Məhkəmə qərarları › İş №1(006)-227/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-227/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-227/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Lerik şəhəri Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də anbardar işləyən, məhkumluğu olmayan, Lerik şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,492 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 yanvar 2025-ci il il tarixdə saat 20:15-də Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,492 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 aydır psixotrop maddə olan metamfetamindən istifadə edir. O, adətən psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində üzdən tanıdığı müxtəlif şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə o, 11 yanvar 2025-ci il tarixdə günorta saatlarından sonra Bakı şəhəri “Kubinka” adlanan əraziyə gedib orada üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və fürsət olduqca istifadə etmək məqsədi ilə həmin psixotrop maddəni əynində olan şalvarın cibinə qoyaraq üzərində saxlamışdır. O, 11 yanvar 2025-ci il il tarixdə saat 20:15-də tanışı X10 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində dayanıb söhbət edən zaman iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək onları 22-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 22-ci PŞ-nin inzibati binasına getmişlər, bundan sonra xidməti otaqların birində baş təhqiqatçı polis mayoru Tariyel Mahmudov tərəfindən ona hüquq və vəzifələri, eləcə də nədə şübhəli olduğu izah olunmuş, daha sonra baş təhqiqatçı Tariyel Mahmudov tərəfindən ona vəkillər siyahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün istədiyi vəkili seçməsi təklif olunmuşdur. O isə ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi X6 onun hüquqlarının müdafiə edilməsi üçün Polis şöbəsinə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə baş təhqiqatçısı polis mayoru Tariyel Mahmudov tərəfindən ona üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki şalvarın cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı o, həmin bükümü 11 yanvar 2025-ci il tarixdə Bakı şəhəri “Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənərək sübut kimi götürülmüşdür. Onun üzərində olan psixotrop maddənin miqdarı ittiham aktında göstərilən miqdardan az, təxminən 0,2 – 0,3 qram olmuşdur. Daha sonra əməlindən peşman olduğunu, yetkinlik yaşına çatmayan uşağına aliment ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPl-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 11 yanvar 2025-ci il tarixdə «Namiq» adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində «Namiq» adlı şəxsin xx xxxx 1983-cü il tarixdə Lerik şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat onun tərəfindən raportla PŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən müvafiq qərar qəbul olunmuş, bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvü isə Polis şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 20:15-də əməliyyat müvəkkili Şahid2la birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə A.Qurbanov küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Polis şəbəsinin inzibati binasına dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında tanışı X10 olduğuna görə, onlar Təqsirləndirilən şəxs və Ağa Məmmədovu dəvət edərək Polis şöbəsinin inzibati binasına aparmışlar. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Tariyel Mahmudov tərəfindən “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Fərhad Əliyev müdafiəçi qismində Polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin, Ağa Məmmədovun və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla təhqiqatçı Tariyel Mahmudov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 01 ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin sonuncunun üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində “patı” adlandırılan psixotrop maddə olduğunu və həmin maddəni saxlanılmamışdan əvvəl “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı Tariyel Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.24); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.77-78) - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (i.v.92-93); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.94-96); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükümün içində “patı” adlı maddənin olduğunu demiş, bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur (i.v.37-39); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2025-ci tarixli 6/133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "1. (imza) Təqsirləndirilən şəxs..." yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (i.v.61-65); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 13 yanvar 2025-ci il tarixli 141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.118-119); - “Maddi sübut qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,442 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPl-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i.v.108); - “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş cəmi 01 ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan psixotrop maddə metamfetaminin 18 yanvar 2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması və tədqiqata sərf edilən 0,050 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,442 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPl-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.97-106); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə və 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.114). - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşağı vardır. Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan tünd boz rəngli cins şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim edir, həmin bükümün içində “patı” adlı maddənin olduğunu və həmin maddəni “Kubinka” deyilən ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisinin ittiham aktında olduğu kimi deyil, təxminən 0,2-0,3 qram olması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf edərək peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf edərək peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X2 Ekspert Komissiyasının 13 yanvar 2025-ci il tarixli 141 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,442 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 16 (on altı) saata görə 96 (doxsan altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 44 (qırx dörd) manat olmaqla, 20 saata görə 140 (yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq həmin müddət ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi 0,442 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 140 (yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar