Məhkəmə qərarları › İş №1(006)-225/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-225/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-225/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş) işləməyən, Göygöl rayonu,Balçılı ərazi dairəsi, Balçılı kəndində qeydiyyatında olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,709 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixdə saat 14:40-da Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov 1 ünvanının qarşısında olan zaman Nəsimi rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli bilinərək Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb həmin polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir bükümdə təmiz çəkisi 0,709 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 01 il 06 aydır ki, narkotik vasitə qəbul etmir, yalnız metadon qəbul edir. 06 fevral 2023-cü il tarixdə “Semaşko” adlanan xəstəxananın qarşısında mühafizə polisi ilə söhbət edən zaman yanlarında avtomobil saxlamış və onu adı ilə çağıraraq maşına oturması təklif olunmuş, o, nə üçün maşına oturmasını soruşduqda həmin şəxslər ona bölməyə gedəcəklərini bildirmişlər. O da maşına oturaraq onlarla bölməyə getmişdir. Orada onu döyərək nə üçün oğurluq etməsini soruşduqda o, oğurluq törətmədiyini bildirmişdir. Lakin onu çox döyüdkəri üçün oğurluq etdiyini boynuna götürmüş, daha sonra oğurluq edənlər tapıldıqları üçün polis əməkdaşları ona narkotik vasitə verərərək həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməklə boynuna almasını tələb etmişlər. O da məcbur qalaraq bu əməli boynuna almışdır. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspetkoru Şahid2la birlikdə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən eyni zamanda ərazidə yəni ünvan 4 ünvanda yerləşən ofisdən xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin açılması istiqamətində tədbirləri davam etdirərkən Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs həmin cinayəti törətməsində şübhələr olduğundan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov 1 nömrəli ünvanın qarşısında həmin gün saat 14:40-da Şahid2la birlikdə həmin şəxsi görüb ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra sonuncudan oğurluq etməsi barədə sual etmişlər, həmçinin, narkotik vasitə istifadə edib-etməməsini soruşmuşlar. Həmin şəxs narkotik vasitə aludəçisi olduğundan qeyd olunan oğurluq cinayətini törətməsini bildirmişdir. X3 dəvət etmişlər. Həmin şəxs polis bölməsində gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Orada məlum olmuşdur ki, həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxsdur. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhələr ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası PB-nin təhqiqatçısı Elşən Rəsulova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Elşən Rəsulovun xidməti iş otağına aparmışlar, təhqiqatçı sonuncunun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişdir. Orada onun üzərinə şəxsi axtarış keçirilmişdir, həmin şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və vəkil Elman Ağayevin öz istəkləri ilə vəkil şəxsi axtarışda iştirak etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümü öz istifadəsi üçün Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən həmin gün saat 14 radələrində 30 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq ekspertiza təqdiqatına göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspetkoru, polis leytenantı Şahid2 Suliddin oğlu Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23-24); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.92-94); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (i.v.47-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/731 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 188 dairəvi möhür əksi və “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi - 0,709 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (i.v.57-61); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1435 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulmyaltorın birgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.122-123); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli bükümün içərisində olan, təmiz çəkisi 0,709 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,659 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v.130-135); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 07 ay 27 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 177.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nə dəyişikliklərlə bağlı 6+8-VİDQ saylı xx.xx.2020-ci il tarixli Qanunun Tətbiqi ilə CM-nin 178.2.2-ci maddəsinə əsasən təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, CM-nin 177.1-ci maddəsinə əsasən təyin edilmiş 01 il azadlıqdan məhrum etmə cəzasının çəkilməsi nəzərə alınmaqla məhkəmə iclas zalından dərhal azad edilmiş, Nəsimi RPİ-də istintaq edilən ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v.119-121); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v.195-199); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı və adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirir. - Təqsirləndirilən şəxs Nəsimi Rayon Prokurorluğunda verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, üzərindəki xəsarətin ciddi olmadığını bildirərək ekspertizadan keçməkdən imtina etmişdir (i.v.182-183) ; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 1056/2023 saylı məhkumun tibbi kitabçasından görünür ki, xx.xx.1981-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilkin tibbi baxış zamanı yeni xəsarət izləri aşkar olunmamışdır (i.v.184-189); - Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Nəsimi Rayon Prokurorluğunda toplanılmış 105-C- 23 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, material üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthinə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (i.v.193-194); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı övladı var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək cinayət hadisəsini boynuna alması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Həmçinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-78/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını, dizlərində xəsarət olduğunu bildirsə də xx.xx.2023-cü il tarixdə Nəsimi rayon prokurorluğunda izahat verərək ekspertizadan keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 1056/2023 saylı məhkumun tibbi kitabçasından görünür ki, xx.xx.1981-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilkin tibbi baxış zamanı yeni xəsarət izləri aşkar olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Nəsimi Rayon Prokurorluğunda toplanılmış 105-C-23 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf etməsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, himayəsində bir azyaşlı uşağının olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-45/2023 hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-45/2023 saylı saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-45/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1435 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,659 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-45/2023 saylı hökmü ilə üzərində qəti olaraq saxlanılmış 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,659 narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar