Məhkəmə qərarları › İş №1(006)-22/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-22/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-22/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, mənzilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə 05 fevral 2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən mənzilin pəncərəsinə özü ilə gətirdiyi burğacla müdaxilə etməklə pəncərəni açıb mənzilə qanunsuz daxil olaraq oradan qeyd olunan ünvanda müvəqqəti olaraq yaşayan Türkiyə Respublikasının vətəndaşları Şahin Gözdəyə məxsus Milli Məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dolları, Milli Məzənnə ilə 114 manat 21 qəpik təşkil edən 500 TL, dəyəri 20 manat olan 1 ədəd “Goui” markalı, 10200 M Ha poverbank, 1 ədəd üzərində mastercard yazısı olan, ön tərəfində **********817851 rəqəmləri yazılmış, X3 NCB bankına məxsus bank kartını, Zərərçəkmiş şəxs1 məxsus Milli Məzənnə ilə 85 manat 26 qəpik təşkil edən 300 TL, 10 manat pul, dəyəri 30 manat təşkil edən “ağ rəngli Vietnam istehsalı “Nike” markalı “Airmax” modelli, 42 ölçülü ayaqqabı, dəyəri 40 manat təşkil edən “Adidas” markalı YZY modelli ayaqqabı, dəyəri 10 manat təşkil edən üzərində “kombin” markalı, Türkiyə istehsalı köynək, dəyəri 30 manat təşkil edən “Nike” markalı qırmızı qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlanan idman çantası, dəyəri 25 manat təşkil edən “Skyline” markalı, qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlnanan idman çantası, dəyəri 40 manat təşkil edən “Fred Pery” markalı, M ölçülü, zəncirbəndlə açılıb bağlanan gödəkcə, dəyəri 40 manat təşkil edən “Fyord” markalı, 56 ölçülü, papaqlı, zəncirbəndlə açılıb bağlanan gödəkcə, dəyəri 20 manat təşkil edən “Zara” markalı, qara rəngli gödəkcə tipli üst geyimini gizli olaraq talamış, həmin gün vahid niyyətlə mənzildən taladığı elektron məlumat daşıyıcısı olan bank hesab kartı vasitəsilə Milli Məzənnə ilə 10 manat 13 qəpik təşkil edən 21.89 dirhəm pulla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Neptun 1 supermarketində ərzaq alışı zamanı ödəniş etmiş, daha sonra həmin gün Milli Məzənnə ilə 32 manat 71 qəpik təşkil edən 70.70 dirhəm pulla Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 MALL” ticarət mərkəzindəki “Bravo” supermarketində ərzaq alışı zamanı ödəniş etməklə ümumilikdə zərərçəkmiş Şahin Gözdeyə 517 manat 05 qəpik, zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə 330 manat 26 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, şəhərə gələn turistlərə bələdçilik etmiş və oradan əldə olunmuş gəlirlərlə maddi tələbatını ödəmişdir. Sonradan işlədiyi sahə zəiflədiyi üçün maddi sıxıntıları yaranmışdır. Adətən bələdçi olarkən Bakı şəhəri, Nəsimi və Səbail rayonlarında müvəqqəti olaraq xarici vətəndaşlara, yəni turistlərə verilən mənzillərin harada olmasını bilmişdir. Maddi cəhətdən sıxıntı keçirdiyi üçün müvəqqəti olaraq kirayə verilən mənzillərdən pul və ya qiymətli əşyalar oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə ünvan 3 ünvana gəlib oranı nəzərdən keçirmiş, Okean restoranın ətrafına baxmış, orada 119 saylı mənzilə 05 fevral 2020-ci il tarixdə saat 02 radələrində gələrək ilk öncə qapını bir qədər döymüşdür. Evdə kimsənin olmadığına əmin olmuş, bir qədər gözlədikdən sonra ətrafa boylanmış və kimsənin oraya gəlməyəcəyi dəqiqləşdikdən sonra özü ilə gətirdiyi burğacla plastik pəncərənin kilid yerinə müdaxilə edib pəncərəni açmışdır. Daha sonra həmin pəncərədən mənzilə daxil olub evdə axtarış aparmağa başlamışdır. Mənzildə axtarış apararkən oradan paltarlar, eneri bankını, qadın paltarlarını, 200 ABŞ dolları pul, habelə Azərbaycan manatı və türk lirəsini, eyni zamanda NCB banka məxsus X3 yaşıl üzlü bank hesab kartını iki ədəd çantaya yığıb evdən çıxıb oradan uzaqlaşmışdır. Həmin gün əlində olan iki ədəd çanta ilə saat 11 radələrində Bakı şəhəri Səbail rayonu “Colorit” adlanan restoranın qarşısında əvvəllər tanış olduğu X4 görmüşdür. Həsən ondan nə işlə məşğul olduğunu soruşduqda hosteldən çıxdığını və ona məxsus olan paltarları və əşyaları qoymağa yer axtardığını dedikdə Həsən çantaların onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində olan mənzilə qoya biləcəyini təklif etmişdir. Bundan sonra onlar 28 Mall ticarət mərkəzində olan Bravo super marketinə gedib oradan mənzildən taladığı bank hesab kartı ilə bazarlıq da etmiş, belə ki, oradan siqaret də alıb oraya 30 manata yaxın pul ödəmişdir. Daha sonra isə Neptun 1 marektinə gedib, əlavə 10 manatlıq da həmin kart vasitəsilə bazarlıq etmişdir. Daha sonra həmin gün polis əməkdaşları onu saxlayaraq Nəsimi RPİ-yə təqdim etmişlər. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, dəymiş ziyanın ödənildiyini, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Şahin Gözde məhkəmə iclaslarına gəlməmiş, onların məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Şahin Gözdenin iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Müdafiə tərəfi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Şahin Gözdenin məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən onların ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs Şahin Gözde istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qız dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə 01 fevral 2020-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Bir gün Nizami küçəsində hazırda adını xatırlamadığı oteldə qalmış və şəhərdə klublarda olarkən orada bir müddət əvvəl tanış olduqları X15 və X16 Nasseriylə görüşmüşlər. 03 fevral 2020-ci il tarixdən etibarən qız dostu Cansınla birlikdə yuxarıda adlarını qeyd etdiyi X15 və X16 Nasseriylə birlikdə ünvan 4 ünvanına gəlmişdir. Orada yuxarıda adlarını qeyd etdiyi ərəb vətəndaşları ilə qalmış və Nazin Almoutari ona özünə məxsus X3 NCB bank kartını da vermişdir ki, bir sıra məsrəflərini ödəsin. 04 fevral 2020-ci il tarixdə saat 23:30 radələrində qız dostu olan Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin ünvandan çıxaraq Bakı şəhəri Nərimanov rayonu “Ekstra” kluba gəlmişlər. Təxminən 3-4 saat orada əyləndikdən sonra müvəqqəti olaraq qaldığı ünvan 6 ünvana gəldikdə mənzilin pəncərəsinin açılmış olduğunu görmüşdür. Evə daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu və evə kimsənin girərək oradan ona məxsus 200 ABŞ dolları, 500 TL pulunun, enerji bankının oğurlanmasını aşkar etmişdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qız dostu Şahin Gözde ilə birlikdə 01 fevral 2020-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Bir gün Nizami küçəsində adını xatırlamadığı oteldə qalmış və şəhərdə klublarda olarkən orada bir müddət əvvəl tanış olduqları X15 və X16 Nasseriylə görüşmüşlər. 03 fevral 2020-ci il tarixdən etibarən qız dostu Gözde ilə birlikdə yuxarıda adlarını qeyd etdiyi X15 və X16 Nasseriylə birlikdə ünvan 7 ünvana gəlmişlər. Bir qədər onlarla orada əyləndikdən sonra həmin ərəblər çıxıb getmişlər. Daha sonra o, Şahin Gözde ilə birlikdə 04 fevral 2020-ci il tarixdə saat 23:30 radələrində həmin ünvandan çıxaraq Bakı şəhəri Nərimanov rayonu “Ekstra” kluba getmişlər. Təxminən 3-4 saat orada əyləndikdən sonra müvəqqəti olaraq qaldığı ünvan 9 ünvana gəldikdə qaldığı mənzilin pəncərəsinin açılmış olduğunu görmüşdür. Evə daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu və evə kimsənin girərək oradan ona məxsus ümumilikdə 700 TL dəyərində geyim əşyalarının, 300 TL və 10 manat pulu taladığını aşkar etmişdir. İş materiallarında olan təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında 05 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzildən taladığı BƏƏ bankı olan NCB banka məxsus bank kartını könüllü olaraq təqdim etmiş və həmin kart iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülərək cinayət işinə əlavə edilmişdir (i/v 83-85). İş materiallarında olan təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında 06 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim olunmuş “ağ rəngli Vietnam istehsalı “Nike” markalı “Airmax” modelli, 42 ölçülü ayaqqabının, “Adidas” markalı YZY modelli ayaqqabının, “kombin” markalı, Türkiyə istehsalı köynəyin, “Nike” markalı qırmızı qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlanan idman çantasının, “Skyline” markalı, qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlnanan idman çantasının, “Fred Pery” markalı, M ölçülü, zəncirbəndlə açılıb bağlanan gödəkcənin, Fyord” markalı, 56 ölçülü, papaqlı, zəncirbəndlə açılıb bağlanan gödəkcənin, “Zara” markalı, qara rəngli gödəkcə tipli üst geyiminin ona məxsus olduğunu bildirmişdir (i/v 107-114). İş materiallarında olan “təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında” 06 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Şahin Gözde təqdim olunmuş enerji bankının, “Goui” markalı, 10200 M Ha poverbankın ona məxsus olduğunu bildirmişdir (i/v 115-117). İş materiallarında olan “maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında” 10 fevral 2020-ci il tarixli protokoldan görünür ki, mənzildən aşkar edilmiş bir ədəd burğaca iş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və sonuncu törədilmiş cinayət əməlini göstərilən burğacla həyata keçirdiyini və mənzilin pəncərəsini həmin burğacla açıb mənzilə qanunsuz daxil olduğunu etiraf etmişdir (i/v 162- 163). İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 11 fevral 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd burğac, 1 ədəd NCB banka məxsus bank kartı və Zərərçəkmiş şəxs1 məxsus “ağ rəngli Vietnam istehsalı “Nike” markalı “Airmax” modelli, 42 ölçülü ayaqqabının, “Adidas” markalı YZY modelli ayaqqabının, “kombin” markalı, Türkiyə istehsalı köynəyin, “Nike” markalı qırmızı qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlanan idman çantasının, “Skyline”markalı, qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlnanan idman çantasının, “Fred Pery” markalı, M ölçülü, zəncirbəndlə açılıb bağlanan gödəkcənin, “Fyord” markalı, 56 ölçülü, papaqlı, zəncirbəndlə açılıb bağlanan gödəkcənin, “Zara” markalı, qara rəngli gödəkcə tipli üst geyimin, Şahin Gözdeyə məxsus 1 ədəd “Goui” markalı poverbankın maddi sübut qismində tanınması və sahiblərinə qaytarılması, 1 ədəd burğacın saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilməsi və 1 ədəd NCB banka məxsus bank kartının cinayət işinə əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (i/v 164). İş materiallarında olan qəbzdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şahin Gözde ona məxsus 1 ədəd enerji blokunu, yəni 1 ədəd pover bankı müstəntiqdən təhvil almışdır (i/v 166). İş materiallarında olan qəbzdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 ona məxsus geyim əşyalarını və çantanı müstəntiqdən təhvil almışdır (i/v 167). İş materiallarında DVD diskə və bank çıxarışına baxış keçirilməsi haqqında 15 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş video görüntüdə olan şəxs onun özü olduğunu və hadisədən sonra mənzildən taladığı bank hesab kartı ilə Bravo supermarketrdə bazarlıq etdiyini, habelə diskə əlavə edilmiş şəkildəki yanında olan şəxsin X9 olduğunu və ünvan 10 ünvandan taladığı iki ədəd çantanı daşımaqda ona köməklik etdiyini göstərmişdir (i/v 169). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 76). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 4(006)-62/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (i/v 144-147). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 07 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 148-149). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.02.2020-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 170). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli 3691 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2020-ci ilin fevral ayına orta bazar qiyməti “Goui” markalı, 10200 MHa poverbankın dəyəri 20 manat, “ağ rəngli Vietnam istehsalı “Nike” markalı “Airmax” modelli, 42 ölçülü ayaqqabının dəyəri 30 manat, “Adidas” markalı YZY modelli ayaqqabının dəyəri 40 manat, “kombin” markalı, Türkiyə istehsalı köynəyin dəyəri 10 manat, “Nike” markalı qırmızı qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlanan idman çantasının dəyəri 30 manat, “Skyline”markalı, qara rəngli, iki tutacaqlı, zəncirbəndlə açılıb bağlnanan idman çantasının dəyəri 25 manat, “Fred Pery” markalı, M ölçülü, zəncirbəndlə açılıb bağlanan gödəkcənin dəyəri 40 manat, “Fyord” markalı, 56 ölçülü, papaqlı, zəncirbəndlə açılıb bağlanan gödəkcənin dəyəri 40 manat, “Zara” markalı, qara rəngli gödəkcə tipli üst geyiminin dəyəri 20 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş geyim əşyalarının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 255,00 manat müəyyən edilir (i/v 171-174). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i/v 207-214). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1 (006)-22/2021 saylı 17.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 17/38-2376 saylı, 14 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 12.04.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11.08.2014-cü il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Məhkəməyə təqdim olunmuş nikah şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Balaməmmədova (Abdullayeva) Günel Aydın qızı arasında 04.05.2010-ci il tarixdə nikahları bağlanmışdır. Məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17.01.2019-cu il tarixdə kəskin qansızma nəticəsində ölmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 01 (bir) ay 13 (on üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, ondan ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış ağ rəngli Vyetnam istehsalı “Nike” markalı “Airmax” modelli, 42 ölçülü ayaqqabının, “Adidas” markalı YZY modelli ayaqqabının, “Kombin” markalı, Türkiyə istehsalı köynəyin, “Nike” markalı qırmızı qara rəngli, iki tutacaqlı zəncirbəndlə açılıb bağlanan idman çantasının, “Skyline” markalı, qara rəngli, iki tutacaqlı zəncirbəndlə açılıbbağlanan idman çantasının, “Fred Pery” markalı, “M” ölçülü, zəncirbəndlə açılıb-bağlanan gödəkçənin, “Fyord” markalı, 56 ölçülü, papaqlı, zəncirbəndlə açılıb-bağlanan gödəkcənin, “Zara” markalı, qara rəngli gödəkcə tipli üst geyiminin, “Guoi” markalı, 10200 MHa poverbankın zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd NCB banka məxsus bank kartının cinayət işinə əlavə edilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmiş 1 ədəd burğac məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-161/2020 saylı, 27 aprel 2020-ci il tarixli qərara əsasən 18 may 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) ay, 26 (iyirmi altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış ağ rəngli Vyetnam istehsalı “Nike” markalı “Airmax” modelli, 42 ölçülü ayaqqabının, “Adidas” markalı YZY modelli ayaqqabının, “Kombin” markalı, Türkiyə istehsalı köynəyin, “Nike” markalı qırmızı qara rəngli, iki tutacaqlı zəncirbəndlə açılıb bağlanan idman çantasının, “Skyline” markalı, qara rəngli, iki tutacaqlı zəncirbəndlə açılıb-bağlanan idman çantasının, “Fred Pery” markalı, “M” ölçülü, zəncirbəndlə açılıb-bağlanan gödəkçənin, “Fyord” markalı, 56 ölçülü, papaqlı, zəncirbəndlə açılıb-bağlanan gödəkcənin, “Zara” markalı, qara rəngli gödəkcə tipli üst geyiminin, “Guoi” markalı, 10200 MHa poverbankın zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd NCB banka məxsus bank kartının cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin NH-yə təhvil verilmiş 1 ədəd burğac məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar