Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-217/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu, Qarallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Qarallar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, yeni tikilidə kirayədə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 dekabr 2020-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan-Tiida” markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısından hərəkətə başlayıb 3cü mikrorayon dairəsi istiqamətində 15 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü yerdəyişərkən, dönərkən, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun həmin tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq 20 yanvar dairəsi istiqamətində geriyə qayıtmaq üçün yolun “giriş qadağandır” hissəsinə daxil olmaq istəyən zaman 20 yanvar dairəsi istiqamətindən 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi ZSA150-77 markalı, 74A131 dövlət qeydiyyat nişanlı motosikletin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs2 İİ, İİİ, İV bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları və bel nahiyəsinin qançırı, sağ gicgah-ənsə nahiyəsinin, sağ saidin, sol baldırın sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, motosikletin arxa oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs1 isə bel sağ bud-çanaq oynağı və sağ bud nahiyəsinin iri ölçülü qançırı, ikitərəfli hemopnevmotoraks, sol əlin və hər iki diz oynağı nahiyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, albalı metallik rəngli, «Nissan Tiida» markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 06 dekabr 2020-ci il tarixdə saat 12 radələrində o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Tiida» markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar dairəsi istiqamətindən Alı Mustafayev küçəsi ilə 3-cü mikrorayon istiqamətində hərəkət etmişdir. Həmin vaxt 3-cü mikrorayon dairəsinə çatmamış, körpünün sağ tərəfində, yəni hərəkət onun istiqamətinə görə sağ tərəfində yol kənarında dayanaraq Beyləqan-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olan taksi sürücülərinin birinə Beyləqan rayonuna çatdırılmalı olan sənədi vermək istəmişdir. Bu səbəbdən də idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamışdır. Təxminən 5 dəqiqə yolun kənarında dayandıqdan sonra avtomobili işlək vəziyyətə salaraq sola manevr edərək 3-cü mikrorayon istiqamətində hərəkət etmək istəmişdir. Beləliklə, yolun sağ kənarından avtomobili sol, yəni yol istiqamətində hərəkət etdirmiş, həmin vaxtı avtomobilin yan güzgüsü ilə yola baxdıqda avtomobilin olmadığını görmüşdür. Bu zaman o, sola manevr edərək körpünün alt hissəsindən geriyə, yəni 20 yanvar dairəsinə qayıtmaq istəmişdir. Lakin bu zaman arxadan gələn motosiklet onun idarə etdiyi avtomobilin sol tərəfinə, sol güzgüsünə və sol qanadına dəymiş və eyni andan idarə etməni itirərək ön hissəsi yol ayrıcı səki daşına çırpılmışdır. Bu zaman sürücü və 1 nəfər sərnişin səki daşının üzərinə çırpılmışlar. Həmin an o, dərhal əyləci basaraq avtomobili saxlamış, avtomobildən düşmüş və həmin şəxslərə yaxınlaşaraq ətrafda olan kənar şəxslərin köməkliyi ilə onlara ilk yardım göstərmişlər. Bundan sonra TTYS-nın həkim briqadası gəlmiş, həmin şəxsləri 3 saylı ŞK-na aparmışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə edib sənədləşmə aparmışlar. Həmçinin o da xəstəxanaya gedərək onların səhhəti ilə maraqlanmışdır. Hadisə ehtiyatsızlıqdan baş vermiş, o, avtomobili saxladığı yerdən yolun sol tərəfinə təxminən 8-10 metr hərəkət etdikdən sonra körpünün altı ilə geriyə, yəni 20 yanvar dairəsinə qayıtmaq istərkən anidən toqquşma baş vermişdir. Toqquşma körpünün alt hissəsində səki daşı ilə əks istiqamətli yolu birləşdirən yol hissəsinin girişində baş vermişdir. Avtomobilinin hərəkət surəti 10-15 km/saat olmuşdur. Motosikletin surətini bilməsə də, sürətli hərəkət etmişdir. O, hadisə anını hiss etməmiş, hadisə bir anda baş vermişdir. Buna görə də hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməmişdir. Hadisə vaxtı ayıq olmuş, bununla bağlı sərxoşluq müayinəsindən keçmişdir. O, yolun sol tərəfinə manevr etdikdə motosikleti görməmişdir. Hadisə vaxtı heç bir xəsarət almamış, buna görə də məhkəmə-tibb ekspertizasından keçməmişdir. Zərər çəkmiş şəxslərin müalicəsi ilə bağlı xərcləri ödəmiş, onlarla barışmışdır. Cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, təxminən 13.07.2020-ci il tarixdən «Zongshen», yəni rəsmi sənəddə ZSA150-77 minik motosikl markalı, 74A131 dövlət qeydiyyat nişanlı motosikleti idarə etmişdir. 06 dekabr 2020-ci il tarixdə saat təxminən 10 radələrində dostu Zərərçəkmiş şəxs1 mobil telefonla əlaqə saxlayaraq ondan xahiş etmişdir ki, Yasamal rayonu, Qələbə dairəsində yerləşən cərimə meydançasının qarşısından onu götürərək Səbail rayonu, Badamdar qəsəbəsinə, oradan isə kirayədə yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinə aparsın. Bundan sonra o, özünə məxsus olan motosikletlə Tuqayı Qəbələ dairəsindən götürüb Badamdar qəsəbəsinə aparmışdır. Təxminən 1 saat orada qaldıqdan sonra Badamdar qəsəbəsindən «Memar Əcəmi» stansiyasına getməli olmuşlar. Çünki Tuqay görüşməli olduğu adamı tapa bilməmiş, fikirləşmişdir ki, günortadan sonra yenidən Badamdar qəsəbəsinə gedərək həmin adamla görüşsün. Ona görə də ondan xahiş etmişdir ki, onu «Memar Əcəmi» stansiyasının yaxınlığında düşürsün. Bu məqsədlə o, saat 12 radələrində ZSA150-77 minik motosikl markalı, 74A131 dövlət qeydiyyat nişanlı motosikletlə 20 Yanvar dairəsinə, oradan isə Nəsimi rayonu, Alı Mustafayev küçəsinə daxil olub 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Dostu Tuqay motosikletin tərik hissəsində əyləşmişdir. O, motosikleti təxminən 60 km/saat sürətlə hərəkət etdirmişdir. Hərəkət etdiyi sol zolaqla hərəkətini düzünə davam etdirdikdə qəflətən sağ kənardan qırmızı rəngli «Nissan Tiida» markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxmışdır. Belə ki, həmin avtomobilin sürücüsü avtomobili sol, yəni onun hərəkət zolağına hərəkət etdirməklə körpünün alt hissəsində yolun birləşən hissəsinə keçmək istədikdə o, əyləcdən istifadə edərək idarə etdiyi motosikleti çalışdığı qədər sola çəkmişdir ki, qəzadan yayınsın. Lakin bu mümkün olmamış, belə ki, avtomobilin sürücüsü hərəkətini davam etdirmiş, bu səbəbdən də idarə etdiyi motosikletin sükanının sağ hissəsi həmin avtomobilin sürücü tərəfdən sol ön qapısı və sol güzgü hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, idarə etməni itirmiş və motosikletin ön hissəsi daha sonra səki daşına dəymişdir. Bu zaman o və dostu Tuqay asfalt örtüyə çırpılmışlar və hər ikisi xəsarət almışlar. Hadisə yerinə avtomobilin sürücüsü və tanımadıqları şəxslər gəlib onlara köməklik etmişlər. X4 gələrək onları 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanadan müayinə zamanı müəyyən edilmişdir ki, onun fəqərələrində sınıq xəsarəti vardır. Həmçinin, Tuqayda da xəsarətlər aşkar edilmişdir. Hazırda o, ev şəraitində müalicə almışdır. Baş vermiş hadisə «Nissan Tiida» markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ehtiyatsızlığı üzündən baş vermişdir. Belə ki, hadisə zamanı o, idarə etdiyi avtomobili yolun sağ tərəfindən sol tərəfinə idarə etdirərək onun yoluna çıxmış, o, motosikleti nə qədər sola sıxsa da, əyləcdən istifadə etsə də, qəzanın qarşısını ala bilməmişdir. Hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə sağdan yolun soluna manevr edərək körpünün alt hissəsinə yolun birləşən hissəsinə keçib 20 Yanvar metro stansiyası istiqamətində hərəkət etmək istəmiş, lakin həmin istiqamətdə giriş qadağandır, belə ki, həmin yol yalnız 3-cü mikrorayon tərəfindən hərəkət edib yenidən geri qayıdan sürücülər üçün nəzərdə tutulmuşdur. Hazırda ona vurulmuş zərər ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İştirak etdiyi məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 06 dekabr 2020-ci il tarixdə səhər saatlarında dostu Zərərçəkmiş şəxs2 idarə etdiyi «Zongshen» markalı, 74-A-131 dövlət qeydiyyat nişanlı motosikletdə arxa tərikdə sərnişin qismində əyləşib birlikdə Nəsimi rayonu, 20 Yanvar metrosu istiqamətindən üzü 3-cü mikrorayon istiqamətinə getmişlər. Həmin vaxt Təyfun idarə etdiyi motosikletlə sol zolaqla A.Mustafayev küçəsi ilə düzünə hərəkət edərkən körpü yolunu alt hissəsində yolun sağ tərəfindən sol tərəfinə qəfil olaraq qırmızı rəngli «Nissan» markalı avtomobil körpünün alt hissəsində yolun birləşən hissəsində manevr etdikdə qarşılarına çıxmış və Təyfun motosikletin sağ hissəsi ilə avtomobilin ön sol güzgüsü və təkər hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən motosikletin ön hissəsi yolu ayıran səki daşına çırpılmış və hər ikisi motosikletlə bərabər yerə çırpılmışlar. Hadisə nəticəsində hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə yerindən onları təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hazırda ona vurulmuş zərər ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 06.12.2020-ci il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə ünvan 2 ünvanın qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan Tiida» markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yolun sağ tərəfindən dayanmış vəziyyətdən hərəkətə başlayıb sol istiqamətə manevr edərkən arxadan 20 Yanvar dairəsi istiqamətindən hərəkətdə olan «Zongshen» markalı motosikletlə ön sol hissəsi ilə toqqumuş, eyni anda idarəetməni itirən motosikletin ön hissəsi yolayrıcı səki daşına çırpılmışdır. (i.v.4-13); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10.02.2021-ci il tarixli, 8/252 saylı rəyinə əsasən «Nissan Tiida» markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda ZSA150-77 markalı, 74A131 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 42.3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda ZSA150-77 markalı, 74A131 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 42.3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (i.v.85-87); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 08.01.2021-ci il tarixli, 1008 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - bel sağ bud-çanaq oynağı və sağ bud nahiyəsinin iri ölçü qançırı, ikitərəfli hemopnevmotoraks, sol əlin və hər iki diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 06.12.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (i.v.62-63); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 12.01..2021-ci il tarixli, 1002 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - İİ, İİİ, İV bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları və bel nahiyəsinin qançırı, sağ gicgah-ənsə nahiyəsinin, sağ saidin, sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 06.12.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (i.v.65-66); - AD 864586 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və 30.07.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, «Nissan Tiida» minik markalı, ** UO *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında 12.10.2028-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir (i.v.21-23); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 13.02.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.153); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 12.08.2004-cü il tarixdə Beyləqan rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzası, 04 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. (i.v.68-69). Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 731.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-217/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-217/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver