Məhkəmə qərarları › İş №1(006)-215/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-215/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-215/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi “FİDES” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olummamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:35-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,905 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi N.M.Aslanov vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, cinayət işi üzrə ibtidai istintaqının pozuntularla aparılması səbəbindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmış təhqiqatçı və müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, ibtidai araşdırma zamanı cinayət mühakimə icraatı Azərbaycan dilində aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olsada, o, Türkmənistan Respublikasında anadan olmuş, orada internat məktəbində oxumuş, hazırda Azərbaycan Respublikasında yaşasada Azərbaycan dilini yaxşı bilmir, bəzi sözlərin mahiyyətini anlamır, sonuncu məhkəmə hazırlıq iclasında fikirlərini Azərbaycan dilində ifadə etməyə çalışsa da, bəzi sözlər ona məhkəmə tərəfindən təyin edilmiş tərcüməçi tərəfindən tərcümə edilir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə cinayət işi başlanmış, xx.xx.2022-ci tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022ci il tarixdə cinayət işi ilkin olaraq Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı İlham Məmmədovun və həmin tarixdə də Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahir Əliyevin icraatına qəbul edilmişdir. Cinayət işinin isitntaqı zamanı təhqiqatçı və müstəntiq tərəfindən təqsirləndirilən şəxsin tərcüməçinin yardımından istifadə etmə hüququ gözlənilməmişdir. Belə ki, bir qayda olaraq təqsirləndirilən şəxsə tərçüməçi təqdim edilməki olduğu halda, iş materiallarına əlavə edilmiş sənədlər həmçinin ittiham aktı tərcümə olunmuş şəkildə təqsirləndirilən şəxsə təqdim edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Belə, olan halda Təqsirləndirilən şəxs nədə ittiham olunmasını belə anlamamışdır. Bu hal isə, yəni iş üzrə təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilməməsi və ona müvafiq sənədlərin başa düşdüyü dildə təqdim edilməməsi kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsi, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruna qaytarılması, cinayət işi üzrə ibtidai istintaqı aparmış təhqiqatçı və müstəntiq barəsində xüsusi qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razı olaraq işin yenidən istintaq orqanına qaytarılmasıni xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin etməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, vəsatəti və cinayət işin materiallarını araşdıraraq hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalı, cinayət işi üzrə ibtidai istintaqı aparmış təhqiqatçı və müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Türkmənistan Respublikasının vətəndaşıdır. Azərbaycan dilini yaxşı bilmir, bəzi sözlərin ümumiyyətlə mahiyyətini anlamır. Sonuncu məhkəmə hazırlıq iclasında fikirlərini Azərbaycan dilində ifadə etməyə çalışsa da, bəzi sözlər ona tərcüməçi tərəfindən tərcümə edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cı il tarixdə cinayət işi başlanmış, xx.xx.2022-ci tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi ilkin olaraq Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı İlham Məmmədovun və həmin tarixdə də Nəsimi RPİ-nin İŞnin müstəntiqi Mahir Əliyevin icraatına qəbul edilmişdir. Cinayət işi üzrə ibtidai istintaqı aparmış təhqiqatçı və müstəntiq tərəfindən təqsirləndirilən şəxsin tərcüməçinin yardımından istifadə etmə hüququ gözlənilməmişdir. Belə ki, bir qayda olaraq təqsirləndirilən şəxsə tərçüməçi təqdim edilməli olduğu halda, iş materiallarına əlavə edilmiş sənədlər həmçinin ittiham aktı tərcümə olunmuş şəkildə təqsirləndirilən şəxsə təqdim edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs nədə ittiham olunmasını belə anlamamışdır. Azərbaycan Respublikasının CPM-nin 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Həmin Məcəllənin 26.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etməkdən ibarət hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmin Məcəllənin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq; onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; tərcüməçinin köməyindən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanımışdır. Məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilməli və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır. Broziçek İtaliyaya qarşı məhkəmə işində milliyyətcə alman olan şəxsə qarşı İtaliyada ittiham elan edilmişdir. Məhkəmə Konsensiyanın 6-cı maddəsinin 3a bəndi ilə bağlı qərara aldı ki, «əgər dövlət orqanları ərizəçinin… ona qarşı irəli sürülmüş ittihamlar barədə ona məlumat verən məktubu həqiqətən anlaya biləcək dərəcədə italyan dilini kifayət qədər başa düşdüyünü müəyyən etməmişlərsə», ittihamın əks olunduğu sənədlər təqsirləndirilən şəxsə alman dilində təqdim etməli idi. Səlahiyyətli dövlət orqanlarının vəzifəsi təqsirləndirilən şəxsə müvafiq sənədləri onun başa düşdüyü dildə təqdim etməklə yanaşı, onun tərcüməçidən pulsuz yardım almaq hüququnu da təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Həmin Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin «nədə ittiham olunduğunu», «nədən müdafiə olunmalı olduğunu» bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu da pozur. Təsbit olunan normalara və məhkəmə presedentlərinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilməməsi və ona müvafiq sənədlərin başa düşdüyü dildə təqdim edilməməsi kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud pozuntuya yol verilmiş hesab edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərcüməçinin köməyindən istifadə etmək hüquqlarının pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Həmçinin göstərilənlərə əsasən fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı X5 və Nəsimi RPİ-nin İŞ-nin müstəntiqləri X6 və X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilmədən saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 və X4 müstəntiqləri X6 və X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar