Məhkəmə qərarları › İş №1(006)-215/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-215/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-215/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “ ro Bono“Vəkil Bürosunun vəkili P Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, mənzil 227-də qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 13:40 radələrində Bakı metropoliteninin “Sahil” stansiyası istiqamətində hərəkət edən qatara metronun “28 May” stansiyasında minən zaman sərnişinlərin sıxlığından istifadə edərək, ondan qabaqda vaqona minən sərnişin Zərərçəkmiş şəxs əynində olan paltosunun sağ cibindən üzərində 10 manat dəyərində olan telefon aksesuarı, 15 manat dəyərində olan ekran qoruyucusu və 05 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 3.000 manat dəyərində **********72722 İMEİ kodlu “Samsung S21 Ultra” markalı mobil telefonu çıxardıb gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3.030 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30.11.2021-ci il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən evindən çıxaraq metronun “28 May” stansiyasına gəlmişdir. Həmin stansiyanın platformasında dayanmış, tanımadığı bir nəfər qadının geyiminin bahalı olması onun diqqətini cəlb etmiş və bu zaman o, qadının cibindən oğurluq etmək qərarına gəlmişdir. Həmin qadını bir necə dəqiqə izləmiş və bahalı mobil telefon işlətdiyini görmüşdür. Metronun platformasında sərnişinlərin olmasından istifadə edib bu qadının arxasında dayanmışdır. Qatar platformaya daxil olub saxladıqdan sonra vaqonun qapıları açılmış və həmin qadın qatara daxil olan zaman o, onun arxasınca məsafə saxlamadan hərəkət etmişdir. Bu zaman platformada olan digər sərnişinlər vaqona daxil olurdu, vaqonda olan sərnişinlərin bəziləri isə vaqondan düşürdü. Həmin qarışıqlıqdan istifadə edib qadının əynində olan paltonun sağ yan cibindən mobil telefonu götürüb vaqona minməmiş və növbəti qatarla metronun “Elmlər Akademiyası” stansiyasına gəlib çölə çıxmışdır. Orada “Samsung S21 Ultra” markalı telefonun üzərindəki nömrəni çıxarıb atmış, telefonu isə tanımadığı şəxsə 300 manata satmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 30 noyabr 2021-ci il tarixdə metronun “Koroğlu” stansiyasında qatara minib “28 May” stansiyasına gəlmiş, orada rəfiqəsi Şahid ilə görüşmüş və birlikdə metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatara minmişlər. “İçərişəhər” stansiyasında vaqondan düşüb eskalatorda hərəkətdə olarkən paltosunun cibinə qoyduğu **********72722 İMEİ kodlu “Samsung S21 Ultra” markalı mobil telefonunun orada olmadığını aşkar etmişdir. Bu zaman yanında olan rəfiqəsinin telefonu ilə öz telefonun üzərində olan ***-***-**-** saylı GSM nömrəyə zəng etmiş, ilkin olaraq nömrəyə zəng çatsa da, sonradan telefon söndürülmüşdür. Telefonun dəyəri 3.000 manat olmuş, onun üzərində dəyəri 10 manat olan telefon aksesuarı, 15 manat olan ekran qoruyucusu və 5 manat olan mobil nömrə olmuşdur. Ona dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verdi. İş materiallarında olan: “ “Diskə baxış keçirilməsi haqqında” 04.12.2021-ci il tarixli protokola əsasən diskdə olan videofayldakı görüntü Bakı metropoliteninin “28 May” stansiyasının videomüşahidə kameralarının yaddaşından götürülüb. Həmin görüntüyə əsasən Zərərçəkmiş şəxs metronun “28 May” stansiyasından “İçərişəhər” stansiyası istiqamətində gedən qatarların platformasından qatara minən zaman onun arxasında dayanmış, sifətində maska olan şəxs paltosunun sağ cibindən ona məxsus mobil telefonu çıxararaq oğurlayur. Sonra həmin şəxs vaqona minməyərək növbəti qatara minərək çıxıb gedir. Təqsirləndirilən şəxs bildirir ki, telefonu oğurlayan şəxs özüdür (cild İ, i.v.71); “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.12.2021-ci il tarixli arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.06.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına, Gəncə Hərbi Məhkəməsinin 27.12.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qərarı ilə sonuncu cəzası 05 il 06 aya endirilmiş, 13.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild İİ, i.v.76-78, 79-89); “ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.12.2021-ci il tarixli, 4(004)-726/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03.12.2021-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.70). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə, o cümlədən soyğunçuluq və oğurluğa görə məhkum olunmasına baxmaraq, bundan nəticə çəxarmamış və yenidən anoloji cinayətləri törətməklə islah olunmamış, kriminal meyilli şəxs olaraq qalmaqda davam edir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onu xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli 03 dekabr 2021ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar