Məhkəmə qərarları › İş №1(006)-219/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-219/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-219/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 vəkili 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Z.Q.Qəriboğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, C.Ə.Feyziyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, C.Ə.Feyziyev 06.02.2022-c il tarixdə özünə məxsus olan feyzbuk səhifəsində və “modern.az" saytında media nümayəndələrini, qəzet və televiziya rəhbərlərini adları çəkilməklə etik davranış qaydalarını kobud surətdə pozmaqla təhqir etmiş və ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atmışdır. Təhqir etdiyi və böhtan atdığı şəxslər sırasında o, da varmış. Belə ki, C.Ə.Feyziyev həmin məqaləsində onu tənqid edənləri, o cümlədən onun barəsində aşağıdakı ifadələri işlətmişdir: «Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adı dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə Youtuben kanalı açan bu psevdo-j urnalıstlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı ış adamlarını hədəfə alan \ə müxtəlif şantaj üsulları Hə onlardan pul qoparmağa çalışan rekellərdir. Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik. oğurluq, reketçilık. şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev. Xədicə İsmayıl. Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı ‘ziyarətinə ” gedib çata bilməmiş Zaur Qəriboğlıı, Məhəmməd Ərsoy. Elçin Zahiroğlu. Şahın Əhmədov. Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxıldır ». Eyni zamanda o, öz məqaləsində aşağıdakı məlumatları da verməklə deputat fəaliyyəti ilə bir araya sığmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu özü təstiq edir. Belə ki, o, qeyd edir ki, «Əziz dostlarım və izləyicilərim, qazandığını bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur. Buna görə mənim yuxarıda sadaladığım siyasət və məişət dələduzlarına heç bir hesabat vermək məsuliyyətim və fikrim yoxdur. Belə adamların yaydığı qərəzli və saxta xəbərlərə görə narahat olub mənə dəstək mesajları göndərən, telefon açan, narahatlığını bildirən bütün dostlarıma minnətdarlığımı bildirirəm və ən xoş arzularımı çatdırıram». Yuxarıda qeyd etdiyim kimi C.Ə.Feyziyev məni ağır və xüsusilə ağır cinayətlərdə ittiham edərək böhtan atmışdır. Sonuncu yazdığı yazıda qeyd edir ki, youtub kanallarında imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir. Bu ifadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibini yaradır ki, həmin maddənin də sanksiyasında 17 ilədək azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur ki. bu da xüsusilə ağır cinayət hesab olunur. Bundan başqa, C.Ə.Feyziyev həmin məqaləsində onu oğurluqda (Cinayət Məcəlləsinin 177-ci maddəsi 14 ilədək azadlıqdan mərhum etmə), dələduzluqda (Cinayət Məcəlləsinin 178-ci maddəsi 12 ilədək azadlıqdan mərhum etmə) ittiham etməklə böhtan atmışdır. Yuxarıdakılara əsasən C.Ə.Feyziyevin deputat toxnulmazlİğİnın götürülməsi üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna dərhal məlumat verilməsini və sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza verilməklə barəsində ittiham hökmünün çıxarılması və deputat toxnulmazlığı götürüldükdən sonra hökmün icraya yönəldilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və onun nümayəndəsi vəkili Müdafiəçi2 şikayət ərizəsinin mahiyyətinə uyğun olaraq çıxış edərək C.Ə.Feyziyevin barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili Müdafiəçi1 ifadəsində bildirmişdir ki, şikayət əsassızdır və icraata qəbul edilməməlidir. Belə ki, şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Həmçinin şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz C.Ə.Feyziyev tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş və həmin halları təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir. Həmçinin barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin üzvü, deputatdır. Bu halda Azərbaycan Respublikası Konstitusiyasının 90 və 91-ci maddəsinin tələblərinə riayət edilməlidir. Belə ki, Konstitusiyanın 90-cı maddəsində deputatın toxunulmazlığının əsasları göstərilib bə bildirilir ki, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 91-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. İlk növbədə məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş C.Ə.Feyziyev hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır və onun toxunulmazlıq hüququ vardır və xüsusi ittiham qaydasında verilmiş şikayət onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə prosedurun başlanılmasının (cinayət təqibinə məruz qalmasının) əsası ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 11.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun arvadı (əri), Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 17 may 1996-cı il tarixli Azərbaycan Respublikasinin Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli X1 müəyyən edilmiş qaydada xitam verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 90-cı maddəsinə əsasən - səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Milli X3 22-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin İİ hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilibverilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraat da cinayət təqibi üzrə icraatın bir növüdür və bu səbədən toxunulmazlığına xitam verilməmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı barəsində belə icraat aparıla bilməz. Bundan başqa məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, ərizəyə əlavə edilmiş “Qafqazinfo.az” saytının 12 mart 2022-ci ilin çıxarışından görünür ki, həmin saytda “Cavanşir Feyziyev jurnalistləri təhqir etdi - Yenilənib” başlıqlı məqalə yerləşdirmişdir. Həmin məqalənin birinci abzasında ümumi sözlərlə C.Ə.Feyziyev və ailəsinə məxsus əmlaklarla əlaqədar müxtəlif media və sosial şəbəkələrində müzakirələr olunması və sonuncunun Mətbuat Şurasının üzvü olan jurnalistlərin adını çəkərək təhqir etməsi qeyd olunmuşdur. Lakin şikayətçi tərəfindən məhkəməyə həmin məqalədə göstərilənləri məhz C.Ə.Feyziyev tərəfindən bildirilməsi və sonuncu tərəfindən birbaşa həmin məqalənin sayta yerləşdirilməsini təsdiq edən subutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Z.Q.Qəriboğlu ərizədə qeyd olunan ifadələri C.Ə.Feyziyev tərəfindən yayılmasını göstərsə də, həmin halların, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz sonuncu tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, həmçinin onu təsdiq edən sübutları şikayət ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz C.Ə.Feyziyev tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi və həmin halları təsdiq edən sübutlar şikayət ərizəsinə əlavə edilmədiyi üçün məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü , 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar