Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-212/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs hissə-hissə ödəniş etməsi şərti ilə ilkin olaraq 3.000 manat pul müqabilində 5 ədəd “İphone 11 Pro Max” markalı mobil telefon alacağına dair yalan vəd verib aldadaraq, bu adla 02 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanının qarşısında 3.000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azəri tanışı olan Elmanın ofisindən tanıyır. Elman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisində ev alqı-satqısı ilə məşğul olur. Azər hansısa işinə görə buraya gəlmiş, Azərlə münasibəti buradan yaranmışdır. Daha sonra Azərlə bir dəfə də Binəqədi rayonunda yerləşən kafedə rastlaşmışlar. Azərin maddi cəhətdən sıxıntıları olmuş, həmçinin onun da həmin vaxtlar pul sıxıntıları olmuş, bundan sonra Azər ona hardansa pul əldə etmək istədiyini demişdir. Həmin zaman maddi sıxıntıları olduğu üçün Azərdən istifadə edib pul qazanmaq istəmiş, ona yalandan bir neçə təklif etmiş, Azərə 3.000 manat pul gətirməsini, hansısa telefon satışı ilə məşğul olan dostundan 5 ədəd mobil telefon alaraq, telefonları daha sonra aparıb satacağını və 10.000 manat pul əldə edə biləcəklərini demişdir. Azərə yalandan hər telefonu 2.000 manat qarşılığında başqa bir tanışına satacağını və 10.000 manat pul əldə edəcəyini demişdir. Azər ona inanmış, Azərə yalandan telefon dükanının “28 May” metrosu yaxınlığında olmasını demişdir. Daha sonra Azərlə 02.10.2020-ci il tarixdə görüşmüş, Azərin yanında bir nəfər də kişi olmuş, birlikdə Binəqədi rayonundan avtobusla “28 May” metrosunun ətrafına gəlmişlər. Burada mağazalardan birinə girib çıxmış, Azərlə dostuna yalandan müvafiq sənədləşmə getməsini, biraz gözləməli olacaqlarını demişdir. Bu müddət ərzində yaxınlıqda olan çayxanaların birinə girmiş, burada çay içəndən sonra Azər dostuna onları burada gözləməsini deyib Azərlə çölə çıxmışdır. Azərlə kafedən çıxmış və daha sonra kafenin qarşısında Azərdən 3.000 manat pulu almışdır. Azərə telefon dükanına bu pulu ödəyib gələcəyini demiş, Azərə yalandan bu pulu ilkin ödəniş qismində mağazaya ödəyib 5 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonları əldə edəcəyini, daha sonra bu telefonların hərəsini 2.000 manatdan tanışına satıb 10.000 manat pul əldə edib ona verəcəyini, daha sonra telefonların aylıq pulunu özünün ödəməli olmasını demişdir. O, Azərin tez inanmasından, saf olmasından istifadə edib bu yola əl atmışdır. Daha sonra Azərin ona verdiyi 3000 manat pulu götürmüş və yenidən əvvəlki telefon mağazasına yaxınlaşmış, telefon mağazasına yalandan girib telefonlara baxmış, qısa müddət sonra mağazadan çıxmışdır. Azər dostu ilə birlikdə burada gözləmiş, onlara yalandan burada onu gözləməsini və telefonları rəsmiləşmədən sonra sata biləcəyini demiş, daha sonra onlara yalandan özünün qısa müddətlik başqa mağazada telefonunu düzəldib geri qayıdacağını demiş, daha sonra oradan uzaqlaşmış və telefonlarını söndürmüşdür. Daha sonra Azərlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb ona vaxt verməsini demiş, lakin Azər bundan sonra polis orqanlarına müraciət etmişdir. O, əldə etdiyi 3.000 manat pulu borclarına xərcləmişdir. Hazırda dəymiş zərəri ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayından etibarən “Ceyhun” adlı şəxsi tanımışdır. Ceyhunla ilk dəfə Nərimanov rayonu, O.Rəcəbli küçəsində yerləşən ofislərin birində tanış olmuşdur. Ceyhunla tanışlığı tamamilə təsadüf əsasında yaranmış, Ceyhun ona özünü mühafizə işçisi qismində tanış etmişdir. Ceyhunla bir neçə dəfə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən çayxanaların birində də rastlaşmış, Ceyhuna bu sırada işsiz olduğunu, iş axtardığını demişdir. 01.10.2020-ci il tarixdə Ceyhunla yenidən Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən kafedə rastlaşmış, Ceyhun burada ona telefon mağazasında işləyən tanışının olmasını, ona ilkin ödəniş edib telefon kreditə götürməyin mümkün olmasını, daha sonra götürülən telefonu nağd qiymətə satıb, pul əldə edə biləcəklərini, yeni bir iş qura biləcəyini demişdir. Ceyhunun fikri ona inandırıcı gəlmişdir. Bundan sonra onunla razılaşmış, ona hər birinə 600 manat, yəni ümumilikdə 3.000 manat pul verib 5 telefon alacağını, daha sonra isə bu telefonların hər birini 2.000 manata satıb, 10.000 manat pul əldə edəcəyini, bu məbləğlə özünə yeni iş qura biləcəyini düşünmüşdür. Bundan sonra özü üçün yığıb saxladığı 3.000 manat pulu gətirib Ceyhuna verməyi qərarlaşdırmış, Ceyhunla bu təklif barəsində razılaşmış, sonra Ceyhun onun şəxsiyyət vəsiqəsinin şəklini öz telefonu ilə çəkmişdir. Daha sonra Ceyhunla 02 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, 8-ci mikrorayonda görüşmüşdür. Bu zaman başqa bir dostu Hacı Ədalət də burada olmuşdur. Ceyhun burada ona telefon mağazasının “28 May” metrosunun yaxınlığında yerləşdiyini demişdir. Bundan sonra onlar “28 May” metrosunun yanına gəldiklərində artıq saat 10:00 radələri olmuşdur. Daha sonra Ceyhun burada olan telefon mağazalarından birinə girmiş, təxminən 5 dəqiqə sonra mağazadan çölə çıxaraq onlara müvafiq sənədləşmə getməsini, biraz gözləməli olacaqlarını demişdir. Gözləmə müddətində yaxınlıqda olan kafedə oturub çay içmək qərarına gəlmiş, burada çay içərkən Ceyhun dostu olan Hacı Ədalətə, onun burada gözləməsini, onların 3.000 manat pulu verib gələcəklərini demişdir. Bundan sonra Ceyhunla kafedən çıxmışlar. Ceyhun kafedən çıxarkən ona 3.000 manat pulu verməyini, onun bu pulu mağazaya ilkin ödəniş qismində ödəyəcəyini, daha sonra 5 ədəd telefonla birlikdə qayıdacağını demişdir. Ona inanıb 3.000 manat pulu Ceyhuna vermişdir. Pulların hamısı 100 manatlıq əskinazlar halında olmuşdur. Bundan sonra Ceyhun yenidən həmin telefon mağazasına daxil olmuş, 5 dəqiqə sonra yenidən buradan çıxıb ona 3.000 manat pulu mağazaya ödədiyini, artıq sənədləşmənin bitdiyini, telefonları götürəndən sonra satacaq olduğu 2-ci mağazaya girib telefonların qiymətini danışmalı olduğunu bildirmişdir. Bundan sonra Ceyhun yaxınlıqda olan 2-ci telefon mağazasına girmiş, bu zaman Hacı Ədalət də kafedən çıxıb yanına gəlmişdir. Ceyhun təxminən 5-10 dəqiqə sonra yenidən mağazadan çıxıb onlara 1-ci daxil olduğu telefon mağasına, yəni 3.000 manat ödəniş etdiyi mağazaya geri qayıdıb tez gələcəyini, onun və Hacı Ədalətin isə Ceyhunu 2-ci mağazanın içərisində gözləmələrini bildirmişdir. Bundan sonra Ceyhun onlardan uzaqlaşmışdır. Hacı Ədalət ilə qeyd olunan mağazaya daxil olmuş, lakin burada Ceyhunun və ya onun adına heç bir sənədləşmə getmədiyini müəyyən etmişlər. Bundan sonra Ceyhunun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə nə qədər zəng etsə də, Ceyhunla əlaqə saxlaya bilməmiş, daha sonra Ceyhunun getdiyi 1-ci mağazaya yaxınlaşmışdır. Ceyhun burada da olmamış, mağazada işləyənlərdən Ceyhun barədə soruşmuş, onlar Ceyhunu tanımadıqlarını, burada heç kimə Ceyhunun 3.000 manat pul vermədiyini demişlər. Bundan sonra Ceyhun tərəfindən aldadıldığını başa düşmüş və bu barədə ərizə ilə 22-ci Polis Şöbəsinə məlumat vermişdir. Bundan başqa dəymiş zərərin bugünədək ödənilmədiyini, Təqsirləndirilən şəxs onunla barışmağa cəhd etmədiyini, ondan şikayətçi olduğunu və sonuncu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ortaq dostları vasitəsilə tanımışdır. Azərlə tez-tez görüşürlər və çox yaxındırlar. 2020-ci ilin yanvar ayından etibarən Azər vasitəsilə “Ceyhun” adlı şəxsi tanımışdır. Azər Ceyhunla ilk dəfə Nərimanov rayonu, O.Rəcəbli küçəsində yerləşən ofislərin birində tanış olmuşdur. Ceyhun Azərə özünü mühafizə işçisi qismində tanış etmiş, Ceyhunla Azər bir neçə dəfə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən çayxanaların birində də rastlaşmışlar. Azər Ceyhuna bu sırada işsiz olmağını və iş axtardığını demişdir. 01.10.2020-ci il tarixdə Ceyhunla Azər yenidən Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən kafedə görüşmüşlər. Ceyhun burada Azərə telefon mağazasında işləyən tanışı olduğunu, ona ilkin ödəniş edib telefonu kreditə götürməsinin mümkün olduğunu, daha sonra götürülən telefonu nağd qiymətə satıb, əldə pul edə biləcəklərini, yeni bir iş qura biləcəyini demişdir. Ceyhunun fikri Azərə inandırıcı gəlmiş, bundan sonra Ceyhunla razılaşmış, Azər hər birinə 600 manat, yəni ümumilikdə 3.000 manat pul verib 5 telefon alacağına, daha sonra isə bu telefonların hər birini 2.000 manat satıb, əldə 10000 manat pul edəcək olmasına inanmış, bu məbləğlə Azər özünə yeni iş qura biləcəyini düşünmüş, bundan sonra Azər özü üçün yığıb saxladığı 3.000 manat pulu gətirib Ceyhuna verməyi qərarlaşdırmışdır. O, Azərə Ceyhuna inanmamağı, hələ tələsməməyi, Ceyhunu yaxşı tanımadığını desə də, Azər Ceyhunun vədlərinə inanmağa başlamış, daha sonra Ceyhunla bu təklif barəsində razılaşmışdır. X9 görüşəndə Azərin şəxsiyyət vəsiqəsinin şəklini öz telefonu ilə çəkmiş, daha sonra Azər və Ceyhunla 02 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, 8-ci mikrorayonda görüşmüş, Ceyhun burada Azərə telefon mağazasının 28 May metrosunun yaxınlığında yerləşdiyini demişdir. Bundan sonra 28 May metrosunun yanına gəlmişlər. Saat 10:00 radələri olmuşdur. Daha sonra Ceyhun burada olan telefon mağazalarından birinə girmiş, təxminən 5 dəqiqə sonra Ceyhun mağazadan çölə çıxaraq onlara müvafiq sənədləşmə getdiyini, biraz gözləməli olacaqlarını demişdir. Gözləmə müddətində yaxınlıqda olan kafedə oturub çay içmək qərarına gəlmiş, burada çay içərkən Ceyhun ona, burada gözləməsini, Azərlə 3.000 manat pulu verib gələcəyini demiş, bundan sonra Ceyhunla Azər kafedən çıxmışlar. Daha sonra o, çölə çıxmış, Ceyhunun yaxınlıqda olan telefon mağazasına girdiyini, bu zaman Azərin onu çöldə gözlədiyini görmüşdür. O, Azərin yanına getmiş, Ceyhun təxminən 5-10 dəqiqə sonra yenidən mağazadan çıxıb onlara birinci daxil olduğu telefon mağasına, yəni 3.000 manat ödəniş etdiyi mağazaya geri qayıdıb tez gələcəyini, Azərlə birlikdə onu ikinci mağazanın içərisində gözləmələrini demiş və onlardan uzaqlaşmışdır. O, Azər ilə qeyd olunan mağazaya daxil olmuş, lakin burada Ceyhunun və ya Azərin adına heç bir sənədləşmə getmədiyi onlara bildirilmişdir. Bundan sonra Azərlə Ceyhunun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə nə qədər zəng etsələr də, Ceyhunla əlaqə saxlaya bilməmişlər. Daha sonra Azərlə Ceyhunun getdiyi 1-ci mağazaya yaxınlaşmış, Ceyhun burada da olmamış, Azər mağazada işləyənlərdən Ceyhun barədə soruşmuş, lakin onlar Ceyhunu tanımadıqlarını, burada heç kimə Ceyhunun 3.000 manat pul vermədiyini demişlər. O, Azərdən pulu Ceyhuna veribvermədiyini soruşmuş, Azər isə cavabında pulu artıq Ceyhuna verdiyini demişdir. Azər bundan sonra Ceyhun tərəfindən aldadıldığını başa düşmüş və bu barədə ərizə ilə 22-ci Polis Şöbəsinə məlumat vermişdir. İş materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi” haqqında 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.117-120); - “Sübutların qiymətləndirilməsi barədə” 11.02.2021-ci il tarixli qərarla içərisində Təqsirləndirilən şəxs səsyazılarını və yazışmalarını özündə əks etdirən 01 ədəd CD-R diski iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.121-125); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.62); - AZ-İİİ 811173 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 22 iyun 2016-cı il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (İ cild, i.v.114); - AZ-İV 474344 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 iyul 2020-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (İ cild, i.v.114); - AZ-İİİ 385647 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 avqust 2014-cü il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (İ cild, i.v.115). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, şahidin ifadəsi, CD-R diskdə olan səsyazıları və yazışmalar, həmçinin digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilmədiyini, zərər çəkmiş şəxslə barışmağa cəhd edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 22 iyun 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat pul ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-212/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-212/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver