Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-212/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 130-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, M.Müşviq küçəsi, ev 139, mənzil 11-də yaşayan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,219 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə, saat 20:35-də ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, o, dostunun qardaşı Üzeyirlə birlikdə 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 19 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq 21-ci polis bölməsinə gətirilmişlər. Bölmədə ona təzyiq göstərilərək Üzeyirin guya ona narkotik satmasının bildirilməsi tələb olunmuş, o da buna etiraz etdikdə döyülərək üzərinə narkotik qoyulmuşdur. Sonra aparılmış sənədləşmə işlərində isə guya o, bu narkotiki İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsdən 150 manata aldığını göstərilmişdir. Halbuki, bu həqiqətə uyğun deyil. Bununla belə işgəncəyə məruz qalması barədə heç bir orqana şikayət etməmiş, sözünü məhkəmədə deyəcəyini düşünmüşdür. Eyni zamanda əvvəllər narkotik istifadə etdiyinə görə peşmandır, himayəsində də azyaşlı uşağı var. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 şahid qismində ifadəsində göstərdi ki, 05 yanvar 2023-cü il tarixdə “Üzeyir” və “Davud” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədi ilə onun və iş yoldaşıları X4, X5 və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və onlar ünvan 3 ünvanda saat 20:35-dək gözlədikdən sonra Təqsirləndirilən şəxs və X2 piyada hərəkət etdiyini görmüş, o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs, digər əməliyyat müvəkkilləri Orxan Mikayılov və Emil İbrahimov isə Üzeyir Qurbanova yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitənin daşıması ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın olub olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirdikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkilişlə onun üzərində axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd büküm aşkar olunmuşdur. Sorğu-sual zamanı Davud həmin bükümdə heroin olduğunu, onu İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını, “Bəhmən” adlı şəxsin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində yerə atdığını, onun da bu narkotik vasitəni yerdən götürdüyünü bildirmişdir. İş materiallarında olan: • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü və şalvarın sol yan cibindən bir ədəd “iPhone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin olduğunu, ondan istifadə etdiyini, təqdim etdiyi narkotiki İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxslə əlaqə saxladıqdan sonra sonuncunun Ramanı qəsəbəsində yerə atdığını, bu narkotik vasitəyə görə “Bəhmən” adlı şəxsin hal-hazırda xatırlamadığı bank hesab nömrəsinə 150 manat göndərdiyini bildirmişdir (İ cild, i.v.49-53, disk); • xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu”nda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, o, təxminən 07 aydır ki, narkotik vasitə heroindən çəkmək üsulu ilə istifadə edir. 05 yanvar 2023-cü il tarixdə, saat 20:35-də ünvan 1 ünvanın qarşısında olarkən kənardan dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, onlar özlərinin polis olduqlarını bildirərək təqdim etmiş və bundan sonra iki polis əməkdaşı onun narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib onu bölməyə dəvət etmişlər. Polis bölməsinə dəvət edilərkən onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində gümüşü siqaret kağızının içərisində heroin olmuşdur. Bölmədə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd gümüşü siqaret kağızına bükülmüş qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik maddəni masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsdən aldığını, “Bəhmən” adlı şəxsi tanımadığını, həmin şəxsin hal-hazırda xatırlamadığın bank hesab nömrəsinə pul yüklədiyini, daha sonra bu şəxsin narkotik vasitəni Ramanı qəsəbəsi ərazisində yerə atdığını bildirmişdir (l cild, i.v.77-79); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/36 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 189№” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,219 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,169 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.59-62); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X3 haqqında xx.xx.2023-cü il tarixli, 1117 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.112-113); • “Maddi sübut kimi tanıma haqqında” 14 yanvar 2023-cü il tarixli qərarla ekspertizadan sonra qalıq qalan 0,169 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.93); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-12/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Qərarda Təqsirləndirilən şəxs izahatında saxlandığı zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığı, ona heç bir fiziki təzyiq və mənəvi təzyiq göstərilmədiyi, təqsirini etiraf edərək əməlindən səmimi peşman olduğu qeyd olunmuşdur (İ cild, i.v.88- 89); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.110-111); • Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.109). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspert rəyi və digər mötəbər dəlillərlə, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə bu əməlin onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 03 ay 23 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,169 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, M.Müşviq küçəsi, ev 139, mənzil 11-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Probasiya idarəsi Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını təmin etsin, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,169 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-212/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-212/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver