Məhkəmə qərarları › İş №1(006)-217/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-217/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-217/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Tərcüməçi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Mahmoudun Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 18, mənzil 03-də qeydiyyatda olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 14 fevral 2023-cü il tarixdə, saat 00:48-də ünvan 1 ünvanda yerləşən “Rahat” marketin qarşısında dayanan Misir Ərəb Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Mahmouda yaxınlaşaraq maddi köməklik üçün ondan 05 manat pul istəmiş, Saad Mahmoudun ona üzərində pul olmadığını deməsinə əhəmiyyət vermədən sonuncu ilə birlikdə ünvan 2 ünvanda yerləşən "xxxx" KB ASC-nin mərkəzi ofisi istiqamətində piyada hərəkət etmiş, saat 00:54-də həmin ünvanın qarşısında olarkən Zərərçəkmiş şəxs Mahmoud onun təkidli xahişlərini nəzərə alıb cibindən 155 manat pulu çıxaran zaman həmin pulları sonuncunun əlindən dartıb hadisə yerindən qaçıb uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mahmouda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14 fevral 2023-cü il tarixdə, saat 00:40 radələrində istintaq zamanı adını bildiyi Misir Ərəb Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Mahmoudun Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən "xxxx" KB ASCnin yanındakı “Rahat” marketin qarşısında dayandığını görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşdıqda xarici vətəndaş olduğunu müəyyən etmiş və onunla rus və ingilis dillərində bildiyi sözlərdən istifadə edərək 05 manat pul istəmişdir. Zərərçəkmiş şəxs əvvəlcə cibindən qəpik çıxartmış, o isə ondan bir daha 05 manat istəmişdir. Bundan sonra onunla birlikdə “Rahat” marketə getmiş, sonuncu kassaya yaxınlaşaraq pul xırdalamaq istəmiş, lakin xırdalaya bilməmişdir. Onlar marketdən bayıra çıxmış və həmin marketin yanında olan "xxxx" KB ASC-nin qarşısında söhbət edə-edə gedib dayanmışlar. Bu zaman Zərərçəkmiş şəxs cibindən pul qabını çıxardaraq yenidən xırda pul axtarmağa başlamış, o isə onun əlindən pulu götürərək qaçmışdır. Zərərçəkmiş şəxs onun arxasınca bir müddət onu səsləyə-səsləyə qaçmış, lakin o, sürətlə qaçdığı üçün ona çata bilməmişdir. Bir müddət sonra isə pula baxdıqda 120 manat olduğunu görmüşdür. Hadisəni törədən zaman o, içkili olmuş və ola bilsin ki, götürdüyü pul 155 manat idi və bir qismi qaçarkən əlindən yerə düşüb. Zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı aradan qaldırmış və sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mahmoud ifadəsində göstərdi ki, o, Misir Ərəb Respublikasının Qahirə şəhərində yaşayır və 2016-cı ildən Azərbaycana dəfələrlə gəlib-gedir, turizm fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən "xxxx" KB ASCnin yanına piyada gəlib taksi sifariş vermişdir. Sifarişdə taksinin 07 dəqiqəyə gələcəyi bildirilmiş, soyuq olduğu üçün o, yaxınlıqda olan “Rahat” marketə girmək istəmişdir. Bu zaman tanımadığı, qara rəngli şalvar, gödəkcə və idman papağı geyinmiş, 30 yaşlarında olan kişi ona yaxınlaşaraq ingilis dilində bir-iki kəlmə işlədərək ondan beş manat pul istəmişdir. O da ona xırda pulunun olmadığını bildirsə də, sonuncu ondan əl çəkməmişdir. Bundan sonra o, “Rahat” marketə girib siqaret almaq istəmiş, lakin siqaret olmadığı üçün o, bu şəxslə bərabər marketdən çıxmışdır. Bununla belə, həmin şəxs ondan əl çəkmədiyi üçün o, cibindən xırda pul çıxararaq ona vermək istəmiş və cibindən 155 manat pul çıxartmışdır. Bu zaman həmin şəxs pulun hamısını onun əlindən dartıb alaraq qaçmışdır. O da onun ardınca qaçsa da, bel nahiyyəsində ağrıları olduğu üçün çox gedə bilməyib dayanmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: • “CD diskə baxış keçirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli protokola əsasən ünvan 1 ünvanda yerləşən “Rahat” marketdə quraşdırılmış kameraların görüntüləri olan diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:48-də Zərərçəkmiş şəxs Mahmoud və Təqsirləndirilən şəxs “Rahat” marketə daxil olur, bir müddət söhbət etdikdən sonra isə bayıra çıxırlar. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə olan şəxsin biri özü, yanında olan şəxs isə pulunu götürüb qaçdığı şəxsdir (İ cild, i.v.94, disk); • “DVD diskə baxış keçirilməsi haqqında” 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-018 və TŞ 3-122 saylı kameralarının görüntülərini özündə əks etdirən diskdə ümumilikdə 06 ədəd videogörüntü var, 03 ədəd videogörüntü TŞ 3-018 saylı videokamera aparatı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 00:48-dən 00:56-dək olan videogörüntülər, 03 ədəd videogörüntü TŞ 3-122 saylı videokamera aparatı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 00:54-dən 00:58-dək olan videogörüntülərdir. TŞ 3-018 saylı videokamera aparatının hərəkətdə olan 1ci videogörüntüsünə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 00:49-da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Mahmoud “Rahat” marketin qarşısında söhbət edir və daha sonra “Rahat” marketə daxil olurlar. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxslərdən birinin özü olmasını təsdiq edir, digəri isə pulunu götürüb qaçdığı istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs Mahmouddır. Daha sonra isə saat 00:53-də yenidən Zərərçəkmiş şəxs Mahmoud və Təqsirləndirilən şəxs “Rahat” marketin qarşısında söhbət edirlər Saat 00:54-də Zərərçəkmiş şəxs Mahmoud və Təqsirləndirilən şəxs "xxxx" KB ASC-nin qarşısında söhbət etmələri öz əksini tapır. Saat 00:54-də R.Behbudov küçəsində Zərərçəkmiş şəxs Mahmoudun Təqsirləndirilən şəxs arxasınca qaçması öz əksini tapır (İ cild, i.v. 122, 124-125); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla hadisənin videogörüntülərini özündə əks etdirən CD və DVD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.129-137); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 99/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.107-110); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır (cild İ, i.v.117-120); • Şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2009 və xx.xx.2016-cı il təvəllüdlü iki övladı var (İ cild, i.v.97). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluqlardan nəticə çıxarmayıb yenidən qəsdən cinayətin törətməsini, bununla da ona islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli həbsə alındığı andan – 14 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış CD və DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış CD və DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar