Məhkəmə qərarları › İş №1(006)-226/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-226/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-226/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 75, mənzil 02-də qeydiyytda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 0,430 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 15.30 radələrində bu narkotik vasitənin 0,193 qram çəkidə olan bir ədəd bükümünü Nəsimi rayonu, B.Məcidov küçəsi, 75 saylı ünvanda Şahid1 qanunsuz olaraq 05 manata satmış, həmin günü saat 20:30 radələrində polis əməkdaşları tərəfindən qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, orada üzərində axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində təmiz çəkisi 0,237 qram olan heroin aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitənin istifadəçisi olsa da, onların satışı ilə məşğul olmur. xx.xx.2020-ci il tarixdə günorta vaxtı yaşadığı Nəsimi rayonu, B.Məcidov küçəsi, 75 saylı ünvanın qarşısında özünə narkotik alarkən Sənan adlı tanışı ilə qarşılaşmış, sonuncu da ona qolunda olan ağrılarını azaltmaq üçün narkotik vasitə almaq istədiyini bildirmiş və buna görə 5 manat pul vermişdir. O da özünə 10 manata aldığı heroinin yarısını ona vermişdir. Saat 20:30 radələrində həmin ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qolunda olan ağrılara görə narkotik vasitə almaq məqsədi ilə o, xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində “Kubinka” adlanan yerə getmiş, orada tanışı Təqsirləndirilən şəxsla qarşılaşmış və ondan narkotikin əldə olunmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Vüqar da ona bildirmişdir ki, 5 manatın əvəzində ona bir büküm heroin verə bilər. O da bununla razılaşıb Vüqara 5 manat pul verib heroini almışdır. Lakin həmin yerdən bir qədər aralaşmışdır ki, polis əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis X1 bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə idarəyə daxil olmuş məlumata görə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bununla bağlı əməliyyat qrupu yaradılaraq müvafiq tədbir keçirilmiş və həmin günü 15:40 radələrində Şahid1 Nəsimi rayonu, B.Məcidov küçəsi, 85 saylı ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilmişdir. Orada onun üzərində axtarış aparılan zaman ondan heroin aşkar olunmuşdur. Sorğu-sual zamanı Şahid1 bildirmişdir ki, bu narkotik vasitəni saxlanılmamışdan 10 dəqiqə qabaq B.Məcidov küçəsi, 75 saylı ünvanın qarşısında Vüqar adlı tanışından 5 manata almışdır. Həmin günü keçirilmiş tədbirlər nəticəsində saat 20:30 radələrində qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmişdir. İdarədə üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağızın içərisində büküm aşkar edilərək götürülmüşdür. Həmin vaxtı verdiyi izahatında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olduğunu, eyni zamanda Şahid1 da satdığını etiraf etmişdir. Məhkəmə istintaqında şahidlər Bakı şəhəri Nəsimi Rayon Polis X1 Bölməsinin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2020-ci il tarixli, 4021 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: Şahid1...” əl yazıları, imzalar və AR DİN “Arayışlar üçün №186” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,193 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (İ cild, i.v.10-11); - xx.xx.2020-ci il tarixli, 4022 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,237 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,187 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.76-77); - xx.xx.2020-ci il tarixli, 6/29 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid1 aşkar olunmuş..” yazısı olan paketdəki, bir ədəd bükümdə narkotik vasitə heroin, üzərində “Vət. Təqsirləndirilən şəxs götürülmüş..” yazısı olan paketdəki, bir ədəd bükümdə narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. Tədqiqatdan sonra heroinlərin ümumi qalıq çəkiləri 0,113 qram və 0,157 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.156-158); - “Maddi sübut kimi tanımaq və saxlanca təhvil verilmək haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,157 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.160); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X3 haqqında xx.xx.2020-ci il tarixli, 1024 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.162-163); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2020ciil tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.145-151); - “Şübhəli şəxsin tutulması haqqında” protokola görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə isə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.40-41, 117-122); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür (8-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və ictimai təhlükəli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,157 qram narkotik vasitə olan heroin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 228 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 228 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,157 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar