Məhkəmə qərarları › İş №1(006)-221/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-221/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-221/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 8, mənzil 71-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz C-180 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu “3-cü mikrorayon" dairəsi istiqamətindən “20 Yanvar" dairəsinə doğru Alı Mustafayev küçəsi ilə 30 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni nəqliyyat vasitəsi, hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmayan piyada keçidində keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verdikdən sonra hərəkətini davam etdirməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməyərək Alı Mustafayev küçəsi 37 saylı ünvanın qarşısında yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyyəsinin qançır-şişkinlik halında əzilməsi, sol mil sümüyünün distal metaepifizar hissəsinin, sol dirsək sümüyünün bizvari çıxıntısının, sağ bud sümüyünün bayır kondilusunun və sağ qamış sümüyünün bayır kondilusunun oynaqdaxili qapalı sınıqları, sol əlin İİİ barmağının çıxığı, üst dodağın əzilmiş-cırılmış yarası, burun nahiyyəsinin və sağ saidin sıyrıqları, sağ diz oynağı nahiyyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü Şəmkir rayonundan olsa da Bakı şəhərində taksi sürücüsü işləyir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 19:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, «Mercedes Benz C-180» markalı **-AD-*** dövlət qeydiyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən A.Mustafayev küçəsi ilə 20 Yanvar istiqamətində hərəkət edirdi. Həmin vaxt qarşıda piyada zolağı ilə yolun sol tərəfindən sağ tərəfinə keçməkdə olan bir nəfər kişi sol tərəfində olan avtomaşının qarşısından qəfil olaraq qarşısına çıxdığını görüb qəzadan yayınmaq üçün sola doğru avtomaşını çəksə də avtomaşının sağ qanad hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən həmin piyada xəsarət alaraq asvalt üzərinə çırpılmışdır. O, dərhal avtomaşını saxlayıb ətrafdan toplaşan şəxslərlə həmin şəxsə öz köməkliyini etmiş və onu idarə etdiyi avtomaşına əyləşdirib Respublika xəstəxanasına çatdırmışdır. Xəstəxanada şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs həkimlər tərəfindən ilkin yardım edildikdən sonra müayinələrdən keçirilmiş və müayinə zamanı məlum olmuşdur ki, onun burnu və qolu sınmışdır, sol ayağı əzilmişdir. Hadisə onun ehtiyatsızlığı nəticəsində baş vermişdir, ona görə də müalicə xərclərini öz üzərinə götürmüşdür. Həmin vaxt hava alator qaranlıq olduğundan və sol tərəfdə avtomaşın olduğu üçün piyadanı öncədən görməmişdir, anidən görüb əyləcdən istifadə etsə də məsafə az olduğu üçün hadisə qaçılmaz olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin olmayıb, 3-cü mik-r dairəsi istiqamətindən A.Mustafayev küçəsi istiqamətində hərəkətini davam etdikdə sol tərəfində hərəkətdə olan avtomaşın dayandıqda o, sağ hərəkət zolağına keçməklə hərəkətini davam etdikdə piyada keçidi ilə yolu soldan sağa keçməkdə olan piyadanı avtomaşının qarşısında anidən görmüşdür. Həmin vaxt avtomobili təxminən 30 km saat sürəti ilə idarə etmişdir. Zərərçəkmiş şəxs ilk olaraq Respublika xəstəxanasına həkimə çatdırmış, tibbi sığorta hesabına müayinələri aparıldıqdan sonra “Stimul klinikasın»da müayinə olunmasından ötrü 240 manat pul ödəmiş, Əlavə olaraq onun “Lor" klinikasında burun əməliyyatına görə 3000 manat pul ödəmiş, daha sonra isə “Bonadea" klinikasında ayağının müayinəsinə görə 580 manat pul vəsaiti ödəmişdir. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını söyləyərək barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəlidir və iki azyaşlı uşağı var. Ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhəri ilə Beyləqan rayonu istiqamətində özünə məxsus, «Mercedes» markalı avtomobillə taksi fəaliyyəti ilə məğşul olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində o, Nəsimi rayonu, 3-cü mkr. dairəsi yaxınlığında A.Mustafayev küçəsində 20 Yanvar istiqamətinə gedən yolda yolun sol tərəfindən körpü istiqamətindən sağ tərəfində yaşayış binalarına doğru piyada zolağı ilə adi yerişlə yolu keçirdi. Piyada zolağının orta hissəsində olarkən sağ tərəfdən sürətlə hərəkətdə olan, sonradan marka və nömrə nişanını gördüyü «Mercedes» markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin ön sağ hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, xəsarət alaraq asfalt üzərinə çırpılmışdır. Hadisəni törədən sürücü ətrafdan toplaşan şəxslərlə birlikdə ona köməklik edib onu idarə etdiyi avtomaşına əyləşdirərək Respublika xəstəxanasına çatdırmışdır. Xəstəxanada həkimlər tərəfindən ilkin tibbi yardım edilmiş və tibbi müayinələrdən keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, sol əli və burun sümüyü sınmışdır və eyni zamanda sağ ayağından ciddi xəsarət vardır. Respublika xəstəxanasında müayinələrdən sonra evə buraxılmışdır. Həkimlərin məsləhəti ilə burnunda olan sınıq xəsarətinə görə “Lor’ klinikasında cərrahi əməliyyat olunmuşdur. Daha sonra “Bonadea" klinikasına müraciət, etdikdə sağ ayağında sınıq xəsarəti olması məlum olmuşdur. Hazırda ev şəraitində müalicəsi davam edir. O, yolu keçərkən hava müəyyən qədər qaranlıq olub və «Mercedes» markalı avtomaşının gəldiyini öncədən görməmişdir. Piyada zolağı ilə öz yolunu keçmişdir. Mercedes markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onu ilkin olaraq xəstəxanaya çatdırıb burnunda olan xəsarətlə əlaqədar cərrahi əməliyyat xərclərini ödəmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 5-9-cu vərəqlərində olan “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsindən 20 Yanvar dairəsi istiqamətində olan hadisə yerinə baxış nəticəsində müəyyən edilmişdir ki, yolun işlək vəziyyəti düzdür, yol örtüyü beton asfalt/beton və vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 8 metr, hərəkət zolaqlarının sayı 2, işlək hissəsinin eni 8 metrdir, yolun işlək hissəsində 1.5 üfüqi nişanlanma xətləri aşkar edilmiş, işlək hissəyə sağdan yeni tikili yaşayış binası, soldan dairə üzərindən keçən körpü birləşir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 23-cü vərəqində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Mercedes” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qanad hissəsi, kapot ətrafı hissəsi əzilmişdir, sağ yan güzgü sınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 30-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-12-1/2-Ə- 598xx/xx/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 37-38-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 8/892 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz C180 markalı, 20A208 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 40-43-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 327 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədənində aşkar edilmiş xəsarətlər - burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşayiət olunan burun nahiyyəsinin qançır-şişkinlik halında daəzilməsi, sol mil sümüyünün distal metaepifizar hissəsinin, sol dirsək sümüyünün bizvari çıxıntısının, sağ bud sümüyünün bayır kondilusunun və sağ qamış sümüyünün bayır kondilusunun və sağ qamış sümüyünün bayır kodilusunun oynaqdaxili qapalı sınıqları, sol əlin İİİ barmağının çıxığı, üst dodağın əzilmiş-cırılmış yarası, burun nahiyyəsinin və sağ saidin sıyrıqları, sağ diz oynağı nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, vurulmuş ziyan tərəfindən tam ödənilmişdir və göstərilənləri nəzərə alaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir və göstərilənləri nəzərə alaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata xitam verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43, 305 və 384.1-ci -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar