Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-228/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 31/33 saylı binanın 12-ci mərtəbəsində bloka quraşdırılmış yanğın söndürmə şitinin içərisindən Zərərçəkmiş şəxs məxsus təmir olunan 66 saylı mənzilin giriş qapısının açarını götürüb həmin açarla giriş qapısını açaraq oraya qanunsuz daxil olub mənzildən ümumilikdə 421 manat dəyərində uzunluğu 800 metr, qalınlığı 4 mm olan “Akkur” markalı naqilləri və 204 manat dəyərində uzunluğu 600 metr, qalınlığı 2,5 mm olan “Akkur” markalı naqilləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 625 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq əməllərinə görə məhkum olunmuş, 2023-cü ilin sentyabr ayında cəzaçəkmə müəsissəsindən azad edilmişdir. 02 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində piyada hərəkət edərkən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə qarşısına çıxan 18 mərtəbəli binaya daxil olmuş və axırıncı mərtəbəyə qalxmışdır. Daha sonra oğurluq etmək üçün mənzil tapmaq məqsədilə bir-bir mənzillərin giriş hissələrini yoxlamış və 12-ci mərtəbədə yanğın şitinin içində gizlədilmiş açarı tapdıqdan sonra qapını açıb mənzilə daxil olmuşdur. Oğurlamaq üçün nəsə tapmaq məqsədi ilə otaqları bir-bir dolaşmış, ortalıqda heç nə tapa bilmədiyi üçün həmin mənzildən tapdığı kəlbətinlə divardakı elektrik naqillərini sökməyə başlamış, təxminən 2-3 saat ərzində mənzilin bütün otaqlarındakı elektrik naqillərini sökmüş və həmin naqilləri mənzildən tapdığı iki ədəd göy rəngli sellofan torbalara yığmış və mənzili tərk etmişdir. Mənzilin açarını qapının qarşısında olan yanğın şitinin içərisinə qoymuş, liftlə aşağı düşüb binadan çölə çıxmışdır. Daha sonra taksiyə minmiş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən əvvəldən tanıdığı metal qəbulu ilə məşğul olan şəxsin ünvanına getmişdir. Həmin elektrik naqillərini ümumilikdə 35 manata satmış, həmin puldan beş manatını taksiyə vermiş, qalan 30 manatını isə şəxsi ehtiyyacları üçün xərcləmişdir. O, elektrik naqillərini satdığı şəxsə elektrik naqillərini oğurladığı barədə məlumat verməmiş, elektrik naqillərini zibillikdən tapdığını bildirmişdir. Hadisə yerinə 02 yanvar saat 22 radələrində daxil olmuş, 2-3 saat sonra yəni, 03 yanvar saat 01 radələrində oranı tərk etmişdir. Mənzilin hamam otağında yerdə olan istifadə olunmamış elektrik naqillərini də oğurlamışdır. 27 dekabr 2023-cü il tarixdə elektrik naqili satdığı zaman həmin naqilləri satdığı şəxsə şəxsiyyət vəsiqəsinin surətini əvvəl verdiyi üçün sonuncu dəfə satdığı vaxt verməmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini bildirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxın müddət olar ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 31/33 ünvanında yerləşən 18 mərtəbəli binanın 12-ci mərtəbəsindəki 66 saylı, öz vəsaiti hesabına aldığı, sahəsi 135 kvadrat metr olmaqla, 3 otaqdan ibarət mənzildə təmirsiz olduğu üçün yaşamamışdır. Oğurluq hadisəsi baş verməmişdən 1 ay yarım əvvəl həmin mənzili təmir etdirmək qərarına gəlmiş və mənzilə ustalar dəvət etmişdir. O, mənzilin açarını ustaların və özünün qapını hər zaman aça bilməsi üçün mənzilin girişində olan yanğın söndürmə şitinə qoymuşdur. Mənzildə 2023-cü ilin noyabr ayının ortalarından təmir getmiş və mənzildə özünə məxsus təmir üçün əşyalar olmuşdur. Sözügedən mənzilə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə təxminən saat 8:30 radələrində gəlmiş, ustaların gördüyü işlə tanış olduqdan sonra mənzili tərk edərək getmişdir. O, xx.xx.2024-cü il tarixdə təxminən saat 09:30 radələrində mənzilə gəlmiş, içəri keçərkən mənzildə olan işıq naqillərinin olmadığını, dağıdılaraq divarlardan və döşəmədən qoparılıb çıxarıldığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin mənzildən “Akkur” firmasına məxsus olan işlənmiş vəziyyətdə 700 metr 4 mm qalınlığında, təzə vəziyyətdə 100 metr 4 mm qalınlığında elektrik naqili, işlənmiş vəziyyətdə 450 metr 2,5 mm qalınlığında elektrik naqili və təzə vəziyyətdə 150 metr 2,5 mm qalınlığında elektrik naqili oğurlanmışdır. Naqillərin bir qismi mənzilin divarlarından və mənzilə çəkilmiş isti döşəmədən qoparılaraq sökülmüş, qalan hissəsi isə mənzilin hamam otağından istifadə olunmamış halda oğurlanmışdır. O, 4 mm qalınlığında elektrik naqillərinin metrini 0,71 manatdan, 2,5 mm qalınlığında elektrik naqillərinin isə metrəsini 0,46 manatdan xx.xx.2023-cü il tarixdə Nizami rayonunda yerləşən elektrik malları mağazasından almışdır. Ona dəymiş zərər ekspertin rəyində göstərilən qədər deyil. O, elektrik naqillərinə ümumilikdə 1000 manatdan yuxarı məbləğ, onun çəkilməsi üçün isə 1000 manat ustaya xidmət vermişdir. Həmçinin ustaya əlavə xərcləri çıxmışdır. Ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin əvəzi olaraq 1500 manat məbləğində pulun ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir və həmçinin Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 35). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Kamal Hüseynov tərəfindən tərtib edilmiş, Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qaimə-fakturada Aktel 1x4NYAF adlı mal, xx.xx.2023-cü il tarixdə 800 metri 0,71 manatdan ümumilikdə 568 manat, Aktel 1x2,5 NYAF adlı mal xx.xx.2023-cü il tarixdə 600 metri 0,46 manat olmaqla ümumilikdə 276 manat olması yazısı qeyd olunmuş, firma kağızında “Akkur” yazısı yazılmış, elektrik naqilinin texniki göstəriciləri qeyd olunmuş, qırmızı rəngli 4 mm qalınlığında 60 sm elektrik naqilinin və göy rəngli 2,5 mm qalınlığında 60 sm elektrik naqilinin üzərilərində Akkur yazısı olması aşkar olunaraq götürülmüşdür (i/v 60). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i/v 70). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Kamal Hüseynovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 90). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 92). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntüdə 03 yanvar 2024-cü il tarixdə 00:50-də bir nəfər başında idman papağı, əynində qara rəngli gödəkcə, hər iki əlində mavi rəngli sellofan olan şəxs ünvan 2 ünvanda yerləşən binanın liftindən çıxaraq qapını açması və həmin binanı və həyəti tərk etməsi görsənmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan başında idman papağı, əynində qara rəngli gödəkcə, hər iki əlində mavi rəngli sellofan olan şəxs ünvan 2 ünvanda yerləşən binanın liftindən çıxaraq qapını açan və həmin binanı və həyəti tərk edən şəxsin özü olduğunu bildirmişdir (i/v 96). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Kamal Hüseynov tərəfindən tərtib edilmiş, Şahid tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur, həmin vərəqədə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satdığı malların özünə məxsus olduğunu bildirməsi, imza və yazısı vardır. Baxışda iştirak edən Şahid təqdim etdiyi vəsiqənin Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə ona metal satdığı zaman sonuncunun özünə imza elətdirməklə qeydlər olduğunu, həmin qeydlərin ünvan 2 ünvanda yerləşən 18 mərtəbəli binanın 12-ci mərtəbəsindəki 66 saylı mənzildən oğurlanmış elektrik naqillərinə aid olmadığını göstərmişdir (i/v 102). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/314 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim nümunələr əsasında qərarda qeyd edilən elektrik naqillərinin 2024-cü il yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 625 manat müəyyən edilmişdir (i/v 124-125). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinin maddi sübut kimi tanınması və iş materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (i/v 131- 140). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 08 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i/v 109-110, 112-121) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələbi, iddiası və şikayəti yoxdur, barəsində yüngül cəza verilməsini etiraz etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tam olaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 08 ay 24 gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan məhkəmə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzadan 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 aprel 2022ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrumetmə cəzasının 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd diskin və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-228/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-228/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver