Məhkəmə qərarları › İş №1(006)-214/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-214/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-214/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 62, mənzil 09-da qeydiyyatda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci və 69.3-cü maddələrinə əsasən qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, yerdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib saxlamış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 05 yanvar 2023-cü il tarixdə, saat 20:35-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən vaxtı əynində olan şalvarın sol yan cibindən bir bükümdə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zamanı qonaq otağına girişdən sağ tərəfdə olan masanın üzərindən bir bükümdə 1,571 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə 1,840 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitənin istifadəçisi olsa da, onların satışı ilə məşğul olmur. xx.xx.2023-cü il tarixdə, saat 20:35 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında tanışı Davud adlı şəxslə birlikdə olan zaman mülki geyimdə olan 2-3 nəfər şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, sonra barəsində olan cinayət işi üzrə məhkəməyə getmədiyi üçün onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə dəvət etmişlər. O da məhkəməyə üzürlü səbəblə bağlı sənəd göndərdiyini bildirsə də, onlar israrla onu bölməyə aparmışlar. Orada ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq onun içərisində heroin olduğunu, onu həmin günü Ramanı qəsəbəsindən 193 saylı orta məktəbin yanından İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxsdən “zakladka” vasitəsilə 150 manata aldığını bildirmişdir. Bununla belə ona təzyiq olunaraq guya narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına və yaşadığı evdə də belə əşyaların saxlamasına dair izahat vermək tələb olunmuş, o da məcbur qalıb video çəkiliş vaxtı bunu söyləmişdir. Saxlanıldıqdan 3-4 saat sonra onun yaşadığı evə gedilmiş, həyətdə olarkən ilkin olaraq polis əməkdaşları evə daxil olmuş və bir müddət sonra geri qayıdaraq təkrar onunla birlikdə evə getmişlər. Bu zaman qonaq otağından guya ona məxsus elektron tərəzi və içərisində iki ədəd büküm olan bir ədəd qara rəngli qutu masanın üzərindən aşkar edilmişdir. Lakin qeyd edir ki, bu tərəzi və qutu, həmçinin onun içərisində olan bükümlər ona məxsus deyil, həmin əşyalara o, ümumiyyətlə toxunmamışdır. Əgər bu əşyalar ona məxsus olsaydı, valideynləri əvvəlcədən onları oradan götürə bilərdilər. Eyni zamanda, əgər onun yaşadığı evdə polis əməkdaşları real olaraq axtarış üçün getmişdilərsə, o zaman aşkar olunmuş tək tərəzi və iki bükümlə kifayətlənməli deyildilər, bütün evdə bu tədbir həyata keçirməli idi. Bu da ona dəlalət edir ki, qeyd olunan əşyalar polis əməkdaşları tərəfindən öncədən ora qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 yanvar 2023cü il tarixdə xidmətdə olarkən “Üzeyir” və “Davud” adlı şəxslərin qanunsuz olaraq üzərlərində narkotik vasitə saxladıqları, daşıdıqları və satışı ilə məşğul olduqları barədə daxil olmuş məlumatın yoxlanılması ilə bağlı ondan və bölmənin digər əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra onlar birlikdə həmin günü saat 20 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsinə gəlmişlər. Həmin küçədə olarkən “Üzeyir” və “Davud” adlı şəxslər 62 saylı ünvanın qarşısına gəldikdə onlara yaxınlaşaraq özlərini təqdim etmiş və barələrində narkotik vasitələrin üzərlərində saxlaması və satışı ilə məşğul olmaları ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib onları bölməyə dəvət etmişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs və X5 olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin heroin olduğunu, onu həmin günü Ramanı qəsəbəsində 193 saylı orta məktəbin yanından İran İslam Respublikası vətəndaşı “Bəhmən” adlı şəxsdən “zakladka” vasitəsilə 150 manata satmaq məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdən əlavə başqa hardasa narkotik vasitə saxlaması soruşulduqda, o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 62, mənzil 09-da da narkotik olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər və orada qonaq otağında girişdən sağda yerləşən masanın üzərindən 01 ədəd elektron tərəzi və 01 ədəd qutunun içərisindən 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq olunmamış, onun yaşadığı mənzilə əvvəlcədən heç kim daxil olmamışdır. Məhkəmə istintaqında şahidlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları Şahid4, Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokol və diskdəki olan görüntüyə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs bildirir ki, bükümün içərisində heroindir, onu İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxsdən 150 manata istifadə etmək üçün alıb Bundan başqa, o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 62, mənzil 09-da narkotik olduğunu bildirir (İ cild, i.v.49-51, 56); • “Mənzilə baxış və götürülmə barədə” 06 yanvar 2023-cü il tarixli protokol və diskdəki olan görüntüyə görə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 62, mənzil 09-da keçirilmiş baxış zamanı evin giriş qapısı ağ rəngli plastmas materialdan və şüşədən ibarət olmuş, içəri daxil olduqda qonaq otağı, otağın girişindən sağda masa yerləşmiş, onun üzərində 01 ədəd boz rəngdə elektron tərəzi və 01 ədəd qara rəngli qutunun içərisində 02 ədəd şəffaf sellofana bükülmüş maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün birində “patı”, digərində isə heroin olduğunu söyləyir, onları iranlıdan 150 manata istifadəsi üçün aldığını bildirir; tərəzini də bu malların çəkilməsi üçün saxlayır ki, aldanıb-aldanmağını bilsin; mənzildə digər yerdə belə malların olmadığını qeyd edir. Daha sonra zərfin içərisinə elektron tərəzi və qara rəngli qutuya qoyulmuş 02 ədəd büküm yerləşdirilir, zərf möhürlənir (İ cild, i.v.53-54, 56); • 07 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirmə” protokolunda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:35 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında olan tanışı “Davud” ilə birlikdə olan zaman ona mülki geyimdə olan 04 nəfər şəxs yaxınlaşmışlar. Həmin şəxslər özlərini Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra hərəkətlərinin şübhəli olduğunu və narkotik vasitənin təsiri altında olduqlarını bildirərək onları bölməyə dəvət etmişlər. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Üzərində olan şalvarının sol yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O, 01 ədəd ağ kağıza bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin heroin olduğunu bildirmiş, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixdə “Ramanı” qəsəbəsindən 193 saylı orta məktəbin yanından İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxsdən “zakladka” vasitəsilə 150 manata satmaq məqsədi ilə aldığını və satmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa, onun üzərində aşkar edilmiş maddədən başqa hər hansı bir qanunla qadağan edilmiş maddə olduğu sorğu-sual edildikdə o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 62, mənzil 09-da narkotik maddənin olduğunu bildirmişdir. Çəkiliş qurtardıqdan sonra o, evinə baxış keçirilməsinə icazə vermiş və bununla bağlı ərizə yazmışdır. Baxış zamanı yaşadığı evin giriş qapısı ağ rəngli plastmas materialdan və şüşədən ibarət olmuş, o, qapının açarını açaraq içəri daxil olduqda qonaq otağı, otağın girişindən sağda masa yerləşmiş, həmin masanın üzərinə baxış zamanı 01 ədəd boz rəngdə elektron tərəzi və 01 ədəd qara rəngli qutunun içərisində 02 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli və ağ rəngli, kristal şəkilli maddələr aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bükümləri masanın üzərinə qoyulduğu zaman masanın üzərində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli və 01 (ədəd) şəffaf rəngli sellofana bükülmüş içərisində ağ kristal şəkilli maddələrin, həmçinin 01 ədəd elektron tərəzinin olduğu məlum olmuşdur. Sorğu-sual zamanı o, həmin bükümlərin narkotik vasitə heroin və “patı”, yəni metamfetamin olduğunu, onu şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı o, təzyiq altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu, üzərində və evində saxladığı narkotik vasitə ilə psixotrop maddəni satış məqsədilə saxladığını bildirmiş, əslində isə o, onları istifadə etmək üçün saxlamışdır. Onun istifadəsində 050 547-77-71, 055 ***-**-** və üç ay bundan əvvələ qədər də 055 ***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində polis əməkdaşları və yaxud da hər hansı bir şəxs tərəfindən ona heç bir zor tətbiq olunmamışdır. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir, onların satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı İran İslam Respublikasının vətəndaşı olan şəxsi tanımır, onunla yalnız sosial şəbəkədə yazışmış, adını, soyadını, atasının adını və başqa məlumatlarını bilmir. Narkotik vasitə və psixotrop maddəni də həmin şəxsin onun mobil telefonuna atdığı ünvan şəkili ilə əldə etmiş, yəni həmin şəxs narkotik vasitə və psixotrop maddəni Ramanı qəsəbəsində bir yerə qoymuş və o da həmin yerdən onları götürmüşdür (İ cild, i.v.93-95); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 06.01.2023-cü il tarixli, 6/38 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “Təqdim etdi Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd olunmuş, təmiz çəkisi 1,571 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd bükümdə təmiz çəkisi 1,840 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 1,521 qram, metamfetaminin – 1,790 qram, aparılmış tədqiqatın dəyəri isə 65 manat təşkil edir (İ cild, i.v.64-68); • 06.01.2023-cü il tarixli, 6/37 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,064 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,034 qram, aparılmış tədqiqatın dəyəri isə 65 manat təşkil edir (İ cild, i.v.71-74); • “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar, SMS mübadilələri və anten məlumatları ilə bağlı "xxxx" MMC-nin məktubuna əlavə edilmiş bir ədəd diskə keçirilmiş baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** (anası Gülarə Qurbanovanın adınadır) saylı mobil telefon nömrəsi ilə bir sıra narkotik vasitələrin satışı ilə bağlı SMS mübadilələri aparılmışdır. Həmin SMS mübadilələri aşağıdakı kimidir (İ cild, i.v.148-150): • Yetim men gelirem yoldayam 15 deygeye 4atiram, bir 10azn da vere4em 5pati ve negaldi onu ve 5azn ustune dobavka elersen da gardawimsan dobriy ela (xx.xx.2022, saat 19:12:25); • yetim neynirsen.yetim obedakimi saat 14 kimi vere bilersen bize 15-5.ise gedirik indi oterefe.lomkada istiye bilmerik.obedta gelerik yaxsi olacag.indi sen bizi virucat eleda pobratski.ozunda bilirsen gunde 2-3defe gardasimizin yanina gelirik.pobratski virucida.mi toja tebya virucaem kogda imkem est unas.ti sam eto znaew.jdu otveta rodnoy (xx.xx.2022, saat 06:38:01); • qaqaw sene quzu keserem bir dene kola yarimda pati 60m var (xx.xx.2022, saat 23:33:59); • Brat yarım düzelib 25 var 5de pota tural diyirsebde (xx.xx.2022, saat 15:42:09); • siqaret paçkasina qoyub atar düz bizim binanin piləkaninin yaninda Məşhur vəfa estetik var onun pilləkanlarina atib getsin zəhmət olmasa (xx.xx.2022, saat 22:46:18); • falqada qoyarsan biraz? (xx.xx.2022, saat 18:23:27); • 95 manat puldu + mənə 1 qr vereceyin var obşi 2 qr birazda falqa (xx.xx.2022, saat 01:55:42); • Elediyin kankret Qəhbəliy oldu 100 alib 03 tema vereller? Kişisən ala vəzyəti bilib nömrəmidə bloka qoymusan and aman kəlmə kəsdiyki 05 verib qalannida səhər vereceysen yoxdu dinən yoxduda kişi kimi aç telefonu dinən yoxdu. Qaqas mən bilmirem kərvə verem sənə tema götür mənə düşəni ver baqliyaq bu kaniteli. Qardaw. Pulu. Atlm. Aparatln. Yanlndaya (xx.xx.2023, saat 14:20:23); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 765 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.167-168); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, qalıq qalan 0,034 qram və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş qalıq qalan 1,521 qram narkotik vasitə heroin, 1,790 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.171-178); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş üzrə məhkəmə-daktiloskopik ekspertizası təyin edilmiş və bununla bağlı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023cü il tarixli, 3/944 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd elektron tərəzinin, 01 ədəd qara rəngli qutunun, 02 ədəd sellofan bükümün, 02 ədəd kağız bükümün səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. Aparılmış tədqiqatın dəyəri 61,29 manat təşkil edir (İİ cild); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-13/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Qərarda Təqsirləndirilən şəxs izahatında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bildiyi, narkotik vasitələrin satışı ilə məşğul olmadığı, üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığı, xəstə olduğu və müalicəsini davam etdirdiyi qeyd olunmuşdur (İ cild, i.v.106-110); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına və hökmə əsasən Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)- 14/2023 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Daha sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-74/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş qəti cəza bu hökmlə müəyyən olunan cəza ilə qismən toplanılaraq ona qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, məhkəməyədək icraat dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla onun ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi qərara alınmışdır (İ cild, i.v.124-126, 135-144, İİ cild, i.v.31); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü bir övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür (8-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq dəlillərlə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, ekspert rəyləri, şəxsi axtarış və mənzilə baxış protokolları, təqsirləndirilən şəxsin istifadəsində olan GSM nömrə ilə aparılan yazışmalar ilə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 3-2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə ona təyin edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, əvvəlki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilən cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli hazırki iş üzrə həbsdə alındığı andan – 05 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 1,521 qram və 0,034 qram narkotik vasitə heroin, 1,790 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 191,29 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 191 (yüz doxsan bir) manat 29 (iyirmi doqquz) qəpik pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,521 qram və 0,034 qram narkotik vasitə heroin, 1,790 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar