Məhkəmə qərarları › İş №1(006)-212/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-212/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-212/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxx 2001-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Qaravəlli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində 1 nəfər şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən «Ucuzluq» adlanan geyim paltarlarının satışı mağazasının arxasındakı həyətə gəlib, həmin yerə intim əlaqədə olmaq üçün gəlmiş Zərərçəkmiş şəxs və cinsi azlıq nümayəndəsi Şahid1 yaxınlaşdıqdan sonra, özlərini polis əməkdaşı kimi təqdim etməklə əxlaqsız hərəkətlərlə məşğul olmalarını onlara irad tutub Zərərçəkmiş şəxs üzərinə şəxsi axtarış aparacağını deyib ona ciblərində olan əşyalarını təqdim etməyi tələb etdikdə Zərərçəkmiş şəxs onlara yaxınlaşmış Təqsirləndirilən şəxs və yanında olan şəxsin polis əməkdaşları olduğuna inanıb tabeçilik göstərdiyinə görə, Təqsirləndirilən şəxs yanında olmuş naməlum şəxs Zərərçəkmiş şəxs əynində olan üst geyim paltarlarının ciblərini axtarıb əynində olan şalvarın sol cibindən 1 ədəd 5 manat dəyərində dəri materialdan olan pul qabını, həmin pul qabının içərisində olan Zərərçəkmiş şəxs adına olan şəxsiyyət vəsiqəsini, 2 manat dəyərində metro kartını və 32 manat məbləğində nağd pulu, şalvarın sağ cibindən isə 19 manat məbləğində nağd pulu götürdükdən sonra, şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs özünə qaytarsa da, onun əynindəki şalvarın sağ cibindən götürdüyü 19 manat məbləğində nağd pulu, sol cibindən isə götürdüyü 1 ədəd 5 manat dəyərində dəri materialdan olan pul qabını, həmin pul qabının içərisində olan 1 ədəd 2 manat dəyərində metro kartını və 32 manat məbləğində nağd pulu Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs qeyd olunan əmlakı götürdükdən sonra dərhal qaçıb hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs ümumilikdə 58 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, törətdiyi oğurluq cinayət əməlinə görə Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən isə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 02 gün həbsdə saxlanması nəzərə alınmaqla, üzərində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O, mütəmadi olaraq tanışları ilə Nəsimi rayon ərazisində yerləşən “Şamaxinka” adlanan yerdə görüşüb söhbətləşmişdir. Şahid1 tanısa da, onunla yaxın münasibəti yoxdur. Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımır və heç bir münasibətləri də olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında o, “Şamaxinka” adlanan əraziyə gedərək tanışları Samir və Ələkbərlə görüşmüş, onlarla söhbət etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində yaşadığı evə getmişdir. “Şamaxinka” adlanan ərazidə olduğu müddətdə nə Zərərçəkmiş şəxs, nə də başqa bir şəxsə qarşı heç bir cinayət əməli törətməmiş, özünü polis əməkdaşı kimi təqdim edib heç kimin üzərində axtarış aparmamış, pul və ya pul kisəsini ələ keçirməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında xəstə olduğu üçün iştirak edə bilmir və heç bir şikayəti yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, 2019-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Milli Konservatoriyasına daxil olmaq məqsədi ilə Bakı şəhərinə gəlib müxtəlif pedaqoqların yanına hazırlıq kurslarına gedir və bununla əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, bina 3, mənzil 39da müvəqqəti kirayədə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə o, ailə üzvləri ilə görüşmək üçün Ağsu rayonuna getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Ağsu rayonundan çıxıb Bakı şəhərinə gəlmişdir və həmin gün saat 23 radələrində Şamaxinka adlanan yerə çatmışdır. Valideynləri bacısı Ülviyəyə çatdırmaq üçün ona 1 çanta qida məhsulları vermişdirlər. Bakı şəhərinə çatdıqdan sonra həmin çantanı bacısına çatdırmaq məqsədi ilə Şamaxinka adlanan yerdən Ülviyənin yaşadığı Sabunçu rayonu ərazisində dəqiq bilmədiyi ünvanda yerləşən evinə getmişdir. Ülviyənin evinə gəlib çatdırılacaq çantanı ona verdikdən sonra saat 23:45-də Ülviyənin evindən çıxıb kirayədə yaşadığı evə gəlmək üçün ‘‘Koroğlu” adlanan metrostansivasına gəlmişdir. Həmin vaxt metro işləmədiyi üçün o, qeyd olunan yerdən taksi maşını ilə 20 yanvar metrostansiyasına gəlmişdir və həmin yerdən piyada kirayədə yaşadığı evin yerləşdiyi Şamaxinka adlanan ərazi istiqamətinə getmişdir. Piyada gedərkən yol üstü kənarda dayanmış tanımadığı şəxs cinsi azlığın nümayəndəsi adı sonradan ona məlum olan Şahid1 ona söz atıb demişdir ki, “Bəlkə gedək cinsi əlaqədə olaq”. Onun cinsi əlaqədə olmağa təlabatı olduğu üçün dayanıb Samirdən soruşmuşdur ki, cinsi əlaqədə olmaq üçün nə qədər pul istəyir. Samir ona demişdir ki, intim xidmət göstərdiyinə görə ondan 5 manat pul alacaq. O, Samirə bildirmişdir ki, üstündə cəmi 1 manat pul var və ona həmin pulu verə bilər. Samir onun təklifi ilə razılaşmışdır və sonra cinsi əlaqədə olmaq üçün birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 00:30-da onun göstərdiyi yerə yəni, Nəsimi rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən “Ucuzluq’' adlanan geyim paltarlarının satışı mağazasının arxasında yerləşən binaların həyətinə gəlmişlər. Həmin yerə çatdıqdan 2 dəqiqə keçmiş tanımadığı 2 nəfər mülki geyimdə şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edib sonra onu əxlaqsızlıqda günahlandırıb hərəkətini irad tutmuşlar. Həmin şəxslərdən biri adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onunla gəlmiş digər şəxsə demişdir ki, bunun üstünü axtar ola bilsin üstündə bıçaq var. Fərahimin sözlərindən sonra yanında olan adını bilmədiyi tanımadığı şəxs ona demişdir ki, əllərini yuxarı qaldır, üstünə axtarış aparacam. O, həmin şəxslərin polis əməkdaşı olduqlarına inanıb göstərişinə əməl edərək əllərini yuxarı qaldırmışdır. Həmin şəxs onun üstünü axtarıb üst geyim paltarlarının ciblərini axtarıb əynindəki şalvarının sol cibində olan dəri materialdan pul qabını, şalvarın sağ cibində olan Samsung J2 markalı mobil telefon aparatını və həmin cibində olan 19 manat pulunu çıxarıb götürdükdən sonra telefon aparatını və pul qabının içərisində olan şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Həmin şəxs ondan götürdüyü 19 manat pulu, 5 manat dəyərində pul qabını, həmin pul qabının içərisində olan 32 manat pulu və 2 manat dəyərində metro kartını Fərahimə vermişdir. Həmin vaxt yanlarında olan Samir onlardan ayrılaraq olduqları yerdən getmişdir. Fərahim qeyd olunan məbləğdə pulu və pul qabını yanında olan şəxsdən aldıqdan sonra biraz dayanıb sonra qaçaraq onların olduğu yerdən aralaşmışdır. Bu hərəkətdən sonra başa düşmüşdür ki, Fərahim polis əməkdaşı deyil və buna görə onun arxası ilə qışqırıb demişdir ki, hara gedirsən mənim pulumu geri qaytar. Fərahim onun arxası ilə qışqırmağına məhəl qoymayıb dayanmamışdır və qaçıb həmin yerdən aralaşmışdır. O, Fərahimin arxası ilə getmək istəyərkən onun yanında olan şəxs ona imkan verməyib dayandırmışdır. O, həmin şəxsə demişdir ki, mənim pulumu geri qaytarın yoxsa sizdən polisə şikayət edəcəm. Həmin şəxs ona demişdir ki, o, digər şəxsləri tanımır və onlarla heç bir əlaqəsi yoxdur. O, həmin şəxsə demişdir ki, “Sən onları necə tanımırsan ki, onlarla birlikdə mənim pulumu ələ keçirdiniz”, indidə Fərahimin arxası ilə getməyə imkan vermədin. Həmin şəxs onun sinəsindən yumruqla vurub demişdir ki, sənə deyirəm ki, mən onları tanımıram və ona təklif etmişdir ki, gedək birlikdə onları axtaraq. Bu sözləri dedikdən sonra həmin şəxs ondan aralaşıb guya axtarmağa getmək adı ilə aralaşıb harasa getmişdir. Həmin şəxslərin pulunu ələ keçirdiklərinə görə o, “Ucuzluq” adlanan mağazanın qarşısına gəlib həmin yerdə telefon vasitəsi ilə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir, sonradan Nəsimi rayonu 19-cu Polis Şöbəsinə hadisə barədə ərizə yazmışdır. Hadisə yerindən aralaşıb piyada yaşadığı evə gedərkən diqqət yetirmişdir ki, cinsi azlıq Samir, Fərahim və digər şəxs birlikdə yolun kənarında ağaclar olan yerdə dayanıb söhbət edirlər. Hadisənin baş verməsi nəticəsində ona ümumilikdə 58 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxsi isə əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, cinsi azlıq nümayəndəsidir. O, mütəmadi olaraq Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə piyada gəzir və həmin ərazidə tanış olduğu şəxslərə qeyd olunan qaydada intim xidmət göstərir. Qeyd edilən ünvanda olarkən tez-tez Təqsirləndirilən şəxs da orada görür. xx xxxxxx 2020ci il tarixdə, saat 00:30 radələrində o, “Şamaxinka” adlanan ərazidə tək gəzərkən bir nəfər şəxsin - adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs yolun kənarı ilə tək gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs onun yanından keçərkən o, sonuncuya cinsi əlaqədə olmağı təklif etmişdir. Zərərçəkmiş şəxs dayanmış və ondan cinsi əlaqədə olmaq üçün nə qədər pul istədiyini soruşmuşdur. O, isə bunun üçün ona 5 manat pul verməli olacağını bildirdikdə Zərərçəkmiş şəxs üzərində cəmi 1 manat pul olduğunu demişdir. Onlar razılığa gəldikdən sonra cinsi əlaqədə olmaq üçün Nəsimi rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən “Ucuzluq” adlanan geyim paltarlarının satışı mağazasının arxasında yerləşən binaların həyətinə getmişlər. Bir dəqiqə sonra isə Təqsirləndirilən şəxs və onun tanışı - adını Ələkbər kimi bildiyi şəxs onlara yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onları əxlaqsızlıqda günahlandırıb hərəkətlərinə irad tutmuşlar. Daha sonra, Təqsirləndirilən şəxs yanında olan Ələkbərə əli ilə işarə edərək Zərərçəkmiş şəxs üzərini axtarmasını istəmişdir. Ələkbər Akifin üzərində axtarş aparmağa başlamış və onun əynindəki şalvarının sol cibində olan dəri materialdan olan pul kisəsini, şalvarın sağ cibində olan “Samsung” markalı mobil telefonunu və 19 manat pulunu çıxarıb götürmüş, lakin sonradan mobil telefonu və pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsini Akifin özünə qaytarmışdır. Ələkbər Akifdən götürdüyü 19 manat pulu, 5 manat dəyərində pul kisəsini, həmin pul kisəsinin içərisində olan 32 manat pulu və 2 manat dəyərində metro kartını Fərahimə vermişdir. O, hadisəyə müdaxilə etməmək üçün onlardan uzaqlaşaraq piyada «Məkan» adlanan kafe istiqamətinə getmişdir. Lakin Fərahim onun arxasınca qaçaraq gəlmiş, Akifdən götürdüyü puldan 12 manatını və pul kisəsini ona vermiş və hadisə barədə ondan kimsə nəsə soruşsa onu tanımadığını bildirməsini istəmişdir. O, pulu və pul kisəsini Fərahimdən aldıqdan sonra Fərahim qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, geriyə baxdıqda Ələkbərin Akifin yanında dayandığını görmüş, lakin geri qayıtmamışdır. Fərahimin ona verdiyi pul kisəsini kənar bir yerə atmış, pulu isə əynindəki şalvarının cibinə qoymuşdur. Bir qədər piyada hərəkət etdikdən sonra “Dəniz Klub” adlan kafenin yanından keçərkən Akifin də orada olduğunu görmüşdür. O, Akifə yaxınlaşaraq Fərahimin verdiyi 12 manat pulu ona qaytarmaq istədikdə Akif imtina etmiş və pulunu tam olaraq geri qaytaracağını demişdir. O, yaxınlıqda olan kafelərdən birinə gedərək yemək yemiş və Fərahimin ona verdiyi 12 manat pulu hesab kimi ödəmişdir. Bir qədər sonra “Şamaxinka” adlanan ərazidə gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməyərk onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə Akifin hadisə ilə əlaqədar şikayət etməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsi də tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gəlmiş və ərizə ilə müraciət edərək həmin gün, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən “Ucuzluq” adlanan geyim paltarlarının satışı mağazasının arxasındakı həyətdə iki nəfər tanımadığı şəxsin özlərini polis əməkdaşları kimi təqdim edib ona qarşı soyğunçuluq etdiyini, üzərində olan 1 ədəd 2 manat dəyərində metro kartını, 1 ədəd 5 manat dəyərində pul qabını və həmin pul qabının içərisində olan 51 manat məbləğində pulu ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ərizəsi şöbədə qeydiyyata alınmış və polis əməkdaşları tərəfindən hadisəni törətmiş şəxsləri müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri aparılmışdır. Tərəflərindən aparılmış tədbirlər nəticəsində qeyd olunan tarixdə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayət hadisəsini Təqsirləndirilən şəxs və şəxsiyyətini dəqiqləşdirə bilmədikləri şəxslə birlikdə törətməsi müəyyən edilmişdir. Odur ki, barəsində başlanmış cinayət işi üzrə verilmiş axtarışla bağlı Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə yaşadığı Ağcəbədi rayonunda müəyyən edilərək tərəflərindən tutulmuş və zəruri istintaq hərəkətlərinin aparılması üçün Nəsimi rayon X6 Saxlama Yerinə təhvil verilmişdir. Qeyd olunan cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs yanında olmuş digər şəxsin şəxsiyyətini və yerini, bununla yanaşı hadisə baş verən zaman Akif Şükurullalıya məxsus ələ keçirilmiş pul kisəsinin və metro kartının yerini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq hadisənin iştirakçısı olan digər şəxsin şəxsiyyətini və yerini, maddi sübutun əldə olunub götürülməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Şahid2 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi Şahid2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, o, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Ağsu rayon sakini, Bakı şəhəri, Nəsimi rayonu ərazisində müvəqqəti kirayədə yaşayan Zərərçəkmiş şəxs işlədiyi polis şöbəsinə gəlib ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən «Ucuzluq» adlanan geyim paltarlarının satışı mağazasının arxasındakı həyətdə iki nəfər tanımadığı şəxs özlərini polis kimi təqdim edib ona qarşı soyğunçuluq edərək üzərində olan 1 ədəd 2 manat dəyərində metro kartını, 1 ədəd 5 manat dəyərində pul qabını və həmin pul qabının içərisində olan 51 manat məbləğində pulu ələ keçirmişlər. Zərərçəkmiş şəxs verdiyi ərizə işlədiyi şöbədə qeydiyyata alınmışdır və polis şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətmiş şəxsləri müəyyən etmək istiqamətində əməliyyataxtarış tədbirləri aparılmışdır. Tərəflərindən aparılmış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan tarixdə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayət hadisəsini Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs yanında olmuş şəxsiyyətini dəqiqləşdirə bilmədikləri şəxslə birlikdə törətmişdir. Odur ki, barəsində başlanmış cinayət işi üzrə verilmiş axtarışla bağlı Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə yaşadığı Ağcabədi rayonunda müəyyən edilərək tərəflərindən tutulmuşdur və iştirakı ilə zəruri istintaq hərəkətlərinin aparılması üçün Nəsimi RPİ-nin MSY-yə təhvil verilmişdir. Qeyd olunan cinayət hadisəsini törədən zaman Təqsirləndirilən şəxs yanında olmuş digər şəxsin şəxsiyyətini və yerini, bununla yanaşı hadisə baş verən zaman Akif Şükurullalıya məxsus ələ keçirilmiş pul qabının və metro kartının yerini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, naməlum şəxsin şəxsiyyətini və yerini, maddi sübutun əldə olunub götürülməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan maddi ziyanın ödənilməsi haqqında xx.xx.2020-ci il tarixli protokollardan görünür ki, Şahid1 tərəfindən ümumilikdə 30 manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilmişdir (səh. 21-22). İş materiallarında olan xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublardan və xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də xx.xx.2020-ci il tarixdə 70390 saylı axtarış işi açılmış və o, xx xxxxx 2020-ci il tarixdə, saat 19:20-də saxlanılmışdır (səh. 55-57). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-196/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 1 ay 20 gün müddıtində həbs qətimkan tədbiri seçilmişdir (səh. 123-126). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-296/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(007)-206/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən isə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 02 gün həbsdə saxlanması nəzərə alınmaqla, üzərində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (səh. 137-142). İş materiallarında olan Ağcabədi rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Faiq Mustafayev tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2020-ci il tarixə qədər 06 ay 28 gününü çəkmiş, üzərində çəkilməmiş 04 ay 28 gün cəzası qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(007)-206/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəzalar toplanılarkən qanunun daha ciddi cəza nəzərdə tutan maddəsinin müəyyən etdiyi həddə toplama həyata keçirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Yəni, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən isə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulduğundan, cəzalar toplanılaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına vəX1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli “müdafiəçi dəvət etmək haqqında” qərardan, cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-212/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(007)-206/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar