Məhkəmə qərarları › İş №1(006)-232/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-232/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-232/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Bərdə rayonu, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 03-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 33, mənzil 106-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:25-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” dairəsi istiqamətindən 3-cü mikrorayon dairəsinə doğru X2 küçəsi ilə 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin (nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir) tələbinə riayət etməklə S.C.Pişəvəri küçəsi, 102 saylı ünvanın qarşısında yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ qasıq sümüyünün yerdəyişməyən sınığı, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ təpə və sağ qaş nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sağ göz yuvası ətrafı dərialtı hematoma, sağ saidin, sağ budun, sağ diz oynağı nahiyyəsinin və sağ baldırın qançırları ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş və notariat qaydasında təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsində Təqsirləndirilən şəxs tərəfindən hadisə nəticəsində ona vurulmuş maddi ziyanın və müalicə xərclərinin tam şəkildə ödənildiyi üçün bu şəxsə qarşı heç bir şikayətin olmadığı və onunla barışdığı göstərilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 05 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 300 və 305-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 05 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar