Məhkəmə qərarları › İş №1(006)-23/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-23/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-23/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxslərin Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili nümayəndəsi: Nümayəndə Müdafiəçilər: Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Yevlax rayonu, Yəldili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləyən, məhkum olunmamış, Yevlax rayonu, Yəldili kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə və xx.xx.1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39A, mənzil 10-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda qaynatası Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özünün “X5” MMC-yə olan borcunu onun əvəzinə ödəyib-ödəməyəcəyini soruşduqda “yox” cavabı aldığı üçün telefonda Zərərçəkmiş şəxs1la mübahisə etmiş və telefon danışığını bitirdikdən sonra o, həmin günü saat 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 qaynatası Zərərçəkmiş şəxs1 bir qədər əvvəl telefon danışığı zamanı onun bacısının ünvanına nalayiq ifadə işlətdiyinə görə onu vurmağa getdiyini deyərək Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 121 saylı mənzilin qarşısına gələrək əsəbi halda mənzilin giriş qapısını bərkdən döymüş, Zərərçəkmiş şəxs1 qapını açdığı zaman Təqsirləndirilən şəxs1 mənzilin giriş qapısının qarşısında bina sakinlərinin ümumi istifadəsində olan ictimai yer hesab edilən dəhlizdə əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına uca səslə nalayiq ifadələr işlətməklə qəsdən münaqişəli vəziyyət yaradıb ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və qonşuluqda yaşayan sakinlərin rahatlığını pozmaqla etinasızlıq göstərərək bina sakinlərinə qarşı laqeydlik və eqoizmini nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutmaqla onunla telefon danışığı zamanı mübahisəsini cüzi bəhanə edərək heç bir əsaslı səbəb olmadan təpik və yumruqla qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda zərbələr vurmuş və təpiklə mənzilin dəmir materialdan olan giriş qapısının sol yan tininə zərbə endirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 əllərindən tutaraq qəsdən yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, həmin vaxt mübahisə səsinə mənzildən dəhlizə çıxaraq hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 ərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən döyüldüyünü görüb onları ayırmaq istədikdə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qollarından tutub saxlamasından istifadə edərək onların ictimai qaydanı kobud surətdə pozmalarının qarşısını alan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə istintaqa məlum olmayan silah qismində istifadə olunan beşbarmağa oxşar dəmir materialdan hazırlanmış alətlə qəsdən bir neçə zərbə vurmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mənzilin dəmir materialdan olan giriş qapısının kilidinin və iki ədəd qapı rəzəsinin yararsız vəziyyətə düşməsi, bir ədəd qapı rəzəsinin sınması, qapının deformasiyaya uğraması və zədələnməsi ilə zərər çəkmiş şəxsə 180 manat məbləğində maddi ziyan vurmuş, nəticədə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə həmin Məcəllənin 221.3-cü maddəsinin deyil, 221.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 11 iyun 2013-cü il tarixdə zərər çəkmiş şəxslərin qızı olan Vəfa ilə evlənmiş, birgə nikahdan 2014-cü ildə Raul, 2017-ci ildə isə Said adlı övladları dünyaya gəlmişdir. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl onunla münasibəti pisləşdiyi üçün o, evdən gedib atasıgildə qalmışdır. 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 20:30 radələrində qohumları Şahid1 və Şahid3lə birlikdə kafedə yemək yeyib, az miqdarda araq içmişlər. Bu zaman kiçik oğlu Said anasının telefon nömrəsi ilə ona zəng edərək ondan “Coca-Cola” almağını istəmişdir. O da ailəsinin yaşadığı evdə olacaqlarını güman edib evə getmiş və qapının bağlı olduğunu görmüşdür. Eyni zamanda həmin vaxtdan bir neçə gün öncə qaynatası Zərərçəkmiş şəxs1la arasında danışıq olmuşdur ki, lazım olanda onunla əlaqə saxlasın, arvadı Vəfaya zəng etməsin. Buna görə də o, öz mobil telefonundan qaynatasının telefonuna zəng vurub hal-əhval tutduqdan sonra uşaqlarının onun evində olub-olmadığını soruşmuşdur. Natiq isə ona sərt cavab verdiyi üçün aralarında mübahisə yaranmış, Natiq onun bacısını ağır formada söyərək telefonu söndürmüşdür. Bundan sonra o nə qədər Natiqə zəng vursa da, sonuncu zənglərə cavab verməmişdir. O da bu vəziyyətdən çox əsəbləşmiş və hirsli formada həmişə dostları ilə görüşdüyü “Şamaxinka” deyilən ərazidə yerləşən “Mameyi” adlı kafenin qarşısında olan zaman dostu Təqsirləndirilən şəxs2 ora gəlmişdir. Rüfətin də həmin yerə gəlməsinin səbəbi o idi ki, onlar bir neçə saat əvvəl həmin kafedə görüşüb çay içməyi razılaşmışlar. Söhbət əsnasında Rüfətə qaynatası tərəfindən söyüldüyünü və bunun səbəbini aydınlaşdırmaq üçün Natiqin evinə getmək istədiyini demişdir. Rüfət də nə qədər onu bu yoldan çəkindirmək istəsə də, o, onun yanında bir neçə dəfə Natiqə zəng vurmuş, lakin Natiq telefonu zənglərinə yenə cavab verməmişdir. O da bundan daha da əsəbləşib Natiqə məzmununda nalayiq ifadələr olan “sms”lər yazaraq onun evinə gələcəyini demişdir. Rüfət də onu tək buraxmaması üçün onunla birlikdə getmişdir. Onlar Natiqin yaşadığı binaya gəlmiş, binanın girişində quraşdırılmış “domofon”dan o, Natiqə bilərəkdən zəng vurmamışdır ki, sonuncu onun gəldiyini bilməsin. Daha sonra tanımadığı bina sakini qapını açanda Rüfətlə birlikdə o liftə daxil olaraq Natiqin yaşadığı 7-ci mərtəbəyə qalxmışlar. İsti olduğu üçün o, liftdə qolundakı qolbağı əynindəki gödəkçənin cibinə qoyaraq onu çıxarıb saxlamaq üçün Rüfətə vermişdir. Daha sonra liftlə həmin mərtəbəyə çatanda o, sola dönüb Natiqin yaşadığı mənzil tərəfə getmiş, Rüfət isə orada qalmışdır. Natiqin mənzilinin qapısına gələndə qapının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin vaxtı Natiq dəhlizdə olan divanda əyləşmişdir. O, Natiqə yaxınlaşmış və nə üçün onun bacısının söydüyünü soruşmuşdur. Natiq də onu növbəti dəfə təhqir etdiyi üçün aralarında mübahisə yaranmış, əlbəyaxa olmuşdur. Natiq onu itələyərək mənzilin qapısının qarşısına çıxarmış, bu zaman Rüfət də arxadan onu tutaraq liftə tərəf gətirmiş və onlar çıxıb getmişlər. Hadisə zamanı özü sol diz oynağı nahiyəsindən xəsarət almışdır. Bundan sonra onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsindən çağırmışlar. O da xx.xx.2021-ci il tarixdə polisə gedib izahat verərək şikayətçi olduğunu demiş, sonra tibbi ekspertizada müayinədən keçmişdir. Mübahisə onunla qaynatası Natiq arasında baş vermiş, qaynanası Zərərçəkmiş şəxs2 hansı şəraitdə xəsarət almasını və qapının necə zədələnməsini bilmir. O, Zərərçəkmiş şəxs2 vurmamış, əlində də heç bir beşbarmaq və sair dəmir parçası olmamışdır. Ümumiyyətlə hansısa dəmir əşya ilə mübahisə etdiyi Zərərçəkmiş şəxs1 yox, sonradan Zərərçəkmiş şəxs2 vurması məntiqə sığmır. Əgər onun əlində belə bir əşya var idisə, elə ilk andan onunla Zərərçəkmiş şəxs1 xəsarət yetirilə bilərdi. O, heç bir xuliqanlıq etməmişdir. Onun özünün aldığı xəsarəti isə ona Zərərçəkmiş şəxs1 yetirmişdir. Rüfət isə hadisə zamanı heç kimə xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs1 da tutmamışdır. Bundan əlavə qeyd edir ki, əvvəllər işlədiyi “X5” MMC-yə olan borcunun ödənilməsini Natiqdən tələb etməmişdir. 2019-cu ilin fevral ayında qaynatası Natiqin köməkliyi ilə 12.500 manata “Toyota Prius” markalı avtomobil almış və bu puldan 1.700 manatı ona aid olmuşdur. Avtomobili alandan sonra ayda hissə-hissə olmaqla borcunu Zərərçəkmiş şəxs1 qaytarmış və cəmi 2.500 manat borcu qalmışdır. Digər borcları ilə əlaqədar 2021-ci ilin avqust ayının ortalarında avtomobili girov qoyaraq 4.500 manat kredit götürmüş, daha sonra oktyabr ayında xalası oğlu Şahid1la Zərərçəkmiş şəxs1 bu avtomobili girovdan çıxarıb satmışlar. Natiq kreditin pulunu, həmçinin onun ona qalmış borcunu oradan götürmüş, şirkətə olan borcu da oradan çıxılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 hadisədən təxminən bir il əvvəl tanımış və həmin vaxtdan etibarən yoldaşlıq etmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində Emillə onların yaşadığı evə getdiyi zaman tanımışdır. Onları ancaq hadisə günü görmüşdür. Əvvəllər onları tanımasa da, Emildən onlar haqqında eşitmiş, münasibətlərinin son zamanlarda gərgin olduğunu isə bilməmişdir. 06 oktyabr 2021-ci il tarixdə, axşam saat 08 radələrində Emil ilə görüşüb yemək yeməyi planlaşdırsa da, işi ilə əlaqədar o həmin vaxtı onunla görüşə bilməmiş, sonra zəngləşib 9-cu mikrorayon tərəfdə yerləşən kafedə çay içməyi razılaşmışlar. Axşam saat 09 radələrində o həmin yerə gələn zaman görmüşdür ki, Emil bayırda əsəbi formada daynıb. O da ondan nə baş verdiyini soruşanda, Emil ona bildirmişdir ki, yaşadığı evə gedib uşaqları ilə görüşmək istəmiş, lakin onların orada olmadığını görüb qaynatasına zəng vurmuş. Sonuncu da heç bir səbəb olmadan onu və bacısını söymüşdür. Buna görə də gedir onunla məsələni aydınlaşdırmağa. O da Emilin bir az sərxoş olduğunu görüb ona bildirmişdir ki, səhər gedib birlikdə qaynatanla danışarıq. Emil isə israrla indi gedəcəyini bildirmiş, o da onu sakitləşdirə bilməmişdir. Bundan sonra Emil piyada qaynatasıgilə getməyə başlamışdır. O da məcbur olub onunla birlikdə getmişdir ki, əgər birdən Emil qaynatası ilə dalaşsa, buna imkan verməsin. Bir müddət sonra Emilin qaynatasının yaşadığı binaya gəlmiş, blokun qapısını başqa sakin açandan sonra onlar liftə daxil olub 7-ci mərtəbəyə qalxmışlar. Liftdə olarkən Emil isti olduğunu deyib qolundakı qolbağı gödəkçəsinin cibinə qoyaraq onu əynindən çıxarıb saxlamaq üçün vermişdir. Mərtəbəyə çatanda Emil dəhlizdən sola getmiş, o isə liftin yanında onu gözləyəcəyini demişdir. Emil qapını açıb mənzilə daxil olaraq Zərərçəkmiş şəxs1 nəyə görə onun bacısının söydüyünü soruşmuş və beləliklə aralarında sözlə mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 onu bayıra itələmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 onları aralamağa başlamış, o da hadisənin öz məcarasından çıxdığını görüb tez onların yanına gedərək Emili qaynatasından ayırmış, Zərərçəkmiş şəxs1 isə içəri salıb Emili lift tərəfə aparmışdır. Zərərçəkmiş şəxs1 bir daha sakit olub içəri girməsini bildirib Emili liftə salıb getmişlər. Hadisə zamanı Emilin əlində və ya əynindəki paltarların cibində hansısa dəmir olmamış, özü də belə əşyanı yerdən götürüb cibinə qoymamışdır. Hadisə zamanı mənzilin giriş qapısının deformasiyaya uğraması, kilid və rizələrinin sınaraq yarasız vəziyyətə salınması barədə heç nə bilmir. Ola bilsin ki, bunlar mübahisə zamanı yaranıb. Eyni zamanda Emillə bərabər onun da hadisə vaxtı Zərərçəkmiş şəxs1 əvvəlcə tutub saxlamağı, sonra isə vurması barədə məlumatlar yalandır. O, ümumiyyətlə hadisə zamanı heç kimi vurmamış, əksinə olaraq tərəfləri aralamışdır. Onu da qeyd edir ki, hadisə ilə bağlı Bakı Şəhəri Baş Polis İdarəsində araşdırma aparılan zaman Zərərçəkmiş şəxs1 onunla görüşərək bildirmişdir ki, “gəl müstəntiqə yalan olaraq ifadə ver ki, Emilin əlində silah qismində əşya olub, onda mən də yazacam ki, Rüfətin hadisə zamanı məni vurmasını həqiqətən görməmişəm”. Sonra ona ittiham veriləndə Zərərçəkmiş şəxs1 ona demişdir ki, “mən müstəntiqlə danışmışdım, sən gəlib mənim xeyrimə ifadə vermədiyin üçün məsuliyyətə cəlb olunmusan, əgər istəsən yenə də danışaram.” O isə Natiqin qanunsuz təklifləri ilə razılaşmamış, eyni zamanda onunla olan danışıqları telefonuna yazaraq Emilə göstərmiş, sonuncu da bundan prokurorluğa şikayət etsə də, məsələ örtbasdır olunmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qızı Vəfa Təqsirləndirilən şəxs1 ilə 11 iyun 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan Raul və Said adlı uşaqları anadan olmuşlar. Onların ilkin vaxtlarda münasibətləri normal olsa da, son 04 ildə pisləşməyə başlamışdır. Son zamanlar Emil qızı Vəfadan və ondan müxtəlif məbləğlərdə pul istəmiş, o da kürəkəni olduğuna və qızı ilə münasibətləri pisləşməsinə görə Emilə müxtəlif məbləğlərdə pulu borca vermişdir. Ancaq Emil həmin pulları qaytarmamışdır. Sonradan bilmişdir ki, Emil bu pulların hamısını qumarda uduzub. O, Emilin işsiz olduğunu görüb onu 2021-ci ilin iyun ayının 20-də “X5” MMC-yə satış təmsilçisi vəzifəsinə işə düzəlməsinə köməklik etmişdir. Emil şirkətdə iki ay yarım işləmiş və bu müddət ərzində onun şirkətə borcu yaranmışdır. Şirkət əvvəlcə onun valideynlərini, sonra isə onu dəvət edib bildirmişlər ki, Emil şirkətin xəzinəsinə satışdan əldə olunmuş 3.147,47 manat məbləğində pulu ödəməmiş, bu barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və iş yerinə dəvət edilməsinə baxmayaraq, o işə gəlməkdən və pulu ödəməkdən boyun qaçırır. Emil də qızı Vəfaya bildirmişdir ki, həmin ödənişi atası ödəsin, o da sonra onu geri qaytarar. Qızı da bu barədə ona və anasına məlumat vermişdir. Bu məsələ təxminən 2021-ci ilin oktyabr ayının 01-06-sı tarixləri arasında baş vermişdir. Hətta Emil onun telefonuna zəng vuraraq demişdir ki, “əmi mənim borcum var, mənə köməklik elə onları ödəyim”. O da Emilə demişdir ki, “mən sənə əvvəllər də borc pul vermişəm, sən heç bir pulu geri qaytarmamısan, sən nə işlə məşğul olursan?” Emil də cavabında onu kobud və nalayiq sözlərlə təhqir etməyə başlamış, hətta onu təhdid etmişdir ki, əgər pulu ödəməsən, qızı və ona xəsarət yetirəcək. O da Emilə cavab olaraq bildirmişdir ki, 2013-cü il buraxılışlı, onun şəxsi vəsaiti hesabına alınan “Toyota Prius” markalı avtomobili gətir sataq, əldə etdiyi pulla borcları ödəyək. Emil də cavabında bildirmişdir ki, “borcum olduğuna görə həmin maşını aparıb girov qoymuşam, borcumu qaytara bilmədiyim üçün avtomobili başqasının mülkiyyətinə keçirmişəm”. Aralarında olan bu söz-söhbətə görə Emil evdən çıxıb getmişdir. 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində Emil ona zəng vurub soruşmuşdur ki, o, onun “X5” MMC-yə olan borcunu ödəyir ya yox. O da Emilə onun ödəməyəcəyini söyləmişdir. Buna görə Emil ilə telefonda sözlə mübahisələri olmuş, sonuncunu da onu təhqir edib gəlib arvadı ilə onu vuracağını bildirmişdir. O isə Emilin sərxoş olduğunu hiss edib bu sözlərə əhəmiyyət verməyərək zəngi bağlamışdır. Bundan sonra Emil telefon vasitəsilə ona söyüş dolu “sms”lər yazmış, səs yazıları göndərmişdir. Təxminən saat 22:30 radələrində o, arvadı Zərərçəkmiş şəxs2 ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7A, mənzil 121-də olarkən qapının möhkəm döyüldüyünü eşidib onu açmış, bu zaman Emili və yanında əvvəllər görmədiyi, tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Emil onu mənzildən dəhlizə dartaraq əl və təpiyi ilə onun döş, qarın, baş, qol nahiyəsindən bir neçə dəfə zərbələr endirmiş, o da onu əlləri ilə itələyib qapını bağlamaq istəmişdir. Bu zaman hər ikisi onun üzərinə gələrək bədəninin müxtəlif hissələrinə əl və ayaqları ilə zərbələr vurmuşlar. Emil, həmçinin, mənzilin giriş qapısını təpiklə vuraraq onu əzmiş, nəticədə qapı əzilərək deformasiyaya uğramış, kilidi sınmış, rəzəsinin bir ədədi sınmış, digərləri isə əyilərək yarasız hala düşmüşlər. Arvadı Sevda onu onların əlindən almağa çalışsa da, Emilin yanında olan və birlikdə onu döyən, sonradan adının Rüfət olduğunu bildiyi şəxs onu hər iki əlləri ilə arxadan tutub saxlayaraq yumruqla vurmuş, Emil isə əlində beşbarmağa bənzər dəmir alətlə arvadına yumruq zərbələri vuraraq xəsarətlər yetirmişdir. Sonra Emilin əlindən bu alət yerə düşmüş, Rüfət də tez onu yerdən götürərək cibinə qoymuşdur. Həmin zaman səs-küyə qonşuları Gültəkin və Ramin dəhlizə çıxmış, onları Emil və Rüfətin əlindən almağa çalışmışlar. Daha sonra isə Emil və Rüfət həmin oradan uzaqlaşmağa başlasalar da, Emil yenidən onların üzərinə gəlmək istəmiş, lakin Rüfət onu tutub güclə liftə mindirmişdir. O, Emili vurmamış və ola bilsin ki, onun aldığı xəsarət qapıya zərbə endirilərkən yaranıb. Eyni zamanda, hadisədən sonra qızı və arvadı ona demişlər ki, Emilin borcunu ödəsin, yoxsa o, yenidən kiməsə xəsarət yetirər. O da bundan qorxaraq məcbur olub 07 oktyabr 2021-ci il tarixdə “X5” MMC-yə Emilin 3.147 manat borcunu ödəmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qızı Şahid6 11 iyun 2013-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki oğlan övladları dünyaya gəlmişdir. Onların ailə münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Belə ki, kürəkəni Təqsirləndirilən şəxs1 son vaxtlar qızı Vəfadan və yoldaşı Zərərçəkmiş şəxs1 mütamadi olaraq pul istəmiş, əri Natiq də qızının ailəsində sözsöhbət olmasın deyə ona borca pullar vermişdir. Ancaq Emil pulları alsa da, geri qaytarmamışdır. Hətta əri Emilin işsiz olduğunu görüb onu “X5” MMC-yə işə düzəltmiş, lakin Emil işlədiyi müddət ərzində şirkətə maddi ziyan vurduğu üçün ordan çıxarılmışdır. Borcun olması barədə şirkət ərinə də məlumat vermişdir. Emil də qızı Vəfaya bildirmişdir ki, şirkətin pulunu Natiq ödəsin, o isə sonra onu geri qaytarar. Bunu Emil ərinin özündən da xahiş etmişdir. Natiq də ona əvvəlki borclarını hələ qaytarmadığını və onun nə işlə məşğul olduğunu deyəndə, sonuncu onunla kobud danışmış, pulu ödəməyəcəyi təqdirdə qızı Vəfaya və ona xəsarət yetirəcəyini bildirmişdir. Natiq də ona onun aldığı maşını satıb borcunun ödəməsini deyəndə, Emil digər borcu olduğu üçün maşını girov qoyduğunu, hətta başqasının adına keçirdiyini söyləmişdir. 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində Emil yenidən ərinə zəng vurub bu borcun ödəyib-ödəmədiyini soruşanda, Natiqdən “yox” cavabını aldığı üçün onu təhqir etməyə başlamış, onları vuracağını bildirmişdir. Natiq də Emilə heç nə deməyərək telefonu söndürmüşdür. Təxminən yarım saatdan sonra əri ilə mənzildə olarkən qapının möhkəm döyüldüyünü eşitmiş, Natiq də qapını açanda Emil yanında onun tanımadığı bir nəfər şəxslə durmuşdur. Emil qəflətən Natiqə bir neçə zərbə endirmiş, əri də onu geriyə tərəf əlləri ilə itələyərək qapını bağlamaq istəmişdir. Lakin Emil və onun yanında olan, sonradan adını bildiyi Rüfət bayır tərəfdən zor işlədərək qapını açmışlar. O da tez onlara yaxınlaşıb ayırmaq istəsə də, Rüfət Natiqi hər iki əlləri ilə tutub saxlamış, Emil isə ərini vurub sonra onun üzərinə gələrək yumruq və təpiklə ona xəsarətlər yetirmişdir. Bundan sonra o, səs-küy salmağa başlamış, həmçinin, parıltılı rəngdə yerə düşən dəmir parçasını görmüşdür. Dava-dalaş zamanı o, həmin dəmir əşyanı görməsə də, güman etmişdir ki, bu Emilin əlində olmuşdur. Rüfət həmin vaxt dəmiri yerdən götürüb cibinə qoyaraq Emili oradan aparmağa çalışmış, dəhlizə çıxan qonşular Gültəkin və Ramin də onları aralamışlar. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Hadisədən sonra qızı və o Natiqə demişlər ki, Emilin borcunu ödəsin, yoxsa o, yenidən kiməsə xəsarət yetirər. Natiq də məcbur olub şirkətə gedib Emilin borcunu ödəmişdir. Emil və Rüfətdən şikayətçidir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun ünvan 1 binanın 7-ci mərtəbəsində qonşularıdır. Emili Natiqin kürəkəni kimi tanıyır, onu ora gəlib-gedəndə görmüşdür. 06 oktyabr 2021-ci il tarixdə, saat 22-23 radələrində o, nəvələri ilə öz mənzilində olmuş və yatmağa hazırlaşırdılar. Bu zaman bayırda dəhlizdən qışqırıq səslərini eşidib dərhal qapıya yaxınlaşaraq göz dəliyindən baxanda görmüşdür ki, Emil ilə Natiq arasında dava-dalaş var. Ailə məsələsi olduğunu zənn edib əvvəlcə bayıra çıxmaq istəməmiş, sonra isə Sevdanın qışqırıq səsini eşidib üst paltarını geyinərək dəhlizə, qapısının qarşısına çıxmışdır. Bu zaman bir nəfər şəxsin Emili Natiqdən aralamağa çalışdığını və lift tərəfə apardığını görmüşdür. Bununla belə Sevdanın vurulmasını müşahidə etməmişdir. Həmin vaxtı Ramin adlı qonşu da mənzilindən çıxıb tərəfləri sakitləşdirməyə çalışırdı, o isə heç kimi aralamamış, sadəcə olaraq baş verənləri müşahidə etmişdir. Kiminsə əlində dəmir parçasını görməmiş, heç bu barədə sonradan da eşitməmişdir. Ümumiyyətlə qeyd edir ki, o, latın qrafikalı əlifba ilə yaxşı oxuya bilmir, buna görə də izahatını müstəntiq tərəfindən doğru yazıldığını guman edərək imzalamış və bu barədə kiril qrafikası ilə qeyd aparmışdır. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşularıdır və eyni mərtəbədə yaşayırlar. 06 oktyabr 2021-ci il tarixdə axşam vaxtı mənzilində olarkən dəhlizdə qışqırıq səslərini eşitmiş və bayıra çıxanda görmüşdür ki, Natiqin üzərinə onun kürəkəni kimi tanıdığı Emil gələrək vurmaq istəyir, adı sonradan ona məlum olan Rüfət isə Emili tutub saxlayır və liftə tərəf aparır. Zərərçəkmiş şəxs2 da Natiqi tutub saxlamış, o da onu sakitləşdirib içəri aparmağa cəhd etmişdir. Ümumiyyətlə, hadisənin birbaşa necə baş verdiyini, davanın kimlərin arasında olduğunu, Emildə dəmir parçasının olduğunu görməmişdir. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli binanın komendantının köməkçisidir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin binada 7-ci mərtəbədə yaşayır. 06 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində xidməti otağında olarkən binada qışqırıq səslərini eşitmiş, dərhal otaqdan bayıra çıxanda bir nəfər sakin ona 7-ci mərtəbədə dava-dalaş olduğunu bildirmişdir. Buna gör də o, binaya daxil olub liftlə 7-ci mərtəbəyə qalxmış və Zərərçəkmiş şəxs1 əsəbi halda mənzilinin qarşısında arvadı ilə olduğunu görüb ona yaxınlaşmış və onların deməsinə görə iki nəfər şəxs basqın edərək onları döymüşlər. Ancaq o, onlarda xəsarət izini müçahidə etməmiş, sadəcə mənzilin qapısının rəzəsində əyrilik olduğunu görüb onu düzəltmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. 06 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Şamaxinka” deyilən yerdə Emil və dayısı oğlu Orxanla görüşərəlk şam yeməyi üçün “Mamayi” adlı kafeyə getmiş, üç nəfərə 0,5 l araq içmişlər. Orada olarkən Emilin arvadı Vəfanın telefonundan onun oğlu görüntülü zəng edərək ona “Coca-Cola” içkisini almasını istəmiş, Emil də durub getmişdir. Bundan bir neçə saat sonra, təxminən saat gecə 01 radələrində Emildən xəbər tutmuşdur ki, o qaynatası Natiqgilə gedərək aralarında mübahisə baş vermişdir. Məhkəmə istintaqında Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: • Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatında göstərir ki, “...........xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:25 radələrində yaşadığım ünvan 2 ünvanda olduğum zaman kürəkənim Təqsirləndirilən şəxs1 və onun adını bilmədiyim dostu mənim evimə gələrək heç bir söz demədən üzərimə hücum edərək Emilin dostu mənim əl-qolumu tutdu və bu zaman Emil yumruqla və əlində olan dəmirlə bədənimin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdikdən sonra həyat yoldaşım Zərərçəkmiş şəxs2 da bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir......” (İ cild, i.v.08-09); • xx.xx.2021-ci il tarixli “Zərər çəkəni dindirmə” protokolunda Zərərçəkmiş şəxs1 göstərir ki, “.................Təxminən yarım saatdan sonra, yəni 22:30 radələrində mən yoldaşım Zərərçəkmiş şəxs2 ilə mənzildə olarkən gördük ki, mənzilin qapısı döyülür, qapıya yaxınlaşıb açdım, gördüm ki, Təqsirləndirilən şəxs1 yanında əvvəllər görmədiyim və tanımadığım bir nəfər şəxslə gəliblər. Mən qapını açdıqda Emil əvvəlcə əl və təpiyi ilə mənim döş, qarın, baş, qol nahiyəmdən bir neçə dəfə vurmağa başladı. Mən də onu geriyə tərəf əllərimlə itələdim, səsimə yoldaşım Sevda yaxınlaşdı, həmin vaxtı Emilin yanında olan Rüfət adlı şəxs məni hər iki əlləri ilə tutub saxlamağa başladı, Emil də yoldaşımı vurmağa başladı. Rüfət də məni tutub saxlamaqla yanaşı, bədənimdən yumruqla vurmağa başladı..... Daha sonra Emil və Rüfət həmin yerdən uzaqlaşmağa başladılar, hətta Rüfət Emili liftə güclə tutub mindirdi, çünki Emil yenidən mənim üzərimə gələrək vurmaq istəyirdi. Əlavə olaraq bir şeyi qeyd edim ki, həmin vaxtı yerə kiminsə əlindən balaca beşbarmağa oxşar dəmir parçası düşdü, Rüfət onu götürərək cibinə qoydu......” (İ cild, i.v.52-57); • Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin 20-ci polis bölməsinə xx.xx.2021-ci il tarixdə verdiyi izahatında göstərir ki, “...........xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:25 radələrində yaşadığımız ünvan 2 ünvanda olduğumuz zaman kürəkənim Təqsirləndirilən şəxs1 mənim evimə gəldiyi zaman həyat yoldaşım Zərərçəkmiş şəxs1 qapını açdığı zaman onu vurduqdan sonra mənim bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq xəsarət yetirmişdir.............” (İ cild, i.v.17-18); • Şahid2 dindirmə protokollarından görünür ki, bu sənəd də əks olunmuş ifadələr latın qrafikalı əlifba ilə tərtib olunmuş, Şahid2 isə onları imzalayarkən və qeydlərini verərkən kiril qrafikalı əlifbadan istifadə etmişdir (İ cild, i.v.72-75, İİ cild, i.v.45-48); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Nəsimi rayon şöbəsinin: • xx.xx.2021-ci il tarixli, 932 saylı rəyinə əsasən 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin ön səthinin, qarın nahiyəsinin sıyrıqları və sağ bazu nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsiri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (İ cild, i.v.32-33); • xx.xx.2021-ci il tarixli, 952 saylı rəyinə əsasən 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sağ saidin qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (İ cild, i.v.38- 39); • xx.xx.2021-ci il tarixli, 18 saylı rəyinə (952 saylı rəyə əlavə) görə 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ dirsək oynağı nahiyəsinin, həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinliyi, sağ saidin qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər küt yaranma mexanizminə malik olub, o cümlədən qərarda göstərilən şəraitdə, yəni dəmir alətin küt hissəsi ilə vurulması nəticəsində əmələ gəlməsi inkar olunmur (İ cild, i.v.107-108); • 23.10.2021-ci il tarixli, 948 saylı rəyinə əsasən 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuq xəsarət – sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəyi təyin olunmur. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi (İ cild, i.v.35-36); • “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs1 təqdim etdiyi disklərə baxış keçirilir. Video görüntülər olan diskin 1-ci faylında 2 nəfər kişi cinsli, hər ikisinin əynində qara rəngli gödəkcə olan, cavan yaşlarında olan şəxsin binanın giriş qapısına yaxınlaşması görünür. Onlardan biri (Təqsirləndirilən şəxs1) qapının “domafonu”nun düymələrini basmaq istəyir, lakin fikrindən daşınır. Bundan bir neçə saniyə sonra girişə yaxınlaşan şəxsin qapını açmasından sonra onlar binaya daxil olurlar. 2-ci faylda olan görüntüdə həmin şəxslər binaya daxil olur və liftə doğru gedir. 3-cü faylda olan görüntüdə bu şəxslər liftdə minir və yuxarı qalxırlar. Bu zaman onlardan biri (Təqsirləndirilən şəxs1) sağ qolundan qolbağı çıxararaq əynində olan qara rəngli gödəkcəsinin cibinə qoyur, sonra isə gödəkçəni çıxararaq saxlaması üçün digərinə (Təqsirləndirilən şəxs2) verir, sonuncu da onu alaraq öz qolu üzərinə atır. Liftdən düşənə yaxın isə Təqsirləndirilən şəxs1 liftin çıxışına doğru dönərək sağ əlinin barmaqları ilə hədələmə hərəkətləri edir. Liftin qapısı açıldıqdan sonra Təqsirləndirilən şəxs1 sağ tərəfə, Təqsirləndirilən şəxs2 isə sol tərəfə gedib sonra geriyə dönür. 4-cü faylda olan görüntüdə Rüfət Emili çəkə-çəkə liftə mindirir, Emil də minə-minə kimisə nəsə deyir və onun üzərinə getməyə çalışır, Rüfət də sağ əli ilə həmin tərəfə işarə edir, sonra liftə minib enirlər. Liftin içərisində Rüfətin əvvəlki kimi sakit halda olduğu və əlində Emilin gödəkçəsini tutduğu görsənir. 5-ci faylda olan görütüdə polis əməkdaşlarının binanın giriş qapısından binaya daxil olduqları görünür. Bütün hadisə təxminən 3 dəqiqə davam edir. • Digər diskdə olan hər 3 səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 “WhatsApp” proqramı vasitəsilə göndərdiyi səslərdə söyüş ifadələri müəyyən olunur. • Üçüncü diskdə olan şəkillərdə isə Emil tərəfindən “WhatsApp” proqramı vasitəsilə göndərilən mesajlarda “Natiq”, “Telefonu götur”, “Ayəəəə tryabkaaa”, “Sənin ağzındakı dilin var ey bajıma söyən onu tutub kəsməsəm səndən əl çəkən deyiləm” və s. kimi yazılara rast gəlinir (İ cild, i.v.226-228); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5244 saylı rəyinə əsasən tədqiqata təqdim edilən, "xxxx" Kiçik Müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən mənzilin dəmirdən olan qapısına vurulmuş ziyanın ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 180 manat müəyyən olunur. O cümlədən, giriş qapısı zədələnmiş və deformasiyaya uğramışdır, bərpa xərci – 80 manat, kilid yararsız vəziyyətə düşmüşdür – 30 manat, rəzə 03 ədəd yararsız hala salınmış və bir ədədi sınmışdır – 70 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.87-89); • Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 cinayəti etiraf edəcəyi təqdirdə onu cinayət məsuliyyətindən azad olunması üçün müstəntiqlə razılığa gələcəyi barədə xüsusatların öz təsdiqini tapmadığı göstərilib (İİ cild, i.v.245-248); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-576/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 01 ay 29 gün həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin onun tutulduğu vaxtdan hesablanması qərara alınmışdır (İ cild, i.v.136-138); • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 082-10129 saylı məktubunda qeyd olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə Heydər Əliyev adına beynəlxalq hava limanından ölkə hüdudlarını tərk etdiyi müəyyən olunduğu üçün onun barəsində dövlətlərarası və beynəlxalq axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə idarəyə Azərbaycan Respublikasında İnterpolun MMB-dən daxil olmuş 021-1328-1222 saylı məktubunda Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının səlahiyyətli orqanları tərəfindən saxlanıldığı və məhkəmə qərarına əsasən xx.xx.2022-ci il tarixdə ekstradisiya olunması üçün həbs edildiyi (həbs müddəti xx.xx.2022-ci il tarixdə başlayır və xx.xx.2022-ci il tarixdə bitəcəkdir) qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasında İnterpolun MMB-dən daxil olmuş 021-2205-1222 saylı məktubda Rusiya Federasiyasının Ukrayna Respublikasında həyata keçirdiyi hərbi əməliyyatlar səbəbindən Təqsirləndirilən şəxs1 ekstradisiyası əlavə bildiriş olanadək təxirə salındığı qeyd olunmuşdur (İ cild, i.v.165-167); • Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-4117 saylı məktubunda qeyd olunur ki, Əliyev X3 Respublikası DİO əməkdaşları tərəfindən tutulduqdan sonra Ukrayna Respublikasından Azərbaycana ekstradisiya edilərək xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İ cild, i.v.229); • Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-410/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılsa da, xx.xx.2022-ci il tarixli, 4(011)-443/2022 saylı qərarla onun həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.25-30, 93-102, 106-108); • 21.09.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.191-192); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabr ayının 07-si və 12-i tarixli arayışlarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dair əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur (İ cild, i.v.119-121); • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki övladı var (İİİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün onlara isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə ittiham aktında Təqsirləndirilən şəxs2 əməli bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması, Təqsirləndirilən şəxs1 isə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini törətməkdə ifadə olunur. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarında, həmçinin, göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Məhkəmədə tədqiq edilmiş ifadələrə əsasən Təqsirləndirilən şəxs1 06 oktyabr 2021ci il tarixdə, təxminən saat 20:30 radələrində qohumları Şahid1 və Şahid3lə birlikdə kafedə yemək yeyib, araq içmiş və kiçik oğlunun ondan “Coca-Cola” istəməsi səbəbindən oradan çıxıb getmişdir. Daha sonra qaynatası Zərərçəkmiş şəxs1 zəng vuraraq onunla danışmış və bu zaman aralarında mübahisə baş vermişdir. Bu mübahisənin yaranmasına səbəb kimi Təqsirləndirilən şəxs1 arvadı və uşaqlarının yaşadığı evdən olmamasını görüb qaynatası Zərərçəkmiş şəxs1 zəng vurub uşaqlarının onun evində olub-olmadığını soruşanda sonuncunun ona sərt cavab verməsini və sonda onun bacısını ağır formada söyməsini (bunu onun Zərərçəkmiş şəxs1 “WhatsApp” proqramı vasitəsilə yazdığı mesajlardan (“Sənin ağzındakı dilin var ey bajıma söyən onu tutub kəsməsəm səndən əl çəkən deyiləm”) görmək mümkün olur), Zərərçəkmiş şəxs1 isə həmin vaxtı Emilin sərxoş halda ona zəng vuraraq əvvəlki işlədiyi “X5” MMC-yə olan borcunu ödəyib-ödəməməsini soruşması və onun da bunun ödəməyəcəyini deyəndə, Təqsirləndirilən şəxs1 onunla mübahisə edib təhqir etməsi, gəlib onu və arvadını vuracağının bildirməsini göstərmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 binanın qarşısına gəlmiş və işdə olan video görüntüyə əsasən girişə yaxınlaşan başqa şəxsin qapının açmasından sonra onlar binaya daxil olub liftə minmişlər. Liftdə olarkən Təqsirləndirilən şəxs1 sağ qolundan qolbağı çıxararaq əynində olan gödəkcəsinin cibinə qoymuş, sonra isə gödəkçəni çıxararaq saxlaması üçün Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu da gödəkçəni alaraq öz qolu üzərinə atmışdır. Liftdən düşənə yaxın Təqsirləndirilən şəxs1 liftin çıxışına doğru dönərək sağ əlinin barmaqları ilə hədələmə hərəkətləri etmiş, liftin qapısı açıldıqdan sonra isə o sağ tərəfə, Təqsirləndirilən şəxs2 isə sol tərəfə gedib sonra geriyə dönmüşdür. Bundan sonra mübahisə yaranmış, bunun nəticəsində Zərərçəkmiş şəxs1 dərəcəsi təyin edilməyən, arvadı Zərərçəkmiş şəxs2 isə yüngül dərəcəli bədən xəsarətləri yaranmış, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mənzilin dəmir materialdan olan giriş qapısının kilidi və iki ədəd qapı rəzəsi yararsız vəziyyətə düşmüş, qapı deformasiyaya uğrayaraq zədələnmişdir. Zərər çəkmiş şəxslər Təqsirləndirilən şəxs1 başqa mübahisədə Təqsirləndirilən şəxs2 da iştirakını, hətta onun Zərərçəkmiş şəxs1 əllərindən tutaraq saxlaması və vurmasını, bununla da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 beşmarmaq və ya hansısa dəmir parçası ilə xəsarətlərin yetirilməsi üçün şəraitin yaratmasını göstərsələr də, bunu onların ifadələrindən başqa digər sübutlarla müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmədə ifadə vermiş Şahid2 göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə, saat 22-23 radələrində mənzilində olub yatmağa hazırlaşarkən bayırda dəhlizdən qışqırıq səslərini eşitdiyi üçün qapıya yaxınlaşıb göz dəliyindən baxanda Emil ilə Natiq arasında dava-dalaşın olmasını görmüş, sonra Sevdanın qışqırıq səsini eşidib qapısının qarşısına çıxanda bir nəfər şəxsin Emili Natiqdən aralamağa çalışdığını və lift tərəfə apardığını görmüşdür. Sevdanın vurulmasını, kiminsə də əlində dəmir parçasını olmasını müşahidə etməmişdir. Latın qrafikalı əlifba ilə yaxşı oxuya bilmədiyi üçün izahatını müstəntiq tərəfindən doğru yazıldığını guman edərək imzalamış və bu barədə kiril qrafikası ilə qeyd aparmışdır. Məhkəmədə digər Şahid5 da ifadəsində göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə axşam vaxtı mənzilində olarkən dəhlizdə qışqırıq səslərini eşidib bayıra çıxanda görmüşdür ki, Natiqin üzərinə onun kürəkəni kimi tanıdığı Emil gələrək vurmaq istəyir, Rüfət isə Emili tutub saxlayır və liftə tərəf aparır. Hadisənin birbaşa necə baş verdiyini, davanın kimlərin arasında olduğunu, Emildə dəmir parçasının olduğunu müşahidə etməmişdir. Göründüyü kimi, şahid kimi təqdim olunan şəxslər Təqsirləndirilən şəxs2 birbaşa dava-dalaşda iştirakını görməmiş, əksinə olaraq onun Təqsirləndirilən şəxs1 aralaması və hadisə yerindən uzaqlaşdırılması kimi hərəkətlərini müşahidə etmişlər. O da vurğulanmalıdır ki, işdə olan video görüntüdə Rüfətin Təqsirləndirilən şəxs1 dava-dalaşdan sonra liftin içərisinə salarkan əvvəlki kimi (binaya daxil olub liftdə minib yuxarı qalxarkən) sakit halda olduğu və əlində Emilin gödəkçəsini tutduğu görsənir. Yuxarıda sadalanan bütün bu hallarla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə zərər çəkmiş şəxslər arasında yaranmış və onların xəsarətlər alması ilə nəticələnmiş mübahisədə bilavasitə iştirakını, yəni bir qrup şəxs halında xuliqanlıq cinayətinin törətməsini müəyyən etmək mümkün olmur. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlili isə (Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 bacısının ünvanına nəlayiq ifadələr işlətdiyinə görə sonuncunun sərxoş halda gedib onunla məsələyə aydınlıq gətirilməsini, onun da Emili sakitləşdirə bilməməsini görüb yarana biləcək dava-dalaşa imkan verməməsi üçün məcbur olub onunla birlikdə getməsini) təkzib edə biləcək tutarlı sübut ittiham tərəfindən məhkəməyə təqdim oluna bilinməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 əməlində bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən obyektiv və subyektiv cəhətlərin zəruri elementləri müəyyən oluna bilinmir. Eyni zamanda məhkəmə istintaqında hadisə vaxtı Təqsirləndirilən şəxs1 əlində beşbarmağa oxşar dəmir alətin olmasını da müəyyən etmək mümkün olmamış, bunu görən şahidlər də onu təsdiq etməmişlər. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə hadisə baş verdiyi günü, yəni xx.xx.2021-ci il tarixdə verdiyi izahatında Təqsirləndirilən şəxs1 yumruqla və əlində olan dəmirlə onun bədəninə xəsarətlərin yetirilməsini, sonra isə arvadı Zərərçəkmiş şəxs2 da bədəninin müxtəlif nahiyələrinə vurmasını göstərilsə də, o, zərər çəkmiş şəxs kimi xx.xx.2021-ci il tarixdə dindirilərkən hadisə vaxtı kiminsə əlindən balaca beşbarmağa oxşar dəmir parçasının düşdüyünü və Rüfətin də onu götürərək cibinə qoyduğu bildirilir. Zərərçəkmiş şəxs2 da xx.xx.2021-ci il tarixdə verdiyi izahatında xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:25 radələrində yaşadığı mənzildə olarkən əri Zərərçəkmiş şəxs1 qapını açdığı zaman kürəkəni Təqsirləndirilən şəxs1 ərini vurduqdan sonra onun bədəninin də müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq xəsarətlərin yetirməsini göstərmiş, hər-hansı dəmir əşyadan söz açılmamışdır. Bununla da görünür ki, elə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat dövründə verdiyi ifadələrində uyğunsuzluqlar var, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə ona Təqsirləndirilən şəxs1 tərəfindən beşbarmağa oxşar dəmir alətlə xəsarətin yetirilməsini bildirmir. Bundan başqa, Zərərçəkmiş şəxs2 zərər çəkmiş kimi məhkəmədə verdiyi ifadəsində göstərir ki, Emilin əri Zərərçəkmiş şəxs1 bədəninə bir neçə dəfə zərbə vurduğunu, ərinin də onu özündən itələyib qapını bağlamağa çalışdığını, lakin Emil və Rüfətin bayır tərəfdən zor işlədərək qapını açdığını görüb onlara tərəf yaxınlaşmış, Rüfət Natiqi hər iki əlləri ilə tutub saxlamış, Emil də ərini vurduqdan sonra onun üzərinə gələrək yumruq və təpiklə onu xəsarətlər yetirmişdir. Bundan sonra o, səs-küy salmağa başlamış, həmçinin, parıltılı rəngdə yerə düşən dəmir parçasını görmüşdür. Dava-dalaş zamanı o, həmin dəmir əşyanı görməsə də, güman etmişdir ki, bu Emilin əlində olmuşdur. Rüfət həmin vaxt dəmiri yerdən götürüb cibinə qoyaraq Emili oradan aparmağa çalışmış, dəhlizə çıxan qonşular Gültəkin və Ramin də onları aralamışlar. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Habelə, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının xx.xx.2021-ci il tarixli, 932 və 952 saylı rəylərində də zərər çəkmiş şəxslərin bədən səthində aşkar olunmuş xəsarətlərin dəmir alətlə yetirilməsi nəticəsində əmələ gəlməsi vurğulanmır, hətta müayinə zamanı da onlar bu barədə heç nə söyləmirlər. Lakin, daha sonra verilmiş xx.xx.2021-ci il tarixli, 18 saylı rəydə Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlərin dəmir alətin küt hissəsi ilə vurulması nəticəsində əmələ gəlməsinin inkar olunmaması konkret olaraq hansı maddi sübuta, nümunəyə və digər obyektin tədqiq edilməsinə, hansı üsulların tətbiq edilməsinə əsaslanması göstərilmir, sadəcə olaraq əvvəlki rəydə olan hal sadalanır. Belə olan halda bu ekspert rəyini əsaslı və mötəbər sübut növü kimi qəbul edilməsi mümkün olmur. Göstərilənlərdən başqa xüsusi diqqət çəkən digər hal ondan ibarətdir ki, verilmiş ittihama və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə əsasən hadisə zamanı Təqsirləndirilən şəxs1 ilkin olaraq onu vurarkən onun əlində hansısa dəmir alətin olması qeyd olunmur və Zərərçəkmiş şəxs1 da əmələ gələn xəsarətlər verilmiş ekspert rəyinə görə belə alətlə yetirilmənin nəticəsində əmələ gəlməyib. Bundan sonra isə həmin alətin hansı şəraitdə Təqsirləndirilən şəxs1 əlində peyda olması və ümumiyyətlə onun belə alətdən öncədən istifadə etmək niyyəti olduğu halda nə səbəbdən ilkin olaraq Zərərçəkmiş şəxs1 qarşı deyil, sonradan digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 münasibətdə tətbiq etməsi özü-özlüyündə böyük suallar doğurur. Hətta, işdə olan video görüntüdə Təqsirləndirilən şəxs1 liftə minib yuxarı qalxarkən əlində hər-hansı bir dəmir parçasının olması müşahidə olunmur, əksinə olaraq onun qolunda olan qolbağı çıxarıb gödəkçəsinin cibinə qoyaraq sonra gödəkçəni saxlamaq üçün Təqsirləndirilən şəxs2 verməsi görünür. Bununla belə, müdafiə tərəfi Təqsirləndirilən şəxs1 əməlində xuliqanlıq olmadığını göstərsə də, həmin dəlili məhkəmə əsaslı hesab etmir. Belə ki, işin faktiki hallarından aydın olur ki, hadisə ictimai yerdə - çoxmənzilli yaşayış binasının dəhlizində, hadisənin baş verməsi və Təqsirləndirilən şəxs1 əməlləri ilə ətrafda yaşayan insanların mənzilində olduğu və istirahət etdiyi saatlarda ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaları qərəzli surətdə, o cümlədən mərtəbədə yaşayanların dincliyi pozulmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edilmiş, zərər çəkmiş şəxslər üzərində zor tətbiq olunaraq özgənin əmlakı zədələnmişdir. Məhkəmə qeyd edir ki, qəsdən zorakılıqla və nalayiq söyüşlərlə müşayiət edilən cinayət əməlini törətmə hər kəsin öz evində sərbəst yaşamaq haqqına əsaslanan birgəyaşayış qaydalarının aşkar və qərəzli olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi çıxış edir. Belə olan Təqsirləndirilən şəxs1 əməli xuliqanlıq kimi qiymətləndirilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan Cinayət Məcəlləsinin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2ci maddəsində nəzərdə tutulan digər şəxslər dedikdə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir (6-cı bənd). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərər çəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərər çəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərər çəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür (7-ci bənd). Məhkəmədə tədqiq edilmiş işin faktiki hallarından müəyyən olunur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən ərinin döyülməsini, sonuncunun da onun mənzildən itələyib qapının bağlamağa çalışdığını, lakin buna imkan verilmədiyini görüb həmin yerə yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 ona da yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 ailə üzvü kimi mübahisənin əvvəlindən orada idi və ona kənardan müdaxilə etməməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxs olmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri üzrə bəraət verilərək onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalı, eyni zamanda ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2-ci maddə); • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3cü maddə); • Məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (42.1.4-cü maddə); • Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir (55.1-ci maddə); • Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2-ci maddə). Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1 şəxsiyyətini, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olardı. İş materiallarına görə ölkə hüdudlarından kənarda olduğu üçün hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərək o, dövlətlərarası və beynəlxalq axtarışa verilmiş, xx.xx.2022-ci il tarixdə Ukraynada saxlanılaraq ekstradisiya olunması üçün həbs edilmiş və Azərbaycana gətirilərək xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Daha sonra onun həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılsa da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və istintaq orqanı onun haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbirini seçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddətlər daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 06 ay 27 gün müddətində həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri isə bu müddətin onun azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmasını şərtləndirir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 01 il müəyyən olunduğundan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin olunan cəza onun faktiki həbsdə olduğu müddətlə əhatə edilməklə cəzası çəkilmiş hesab olunmalıdır. Buna görə də Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə müvafiq olaraq ləğv edilməldir. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddələr üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 hökm çıxarılan anadək həbsdə saxlanıldığı 06 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun nəzərə alınsın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar