Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-227/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 160-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 0,663 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 13:15-də müvəqqəti yaşadığı ünvan 1 ünvanda yerləşən “İstanbul Gold” otelinin 204 nömrəli otağında ümumi su sistemini bağlayaraq orada qalan digər şəxslərin su təminatını kəsməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında onunla həmin günü saat 13:30-da əməliyyat qrupu tərəfindən qeyd olunan ünvanda yerləşən otelin 204 nömrəli otağının qarşısında profilaktik söhbət aparılarkən özünü şübhəli apardığından saxlanılaraq 20-ci polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan çantanın içərisindən iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,503 və 0,160 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış həmin psixotrop maddə və onun satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib saxlaması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailədaxili mübahisələri olduğu üçün ötən ilin noyabr ayında yaşadığı evi tərk edərək Bakıda yerləşən müxtəlif otellərdə qalmağa başlamış, sonuncu dəfə ünvan 1 ünvanda yerləşən “İstanbul Gold” otelində qalmışdır. Eyni zamanda, psixi pozuntusu olduğu üçün sakitləşmək məqsədi ilə müxtəlif dərmanlar, o cümlədən marixuana və metamfetamindən istifadə edirdi. Hadisə baş verən vaxtdan təxminən 15 gün əvvəl “İnstagram” sosial şəbəkəsində xatırlamadığı profildən 300 manata metamfetamin sifariş vermiş və daha sonra 9-cu mikrorayon ərazisində olan binanın qarşısında qoyulmuş yerdən iki sellofan bükümdə onu götürmüşdür. Bu metamfetamindən hər dəfə qəbul etməmişdən əvvəl elektron tərəzidə öz istifadə miqdarını müəyyən edirdi. Elektron tərəzini də ona görə saxlayır ki, həm qızıl alveri ilə məşğuldu, həm də narkotik alanda onun çəkisi ölçür. xx.xx.2023-cü il tarixdə qeyd etdiyi otelin 204 saylı otağında qalarkən su xəttində problem olduğu üçün onun aradan qaldırılmasını inzibatçıdan tələb etmiş, lakin bu nəticə vermədiyi üçün o, ümumi xəttin kranını bağlamışdır. Buna görə də otelin əməkdaşları arasında mübahisə yaranmış və onlar məsələ barədə polisə məlumat vermişlər. Təxminən saat 13 radələrində qaldığı otağın qapısını polis əməkdaşları döymüş və o, qapını açanda onlar barəsində şikayət olunduğu deyib davranışına əsasən narkotikin təsiri altında olduğundan şübhələnərək bu mövzuda ona suallar verib otağını axtarmışlar. Polis əməkdaşları ona məxsus olan çantanın içərisindən iki büküm mütamfetamin və elektron tərəzi aşkar etdikləri üçün onu polis şöbəsinə aparmışlar. O. heç vaxt narkotikin satışı ilə məşğul olmamış, bu işlə məşğul olan şəxslərə qarşı da həmişə mənfi fikirdə olmuşdur. Himayəsində üç uşağı var, ona qanuni və ədalətli cəzanın verilməsini xahiş edir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13:15-də Növbətçi hissəyə ünvan 1 ünvanda yerləşən “İstanbul Gold” otelin 204 nömrəli otağında qalan şəxsin ümumi su xəttinin kranını bağlayaraq oteldə qalan digər şəxslərin suyunu kəsməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar o, iş yoldaşı Şahid2 ilə birlikdə qeyd olunan otelə getmiş və 204 nömrəli otağın qapısını döymüşlər. Qapını açan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsdən hansı səbəbə görə otelin suyunu bağlamasını soruşanda, sonuncu suyun səsinin onu narahat etdiyi üçün bağladığını bildirmişdir. Bu şəxsin gözlərinin axması, həyacanlanması, verilən suallara qeyri-adekvat cavab verməsi onun narkotikin təsiri altında olması şübhəsini yaratmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadə edib-etmədiyini soruşanda, o, metamfetamin qəbul etdiyini dediyi üçün onu 20-ci polis şöbəsinə dəvət etmişlər. O da əl çantasını götürüb onlarla birlikdə şöbəyə gəlmişdir. Orada videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki şalvarın sağ yan cibindən bir miqdar pul və bir ədəd “iPhone 11 Pro Max” markalı mobil telefonu, eləcə də əlində olan əl çantasının içərisindən özünə aid pasportu, şəxsiyyət və sürücülük vəsiqələrini, bank kartlarını, şəhadətnaməni və otelin otağının plastik qapı kartını, həmçinin 01 ədəd qatlanan bıçağı, 01 ədəd elektron tərəzini və 02 ədəd sellofan torbada olan bükümü masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümlərdə olan maddənin metamfetamin olduğunu, onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və ona əlavə edilmiş diskdəki olan videogörüntüdə, habelə “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlərdə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edib gəzdirdiyini, onları heç kimə satmaq fikrində olmadığını, istifadə miqdarını keçməmək üçün elektron tərəzidə çəkisini müəyyənləşdirib daha sonra istifadə etdiyini bildirir (İ cild, i.v.43-46, 70-73, 83-91, 178-182); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6161 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 0,503 qram və 0,160 qram, ümumi təmiz çəkisi 0,663 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,603 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v. 54-57); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2023-cü il tarixli, 8374 saylı rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.120-121); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Təkrar Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli, 567 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik və psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntular (psixotik əlamətlər) ötüb keçən xarakterli olmuş, aparılmış stasionar müalicə nəticəsində psixotik əlamətlər aradan qalxmışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs onda qeyd olunan anlaqlılığı istisna etməyən psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1ci maddəsinin təsiri altına düşür (İ cild, i.v.209-211); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin 18 fevral 2024cü il tarixli, 51/2-4138/24 saylı məktubunda qeyd olunur ki, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin və eyni zamanda sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə edilərsə əlavə məlumat verilcəkdir (İ cild, i.v.137); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.17-18, 100-103); • “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,603 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (İ cild, i.v.202); • “Baxış protokolu”na görə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “iPhone 11 Pro Max” markalı mobil telefona baxış keçirilən zamanı onda olan məlumatların iş üzrə əhəmiyyət kəsb etmədiyi müəyyən olunmuşdur (İ cild, i.v.105); • “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və ondan çıxan zənglərə dair məlumatların iş üzrə əhəmiyyət kəsb etmədiyi müəyyən edilmişdir (İ cild, i.v.135-136, 213); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.112-113); • Şəxsiyyət vəsiqələrinin surətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2009-cu il, xx.xx.2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü üç övladı var (İ cild, i.v.143-145). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,503 və 0,160 qram olmaqla psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onun üzərində tərəzinin aşkar edilməsi səbəb olmuşdur. Lakin “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Bu izaha görə şəxsin üzərindən aşkar edilmiş iki bükümdə psixotrop maddənin və tərəzinin olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 0,663 qram psixotrop maddə metamfetamin 02 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün psixotrop maddəni iki bükümə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını, habelə üzərində aşkar olunmuş tərəzinin də bu maddədən hər dəfə qəbul etməmişdən əvvəl öz istifadə miqdarını müəyyən etmək, həmçinin onu alarkən çəkisi ölçmək üçün saxladığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 bükümdə psixotrop maddə metamfetamin olsa da, o, həmin vəziyyətdə psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini söyləmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından (Şahid2 və Şahid1) heç biri məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar hadisə barədə məlumatlar verməklə müstəsna olaraq Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində olan metamfetaminin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs ilə bağlı heç bir əməliyyat-axtarış tədbiri keçirilməmiş, sadəcə olaraq hadisənin təsadüfi axımı zəminində bu fakt aşkar olunmuşdur. Həmçinin, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş və buna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin və eyni zamanda sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, lakin müsbət nəticənin əldə edilmədiyi, sadəcə olaraq əməliyyat tədbirlərinin davam etdirildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsindəki 055 ***-**-** nömrəli mobil telefondakı məlumatların olduğu diskə baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokola əsasən həmin məlumatların arasında da narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqələndirilə biləcək heç bir məlumat müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs ambulator X1nın xx.xx.2023-cü il tarixli, 567 saylı rəyinə görə kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyinin və təkrar ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 567 saylı rəyində narkotik və psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntularının aşkar olunması bir daha ona dəlalət edir ki, o, belə maddələrin istifadəçisidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai stintaq orqanının qənaəti onda aşkar edilmiş tərəzi və psixotrop maddənin 02 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,503 qram və 0,160 qram, ümumi çəkisi 0,663 qram psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlaması öz təsdiqini tapır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə müvafiq olaraq anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.9-cu maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci və 52- 1.3.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, eyni zamanda onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını təmin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,603 qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 160-ı hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Ağcabədi rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ağcabədi rayon İcra və probasiya şöbəsi Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını təmin etsin, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,603 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-227/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-227/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver