Məhkəmə qərarları › İş №1(006)-212/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-212/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-212/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq səxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.526 qram olan narkotik vasitə heroini, həmçinin 0,175 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşmış, 29.01.2022-ci il tarixdə Nəsimi RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat saat 17:15-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman 01 bükümdə həmin narkotk vasitə heroin və 01 bükümdə pskotrop maddə metamfetamin əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 29.01.2022-ci i tarixdə 17:15 radələrində yaşadığı məhəllədə ünvan 4 ünvanın yaxınlığında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmış, həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 17:35 radələrinde Nəsimi RPİ- nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim ediməsi təklif edilmişdir. O əynindəki açıq boz rəngli şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd işlək vəziyyətdə olan Samsung A10 markalı mobil telefonunu, bir ədəd alışqanı və şalvarının sol yan cibindən 2 ədəd bükümlərdə olan narkotik maddələri masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi siqaretin gümüşü rəngli kağızında olan içərisində şəffaf şüşə kristal şəkilli maddənin el arasında “Patı” deyilən psixotrop maddə olduğunu, digər şəffaf rəngli selofana bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyi olan maddənin isə el arasında kakos deyilən narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış ilk öncə onun geyindiyi boz rəngli şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan qara rəngli gödəkçənin yan ciblərinə və iç qoltuq çiblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir, Daha sonra isə ona ayaqqabılarını çıxarmaq tələb olunmuş, aayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Daha sonra üzərindən aşkar edilən təqdim etdiyi nəmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, 2 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, bu məqsədlə 28.01.2022-ci il tarixdə, axşam saatlarında Nəsimi rayonu 3-cü mikrorayon bazarı yaxınlığından “Əhməd” kimi adını bildiyi İran İslam Respublikasının vətəndaşından 30 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Bjndan sonra iştirakçılara həmin bükümlərdə olan narkotik maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus 2 ədəd biri siqaretin gümüşü rəngli kağızında olan içərisində şəffaf kristal şüşə şəkilli maddəni və digər bükümdəki şəffaf rəngli selofanda olan içərisində qəhvəyi rəngli toz şəkilli, spesifik iyi olan maddələr zərfə qoyularaq zərfin ağzı Nəsim RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Ona məxsus Samsung markalı mobil telefonunun isə İstintaq orqanına təhvil veriləcəyi bildirilmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan, əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü Nəsimi RPİ-nin rəisinə raportla məruzə etmişdir. Həmin polis idarəsinin NBM-nin əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə 29.01.2022-ci il tarixdə saat 17:15 radələrində ünvan 5 ünvanın qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nə aparılmışdır. Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Mirzəyevin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli “Samsung A-10” markalı mobil telefon, həmin cibirdən 01 ədəd yaşıl rəngli alışqanı, şalvarının sol yan cibincən 02 ədəd biri siqaretin gümüşü rəngli kağızında olan içərisində şəffaf kristal şüşə şəkilli maddəni, digər bükümün isə şəffaf rəngli sellofan torbada olan içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxardaraq təqdim etmiş və üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik maddənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ona üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin siqaretin gümüşü kağız kəsiyinə bükülmüş maddə bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, sonradan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hərkəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs bildiımişdir ki, onun üzərindən aşkar olunmuş maddə narkotik maddə olan heroin və psixotrop maddə metamfetamindir, o, həmin heroini 28.01.2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon bazarı yaxınlğında “Əhməd” adlı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməkdaşı Şahid1 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən 02 ədəd bükülmüş maddə aşkarlanaraq götürülmüşdür. Cinayət işinin 25-26-cı vərəqələrində olan 29.01.2022-ci tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-102-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29.01.2022-ci il tarixdən 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 157-158-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 29.04.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 62-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 30.01.2022-ci il tarixli, 6/592 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksi “saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,526 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,175 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heronin təmiz çəkisi 0,526 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq 0,476 qram. Metamfetamin təmiz çəkisi 0,175 qram, tədqiqata sərf edilən miqdar 0,005 qram, qalıq 0,125 qram. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik müəyyən edilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 07.03.2022-ci il tarixli, 1153 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.02.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 121-127-ci vərəqlərində olan 28.03.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,476 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,125 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 29.01.2022-ci il tarixdə, saat 19:10-dan başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otağında baş təhqiqatçı Babək Mirzəyev özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, mütəxəssis qismində dəvət edilmiş X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsitəklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung A-10” markalı qara rəngli işlək vəziyyətdə olan üzünün şüşə ekranı sınıq vəziyyətdə olan mobil telefonu, həmin cibdə olan 1 ədəd yaşıl rəngli alışqanı və şalvarının sol yan cibindən isə 2 ədəd biri siqaretin gümüşü rəngli kağızında olan içərisində şəffaf kristal şüşə şəkilli maddəni, digər bükümün isə şəffaf rəngli selofanda olan içərisində qəhvəyi rəngli kağız şəkilli maddələr olan bükümləri çıxarıb masanın üzərinə qoydu. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olundu. O, üzərindən aşkar edilən 2 ədəd bükümlərdən siqaretin gümüşü rəngli kağızında olan içərisində şəffaf kristal şüşə şəkilli maddənin el içində Patı deyilən metamfetamin maddə olduğunu və digər şəffaf rəngli selofanda olan içərisində qəhvəyi rəngli toz şəkilli maddənin isə el içində kakos deyilən narkotik vasitə olan heroin olduğunu bildirdi. Eyni zamanda ondan həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs narkotik maddələri 28.01.2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu 3-cü MKR bazarı yaxınlığında “Əhməd” kimi adını bildiyi İran İslam Respublikasının vətəndaşından 30 manata alaraq üzərində saxladığını və eyni zamanda həmin narkotik maddələri öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Cinayət işinin 103-cü vərəqəsində olan qəbzdən görünür ki, 31.02.2022-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi X4 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung A10” markalı mobil telefonu sonuncun atası Təqsirləndirilən şəxs təhvil vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun 29.01.2022-ci il tarixdəm 13.05.2022-ci il tarixədək, yəni 03 (üç) ay 14 (on dörd) gün həbsdə saxlanılma müddəti həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 07.03.2022-ci il tarixli, 1153 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,476 qram narkotik vasitə olan heroin və 0,125 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək, yəni 03 (üç) ay 14 (on dörd) gün həbsdə saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,476 qram narkotik vasitə olan heroin və 0,125 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar