Məhkəmə qərarları › İş №1(006)-222/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-222/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-222/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasın;n Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 saylı ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq, özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olaraq, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəov küçəsi, ev 119, mənzil 2-də yerləşən fərdi yaşayış evinin plastikdən olan qapısını qırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, üçüncü mərtəbədə yerləşən yataq otağından Zərərçəkmiş şəxs məxsus 380 (üç yüz səksən) manat dəyərində bir ədəd istifadədə olmamış “Eurolux” markalı EU-LED39AST- D2 modelli 39 düyümlü LCD televizoru gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Yasamal rayon mənkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4cü maddəsi ilə məhkum olunaraq 02 il 08 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ayağına elektron qolbaq taxılmışdır. Həmin vaxtdan o, yaşadığı Ağsu şəhərində olmuş və heç bir yerdə işləməmişdir. O, ikinci qrup əlil olduğu üçün aldığı təqaüdlə dolanmışdır. Təxminən 5 ay bundan qabaq o, yenidən iş tapmaq məqsədi ilə Bakı şəhərinə gəlmək istədiyindən ayağındakı elektron qolbağı özü açaraq yaşadığı Ağsu rayonunda qoyub Bakı şəhərinə gəlmiş və Bakı şəhərində müxtəlif evlərdə kirayədə yaşamışdır. İş tapmadığından küçələrdən dəmir yığıb aparıb təhvil verərək pul əldə etmişdir. xx.xx.2020-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə hərəkət etmişdir. Həmin ərazidə söküntü işləri getdiyindən o həmin ərazidən dəmir yığmaq qərarına gəlmişdir. Orada hərəkət edərkən qapısı taxtadan və qapının üzərində asma kilid olan evi görmüşdür. Ətrafa nəzər salaraq heç kimin onu görmədiyindən əmin olduqdan sonra qapının üstündən aşmaqla həyətə düşmüşdür. Həyətdə olarkən evin 3 mərtəbəli olduğunu, bir və ikinci mərtəbələrin qapılarının dəmirdən, üçüncü mərtəbənin qapının isə plastikdən olduğunu görmüşdür. Bu səbəbdən də, plastik qapını açıb evə girə biləcəyini düşünmüşdür. Həmin evin yan hissəsində olan pilləkənlərlə evin üçüncü mərtəbəsinə qalxmış və yerdən tapdığı dəmir parçasını plastikdən olan qapının arasına salaraq qapını bərkdən itələyib açaraq mənzilə daxil olmuşdur. Mənzili axtarmağa başlamış və yataq otağından bir ədəd çanta tapıb dolabın içərisində olan 3 ədəd xrustal qabları həmin çantaya yığmışdır. Bundan sonra o, yataq otağındakı dolabın üzərində qoyulmuş bir ədəd təzə qutunun içərisində elan «EUROLUX» markalı televizoru görüb götürmüşdür. Bundan sonra o, oğurladığı içərisində xrustal qablar olan çantanı və qutuda olan televizoru da götürərək pilləkənlərlə həyətə düşmüş və oradan uzaqlaşmaq istəmişdir. Lakin həyətin taxtadan olan qapısı kilitlə bağlı olduğundan o, oradan çıxa bilməyəcəyini görmüşdür. Lakin taxtadan olan qapının alt hissəsi təxminən 40 sm aralı olduğundan o, qutuda olan televizoru həmin aradan çölə çıxartmışdır. Lakin çanta həmin hissədən keçmədiyindən çantanı elə həyətdə qoyub, özü qapının üzərindən aşmış və oğurladığı televizoru da götürərək oradan uzaqlaşmışdır. O, oradan avtobusla Masazır qəsəbəsinə gedərək orada çöllükdə olan bir atılmış dəmir qarajın içərisində oğurladığı televizoru sonradan adam tapıb satmaq məqsədi ilə gizlətmişdir. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və oğurladığı televizoru həmin polis əməkdaşlarına təhvil vermişdir. Hazırda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etdiyini və peşman olduğunu, həmçinin ikinci qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəməyə gəlməyə imkanı olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmiş və onun barəsində ciddi cəza tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Müdafiə tərəfi Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. O, halhazırda heç bir yerdə işləmir, təqaüdçüdür. xx xxxxxx 2020-ci il tarixdə o, qeydiyyatda olduğu Naxçıvan MR, Babək rayonunun, Nehrəm kəndinə getmişdir. Həmin vaxt yaşadığı ünvan 2 ünvanında heç kim olmamışdır. Əlavə olaraq bildirmişdir ki, onun oğlu X4 onunla qonşuluqda öz ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində oğlu Elsevər Salmanov onun yaşadığı Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 119 ünvanına gəldikdə görmüşdür ki, evin qapısının kilidi sındırılmış və ev dağınıq vəziyyətdədir. Oğlu Elsevər ona zəng vuraraq bu barədə məlumat vermiş və bildirmişdir ki, naməlum şəxslər evə daxil olaraq oğurluq etmişlər. Lakin nəyin dəqiq oğurlandığını bilmir. O, oğlu Elsevərə məsləhət görmüşdür ki, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat versin. Bundan sonra səhərisi gün, yəni xx.xx.2020-ci il tarixdə o, Naxçıvan MR-dan Bakı şəhərinə yaşadığı evə gəlmiş və evə baxanda görmüşdür ki, naməlum şəxslər yaşadığı evin giriş qapısının kilidini sındıraraq evə daxil olmuş və mənzilin yataq otağındakı paltar dolabının üzərinə qoyduğu təxminən 2 il bundan qabaq 570 manata aldığı bir ədəd «EURO LUX» markalı 40 dq. televizorun oğurlandığını aşkar etmiş və həmin oğurluq nəticəsində ona 570 manat maddi ziyan dəydiyini bildirmişdir. Bundan başqa onun oğlu Elsevər polis əməkdaşları ilə birlikdə həyətdə naməlum şəxs tərəfindən oğurlamaq istədiyi, lakin apara bilmədiyi bir ədəd içərisində xrustal konfet qabları olan çantanın olduğunu da aşkar etmişlər. Şahid X4 xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər X2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1366 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmamış “Eurolux” markalı EU-LED39AST-D2 modelli 39 düyümlü LCD televizorun orta bazar qiyməti təxminən 380,0 manat müəyyən edilir (i/v 129-131). İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında xx xxx 2020-ci il tarixli qərardan və zərərçəkmiş şəxsin oğlu X4 tərəfindən verilən xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 380 (üç yüz səksən) manat dəyərində bir ədəd istifadədə olmamış “Eurolux” markalı EU-LED39AST-D2 modelli 39 düyümlü LCD televizor cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmişə təhvil verilmişdir (i/v 132, 134). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və Ağsu rayon icra və Probasiya şöbəsinin rəisi Emil Əhmədli tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 10 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda onun 2 il 7 ay 09 gün çəkilməmiş cəzası qalmışdır (i/v 117- 119). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-158/2020 saylı qərarı ilə barəsində 2 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx xxx 2020-ci il tarixli, 4(006)-273/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 22 gün müddətinə, xx xxxx 2020-ci il tarixli, 4(006)-311/2020 saylı qərarı ilə isə xx xxxx 2020-ci il tarixədək uzadılmışdır (i/v 73-74, 106-107, 127-128). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi o cümlədən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 7 ay 09 günü hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 7 (yeddi) ay 09 (doqquz) gün, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 380 (üç yüz səksən) manat dəyərində bir ədəd istifadədə olmamış “Eurolux” markalı EU-LED39AST-D2 modelli 39 düyümlü LCD televizorun sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-222/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 07 (yeddi) ay 09 (doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 380 (üç yüz səksən) manat dəyərində bir ədəd istifadədə olmamış “Eurolux” markalı EU-LED39AST-D2 modelli 39 düyümlü LCD televizorun sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar