Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-222/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 2/32, mənzil 02-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55/57, mənzil 60-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs işçisi Şahid2 əvvəllər münasibətdə olduğu Zərərçəkmiş şəxs tərəfindən narahat edilməsinin səbəbini aydınlaşdırmaq üçün 05 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 1 ünvanda yerləşən ofisə dəvət edib orada bu mövzuda apardıqları danışıqlar zamanı aralarında yaraşmış mübahisə nəticəsində onun sifət nahiyəsindən qəsdən iki yumruq zərbəsi vuraraq ona sağ üst göz qapağı və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, boynun sağ yarısı və sağ körpücükaltı nahiyənin qançırları, sağ üst göz qapağının və sol qaşüstü nahiyənin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şirkətin rəhbəri işləyir. Şahid2 da həmin şirkətdə satış meneceri vəzifəsində işləmişdir. Şahid2 hadisədən bir neçə gün əvvəl işdə olan zaman ona və işçisi Şahid1 bildirmişdir ki, onu Zərərçəkmiş şəxs adlı şəxs narahat edir, dayanmadan müxtəlif mobil nömrələrdən ona zəng edir, həmçinin sosial şəbəkələrdən başqa-başqa profillər açıb yazır. Gülşənin çox narahat olduğunu görüb Elnar Teymurun mobil nömrəsini Gülşəndən alıb ona zəng vurub Gülşəni narahat etməməyi xahiş etmişdir. Sonrakı günlər ərzində Teymur yenə də Gülşəni narahat etməyə davam etmişdir. Gülşən Teymurun onu narahat etdiyinə görə bezdiyini, dərman içib özünə qəsd etmək istədiyini demişdir. 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Gülşən bir daha belə dedikdə, o, ondan Teymurun nömrəsini alıb sonuncuya zəng etmişdir. Teymur telefona cavab verdikdə özünü ona təqdim edib xahiş etmişdir ki, Gülşənlə bağlı məsələ ilə əlaqədar olaraq ofisə gəlsin və onunla bu barədə söhbət edib məsələni yoluna qoysunlar. Lakin Teymur ofisin yerləşdiyi ünvanı tapa bilməyəcəyini demişdir. O da ona avtomobillə olduğunu, haradasa görüşüb onu qarşılaya biləcəyini və ofisə gəlib bir yerdə söhbət etməyi təklif etmişdir. Teymur da bununla razılaşmışdır. Həmin günü saat 16:30-da metronun “Gənclik” stansiyasının qarşısında Teymurla görüşmüş və onunla birgə ona məxsus avtomobillə ünvan 1 ünvanda yerləşən ofisə gəlib otağa keçmişlər. Teymurla çay içib söhbət etməyə başlamışlar. Söhbət zamanı o,Teymura bir daha Gülşəni narahat etməməyi xahiş etmiş, çünki Gülşəni narahat etdiyinə görə sonuncu özünə nəsə etsə o, qanun qarşısında cavab verməli olacağını da bildirmişdir. Bu sözləri dedikdən sonra Teymur onunla üzbəüz əyləşdiyi masadan qalxaraq yanına gəlmiş və yaxasından tutaraq “Gülşən sənin nəyindir? Anan deyil, bacın deyil” kimi ifadələr işlədib onu təhqir etmiş, hətta ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra o, ayağa qalxmış və qarşılıqlı olaraq Teymurun boğazından tutub özündən aralamaq üçün yavaş şəkildə əli ilə sinəsindən vurmuşdur. Lakin Teymur ona yumruq atmış, o da cəld şəkildə yumruqdan yayınmış və əks zərbə ilə yumruqlaTeymurun göz nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Elnar otağa daxil olaraq onları aralamış və Teymur bayıra çıxmışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşməçiliyi və ədavəti olmamışdır. Şahid2 2021-ci ilin sentyabr ayından tanıyır, bir yerdə kursa getmiş və oradan aralarında münasibət yaranmışdır. Sonradan aralarında sevgi münasibətləri yaranmış, daha sonra ayrılmışlar. Gülşənlə ayrılan zaman sonuncu ona nə səbəbə ayrılmaqları barədə heç bir söz deməmiş, o da Gülşənlə bu barədə söhbət etmək üçün zəng edib görüşərək qısa olaraq söhbət etmək istəmişdir. Lakin Gülşən təkidlə onunla görüşmək istəmədiyini demişdir. 05 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında bir nəfər şəxs ona mobil telefonla zəng vuraraq adının İlqar olduğunu bildirib bir məsələ barəsində danışmaq istədiyini demişdir. O da İlqar adlı şəxslə razılaşmış və metronun “Gənclik” stansiyasının qarşısında görüş təyin etmişlər. Həmin günü saat 16:30-da o, həmin yerə gəlmiş və orada İlqar adlı şəxslə görüşmüşdür. İlqar avtomobillə ofisə gedib orada söhbət etməyi təklif etmiş, o da razılaşıb ünvan 1 ünvanda yerləşən ofisə getmişlər. Orada otaqların birinə keçmiş, bir nəfər tanımadığı xanım onlara çay vermişdir. İlqar ondan nə səbəbə görə Gülşəni narahat etdiyini soruşanda, o, ona Gülşənlə sevgili olduqlarını, ayrılmaqlarının səbəbini Gülşən ona bildirmədiyinə görə zəng vurub onu narahat etdiyini bildirmişdir. İlqar onu təhqir etməyə başlamış, bu zaman o, İlqara Gülşənin atası, qardaşı və yaxud da qohumu olmadığını, nə səbəbə onun qeyrətini çəkdiyini demişdir. İlqar da ayağa qalxmış və onun yanına gəlib kimə güvəndiyini soruşaraq boğazından yapışmışdır. O isə əli ilə İlqarın əlini sıxıb boğazından çəkməsini istədikdə, İlqar qəflətən yumruqla gözündən iki dəfə bərk zərbə vurmuşdur. Zərbələrin təsirindən onun sağ gözünün qaşüstü nahiyəsi qanamışdır. Həmin vaxtı istifadəsində olan mobil telefonla “102” xidmətinə məlumat verərək döyüldüyünü bildirmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə hadisədən bir neçə ay əvvəl magistr kursunda tanış olmuş və onunla 03 ay müddətində sevgili münasibətlərində olmuşlar. Daha sonra onunla əlaqələri kəsilməsinə baxmayaraq, Teymur onun getdiyi hər yerə gəlmiş, müxtəlif sosial şəbəkələrdə mesajlar yazaraq narahat etmişdir. Artıq son günlərdə onun adından sosial şəbəkələrdə saxta profillər açıb tanışlarına da mesajlar yazmış, onu guya əxlaqsız xanım olmaqla günahlandırmışdır. Bundan başqa, istifadəsində olan mobil nömrəyə gizli nömrələrdən zəng vurmuşdur. Hadisədən bir neçə gün əvvəl işlədiyi yerdə iş yoldaşı Elnar Teymura mobil telefon vasitəsi ilə zəng vuraraq onu bir daha narahat etməməyini xahiş etmişdir. Lakin buna baxmayaraq Teymur sosial şəbəkədən ona yazaraq barışmaq istədiyini bildirdikdə, Teymura “yox” cavabı vermiş, Teymur da əvəzində ona qeyri-etik sözlər yazaraq biabır edəcəyini deyib hədə-qorxu gəlmişdir. Teymurun belə hərəkətlərinə görə özünə qəsd etməyə çalışmış, lakin bunun üçün real olaraq heç bir hərəkət etməmişdir. Bu söhbəti eşidən həmin vaxtı müdiri olmuş İlqar Teymura mobil telefonla zəng vuraraq ofisə gəlib sakit formada söhbət etməklərini xahiş etmişdir. Daha sonra 05 sentyabr 2022-ci il tarixdə onlar birlikdə ofisə gəlmiş, lakin o, onların söhbət etdiyi otağa daxil olmamışdır. O, hadisənin şahidi olmamış, sadəcə olaraq sonra eşitmişdir ki, qeyri-etik ifadələr işlətdiyinə görə İlqar Teymuru vurub. Məhkəmə istintaqında Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1184 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ üst göz qapağı və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırşişkinliyi, boynun sağ yarısı və sağ körpücükaltı nahiyənin qançırları, sağ üst göz qapağının və sol qaşüstü nahiyənin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.19-20); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.67). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-222/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-222/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver