Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-214/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasından metronun «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 may» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 600 manat olan 1 ədəd «X8 8» markalı **********00160 və **********10165 İMEİ kodlu mobil telefonu, həmin telefonun üzərində olan dəyəri 5 manat olan ***-***-**-** nömrəli və dəyəri 5 manat olan ***-***-**-** nömrəli GSM nömrələri çıxarıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 610 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13.12.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı Metropoliteni QSC-nin «Neftçilər» stansiyasının platformasından metronun «28 May» stansiyası istiqamətində gedən qatara minmiş, «28 May» stansiyasında qatardan düşmüş, platformada dayanıb sərnişinləri nəzərdən keçirmişdir. Həmin vaxt onun yaxınlığında dayanmış bir nəfər qadının cibində olan qara rəngli əşya diqqətini cəlb etmiş, həmin əşyanın pul kisəsi olduğunu fikirləşmişdir. Qatar platformaya yaxınlaşıb dayanmış, qapıları açılan zaman platformada olan sərnişinlər, o cümlədən, onun nəzarətdə saxladığı qadın vaqona minmiş, həmin vaxt sıxlıq olmuş, sıxlıqdan istifadə edərək həmin qadına yaxınlaşıb onun əynində olan qış gödəkçəsinin sağ yan cibindən əvvəlcədən gördüyü və pul kisəsi hesab etdiyi əşyanı götürmüş və qatara minmədən platformadan uzaqlaşmış, kənara çəkiləndən sonra «Redmi Note 8» markalı mobil telefon oğurladığını görmüşdür. Lakin telefonu elə həmin gün cibindən salaraq itirmişdir. 15.12.2021-ci il tarixdə saat 13:00 radələrində Bakı Metropoliteni QSC-nin «Nizami» stansiyasında qatardan düşən zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, onu X1 dəvət etmişlər. Polis Şöbəsində olan zaman polis əməkdaşları ona görüntü təqdim etmiş, o da həmin görüntüyə baxaraq görüntüdəki şəxsin özü olduğunu və 13.12.2021-ci il tarixdə metronun «28 May» stansiyasında oğurluq etdiyini bildirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 13.12.2021-ci il tarixdə saat 17:00 radələrində nişanlısı Şahid2 ilə birlikdə Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasına daxil olmuş, onlar birlikdə metronun «Dərnəgül» stansiyası istiqamətində gedən qatara minmək istəmişlər. Həmin vaxt «28 May» stansiyasının platformasında çoxlu sayda sərnişin olduğundan platformada sıxlıq olmuş, bu vaxt onun əynində qara rəngli qış gödəkçəsi olmuşdur. İstifadəsində olan «X8 8» markalı mobil telefonu isə əynində olan gödəkcəsinin sağ cibində olmuşdur. O, Şahid2la birlikdə qatara minmiş, «Elmlər Akademiyası» stansiyasına çatan zaman cibində olan telefonunu götürmək istəmiş, həmin vaxt əlini əynində olan gödəkçəsinin sağ cibinə salmış, telefonu gödəkçəsinin ciblərində və çiynində asılı olan çantasında axtarmış, olmadığını görüb Şahid2 onun mobil nömrəsini yığmasını xahiş etmişdir. Onlar metronun «Elmlər Akademiyası» stansiyasında qatardan düşmüş, Şahid2 onun telefonunun sönülü olduğunu demişdir. Daha sonra onlar birlikdə həmin stansiyadakı polis bölməsinə yaxınlaşmışlar. Orada onları Nizami metrostansiyasının yaxınlığında yerləşən polis bölməsinə yönləndirmiş, onlar da həmin bölməyə getmişlər və o, şikayətini bildirmişdir. Ona məxsus «X8 8» markalı mobil telefonun qiyməti 600 manat olmuş, həmin telefonun üzərində hər birinin dəyəri 5 manat olan iki nömrə olmuşdur. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13.12.2021-ci il tarixdə saat 17:00 radələrində nişanlısı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasına daxil olmuşlar. 28 May metrostansiyasında olarkən platformada sıxlıq olmuşdur. Həmin vaxt Günelin əynində qara rəngli qış gödəkçəsi olmuş, istifadəsində olan «X8 8» markalı mobil telefonu isə əynində olan gödəkçəsinin sağ cibində olmuşdur. Onlar Zərərçəkmiş şəxs ilə birlikdə qatara minmiş, «Elmlər Akademiyası» stansiyasına çatan zaman Günel telefonunun cibində olmadığını aşkar etmişdir. Onlar polisə müraciət etmiş, metropolitenin müşahidə kameraları ilə çəkilmiş videogörüntülərə baxanda bir nəfər şəxsin telefonu Günelin cibindən götürüb əlindəki sellofan torbaya qoyduğunu görmüşlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13.12.2021-ci il tarixdə Polis Şöbəsinə Zərərçəkmiş şəxs məxsus mobil telefonun sonuncunun əynində olan qış gödəkçəsinin cibindən həmin gün saat 17:00 radələrində metronun «28 May» - «Elmlər Akademiyası» ərazisində naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuş, bu barədə iş yoldaşı, kiçik inpektor X5 təlimatlandırılmış, onlar metronun «28 May» - «Elmlər Akademiyası» ərazisində olan videogörüntüləri nəzərdən keçirmiş və məlum olmuşdur ki, həqiqətən də, metronun «28 May» stansiyasında «Dərnəgül» stansiyası istiqamətində gedən qatara minik gedən zaman sərnişinlərin sıxlığından istifadə edən naməlum şəxs Zərərçəkmiş şəxs vaqona minən zaman sonuncunun əynində olan qış gödəkçəsinin sağ cibindən ona məxsus mobil telefonu çıxardaraq oğurlamışdır. Zərərçəkmiş şəxs məxsus mobil telefonu oğurlamış şəxsi müəyyən etmək üçün birgə əməliyyat tədbirləri keçirilmiş, 15.12.2021-ci il tarixdə saat 13:00 radələrində metronun «Nizami» stansiyasında xidmətdə olarkan, qatardan bir nəfər şəxsin düşdüyünü görmüş, həmin şəxsin xarici görünüşü Zərərçəkmiş şəxs məxsus mobil telefonunu oğurlayan şəxsin xərici görünüşünə oxşar olduğundan onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsiyyətini müəyyən etmək üçün ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişlər. Lakin, həmin şəxs şəxsiyyətini təsdiq edən sənədin üstündə olmamasını və şifahi olaraq Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin şəxsiyyətini dəqiq müəyyən etmək üçün onu X3 dəvət etmiş, Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs ilə profilaktiki söhbət aparılmış, sonuncu etiraf etmişdir ki, həqiqətən 13 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində metronun «28 May» stansiyasında «Dərnəgül» stansiyası istiqamətində getmək üçün olan platformada qatara minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək bir qadının əynindəki qış gödəkçəsinin sağ cibindən bir ədəd «Redmi Note 8» markalı mobil telefonu oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə Polis Şöbəsinə Zərərçəkmiş şəxs məxsus mobil telefonun həmin gün saat 17 radələrində metronun 28 May metrostansiyası ərazisində naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdur. Onlar metronun «28 May» - «Elmlər Akademiyası» stansiyalarının ərazisində olan videogörüntüləri nəzərdən keçirmiş və bir nəfər şəxsin Zərərçəkmiş şəxs cibindən telefon götürdüyünü görmüşlər. Həmin şəxsi müəyyən etmək üçün tərəflərindən əməliyyat tədbirləri keçirilmişdir. 15 dekabr 2021-ci il tarixdə metronun Nizami stansiyasında xidmətdə olarkən qatardan bir nəfər şəxsin düşdüyünü görmüş, həmin şəxs xarici görünüşünə görə Zərərçəkmiş şəxs telefonunu oğurlayan şəxsin xarici görünüşünə oxşar olduğundan ona yaxınlaşaraq saxlamış və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində saxladıqları şəxsin şəxsiyyətini müəyyən etmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə metronun 28 May stansiyasında bir qadının cibindən telefon oğurladığını səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 15.12.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.50-51); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-751/2021 saylı, 16.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.80-84); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-208/2022 saylı 14.03.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 15 aprel 2022-ci il tarixədək müddətə uzadılmışdır (i.v.113-116); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-298/2022 saylı 15.04.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni 05 may 2022-ci il tarixədək müddətə uzadılmışdır; - “İfadənin yerində yoxlanması barədə” 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, polis əməkdaşları ilə bir yerdə Bakı Metropoliteni QSC-nin «28 may» stansiyasının «Dərnəgül» istiqamətində gedən qatarların platformasına gəlmiş və burada platformada zərər çəkmiş Zərərçəkmiş şəxs arxasında dayandığı yeri və sonra qatarın vaqonuna minən zaman sonuncunun əynində olan qış gödəkçəsinin sağ cibindən «X8 8» markalı mobil telefonu oğurladığı yeri göstərmişdir (i.v.61); - Zərərçəkmiş şəxs Bakı Metropolitenində Polis Şöbəsinə ünvanladığı 09.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış dəyəri 610 manat olan «X8 8» markalı mobil telefonun dəyəri, yəni 610 manat ona tam ödənilmişdir. Heç bir şikayəti yoxdur (i.v.147); - “Sübutların qiymətləndirilməsi haqqında” 06.04.2022-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmişdir (i.v.122-129); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.101- 102). - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs metronun «28 May» stansiyasının «Dərnəgül» stansiyası istiqamətində getmək üçün platformada dayanaraq qatar gözləyir. Zərərçəkmiş şəxs əynində qış gödəkçəsi vardır. Platformada sərnişin sıxlığı vardır. Zərər çəkmiş şəxs X2 arxasında bir nəfər şəxs dayanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs arxısında dayanmış şəxs o, özüdür. Bu vaxt platformaya «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatar daxil olur. Zərərçəkmiş şəxs digər sərnişinlərlə bir yerdə qatara minmək üçün stansiyanın platformasında dayanmış qatarın vaqonuna yaxınlaşır. Təqsirləndirilən şəxs onun arxasınca gedib Zərərçəkmiş şəxs vaqona minən zaman sərnişilərin sıxlığından istifadə edərək onun əynindəki qış gödəkçəsinin sağ yan cibində olan mobil telefonu çıxararaq götürür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.5-ci maddəsi isə eyni əməlin zərər çəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 15 dekabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-214/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-214/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver