Məhkəmə qərarları › İş №1(006)-215/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-215/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-215/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağsu rayonu, Növcü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 30.11.2020-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq, 12 dekabr 2020-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 52, mənzil 47 saylı ünvanı tərk edib idarə etdiyi “Opel” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Hökməli qəsəbəsi istiqamətində hərəkətdə olan zaman saat 10 radələrində ünvan 3 ünvanının qarşısında Bakı şəhəri BPİ-nin DYPİnin Yol Patrul Xidməti Alayının əməkdaşı tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, SOCAR AQŞ-da nəzarət və ölçü avadanlıqları üzrə mütəxəssis işləyir. 30 noyabr 2020-ci il tarixdə dənizdə iş yerində olan zaman bədəninin hərarəti qalxmış, özünü pis hiss etmişdir. Bu səbəbdən iş yoldaşları onu sahilə çıxarıb yaşadığı evə yola salmışlar. Həmin gün evdə olan zaman saat 16 radələrində “Medi Club” klinikasına müraciət etmiş, ondan analiz götürülmüşdür. Bir neçə gündən sonra ona bildirilmişdir ki, Covid-19 xəstəliyinə yoluxmuşdur. “Medi Club” klinikasından ona deyilmişdir ki, 14 gün evdə qalmalıdır, yaşadığı ünvandan kənara çıxmamalıdır və müalicə olunmalıdır. O, həkimin dediyinə əməl edib evdə qalıb müalicəsini davam etdirmişdir. Bu müddət ərzində arvadı Şəbnəm Musayeva və qızı Məryəm Hökməli qəsəbəsində yaşayan qayınatasının evində qalmış, özü isə Xətai rayonu, X6 52, mənzil 47-də tək yaşamışdır. 12 dekabr 2020-ci il tarixdə Hövsan qəsəbəsinə gedib yoldaşının onun üçün hazırladığı yeməyi götürüb qaldığı evə gətirmək istəmişdir. Ona görə də 12 dekabr 2020-ci il tarixdə 09:30-da özünə məxsus ** UF *** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə Hökməli qəsəbəsinə getmək üçün yola düşmüşdür. Saat 10 radələrində Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsindən keçən zaman YPX əməkdaşının tələbi ilə avtomobili saxlamışdır. Polis əməkdaşı sənədlərini yoxladıqda onun aktiv koronavirus xəstəsi olduğunu öyrənmiş, yaşadığı evi tərk etdiyinə görə iradını bildirmişdir. Bundan sonra 21-ci PB-nə getmişlər, oradan isə polis əməkdaşları onu yaşadığı ünvana yola salmışdır. 19.12.2020-ci il tarixdə “Referans” klinikasında müayinə olunmuş və cavab olaraq “neqativ” nəticə müəyyən edilmişdir. O, “Covid-19” infeksiyasına yoluxsa da, məcburiyyət qarşısında qaldığından evdən çıxmalı olmuş, lakin heç kimi yoluxdurmamışdır. Ümumiyyətlə, avtomobillə hərəkət etdiyindən başqa şəxsləri yoluxdurması faktiki olaraq mümkün deyil. Himayəsində azyaşlı uşağı var. Xəstə anası var. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Bakı şəhər Baş Polis İdarəsinin YPX alayının inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 12 dekabr 2020-ci il tarixdə, saat 10 radələrində **-YP-*** çağırışlı avtopatrulla xidmətini icra etmişdir. Həmin vaxt vətəndaşların karantin rejimi tələblərinə riayət edibetməməsinin yoxlanılması məqsədi ilə ünvan 5 ünvanının qarşısında hərəkətdə olan «Opel» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini saxladıqdan sonra həmin avtomobilin sürücüsü, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olmasını və yaşadığı ünvanı tərk etməsini aşkar etmişdir. Təqsirləndirilən şəxslə yaşadığı ünvanı tərk etməməsi barədə profilaktik söhbət aparmış, sonra onu yaşadığı ünvana yola salınması üçün Nəsimi RPİ-nin 20-ci PB-nə təhvil vermiş, daha sonra isə raportla BBPİ-nin rəhbərliyinə məlumat vermişdir. İş materiallarında olan: - "Medi Club” klinikası tərəfindən 30.11.2020-ci il tarixli laborator müayinə nəticələri ilə müəyyən edilmişdir ki, həmin tarixdə «Sars-CoV-2 (PZR) yaxma» göstəricisi üzrə Təqsirləndirilən şəxs müayinəsi zamanı nəticə pozitiv olmuşdur. (İ cild, i.v.9); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi Şəxsin 08.02.2021-ci il tarixli 67/KEŞ saylı rəyinə əsasən 30.11.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. (İ cild, i.v.58-61); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub. (İ cild, i.v.21); - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aqşab“ yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.41-44); - AZ-İV 497983 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20 iyul 2020-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (İ cild, i.v.16). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsi maşınından istifadə edərək yaşadığı yeri tərk etməsi və heç kimi virusa yoluxdurmamasına dair verdiyi ifadə ilə bağlı bildirir ki, Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi üzrə məsuliyyətin müəyyən edilməsi üçün şəxsin xəstəliyini başqa şəxsə yoluxdurması şərt deyildir. Şəxsin xəstəliyin yayılması üçün real təhlükə yaratması onun əməlində CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması üçün kifayətdir. Təqsirləndirilən şəxsin yaşayış yerini şəxsi maşını ilə tərk etməsinə istinad etməsi isə qeyd edilən təhlükəni aradan qaldırmır və cəmiyyətə qarşı laqeydlik, başqalarının səhhətinə biganəlik kimi xarakterizə olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının xəstəliklərin yayılmasına səbəb olduğuna və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”na əsasən: - Bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir (1.3-cü bənd); - karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir (2.1.4-cü bənd); - karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir (2.1.5-ci bənd); - Yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər (3.1ci bənd); - Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir (4.5-ci bənd); -Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır (4.6-cı bənd); - Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər (4-1.1-ci bənd); - Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir (4- 1.2-ci bənd); - Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır (4-1.3-cü bənd); - karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır (7.2-ci bənd). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın DİVOC“-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni onun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi oğluna dövlət büdcəsi vəsaiti hesabına 24 saat üçün nəzərdə tutulan 144 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar