Məhkəmə qərarları › İş №1(006)-223/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-223/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-223/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını açıq talama məqsədilə 03 dekabr 2020ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Sultan Food” restoranının qarşısındakı avtobus duracağında tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb müqavimətini qıraraq, baş və üz nahiyələrindən yumruq zərbələri vurub, Zərərçəkmiş şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən sağ yanaq nahiyəsinin selikli qişasının səthi əzilmiş yarası ilə müşayiət edilən xəsarət yetirib, sonuncunun əlində saxladığı içərisində dəyəri 4 (dörd) manat olan ***-***-**-** və dəyəri 4 (dörd) manat olan ***-***-**-** saylı GSM nömrələrin olduğu **********5200 və **********552216 İMEİ kodlu 180 (yüz səksən) manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “Honor” markalı “STK-LX1” (9x) modelli mobil telefon aparatını və əynində olan şalvarın arxa cibində saxladığı 100 (yüz) manat pulu götürüb, hadisə yerindən getməklə, açıq yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 288 (iki yüz səksən səkkiz) manat maddi ziyan vuraraq, soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, sənədlərdə Təqsirləndirilən şəxs kimi qeyd olunsa da, yaşadığı ətrafda onu “çeçen Elvin” ləqəbi ilə tanıdıqlarını, gününün əksər hissəsini yaşadığı evin ətrafında keçirdiyinə görə həmin ətrafda yaşayan və işləyən şəxslərin əksəriyyətini tanıdığını, həmin şəxslərdən birinin də yaşadığı evin yaxınlığında adını xatırlamadığı restoranı işlədən “Mete” ləqəbli şəxs olduğunu, hazırda “Mete” ləqəbli şəxsin işlətdiyi restoranın fəaliyyət göstərmədiyini bildirmişdir. Baş vermiş hadisədən təxminən 2 ay öncə “Mete” ləqəbli şəxs ilə söhbət edən zaman sonuncu ona yaxınlıqda yaşayan ad və soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs bir müddət öncə ona 250 (iki yüz əlli) manata “Samsung Note 8” markalı mobil telefon satdığını, ona həmin mobil telefonu satdığından bir müddət sonra həmin telefon kredit yolu ilə alındığı və ödənişinin olunmadığı üçün bağlanmasını bildirmişdir. “Mete” ləqəbli şəxs mobil telefonun kreditdə olması barədə daha əvvəllər məlumatının olmadığı üçün telefon bağlanan zaman Zərərçəkmiş şəxs müraciət edərək, ya telefonun ödənişinin edilməsi, ya da telefonun götürülərək, pulunun geri qaytarılmasını tələb etdiyini, uzun müddət keçməsinə baxmayaraq sonuncunun mobil telefonu açdırmaması və mobil telefonun pulunu qaytarmamasını qeyd etmişdir. Bundan əlavə “Mete” ləqəbli şəxs söhbət əsasında mobil telefonun dəyərinin az olmasına görə onun hadisə ilə bağlı heç bir hüquq mühafizə orqanlarına müraciət etməməsini bilmiş, Zərərçəkmiş şəxs onun yaşadığı ətrafdan tanımış, lakin bu barədə “Mete” ləqəbli şəxsə heç bir şey bildirməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə özünün söhbət edərək, nə üçün qeyd olunan hərəkəti etməsini maraqlanmaq qərarına gəlmiş, buna görə də, sonuncuya mobil telefon vasitəsi ilə zəng edərək, hansı səbəbdən və hansı cəsarətlə “Mete” ləqəbli şəxsin pulunu qaytarmamasını soruşmuş, ona görüşməyi təklif etmiş, Zərərçəkmiş şəxs isə onu yaxşı tanıdığına görə yaxın müddətdə pulun geri qaytarılacağına dair söz vermiş, lakin Bakı şəhərində olmamasını bəhanə gətirərək, görüşməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs ilə mobil telefonla danışmağından uzun müddət keçsə də, sonuncunun pulu geri qaytarmamasını “Mete” ləqəbli şəxs ilə növbəti söhbəti zamanı öyrənmiş, lakin Zərərçəkmiş şəxs mobil telefonlara cavab vermədiyindən onunla yenidən əlaqə saxlaya bilməmişdir. Bundan sonra 03 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Sultan Food” restoranının qarşısından tək keçən zaman təsadüfən Zərərçəkmiş şəxs restoranın qarşısındakı avtobus dayanacağında olmasını görmüş, dərhal sonuncuya yaxınlaşıb, ona üz və baş nahiyəsindən bir-neçə dəfə yüngül yumruq zərbələri vurmuş, bu vaxt Zərərçəkmiş şəxs cibindən çıxardığı “Honor 9X” markalı mobil telefonunu əlindən alaraq cibinə qoymuş, dərhal sonra əlini onun əynində olan şalvarın arxa cibinə atmış və orada 100 (yüz) manat pulun olmasını görmüş və həmin pulu da cibinə qoyaraq, hadisə yerindən uzaqlaşmışdır. Hadisədən sonra əldə etdiyi 100 (yüz) manat pulu şəxsi tələbatlarına xərcləmiş, mobil telefonu isə söndürərək üzərində saxlamışdır. Növbəti gün, yəni 04.12.2020-ci il tarixdə polis tərəfindən saxlanılmış, Nəsimi Rayon Polis İdarəsinə hadisə barədə ifadə vermək üçün gətirilmiş, ifadə verən zaman hadisə nəticəsində əldə etdiyi mobil telefon üzərində olduğundan könüllü olaraq həmin mobil telefonu içərisində olan GSM nömrələri ilə birlikdə istintaqa təqdim etmiş, törətdiyi əməli etiraf etmişdir. Hadisə anidən olduğuna görə həmin vaxt orada heç kəs olmadığından hadisənin şahidləri olmamış, cinayəti tək törətmiş və bu barədə heç kəsin məlumatı olmamışdır. İfadəsinin sonunda hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən təxminən 3-4 ay öncə yaşadığı evin ətrafında adını xatırlamadığı və hazırda fəaliyyət göstərməyən restoranı işlədən Türkiyə Respublikasının vətəndaşı “Mete” ləqəbli şəxsə 250 (iki yüz əlli) manata “Samsung Note 8” markalı mobil telefon satmış, həmin mobil telefon kreditə alınmış və sonradan maddi durumunun zəif olması səbəbindən kreditini ödəyə bilməmişdir. Daha sonra mobil telefonu satdıqdan bir müddət sonra həmin mobil telefon bağlanmış, bu səbəbdən “Mete” ləqəbli şəxs ona müraciət edərək, ya mobil telefonu açdırmasını, ya da mobil telefonu götürərək, pulunu geri qaytarmasını tələb etmiş, o isə sonuncuya qısa müddət ərzində yaranmış problemi aradan qaldıracağına dair söz vermiş, lakin maddi durumu ilə əlaqədar problemi aradan qaldıra bilməmişdir. Ona qarşı törədilən cinayət hadisəsindən təxminən 1-2 ay əvvəl ona mobil telefon vasitəsi ilə yaşadığı məhlənin ətrafından tanıdığı “çeçen Elvin” ləqəbli Təqsirləndirilən şəxs zəng edib, “Mete” ləqəbli şəxsin pulunu geri qaytarmasını, hansı səbəblə və hansı cəsarətlə həmin şəxsə pul verməməsini sual etmiş, bundan başqa həmin vaxt onu görüşə də dəvat etmiş, lakin Təqsirləndirilən şəxs çəkindiyi üçün Bakı şəhərində olmamasını bəhanə gətirib görüşməkdən imtina etmiş, mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs yaxın günlərdə borcunu verəcəyinə dair söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bir-neçə dəfə yenidən zəng etməsinə baxmayaraq onun zəngini açmamışdır. 03 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Sultan Food” restoranının qarşısındakı avtobus dayanacağında olduğu zaman Təqsirləndirilən şəxs yol ilə keçməsinə diqqət yetirmiş, həmin vaxt sonuncu da onu görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, onu söyüb təhqir etmiş, bundan dərhal sonra sonuncu ondan üzərində nələrin olmasını soruşmuşdur. Daha sonra əlində olan mobil telefon Təqsirləndirilən şəxs diqqətini cəlb etmiş, sonuncu mobil telefona əlini atıb telefonu götürmək istəyən zaman onun hərəkətinin qarşısını almaq məqsədilə əlini arxaya çəkmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun baş və üz nahiyəsindən bir-neçə dəfə yüngül yumruq zərbələri vurmuş və əlində saxladığı içərisində 20 (iyirmi) manat dəyərində ***-***-**-** və 50 (əlli) manat dəyərində ***-***-**-** saylı GSM nömrələri olan 850 (səkkiz yüz əlli) manat dəyərindəki “Honor 9x” markalı **********5200 və **********552216 İMEİ kodlu mobil telefonunu əlindən alaraq, cibinə qoymuş, bundan əlavə sonuncu əlini onun əynində olan şalvarın sağ arxa cibinə ataraq, orada olan 100 (yüz) manat pulu götürmüşdür. Mobil telefonu və pulu götürdükdən sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. Sonuncunun fiziki cəhətdən ondan güclü olması və ətrafda kriminal xarakterli tanınmasına görə onun arxası ilə getməmiş, həmin gün qorxduğuna görə polisə müraciət etməkdən çəkinmiş, yaşadığı evə gələrək, hadisə barədə anası Şahid2 danışmış, anasının ona hadisə barədə polisə məlumat verilməsinin vacib olduğunu dedikdən sonra polisə müraciət etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sirinbala qızı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs isə onun doğma oğludur. 03 dekabr 2020-ci il tarixdə saat 21 radələrində oğlu Zərərçəkmiş şəxs yaşadıqları evə gələn zaman əhvalının pis olduğunu və üz nahiyəsində yüngül qızartının hiss olunduğunu görmüş, onunla söhbət edərək, nə baş verməsini öyrənməyə çalışmış, söhbət zamanı sonuncunun yaşadıqları evin ətrafında “çeçen Elvin” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən “Sultan Food” restoranının qarşısındakı avtobus dayanacağında yaxınlaşaraq əlində olan ona məxsus “Honor 9x” markalı mobil telefonu və əynində olan şalvarın sağ arxa cibindən 100 (yüz) manat pulunu ona xəsarət yetirməklə əlindən alındığını bilmişdir. Həmin vaxt oğlu çox həyəcanlı olmuş və polisə müraciət etməkdən çəkinmişdir, lakin oğlu ilə söhbət edərək ona bu cür əməli törətmiş şəxsin qanun qarşısında cavab verməli olmasını izah etmiş, buna görə də 04.12.2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs hadisə barədə polis məlumat vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Fizuli Qasımov və hal şahidləri Rüfət Hüseynov və Bürhan Qurbaninin iştirakı ilə keçirilmiş “Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 05 dekabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı modeli “HONOR 9x”, İMEİ kodu isə **********5200 və **********552216 olan mobil telefon müəyyən edilmiş, mobil telefonun arxa gövdəsi zədəli və istifadə edilmiş vəziyyətdə olmuşdur. Mobil telefonun içərisində ***-***-**-** və ***-***-**-** mobil GSM nömrələri olmuşdur. Mobil telefona və GSM nömrələrə baxış keçirildikdən sonra təqdim olunan telefon və içərisində olan GSM nömrələr qablaşdırılmışdır. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəliş edilməsi təklif olunmamış, şikayət və etiraz daxil olmamışdır (i/v 56-57). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən tərtib edilmiş, Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 06 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş mobil telefona baxış keçirdikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi soyğunçuluq nəticəsində əldə etdiyi 01 ədəd “HONOR 9x” markalı mobil telefonu tanımış və həmin mobil telefonun ona məxsus olduğunu, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talandığını qeyd etmişdir. Protokol ucadan oxunmuş, istintaq hərəkətlərinin aparılması qaydası və bu barədə tərtib olunmuş protokolun məzmununa dair əlavələr, düzəlişlər və etirazlar daxil olmamışdır (i/v 58). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 dekabr 2020-ci il tarixli protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 dekabr 2020-ci il tarixdə Nəsimi rayon məhkəməsinin qərarına əsasən onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin qərardan verilmiş apellyasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli Qərarı ilə sonuncu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır (i/v 41, 87-91, 96-97). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 10 dekabr 2020-ci il tarixli, 993 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - sağ yanaq nahiyəsinin selikli gişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 03.12.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, insan bədəninin hissəsinin (əl, əl barmaqları, baş və s). təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i/v 112-113). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2020-ci il tarixli, 9/5521 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çin istehsalı olan “Honor” markalı, “STK- LX1” (9x) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən akssesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 180 manat, üzərində olan 2 ədəd GSM mobil nömrələr isə 8,00 manat (2 ədəd x 4,00 manat) müəyyən edilmişdir (i/v 115-117). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08.06.2011-ci il tarixdə məsuliyyətə cəlb edilmiş və 08.06.2011-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 40.2.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (i/v 174-175). İş materiallarında olan “Axtarışda olan şəxsin yaxalanması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə, saat 14:00 radələrində Nəsimi rayonu, Mirqasımov 16 ünvanının qarşısında yaxalanmışdır (i/v 119). İş materiallarında olan “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli qərardan görrünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Çin istehsalı olan “HONOR” markalı, “STK-LXİ” (9X) modelli mobil telefon və içərisində olan ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələr maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs verilərək saxlanılması qərara alınmışdır (i/v 127-129). İş materiallarında olan 23 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 01 ədəd Çin istehsalı olan “HONOR” markalı, “STK-LXİ” (9X) modelli mobil telefon və içərisində olan ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələr təhvil alınmışdır (i/v 131). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və ona qarşı heç bir şiakyət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 23 yanvar 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanımış 01 ədəd “Honor” markalı, “STK-LX1” (9x) modelli mobil telefon aparatı və içərisində olan ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələrin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-223/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 16 mart 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 23.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor” markalı, “STK-LX1” (9x) modelli mobil telefon aparatı və içərisində olan ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələrin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar