Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-229/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili “Prospekt” Vəkil Bürosunun vəkili Nümayəndə İlyas oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi “MBM” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: N.H.Rüstəmov xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, K.R.Yusifovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, K.R.Yusifovaya qarşı “əmlakın bölünməsi tələbinə dair” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə cavabdeh tərəfindən məhkəməyə yazılı şəkildə etiraz ərizəsi təqdim edilmişdir. Cavabdeh K.Yusifova həmin etiraz ərizəsində onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli,və şərəf və ləyaqətini ləkələyən məlumatlar qeyd etmişdir. Belə ki, sözügedən etiraz ərizəsində göstərilmişdir ki; "... Ona görə zəng edirdim ki, 102-yə məcbur olub zəng edirdim ki, o evin əşyalarını atasıgilin evinə daşıyırdı və məni uşaqla evdən çıxartmaqla hədələyirdi...” (2-ci səhifə, 3cü cümlə); "... Mənə məxsus qızıl əşyalarımı, özünün nişan üzüyünü, uşağın kolyəskasını, körpə uşağın şəxsiyyət vəsiqəsini, evin sənədlərini, evdə olmuş 4 il ərzində topladığım 10.000 manat civarında pulu, uşağın ad günündə hədiyyə şəklində verilmiş qızıl əşyaları və pulları, mənim istifadə etdiyim adi yastıq və prostenaları (onları işdə növbətçi qalanda istiadə edir), mən işdə olan zaman televizorun göstərilməsində istifadə edilən apadı atv plusu oğurlamaqla yanaşı, adi köhnə corabları ata-anası yaşayan mənzilə apamışdır..."(2ci səhifə, 17-ci cümlə); "... Rüstəmov Namiq Ədliyyə işçisi olmasına baxmayaraq dələduzluq, şantajla məşğuldur..."(2-ci səhifə, 21-cicümlə); "... X4 özünə və bizə aid olan yuxarıda qeyd etdiyim əşyaları hələ nikahın pozulması barədə iddia ərizəsi verməmişdən xeyli əvvəl oğurlayıb valideynlərinin mənzilinə apannışdır. Dələduzluqla məşğuldur...” (3-cü səhifə, sonuncu cümlə). Halbuki, bu günə kimi o, heç kimi hədələməmiş, hər hansı şəxsə qarşı şantajedici hərəkətlərə yol verməmiş, habelə heç vaxt oğurluq və ya dələduzluq cinayət qanunvericiliyinə əsasən cinayət hesab edilir. Cavabdehin etiraz ərizəsində yazdıqlarından belə çıxır ki, tərəfindən sadalanan cinayət əməllərinə yol verilmişdir. K.Yusifova heç bir əsas olmadan məhkəməyə onu “oğru”, "dələduz", başqa sözlə isə "cinayətkar" kimi təqdim etmişdir. Sonuncu tərəfindən barəsində yanlış məlumatların yayılması onun ləyaqətinin, həmçinin həmin məlumatlar nəticəsində adıçəkilən qurumda ona qarşı "cinayətkar", “oğru”, “dələduz" təəssüratının yaranması, bir sözlə cəmiyyətdə ona münasibətdə mənfi rəy formalaşması onun şərəfinin ləkələnməsinə səbəb olmuşdur. Ona görə də, o, şərəf və ləyaqətinin müdafiə olunması və pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən etiraz ərizəsində qeyd edilən aşağıdakı məlumatların həqiqətə uyğun olmayan və şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməsi, həmin məlumatlara görə cavabdeh K.R.Yusifova tərəfindən şəxsən həmin məlumatların yayıldığı eyni ölçüdə və növdən olan şriftlə, eyni qaydada təkzib verilməklə notariat qaydasında tərtib edilmiş yazılı ərizə formasında iddiaçı N.H.Rüstəmovdan üzr istənilməsi vəzifəsinin cavabdeh K.R.Yusifovaya həvalə edilməsi, habelə dəymiş mənəvi ziyana görə 10.000 (on min) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdeh K.R.Yusifovadan alınaraq iddiaçı N.H.Rüstəmovun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli 2(006)-2712 saylı qətnaməsi ilə iddiam qismən təmin edilmiş, iddiaçı N.H.Rüstəmov barəsində cavabdeh K.R.Yusifovanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizədə işlətdiyi "...yuxarıda göstərilən qızıl-zinyət əşyalarından əlavə olaraq bildirirəm ki, mənim valideynlərim tərəfindən N.H.Rüstəmova hədiyyə olaraq verilmiş nişan üzüyünü də (italiyan modeli, 300 AZN) evin sənədləri ilə yanvar ayında oğurlayıb aparmışdır ...”, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinə qarşı verilmiş yazılı etiraz ərizəsində işlətdiyi "... Ona görə zəng edirdim ki, 102-yə məcbur olub zəng edirdim ki, o evin əşyalarını atasıgilin evinə daşıyırdı və məni uşaqla evdən çıxartmaqla hədələyirdi...”, "... Mənə məxsus qızıl əşyalarımı, özünün nişan üzüyünü,uşağın kolyeskasını, körpə uşağın şəxsiyyət vəsiqəsini, evin sənədlərini,evdə olmuş 4 il ərzində topladığım 10.000 manat civarında pulu, uşağın ad günündə hədiyyə şəklində verilmiş qızıl əşyaları və pulları, mənim istiadə etdiyim adi yastıq və prostenaları, mən işdə olan zaman televizorun göstərilməsində istifadə edilən apartı atv plusu oğurlamaqla yanaşı, adi köhnə corabları ata-anası yaşayan mənzilə aparmışdır...", "... N.Rüstəmov Ədliyyə işçisi olmasına baxmayaraq dələduzluq, şantajla məşğuldur...”, ”... N.H.Rüstəmov özünə və bizə aid olan yuxarıda qeyd etdiyim əşyaları hələ nikahın pozulması barədə iddia ərizəsi verməmişdən xeyli əvvəl oğurlayıb valideynlərinin mənzilinə aparmışdır. Dələduzluqla məşğuldur...”, ünvan 2 ünvanlamış 30.03.2017-ci il tarixli ərizədə işlətdiyi "... demək olar ki, mənzildə yaşamağa imkan vermir, elə gün olur ki, istifadə etdiyim telefonu da oğurlayır", ünvan 2 ünvanlamış 29.06.2018-ci il tarixli ərizədə işlətdiyi"... bu işi törədən dələduzluqla məşğul olan keçmiş həyat yoldaşım hal hazırda ünvan 3 ünvanında yaşayan N.H.Rüstəmovdur...” ifadələrin həqiqətə uyğun olmayan və iddiaçı N.H.Rüstəmovun şərəf və ləyqətini ləkələyən məlumatlar hesab edilməsi, həmin məlumatlara görə cavabdeh K.R.Yusifova tərəfindən şəxsən, iddiaçı N.H.Rüstəmovun yaşadığı ünvana həmin məlumatların yayıldığı eyni ölçüdə və növdən olan şriftlə, eyni qaydada yazılı ərizə formasında təkzib verilməklə üzr istənilməsi vəzifəsinin K.R.Yusifovaya həvalə edilməsi qət olunmuşdur. Rayon məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə icraya yönəldikdən sonra K.R.Yusifova həmin qətnamənin tələblərinə uyğun olaraq müvafiq ərizə ilə üzr istəmişdir. Göründüyü kimi, K.R.Yusifova həmin ərizələrdə onu cinayət törətməkdə ittiham edərək böhtan atmışdır. Halbuki, ortada qeyd olunan cinayətləri törətməsini sübut edən hər hansı mötəbər dəlil, habelə məhkəmə hökmü yoxdur. Göstərilənləri nəzərə alaraq K.R.Yusifovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili T.A.Baloğlanov bildirmişdir ki, K.R.Yusifovaya istinad edilən əməldə cinayət tərkibi yoxdur və şikayət ərizəsi əsassızdır. Belə ki, hər hansı şəxsin bu və ya digər məsələ ilə bağlı dövlət orqanlarına müraciət etməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları bildirmiş (yaymış) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Nəzərə almaq lazımdır ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır, bu səbəbdən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini yaratmır. Çünki, həmin məlumatları yalnız onların göndərildiyi şəxslər görə bilər. Yəni, burada kütləvilik əlaməti yoxdur. Göründüyü kimi K.R.Yusifovaya istinad edilən əməldə cinayət əlamətləri yoxdur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə ki, burada kütləvilik əlaməti yoxdur. Əgər böhtan xarakterli məlumatlar mətbuatda dərc edilsə, radio və televiziya verilişlərində səsləndirilsə, elektron vasitələrlə yayınlansa, kinoxronikal proqramlarda nümayiş etdirilsə, əsərlərdə təsvir edilsə, yığıncaq və toplantılarda deyilsə və sair üsullarla yayılsa idi o zaman həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində K.R.Yusifovaya istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. - Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. - Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. - Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-229/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-229/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver