Məhkəmə qərarları › İş №1(006)-230/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-230/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-230/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,554 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixində Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:15-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 bükümdə 0,554 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,554 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, özündə saxlayaraq daşımasını əsas tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə qanunvericilik həmin maddə ilə nəzərdə tutulan cinayətin obyektiv cəhəti kimi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutur. Lakin məhkəmə istintaqının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanıdığı bir nəfər şəxs ondan borc pul götürmüş, 12 fevral 2022-ci il tarixdə həmin şəxs ona zəng edərək onun pulundan 30-40 manat düzəltdiyini, gəlib götürməsini demişdir. O da həmin pulu götürmək üçün onun evinin qarşısında avtomobilində oturub telefonda oyun oynayaraq həmin şəxsi gözləmişdir. Bu zaman avtomobilinin qapısı bağlı olmuşdur. Bir qədər keçdikdən sonra dörd nəfər mülki geyimli şəxsin hərəsinin bir tərəfdən avtomobilinin qapılarını dartdıqlarını görmüş və qapını açmışdır. Ona heç danışmağa imkan verməyərək maşından düşürdüb üzərini axtarmağa başlamışlar. Sonra isə əllərini qandallayıb öz maşınının arxa oturacağına əyləşdirib polis idarəsinə gətirmişlər. Polis idarəsinə vəkil dəvət olunmuş, lakin idarədə üzərinə videoçəkilişlə axtarış aparılan zaman vəkil iştirak etməmişdir. Polis idarəsində üzərində bir də axtarış aparmış, daha sonra avtomobilini axtarmış, lakin heç bir qeyri-qanuni əşya tapmamışlar. Ondan sonra ona işgəncə vermiş, döymüş, gözünü göyərtmiş, ayağının altına o qədər vurmuşlar ki, iyirmi gün ayağını yerə basa bilməmişdir. Onu Bakı İstintaq Təcridxanasına gətirəndə orada üzərində xəsarətlər olmasını qeyd etmişlər. Polis əməkdaşları onu döyəndən sonra cibinə bir bükümdə narkotik vasitə qoymuş və bu narkotik vasitənin üzərində olmasını boynuna götürməsə avtomobilinə beş kq narkotik vasitə qoyacağını demiş, o da məcbur olub boynuna götürmüşdür. Döyülməyi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılmış və izahatı alınmışdır. Narkotik vasitə qəbul etdiyini etiraf edir və hətta narkotik vasitədən uzaqlaşdığından həbsdə olmağına sevinir. Lakin saxlanıldığı zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı etirafedici ifadə verməsi ilə əlaqədar proses iştirakçılarının suallarına cavab olaraq, qeyd olunan ifadələrin müstəntiq tərəfindən yazıldığını, ona göstərilmiş şiddət və təzyiq nəticəsində həmin ifadələri imzaladığını, hətta barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəmə iclasında verdiyi ifadəsində də özünü təqsirli bilmədiyini, həmçinin istintaq orqanının qanunsuz hərəkətlərindən prokurorluq orqanına şikayət etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə xidmətdə olarkən «Elşən» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Albay döngəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşıması ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı özü və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və ünvan 5 ünvanın qarşısında olarkən “Elşən” adlı şəxsin özünə məxsus avtomobilin yanında dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etmiş, “Elşən” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, daha sonra ona barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib onu Nəsimi RPİ-nə dəvət etmişlər. Onu saxlayan zaman üzərində baxış keçirtməmişlər. İdarədə vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd büküm aşkar olunmuşdur. Vəkil şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. O, Təqsirləndirilən şəxs döyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.24- 25); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.99- 103); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2022-ci il tarixli, 6/895 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,554 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “...X2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,496 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir (i.v.59-62); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 X6 X4 xx.xx.2022-ci il tarixli, 1277 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.130-131); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,554 qram narkotik vasitə heroin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı 0,504 qram qalığı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i.v.136-144); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 noyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.118-120); - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ilk öncə Təqsirləndirilən şəxs əynində olan yun jaketin yan ciblərinə baxılmış, oradan iki qutu siqaret aşkar edilmişdir. Daha sonra əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə baxılmış, Samsung Galaxy markalı mobil telefon və 30 ədəd pul köçürülməsinə dair qəbzlər aşkar edilmiş, daha sonra onun şalvarının sol yan cibinə baxılmış və bir büküm şəffaf sellofan aşkar edilmişdir. Daha sonra şalvarının arxa cibinə baxılmış və 25 manat pul aşkar edilmişdir. Həmin şəffaf sellofana baxış keçirilən zaman narkotik maddəyə bənzər kütlə olduğu məlum olmuş, bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik maddəni tanışı İran İslam Respublikasının vətəndaşı “Əskər” adlı şəxsdən təxminən birneçə gün bundan əvvəl 25 manata öz istifadəsi üçün aldığını demişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 17/384515 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin müayinədən keçirilmişdir. Müayinə zamanı o, həbs olunarkən xəsarət aldığını bildirmişdir. Bədəninə baxış zamanı sol gözaltı nahiyəsində və sol pəncə nahiyəsində bənövşəyi rəngli qançır müşahidə olunmuşdur (i.v.205); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 1553/2022 saylı məhkumun tibbi kitabçasından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilkin tibbi baxış zamanı onun sol gözaltı nahiyəsində və sol pəncə nahiyəsində bənövşəyi rəngli qançır aşkar olunmuşdur (i.v.241-245); - Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Nəsimi Rayon Prokurorluğunda toplanılmış 70C-22 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-i il tarixli, 305 saylı rəyində göstərilmişdir ki, “Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən onun bədən səthində aşkar olunmuş xəsarətlər - sol gözaltı nahiyəsində və sol pəncə nahiyəsində bənövşəyi rəngli qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən ona xx.xx.2022-ci il tarixdə baxış keçirilməsindən 3-4 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşdırıla bilər”. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona işgəncə verilməsi, ona xəsarət yetirilməsi sübuta yetmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v.235-236); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2012-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında olan protokolu, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış digər sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə 0,554 qram çəkidə narkotik vasitə olan herioni əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Ona görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə ittiham və müdafiə tərəfinin irəli sürdüyü dəlilləri, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasına əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır (maddə 5). Hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir (maddə 6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın (maddə 1.2.2). Cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir (maddə 8.0.5). Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir (maddə 139.0.4). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (maddə 144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir (maddə 145.1). Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (maddə 146.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (maddə 7). Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tədqiq edib, məhkəmə araşdırması zamanı ittiham tərəfindən irəli sürülmüş sübutlara ayrı-ayrılıqda nəzərdən keçirilməsini zəruri hesab edərək, onların - şəxsin təqsirli bilinərək məhkum olunması üçün kifayət qədər əsaslı, heç bir şübhə doğurmayan, tutarlı, qənaətbəxş olmaması kimi qiymətləndirir, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar həcmi ilə bərabər, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsində nəzərə alınmalı ayrı-ayrı məqamları da qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini bildirməklə yanaşı, ibtidai istintaq zamanı özünü təqsirli bilməsi barədə verdiyi etirafedici ifadəni Nəsimi RPİ-nin polis əməkdaşları tərəfindən məruz qaldığı təzyiq altında verdiyini, ona işgəncə edildiyini, döyüldüyünü, təqsirini etiraf etmədiyi təqdirdə avtomobilinə beş kq narkotik vasitə qoyulacağı ilə hədələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkdiyini səmimi etiraf etmiş, lakin saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, barəsində əsassız və qanunsuz olaraq cinayət işi başlanıldığını bildirmişdir. Bundan başqa, cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, 17 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Nəsimi rayon prokurorluğuna Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında tibbi sanitar hissəsində müayinədən keçirilən zaman sol gözaltı və sol pəncə nahiyəsində bənövşəyi rəngli qançır izlərinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində ünvan 6 ünvanın qarşısında olarkən 4 nəfər mülki geyimdə olan Nəsimi RPİnin polis əməkdaşlarının ona yaxınlaşaraq Nəsimi rayon Polis İdarəsinə apardıqlarını, xx.xx.2022-ci il tarixdə barəsində Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlandığını, xx.xx.2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini, barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyini və onu xx.xx.2022-ci il tarixdə tanımadığı polis əməkdaşlarının Nəsimi RPİ-nin inzibati binasında döydüklərini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə və döyülmə faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda verdiyi ifadə bir-birləri ilə uzlaşaraq uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı material üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 305 saylı rəyində göstərilmişdir ki, Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən onun bədənində aşkar olunmuş xəsarətlər – sol gözaltı və sol pəncə nahiyələrində bənövşəyi rəngli qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən ona xx.xx.2022-ci il tarixdə baxış keçirilməsindən 3- 4 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan araşdırmanın nəticəsində əməldə cinayət tərkibi olmadığından müstəntiq Yaqub Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilsə də, ekspert rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xx.xx.2022-ci il tarixdə baxış keçirilməsindən 3-4 gün əvvəl əmələ gəldiyi müəyyən edilməklə, həmin tarix onun izahatında polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyi xx.xx.2022-ci il tarixi ilə üst-üstə düşür. Məhkəmə Nəsimi rayon prokurorluğunun müstəntiqi Yaqub Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda daha bir məqama – şahidlər Şahid1 və Şahid2 ifadələrinə diqqət çəkməyi zəruri hesab edir. Belə ki, həmin qərarda izahatı alınmış və hazırkı cinayət iş üzrə də şahid qismində cəlb edilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 izahatına nəzər saldıqda müəyyən edilir ki, Şahid1 Nəsimi rayon prokurorluğunda verdiyi izahatda göstərir: “xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə daşıması, saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Şahid2 qərarı ilə ondan və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatın düzgünlüyünü yoxlamaq üçün Ruslanla o, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs Mercedes markalı avtomaşında oturduğunu görüb ona yaxınlaşdıqda o, maşından düşüb qaçarkən ayağı ilişib üzü üstə yerə yıxılmış, onlar yaxınlaşıb Təqsirləndirilən şəxs tutub Nəsimi RPİ-yə gətirmişlər.” Lakin məhkəmə istintaqı zamanı Şahid1 şahid qismində dindirilərkən bildirmişdir ki, ““Elşən” adlı çəxsin tutulması üçün özü və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və ünvan 8 ünvanın qarşısında olarkən “Elşən” adlı şəxsin özünə məxsus avtomobilin yanında dayandığını görüb ona yaxınlaşmış, özlərini təqdim etmiş, “Elşən” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, daha sonra ona barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib onu Nəsimi RPİ-nə dəvət etmişlər”. Yəni Şahid1 cinayət işi üzrə məhkəmə istintaqında və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı eyni hal üzrə ziddiyyətli ifadələr vermiş, Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs avtomaşında oturduğunu görüb ona yaxınlaşdıqda onun maşından düşüb qaçarkən ayağı ilişib üzü üstə yerə yıxıldığını və onu tutub Nəsimi RPİ-nə gətirdiklərini, məhkəmə istintaqı zamanı isə “Elşən” adlı şəxsin özünə məxsus avtomobilin yanında dayandığını görüb ona yaxınlaşdıqlarını və ona barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib onu Nəsimi RPİ-nə dəvət etdiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da məhkəmə istintaqında və Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Bununla da, hadisələrin baş vermə ardıcıllığı və mexanizmi ilə bağlı şahidlərin ziddiyyətli ifadələr verdiyi müəyyən edilir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittihamın əsas sübutlarından biri kimi qiymətləndirilən “təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmə aparılması barədə istintaq hərəkəti”nin əks etdirildiyi DVD diskin nümayiş etdirilməsi zamanı müəyyən edilir ki, görüntünün nəticələrinə dair tərtib olunmuş protokolda Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyinin qeyd olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs belə bir təklif edilmədən birbaşa şəxsin üzəri təhqiqatçı tərəfindən axtarılmağa başlanılır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs geyindiyi yun jaketin yan ciblərinə, daha sonra əynində olan tünd göy rəngli şalvarın ciblərinə baxılır, şalvarın sol yan cibindən bir büküm sellofan və sağ arxa cibindən 25 manat pul aşkar edilir. Görüntünün nəticələrinə dair tərtib olunmuş protokolda isə 25 manat pulun Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar olunması qeyd olunur. Bundan başqa, sözügedən protokolda Təqsirləndirilən şəxs ayaqqabılarının və corablarının çıxarıldığı və heç bir əşya aşkar edilmədiyi qeyd olunmasına baxmayaraq görüntüdə həmin hərəkətlər müşahidə edilmir. Başqa sözlə desək, şəxsin ayaqqabı və corabında da qanunsuz əşya gizlədə bilmə ehtimalı olmasına baxmayaraq, bu hal göz ardı edilərək, həmin hissələrdə hər hansı axtarış aparılmır. Beləliklə, çəkilişin nümayişi zamanı, “təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmə aparılması” barədə istintaq hərəkətlərinin nəticələrinə dair tərtib olunmuş protokolda yazılanların yalnız kağız üzərində qeyd olunması və hadisələrin gerçək axarı ilə üst-üstə düşmədiyi məlum olur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun müdafiəçisi şəxsi axtarışda iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.5-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüquqları həyata keçirir. Məhkəmə istintaqı dövründə iş materiallarında olan şəxsi axtarış keçirilməsi barədə videoçəkilişə baxılan zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisi orada iştirak etməmiş, bu fakt həmçinin xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokolda da öz əksini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol, şahid ifadələri sübut kimi qəbul edilə bilməz, onlar sübutların siyahısından çıxarılmalı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən, təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X3rşı, § 32). Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib, toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə, təmiz çəkisi 0,554 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması və daşımasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, ümumi xalis çəkisi 0,504 qram olan narkotik vasitə - heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,504 qram təşkil edən narkotik vasitə heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxsn üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 (iyirmi yeddi) saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar