Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-220/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 58, mənzil 40-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 1963-cü ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı “ЛН-5312” №-li, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 05 ədəd patronları istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 53-ə daşıyıb saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 fevral 2022-ci il tarixdə, saat 12:52-də həmin mənzildə onun razılığı və iştirakı ilə aparılmış baxış zamanı mənzilin girişindən sağ tərəfdə yerləşən otağın yardımçı otağındakı seyfdən həmin əşyalar aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan təxminən bir həftə əvvəl Bakı Dövlət Sirkinin yaxınlığında yerdəki qutunun içərisindən bir ədəd tapança, 05 ədəd patron və tapançanın qəhvəyi rəngli plastik dəstək hissəsini tapmış, onda maraq yaratdığından bu əşyaları yaşadığı mənzilə aparıb orada saxlamaq qərarına gəlmişdir. Buna görə də o, onları Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 53-ə aparıb giriş qapısından sağ tərəfdə yerləşən əşyalar yığılmış yataq otağındakı seyfdə gizlətmişdir. 10 fevral 2022-ci il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında idarə etdiyi “Chevrolet Malibu” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilin yanında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan 3-4 nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla şübhəli olduğunu bildirib onu idarəyə dəvət etmişlər. O da buna etiraz etməyərək idarəyə gəlmişdir. İdarədə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair əşyalar olduğu təqdirdə onları təqdim edilməsi təklif edilmiş, o da üzərində hər-hansı qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra yaşadığı mənzildə, idarə etdiyi avtomobildə və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlayıb-saxlamaması soruşulduqda, o, yaşadığı mənzildə bir ədəd “Makarov” markalı tapança saxladığını etiraf edərək onu təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobildən odlu silah, döyüş sursatı və qanunsuz maddələr, əşyalar və predmetlər aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirmiş və ona həmin ünvanda saxladığı odlu silah və döyüş sursatlarını təqdim etməsini təklif olunmuşdur. O da mənzilin dəhliz hissəsinin sağ tərəfində yerləşən otağın giriş qapısından sağ tərəfdəki yardımçı otağa daxil olub yerə qoyulmuş seyfin içindən saxladığı bir ədəd qara rəngli plastik qutunu götürmüş və polis əməkdaşlarına təqdim edərək həmin qutunun içərisində tapança olduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, üzərində gəzdirməsi və yaşadığı mənzildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirilmiş və sonuncu həmin günü saat 09:20də Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında idarə etdiyi “Chevrolet Malibu” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən özlərini təqdim etmiş, barəsində qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, üzərində gəzdirməsi və yaşadığı mənzildə saxlamasına dair məlumata malik olduqlarını bildirib sonuncunu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş və orada videoçəklişlə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman sonuncunun üzərindən hər hansı bir silah-sursat və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda, idarə etdiyi avtomobildə və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlayıb-saxlamaması soruşulduqda, sonuncu səmimi olaraq yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, mənzil 53-də bir ədəd “Makarov” markalı tapança saxladığını bildirmişdir. Bundan sonra ilkin olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Malibu” markalı, **-UY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən odlu silah, döyüş sursatı və qanunsuz maddələr, əşyalar və predmetlər aşkar edilməmişdir. Həmin günü saat 12:52 radələrində onlar Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı mənzilə gəlmiş, orada videoçəklişlə Təqsirləndirilən şəxs razılığı əsasında mənzilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs mənzilin dəhliz hissəsinin sağ tərəfində yerləşən otağa keçərək giriş qapısından sağ tərəfdə yerləşən yardımçı otaqdakı seyfin qapısını kodla açıb içində saxladığı bir ədəd boz rəngli plastik qutunu təqdim edərək həmin qutunun içərisində tapança olduğunu bildirmişdir. Təqdim edilmiş qutunun içərisindən bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya məxsus bir ədəd daraq, darağın üzərində beş ədəd patron və tapançaya aid qəhvəyi rəngli plastik dəstək hissəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançanı, darağı və patronları təxminən bir həftə əvvəl axşam saatlarında yaşadığı ünvanın yaxınlığında yerləşən Bakı Dövlət Sirkinin qarşısından təsadüfən tapdığını və silaha marağı yarandığı üçün aparıb yaşadığı mənzildə seyfin saxladığını, başqa bir məqsədinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 21/126R saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd ЛН-5312 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1963-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 05 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraqlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı tapançanın plastik dəstəyidir və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş 05 ədəd patrondan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu (İ cild, i.v.57-63); “Maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş “ЛН-5312” nömrəli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq 2 ədəd 9x18 mm kalibrli patronlar maddi sübut kimi tanınaraq saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (İ cild, i.v.136-137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Makarov” markalı, 9 kalibrli, 1963-cü il istehsallı, ЛН-5312 №-li silah xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin anbarından talandığına görə Tərtər hərbi prokurorluğu tərəfindən xx.xx.2021-ci il tarixdən axtarışdadır (İ cild, i.v.152); Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2/1036 saylı məktubuna əsasən ЛН-5312 zavod nömrəli 1963-cü ildə istehsal olunmuş 9 mm-lik “Makarov” markalı tapança nazirliyin N nömrəli hərbi hissəsində itki kimi uçotdadır (İ cild, i.v.158); 04.04.2022-ci il tarixli qərarla hazırki cinayət işinin materiallarından qanunsuz olaraq odlu silahların, onların komplekt hissələrinin və döyüş sursatlarının əldə edilməsi, daşıması, saxlanılması və satılması faktlarına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır (İ cild, i.v.195-196); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.144-145); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 158/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.125-129); “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü bir övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, “ЛН-5312” nömrəli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və 2 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan “ЛН-5312” nömrəli Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və 2 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-220/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-220/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver