Daha sonra yol kənarı ilə “Şamaxinka" adlanan ərazi istiqamətində piyada olaraq getməyə başlamışdır. Bu zaman üzərində qalmalı olan 4 (dörd) manat pulu itirdiyini aşkar etmiş və gəldiyi yol ilə həmin pulu axtarsa da pulu tapa bilməmişdir. O, oradan “92" nömrəli avtobus ilə halhazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, 301 nömrəli orta məktəbin yaxınlığı, nömrəsiz fərdi ev ünvanına getmək istəmişdir. Bu məqsədlə oraya çatdıqda, yəni saat təxminən 23 radələrində artıq avtobusların işləmədiyini görmüşdür. Bundan sonra yenidən itirmiş olduğu 4 (dörd) manatı axtarmağa başlamış, lakin pulunu tapa bilməmişdir. Bundan sonra "Şamaxinka” ərazisində müxtəlif yerlərdə gəzməyə və müxtəlif yerlərdə müxtəlif müddətlərdə oturmağa başlamışdır. Daha sonra havanın soyuq olduğunu görüb xx.xx.2023-cü il tarixdə saat 01 radələrində dəqiq ünvanını bilmədiyi bir binada blokların birinə daxil olmuşdur. Soyuqdan qorunmaq məqsədilə yuxarıya qalxaraq 2-ci mərtəbə ilə 3-cü mərtəbə arasında olan beton pilləkanların üzərində oturmuşdur. Həmin zaman blokda işıq yanılı imiş. Bu zaman 3-cü mərtəbədə pilləkanla üzbəüz yerləşən ağ rəngli dəmir qapının açıq olduğunu və evin içərisində işıqların yanmadığını görmüşdür. O, evin sahibini çağıraraq, “evdə kimsə var?" deyə soruşmuş və cavab gəlmədikdə içəriyə daxil olmuşdur. Bu zaman içəridə kiminsə yatdığını, daha doğrusu “xorultu" səsini eşitmişdir. Daha sonra həmin evin qonaq otağına keçmiş və masanın üzərində 3 ədəd mobil telefonun, 01 ədəd qızılı rəngli eynəyin və 1 ədəd qara rəngli pul kisəsinin olduğunu görmüşdür. Həmin anda o, mobil telefonları, qızılı eynəyi və pul kisəsini masanın üzərindən götürərək əlində olan ağ rəngli selofana qoymuş və dərhal oradan çıxıb həyətə düşmüşdür. Bir qədər piyada gedərək yol kənarına çatmışdır. O, yol kənarına çıxdıqda artıq hava yavaş-yavaş işıqlanmış, lakin o, dəqiq saatın neçə olduğunu bilməmişdir. Hətta mənzil kommunal istismar bölməsinin əməkdaşları küçələri təmizləməyə, süpürməyə də başlamışdırlar. Daha sonra o, piyada olaraq yenidən 92 nömrəli avtobusun dayanacağına getmiş və hələ də avtobusun olmadığını görmüşdür. Təxminən 1 saat orada gözlədikdən sonra avtobus gəlmiş və o, avtobusdan istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, 301 nömrəli orta məktəbin yaxınlığı, nömrəsiz fərdi ev ünvanına getmişdir. Bundan sonra o, həmin əşyaları sahiblərinə qaytarmaq istəsə də tutulmaqdan qorxmuş və yanlışını necə düzəldəcəyini düşünmüş, lakin doğru bir yol tapa bilməmişdir. Təxminən 7-8 gün sonra “Şamaxinka” adlanan ərazidə 92 saylı avtobus dayanacağında olarkən 1 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özünü təqdim etmiş və oğurluqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına getmiş və orada törətdiyi əməli etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, 301 nömrəli orta məktəbin yaxınlığı, nömrəsiz fərdi ev ünvanına getmiş və mobil telefonları, qızılı eynəyi və pul kisəsini oradan götürərək polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra isə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Həmin zaman tamah hissi ona üstün gəldiyindən o, həmin mənzilə daxil olmuş və orada gördüyü telefonları və pul kisəsini götürmüşdür. Daha sonra isə peşman olsa da tutulacağından qorxmuş və həmin əşyaları geri qaytara bilməmişdir. O, həmin mənzildə təxminən 5-6 dəqiqə olmuş, yəni hadisə isə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin əşyaların 2-si "redmi" markalı, 1-i isə “Samsung J5" markalı mobil telefon, qızılı eynək imiş. Pul kisəsinin içərisində isə 100 manat nağd pul olmuşdur. O, həmin mobil telefonlardan çıxardığı nömrələri kağıza bükərək pul kisəsinin içərisinə qoymuşdur. O, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Massiv, 301 nömrəli orta məktəbin yaxınlığı, nömrəsiz fərdi ev ünvanında ögey dayısı X5 və onun ailəsi ilə birlikdə yaşayır. Həmin ev də dayısına məxsusdur. O, həyat yoldaşı X3 ilə qanuni nikahda olsa da onlar bir-birlərindən ayrı yaşayırlar, övladları isə hal-hazırda Bakı şəhəri, Buzovna ərazisində yerləşən dövlət sığınacağındadırlar. Bu məsələ ilə bağlı iş hal-hazırda Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsindədir. O, heç bir hərəkət etməmiş, lakin tutulacağından qorxduğu üçün heç bir hərəkət etməmişdir. O, həmin əşyaları geri qaytarmaq istəmişdir. O, həmin telefonları götürərkən onlardan 2-si sönülü vəziyyətdə olmuş, Redmi markalı telefonu isə evinə çatdıqda söndürmüşdür. Çünki zəng gələrsə nə cavab verəcəyini bilməmişdir. O, başqa heç bir bina və ya bloka daxil olmamışdır. O, əvvəllər bu hadisələrdən törətməmiş, sadəcə olaraq əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Pul kisəsinin içərisində heç bir bank kartı olmamışdır. Ümumiyyətlə o, həmin mənzildən bank kartı götürməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2lə birlikdə qeyd olunan ünvandakı binanın 4-cü blok, 2-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzildə yaşayır. Onlar müxtəlif tikinti yerlərində fəhlə qismində günəmuzd işləyirlər. xx.xx.2023-cü il tarixdə saat 00:05-də birlikdə işlədiyi dostu Zərərçəkmiş şəxs2lə işdən hal-hazırda yaşadıqları evə gəlmişdirlər. Bu zaman onlar yemək üçün binalarının yaxınlığında yerləşən "Balakən" adlı kafeyə getmişdirlər. Orada onlar yemək yedikdən sonra təxminən saat 01 radələrində evlərinə geri qayıtmışdırlar. Yorğun olmaqları səbəbindən mənzilin dəmir qapısını kilidləməyi unutmuş və tezliklə özlərini yuxuya vermişdirlər. Həmin tarixdə təxminən saat 07-08 radələrində yuxudan oyananadək onların heç nədən xəbərləri olmamışdır. İlkin olaraq yuxudan dostu Zərərçəkmiş şəxs2 oyanmış, otaqda masanın üzərindəki mobil telefonlarının yerində olmadığını aşkar edərək onu da yuxudan oyatmışdır. O, yuxudan oyandıqda masanın üzərinə baxmış və masanın üzərində olan ona məxsus qızılı eynək, “Samsung J5" markalı və “Redmi note 8” markalı, Zərərçəkmiş şəxs2 məxsus “Redmi note 12" markalı mobil telefonların yerində olmadığını aşkar etmişdir. Bundan sonra onun şalvarının cibində olan, içərisində 250 manat nağd pul və “Leo bank”a aid bank kartı olan pul kisəsini axtardıqda onun da yerində olmadığını, lakin pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsinin oradan çıxarılaraq şalvarının cibinə qoyulmasını aşkar etmişdir. Zərərçəkmiş şəxs2 özünə məxsus şalvarının cibində olan pul kisəsinin içərisindən sadəcə olaraq "Kapital bank”a aid 01 ədəd debet kartı oğurlanmışdır. Onlar artıq əşyalarının oğurlandığını aşkar etdiyikləri anda dərhal 102 xidmətinə hadisə barəsində məlumat vermişdirlər. Ona məxsus 250 manat nağd pul, üzərində olan ***-***-**-** GSM nömrə 5 manat, “Samsung J5" markalı mobil telefon 100 manat, ***-***-**-** GSM nömrə 8 manat, "Redmi note 8" markalı mobil telefon 200 manat, bank kartının qiyməti 10 manat, optik eynəyin isə qiyməti təxminən 50 manat, pul kisəsi isə 5 manatdır. Ümumilikdə ona 628 manat maddi ziyan dəymişdir. O, heç bir şey görməmişdir, onlar həmin zaman yuxuda olmuşdurlar. Bu səbəbdən də heç bir şey görməmişdirlər. Həmin əşyalar onlara məxsusdur. Pul kisəsinin içərisində ona məxsus “Leo bank”a aid bank kartı da olmuşdur. “Samsung J5” markalı tünd göy rəngli mobil telefonun ekranında çatlar var idi, həmçinin həmin telefonun ekranının sol alt hissəsi sınmışdır, həmin telefonda giriş üçün kod yoxdur. "Redmi note 8” markalı göy rəngli telefonumun isə arxa hissəsində barmaq izi oxuyucu düymə vardır və həmin mobil telefonun kodu 1212-dir. Qara rəngli pul kisəsinin üzərində yazılan hərfləri xatırlamasa da həmin pul kisəsini artıq 3 ildir ki, istifadə etmişdir və bu səbəbdən də həmin pul kisəsinin bir çox yeri zədələnmiş və ya cırılmış vəziyyətdə olmuşdur. Qızılı rəngli çərçivəsi olan görmə eynəyinin ölçüsü (görmə dərəcəsi) +1,75-dir və eynəyin şüşələri dördbucaqlı formasındadır. Pul kisəsinin içərisində isə 250 manat nağd pul, “Leo bank”a aid qara rəngli bank kartı var idi. X10 onun qardaşıdır, o, ilkin məlumatı qardaşına verdiyindən Samir Məmmədov onun əvəzindən 102 zəng mərkəzi xidmətinə ilkin məlumat vermişdir. Daha sonra isə o, ərizə ilə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə müraciət etmişdir. X9 bundan başqa hadisə ilə heç bir əlaqəsi yoxdur. Onun bank kartından heç bir məbləğdə pul oğurlanmamışdır. O, xx.xx.2023-cü il tarixdə, yəni həmin kartın oğurlandığını aşkar etdikdən sonra həmin bank kartını bloklatdırmışdır. O, şalvarının əynindən çıxararaq masanın yanındakı stuldan asmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1la birlikdə qeyd olunan ünvandakı binanın 4-cü blok, 2-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzildə yaşayır. Onlar müxtəlif tikinti yerlərində fəhlə qismində günəmuzd işləmişdirlər. xx.xx.2023-cü il tarixdə saat 00:05-də birlikdə işlədiyi dostu Zərərçəkmiş şəxs1la işdən hal-hazırda yaşadıqları evə gəlmişdirlər. Bu zaman onlar yemək üçün binalarının yaxınlığında yerləşən “Balakən" adlı kafeyə getmişdirlər. Orada onlar yemək yedikdən sonra təxminən saat 01 radələrində evlərinə geri qayıtmışdırlar. Yorğun olmaqları səbəbindən mənzilin dəmir qapısını kilidləməyi unutmuş və tezliklə özlərini yuxuya vermişdirlər. Həmin tarixdə təxminən saat 07-08 radələrində yuxudan oyananadək onların heçnədən xəbərləri olmamışdır. İlkin olaraq yuxudan o, oyanmış, otaqda masanın üzərinə qoyduğu telefon vasitəsilə saata baxmaq istədikdə ‘Redmi note 12" markalı telefonunun yerində olmadığını aşkar etmişdir. Zərərçəkmiş şəxs1 yuxudan oyandıqda masanın üzərinə baxmış və masanın üzərində olan ona məxsus “Samsung J5” markalı və “Redmi note 8" markalı telefonların da yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, şalvarının cibində olan pul kisəsini axtardıqda onun yerində olduğunu, lakin pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsinin oradan çıxarılaraq şalvarının cibinə qoyulmasını və ona məxsus olan “Kapital bank"a aid bank kartının yerində olmadığını aşkar etmişdir. Həmin zaman onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 özünəməxsus şalvarının cibində içərisində 250 manat olan pul kisəsi oğurlanmışdır. Zərərçəkmiş şəxs1 artıq əşyalarının oğurlandım aşkar etdikləri anda dərhal 102 xidmətinə hadisə barəsində məlumat vermişdirlər. Ona məxsus olan 070- ***-**-** GSM nömrə 5 manat, “Redmi note 12" markalı mobil telefon 300 manat, bank kartı isə 10 manatdır. Ona hadisə nəticəsində 315 manat ziyan dəymişdir. O, heç bir şey görməmiş, onlar həmin zaman yuxuda olmuş, bu səbəbdən də heç bir şey görməmişdirlər. “Redmi note 12" markalı yaşıl rəngli mobil telefonun ekranına qoruyucu səth çəkdirmişdir ki, həmin qoruyucu səthin sağ yuxarı hissəsində və sol orta hissəsində çatlar olmuşdur. Telefonun giriş kodu “L” şəkillidir. Onun bank kartından heç bir məbləğdə pul oğurlanmamışdır. O, xx.xx.2023-cü il tarixdə, yəni həmin kartın oğurlandığını aşkar etdikdən sonra həmin bank kartını bloklatdırmışdır. O, əynindəki şalvarını çıxararaq qonaq otağındakı masanın yanında olan stuldan asmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işi başlama və icraata qəbul etmə” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. cinayət işinin İ cildinin 4-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, naməlum şəxslər xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilə daxil olaraq 03 ədəd mobil telefon və pul qabını oğurlamışlar; Cinayət işinin İ cildinin 36-cı vərəqində olan şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. cinayət işinin İ cildinin 54-55-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 71-72-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Anar Aydəmirovun 30 oktyabr 2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X4 azad olunmuşdur; cinayət işinin İ cildinin 73-cü vərəqində olan “Qətimkan tədbiri seçilməsi barədə” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. cinayət işinin İ cildinin 112-117-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/8976/2023 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd qara rəngli pul kisəsinin 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 3 manat, 01 ədəd “Vizzini” markalı optik eynəyin 2023cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 60 manat, 01 ədəd “Samsung J5" markalı mobil telefonun 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 40 manat, 01 ədəd “Redmi note 8” markalı mobil telefonun 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 200 manat, 01 ədəd “Redmi note 12” markalı mobil telefonun 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 280 manat müəyyən edilir; cinayət işinin İ cildinin 126-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan olunmuşdur; cinayət işinin İ cildinin 130-131-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci il tarixdə onun cəzasının müddəti başa çatmışdır; cinayət işinin İ cildinin 136-137-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham eəan etmə” haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. cinayət işinin İ cildinin 139-cu vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 30 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir. cinayət işinin İ cildinin 142-143-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. cinayət işinin İ cildinin 160-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 06 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan olunmuşdur. cinayət işinin İ cildinin 167-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 09 mart 2024-cü il tarixli protokolundan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir. cinayət işinin İ cildinin 168-169-cu vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun 09 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. cinayət işinin İ cildinin 172-181-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, "Samsung J5" markalı, “Redmi Note 8” markalı və "Redmi Note 12" markalı mobil telefonların üzərində GSM nömrələrinin dəyəri zərərçəkmiş şəxslərin ifadələrində göstərdiyi qiymətlərə istinad edilməklə ittihama daxil edilməsi nəzərə alınmış, iş üzrə içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 1 ədəd disk, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi ***- ***-**-** saylı GSM nömrəsi olan 01 ədəd "Samsung J5" markalı, ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd “Redmi Note 8” markalı, ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd "Redmi Note 12" markalı mobil telefonlar, 01 ədəd qızılı rəngli üzərində “Vizzini" yazısı olan eynək, 100 manat nağd pul, 01 ədəd qara rəngli pul kisəsinin 11 noyabr 2023cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmışdır. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 551649 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 avqust 2015-ci ildə Bakı şəhərində doğulmuş, atası X3, anası Təqsirləndirilən şəxsdır. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 760063 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 aprel 2023-cü ildə Bakı şəhərində doğulmuş, atası X3, anası Təqsirləndirilən şəxsdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən (qəbz, arayış) görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Samsung J5” markalı, üzərində ***-***-**-** GSM nomrəsi olan 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlar, 01 ədəd qızılı rəngli üzrəində “Vizzini” yazısı olan eynək, 100 manat nağd pul və 01 ədəd qara rəngli pul kisəsi zərər çəkmiş Zərərçəkmiş şəxs1, üzərində ***-***-**-** GSM nömrəsi olan 01 ədəd “Redmi Note 12” markalı mobil telefon isə zərər çəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə istintaqı zamanı elan edilmiş zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, məhkəmə istintaqı zamanı həbs altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd "Samsung J5" markalı, ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlar, 01 ədəd qızılı rəngli üzərində “Vizzini" yazısı olan eynək, 100 manat nağd pul, 01 ədəd qara rəngli pul kisəsinin Zərərçəkmiş şəxs1, ***- ***-**-** saylı GSM nömrəsi olan 01 ədəd "Redmi Note 12" markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, oğurluq hadisəsini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu (xx.xx.2023cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək) 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd "Samsung J5" markalı, ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd “Redmi Note 8” markalı mobil telefonlar, 01 ədəd qızılı rəngli üzərində “Vizzini" yazısı olan eynək, 100 manat nağd pul, 01 ədəd qara rəngli pul kisəsinin Zərərçəkmiş şəxs1, ***-***-**-** saylı GSM nömrəsi olan 01 ədəd "Redmi Note 12" markalı mobil telefonun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar