Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-218/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 3, ev 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində vətəndaşların azad girib-çıxdığı ünvan 3 binanın 6-cı mərtəbəsində bloka qoyulmuş Zərərçəkmiş şəxs məxsus 750 manat dəyərində “E-Scooter" markalı, "X9” modelli skuteri gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,781 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımışdır. 17 oktyabr 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 191 ünvanının qarşısında saxlanılaraq ünvan 1 yerləşən Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindəki “Sobranie” markalı siqaret qutusunun içərisindən 08 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,135 qram, 0,165 qram, 0,220 qram, 0,020 qram, 0,103 qram, 0,021 qram, 0,096 qram olmaqla ümumi təmiz çəkisi 0,781 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə istifadə edir, istifadə etdiyi narkotik vasitələri mütəmadi olaraq müxtəlif yerlərdən alır. İmkansızlıq üzündən arabir tullantı dəmir qırıntılarını toplayaraq metal qəbulu məntəqəsinə verərək pul əldə edərək gündəlik tələbatlarını ödəyir. Heç bir yerdə işləmədiyindən pulu olmadıqda pul əldə etmək məqsədi ilə oğurluq etmiş, oğurluq üçün üstünlüyü yaşayış binalarının bloklarında olan müxtəlif məişət əşyalarını oğurlamağa vermişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının blokuna daxil olmuş, binanın mərtəbələrini yuxarı qalxaraq, 6-cı mərtəbədə arxa təkərinin qoruyucusunun üzərində 004 rəqəmi yazılan 01 ədəd qara rəngli skuter görmüş və həmin skuteri oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmişdir. Bir müddət onu görə biləcək kimsənin olmadığına əmin olduqdan sonra qara rəngli skuteri oğurlayaraq binanı tərk etmişdir. Həmin skuteri bir müddət idarə etdikdən sonra enerjisi bitdiyindən, skuteri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığındakı parkda olan kolluqların arxasında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi tələbatı üçün 15 manata narkotik vasitə olan “kakos” almış, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 191 ünvanın qarşısında olanda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. O, özü haqqında məlumatları şifahi təqdim etmiş və bundan sonra narkotik vasitələrin satışında və Nəsimi rayonu ərazisində skuter oğurlamaqda şübhəli olduğuna görə onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. O, könüllü olaraq müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə baxış və axtarış keçirilmişdir. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ona müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, o, da əynindəki şalvarın cibindan 01 ədəd “Sobranie” siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. O, təqdim etdiyi 01 ədəd “Sobranie” siqaret qutusunun içərisində 08 ədəd bükümün olduğunu, həmin bükümlərin içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu və narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra “kakos” adlanılan narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə irəli sürülən ittihamla özünü təqsirli bilmir. Belə ki, həmin narkotik vasitəni satmaq məqsədi olmamışdır. Daha sonra özünü Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək əməlindən peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi maddələr üzrə təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus 01 ədəd qara rəngli skuteri xx.xx.2023-cü il tarixdə Şahid3 icarəyə vermiş, Şahid3 həmin skuteri şəxsi işləri üçün istifadə edərək ona gündəlik icarə haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixdə Şahid3 ona zəng edərək icarəyə götürdüyü 01 ədəd qara rəngli skuterin kirayə yaşadığı ünvan 3 binanın 6-cı mərtəbəsinin dəhlizindən yoxa çıxdığını bildirərək onun həmin skuteri götürüb götürmədiyini soruşmuş, o, isə ona icarəyə verdiyi skuteri götürmədiyini bildirmişdir. Ona ətrafa diqqətlə göz gəzdirməyini demişdir. Bundan sonra Şahid3 ona yenidən zəng edərək skuterin oğurlandığını bildirmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini demişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Nəsimi rayonu ərazisində Orxan adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı alınmış əməliyyat məlumatı ilə əlaqədar Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 4 ünvanına yollanmışlar. Həmin gün saat 13:00 radələrində ünvan 4 ünvanın yaxınlığında Orxan adlı şəxsin olduğunu görüb, ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin satışında və skuter oğurlamaqda şübhəli olduğunu bildirərək və bununla əlaqədar onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə getmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Ceyhun Hüseynova həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Ceyhun Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Ceyhun Hüseynov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı Ceyhun Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində olan bir ədəd “Sobranie” siqaret qutusununun içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirərək araşdırmaya təqdim etmiş, 17 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “Kaktus” adlanan yerdə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusundakı səkkiz büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Ceyhun Hüseynov tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 189 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Həmçinin, polis şöbəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən binanın 6-cı mərtəbəsindən 01 ədəd qara rəngli skuter oğurladığını etiraf etmiş və həmin 01 ədəd qara rəngli skuteri idarə etdikdən sonra enerjisi bitdiyindən, skuteri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığındakı parkda olan kolluqların arxasında gizlətdiyini və həmin ünvanı polis əməkdaşlarına deyərək 01 ədəd qara rəngli skuteri polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ay bundan əvvəl icarəyə bir ədəd skuter götürmüş və çalışdığı “Wolt” xidmətində yemək sifarişlərinin çatdırılmasında həmin skuterdən istifadə etmişdir. Həmin skuteri adətən kirayə yaşadığı ünvan 5 ünvanda, yəni binanın 6-cı mərtəbəsində blokda saxlamışdır. 16 oktyabr 2023-cü il tarixdə həmin skuterin naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs olmamış, oğurluq hadisəsi baş verəndən sonra dostları ilə birlikdə skuteri axtarsa da, tapa bilməmişdir. Buna görə də həmin skuterin sahibinə və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Oğurlanmış skuterin sahibi o yox, Zərərçəkmiş şəxsdur və baş vermiş hadisə nəticəsində ziyan Zərərçəkmiş şəxs dəymişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.54); - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.79- 80); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v.128); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.149-153); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayət işinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllinin 177.1 və 234.2-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v.52); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 binanın 6-cı mərtəbəsinin blokunda baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v. 9-11); - “Skuterin təqdim edilməsi və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd skuter ondan götürülmüşdür (İ cild, i.v. 18-22); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus bir ədəd skuteri xüsusi əlamətlərinə görə tanıyaraq ona məxsus oğurlanmış skuter olduğunu bildirmişdir (İ cild, i.v. 43); - “Videoyazıya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin video faylda əks olunan çəkilişdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində bir ədəd skuter ilə binanın 1-ci mərtəbəsində olan dəhlizinə əlində 01 ədəd qara rəngli skuter ilə enərək, binanın giriş qapısından əlində skuter ilə bayıra çıxıb, digər kamera görüntüsündə skuterə minməyərək, skuterin tutacaq lari ndan tulub sürərək, həyətdə olan pilləkənlərə yaxınlaşdıqda skuteri götürərək təxminən 4 pillə olan pilləkənləri qalxıb, yenidən binanın həyətində qara rəngli skuterin tutacaqlarından tutub sürərək uzaqlaşması müşahidə olunur (İ cild, i.v. 190); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının cibindan 01 ədəd “Sobranie” siqaret qutusunun içərisində 08 ədəd bükülmüş bükümün içərisindəki el arasında “kakos” adlanan adlanan narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (İ cild, i.v.106-108); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-xx/xx/5566 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 187" dairəvi möhür əksi olan, ”Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş ədəd zərfdə bir ədəd “Sobranie” siqaret qutusunun içərisində 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,021 qram, 0,135 granı, 0,165 qram, 0,220 qram, 0,020 qram, 0,103 qram, 0,021 qram, 0,096 qram ümumi təmiz çəkisi 0,781 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (İ cild, i.v.113-116); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8176 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Çin istehsalı, “E- SCOOTER” markalı, “X9” model skuterin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 750.00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.28-30); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 8087 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.173-174); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsinin görüntülərini özündə əsk etdirən bir ədəd disk, 01 ədəd qara rəngli, Çin istehsalı, “E-SCOOTER” markalı, “X9” model skuter maddi sübut kimi tanınmış və həmin skuter zərər çəkmiş şəxsə qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 08 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,781 qram çəkidə narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,701 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİnin saxlanc otağına təhvil verilmişdir (İİ cild, i.v.18-24); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMnin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli blinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. (İ cild, i.v.160-161); - “Azemis” informasiya sistemindən alınmış məlumata görə Təqsirləndirilən şəxs 2 azyaşlı övladı vardır; - DVD diskdə olan görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, həmin video faylda əks olunan çəkilişdə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində bir ədəd skuter ilə binanın 1-ci mərtəbəsində olan dəhlizinə əlində 01 ədəd qara rəngli skuter ilə enərək, binanın giriş qapısından əlində skuter ilə bayıra çıxıb, digər kamera görüntüsündə skuterə minməyərək, skuterin tutacaqlarından tulub sürərək, həyətdə olan pilləkənlərə yaxınlaşdıqda skuteri götürərək təxminən 4 pillə olan pilləkənləri qalxıb, yenidən binanın həyətində qara rəngli skuterin tutacaqlarından tutub sürərək uzaqlaşması müşahidə olunur (İ cild, i.v.191); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki şalvarının cibindan 01 ədəd “Sobranie” siqaret qutusunun içərisində 08 ədəd bükülmüş bükülünü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Yasamal rayonu “Kaktus” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixatrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və saxlanılarkən üzərində olan narkotik vasitəni satmaq üçün yox, öz şəxsi istifadəsi üçün üzərində saxlaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, o, şəxsi istifadəsi üçün aldığını bildirdiyi 8 büküm narkotik vasitənin hamısını nə üçün üzərində daşıması məsələsinə ağlabatan aydınlıq gətirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini səmimi olaraq etiraf etməsini, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş ziyanı tam ödənməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində 2 azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8087 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,701 çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “E- Scooter” markalı, “X9” model skuter zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatlarının ümumilikdə xərci - 130,00 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış “E-Scooter” markalı, “X9” model skuter zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,701 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 130,00 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-218/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-218/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver