Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-218/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Sosial Adaptasiyanın İnkişafına Yardım” İctimai Birliyinin sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin istintaqla müəyyən edilməyən tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək Ticarət Mərkəzi”ndə istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində qanunsuz olaraq kustar üsulla hazırlanmış hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilən atıcı bıçağı əldə edərək özündə saxlamaqla gəzdirmiş və 20 oktyabr 2020-ci il tarixdə, saat 22:15-də idarə etdiyi "Nissan Teana" markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə 28 May küçələrinin kəsişməsinə daxil olduqda Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar həmin yerdə quraşdırılmış stasionar postda polis əməkdaşı tərəfindən aparılan yoxlama zamanı idarə etdiyi avtomobilin sol qapısının əşyalar qoyulması üçün nəzərdə tutulan hissəsindən həmin soyuq silah hesab edilən atıcı bıçaq aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 oktyabr 2020-ci il tarixdə idarə etdiyi “Nissan" markalı “Teana" modelli, **-KG-*** dövlət nömrə nişanlı avtomobil ilə Nəsimi rayonu ərazisi ilə gedərkən saat 22 radələrində Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsində hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq qurulmuş stasionar postda polis əməkdaşları onu saxlayaraq sənədlərini yoxlamışlar. Polis əməkdaşları sənədlərini yoxlayıb icazəsinin olduğunu dəqiqləşdirdikdən sonra ona avtomobili vizual formada yoxlayacaqlarını bildirmişlər. O, etiraz etmədikdən sonra polis əməkdaşları avtomobilin salonunu yoxlamağa başlamışlar. Avtomobildə aparılan yoxlanış zamanı sürücü tərəfdən avtomobilin sol qapısının əlcək hissəsindən qara rəngli bıçaq aşkar olunmuşdur. Polis postunda olan post rəhbəri ondan bıçağın kimə məxsus olduğunu soruşduqda, o, bıçağın özünə məxsus olduğunu demişdir. Bundan sonra həmin polis əməkdaşı stasionar posta post patrul xidməti əməkdaşlarını çağıraraq onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparılacağını bildirmişlər. O, post patrul xidməti əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gəlmişdir. Nəsimi RPİ-nin 22-ci PŞ-də izahat verdikdən sonra özünə məxsus qara rəngli bıçağı könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçıya izahat verərkən bıçağın özünə məxsus olduğunu, 2019-cu ilin əvvəllərində Sədərək ticarət mərkəzində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nəsimi rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, 2009cu ildən DİO-da, tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir, hazırda Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanıdır. Ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar təyin olunmuş komendant saatı əsasında 2020-ci ilin oktyabr ayından etibarən mütəmadi olaraq, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən stasionar postda saat 21:00-dan etibarən səhər saat 06.00-dək xidmət etmişdir. Xidmət zamanı qarşılarına qoyulmuş tələblər, icazə olmadan vətəndaşların saat 21:00-dan sonra küçəyə çıxmamasına və ölkədə yaranmış “Covid-19" virusu ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyin edilmiş karantin qaydalarının vətəndaşlar tərəfindən pozulmamasına nəzarət etməkdir. Belə ki, 20 oktyabr 2020-ci il tarixdə saat 22 radələrində o, postda xidmətdə olarkən ‘'Nissan” markalı “Teana" modelli **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar və həmin avtomobili idarə edən xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sənədlərini yoxladıqdan sonra sonuncunun icazəsinin olduğunu dəqiqləşdirmişlər. Sonra Təqsirləndirilən şəxs ölkədə hərbi vəziyyətlə əlaqədar olaraq idarə etdiyi avtomobili vizual formada yoxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün yoxlanışa başlamışlar. Avtomobildə aparılan yoxlanış zamanı, sürücü tərəfdən avtomobilin sol qapısının əlcək hissəsindən qara rəngli bıçaq tərəflərindən aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs həmin bıçağın kimə məxsus olduğunu soruşduqda, Təqsirləndirilən şəxs onlara bıçağın özünə məxsus olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs avtomobilindən bıçaq aşkarlandığına görə barəsində araşdırılma aparılması üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət olunacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmək üçün efir vasitəsi ilə ərazidə xidmət aparan Nəsimi RPİ-nin X1 əməkdaşlarını çağırmışlar. Daha sonra X1 əməkdaşları Qubranov Şahid Sucayət oğlunu Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nəsimi rayon polis idarəsinin Post patrul xidməti bölüyü polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən DİO-da xidmət edir, hazırda Nəsimi RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. Ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar təyin olunmuş komendant saatı əsasında 2020-ci ilin oktyabr ayından etibarən mütəmadi olaraq. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən stasionar postda saat 21:00-dan etibarən səhər saat 06:00-dək xidmət etmişdir. Xidmət zamanı qarşılarına qoyulmuş tələblər icazə olmadan vətəndaşların saat 21:00-dan sonra küçəyə çıxmamasına və ölkədə yaranmış “Covid-19” virusu ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyin edilmiş karantin qaydalarının vətəndaşlar tərəfindən pozulmamasına nəzarət etməkdir. Belə ki, 20 oktyabr 2020-ci il tarixdə, saat 22 radələrində o, postda xidmətdə olarkən "Nissan” markalı "Teana" modelli, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar və həmin avtomobili idarə edən xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sənədlərini yoxladıqdan sonra onun icazəsinin olduğunu dəqiqləşdirmişlər. Sonra Təqsirləndirilən şəxs ölkədə hərbi vəziyyətlə əlaqədar olaraq idarə etdiyi avtomobili vizual formada yoxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün yoxlanışa başlamışlar. Avtomobildə aparılan yoxlanış zamanı, sürücü tərəfdən avtomobilin sol qapısının əlcək hissəsindən qara rəngli bıçaq tərəflərindən aşkar edilərək götürülmüşdür. Onlar Təqsirləndirilən şəxs həmin bıçağın kimə məxsus olduğunu soruşduqda, Təqsirləndirilən şəxs onlara bıçağın özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən bıçaq aşkarlandığına görə barəsində araşdırlma aparılması üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət olunacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmək üçün efir vasitəsi ilə ərazidə xidmət aparan Nəsimi RPİ-nin X1 əməkdaşlarını çağırmışlar. Daha sonra X1 əməkdaşları Qubranov Şahid Sucayət oğlunun Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Nəsimi rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid4 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar şahidlər Şahid2 və Şahid1 ifadələri ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi barədə” 20 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - “Könüllü təqdim olunan əşyaların götürülməsi” haqqında 20.10.2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd, metal dəmirdən olan, dəstək hissəsi qara rəngli, hər iki tərəfi kəsici olan bıçaq sonuncudan götürülmüş, sonra isə zərfə qoyularaq möhürlənmişdir (İ cild, i.v.07-10); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2020-ci il tarixli 3/1347 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik atıcı bıçaqdır, soyuq silah hesab edilir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (İ cild, i.v.14-16); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən 16.12.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət törətməyə görə məhkum olunaraq sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, 19.05.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 07 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 09.01.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.23-25); - “Sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kustar üsualla hazırlanmış hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilən bıçaq cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin yekun hökmünə qədər Nəsimi RPİnin saxlanc anbarında saxlanılmışdır. (İ cild, i.v.88-93). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və onun axtarışı elan edilmişdir. Bakı İstintaq Təcridxanasının 03 may 2021-ci il tarixli, 17/38-2862 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 30.04.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, hal-hazırda Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilir və Azərbaycan Respublikasının CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu, açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 28 aprel 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək, yəni 2 (iki) ay 15 (on beş) gün həbs müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 5 (beş) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək, yəni 2 (iki) ay 15 (on beş) gün həbs müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 5 (beş) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan hər iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-218/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-218/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver