Məhkəmə qərarları › İş №1(006)-226/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-226/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-226/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Xocalı şəhəri, Kərkicahan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(011)-413/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 37 saylı ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindəki 01 ədəd şəffaf sellofanın içərisindən 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,142 qram, 0.178 qram, 0,188 qram olmaqla ümumi təmiz çəkisi 0,754 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 yanvar 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 37 saylı ünvanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra, onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə getməsini bildirmişlər, o etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmiş, polis şöbəsində xidməti otaqlardan birinə dəvət etmişlər, orada ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, onun vəkili üzürlü səbəbdən baxışda iştirak etməyəcəyini bildirərək bu barədə ərizə ilə müraciət etmiş, o da etiraz etməyib bu barədə ərizə ilə müraciət etmişdir. Ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və şəxsi axtarış aparılmağa başlanılmış, həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O, üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, baxış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisindən ayrı-ayrılıqda 04 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək masanın üzərinə qoyulmuş, daha sonra ayaqqabıları çıxarılmış, corabları çevrilməklə baxılmış, üzərindən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş maddələr kağız zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürüləcəyi deyilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra onun üzərindən götürülmüş 04 ədəd bükümdə olan maddələr zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra həmin video görüntüyə onun iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və onlar tərəfindən imzalanmışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. 12 yanvar 2023-cü il tarixdə sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun və 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 12 yanvar 2023-ci il tarixdə saat 19:30 radələrində o və yaradılmış əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə ünvan 3 ünvanda bir müddət gözlədikdən sonra, saat 20:00-də Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər, onlar sonuncuya yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və həmin şəxsin narkotik vasitənin daşıması ilə məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşyanın olub olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirdikdə sonuncu üzərində qeyri qanuni əşya, yəni narkotik vasitə olduğunu demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onlar Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər və o da buna etiraz etməyərək onlarla polis şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Polis şöbəsində xidməti otaqlarının birində video müşahidə altında sonuncunun üzərinə baxış keçirilmiş, baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofanın içərisindən 04 ədəd bükümdə narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Həmin maddə barədə sorğu sual edərkən Təqsirləndirilən şəxs maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini Papanin kimi tanınan ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmiş, daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən həqiqətən də narkotik vasitə olmasının müəyyənləşdirilməsindən ötrü zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisindən 04 büküm aşkar olunmuşdur. Cinayət işinin 24-cü vərəqində olan 12 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:50-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 89-cu vərəqində olan Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarından cıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 yanvar 2023cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 58-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü tarixli, 6/209 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və.s sözlər, imzalar olan zərfin içərisində 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,142 qram, 0,178 qram, 0,188 qram ümumi təmiz çəkiləri 0,754 qram olan maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Metamfetamin təmiz çəkisi – 0,754 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq 0,634 qram. Cinayət işinin 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 03 mart 2023cü il tarixli, 1254 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidilərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 96-cı vərəqində olan 31 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, şəxsi axtarışın zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,754 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 0,634 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Cinayət işinin 124-130-cu vərəqələrində olan 05 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 112-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 11 fevral 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə CMnin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 (üç) il 04 (dörd) ay şərti azad edilib, xx.xx.2000-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzası cərimə cəzası ilə əvəz edilərək azad edilmiş: 2) Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 115-118-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(011)-413/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Şübhəli şəxs kimi saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının Məcəllənin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İdarədə qeydiyyata götürülərək həmin tarixdə ona ATTENTİ elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində həmin Məhkəmənin qərarı ilə xx.xx.2023-cü il tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və cəzasının müddətinin axımı dayandırılmışdır. Sonuncu ona təyin edilmiş cəzanın 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsini çəkmiş və çəkilməmiş cəzası 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün təşkil edir. Cinayət işinin 53-cü vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 12 yanvar 2023-cü il tarixdə saat 21:40-dan başlayaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisindən narkotik vasitə heroinə bənzər maddə olan 04 büküm aşkar olunaraq götürülmüş və verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin 10 yanvar 2023-ci il tarixdə Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(011)-413/2022 saylı hökmü ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir yəni, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, hazırda eyni tərkibli cinayət əməli üzrə cəza cəkdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-413/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 10 (on) ay 17 (on yeddi) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 03 mart 2023-cü il tarixli, 1254 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin məsul saxlanışına verilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,634 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili F.Ç.Əliyeva dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(011)- 413/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 10 (on) ay 17 (on yeddi) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin məsul saxlanışında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,634 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konslatinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar