Məhkəmə qərarları › İş №1(006)-233/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-233/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-233/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İ.H.Xudadatzadə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, İ.H.Xudadatzadə istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,105 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 11 yanvar 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcənin cibindən 01 bükümdə təmiz çəkisi 1,105 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İ.H.Xudadatzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri. “Xutor” adlanan ərazidən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən, 30 manata şəxsi istifadəsi üçün el arasında "Kakos” adlanan narkotik vasitə almışdır. xx.xx.2023-cü il tarixdə, saat təqribən 18:00 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, 1 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi RPl-nin 19- cu PŞ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə 19-cu PŞ-yə gəlmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Bundan əvvəl isə müdafiəçisi şəxsi axtarışda iştirak etmədiyi üçün o, ərizə təqdim edərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni “Xutor” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra isə protokol tərtib olunmuş və o, bütün iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs İ.H.Xudadatzadə ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitə heroin qəbul edir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni əldə etdikdən sonra ondan istifadə etməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansısa bir zor tətbiq edilməmişdir. Narkotik vasitəni aldığı şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Həmin şəxsin anket məlumatı barədə hansısa məlumatı yoxdur. Narkotik vasitə aldığı şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır. Onun bank hesabı yoxdur. Bundan başqa, məhkəmə iclasında İ.H.Xudadatzadə ona verilmiş suala cavab olaraq bildirmişdir ki, bu gündə narkotik vasitənin istifadə etməsinin səbəbi ayağında olan yaranın müalicə edə bilməməsi, ayağının irinləməsi həmçinin qurdlanması səbəbi olmuşdur. Daha sonra təqsirləndirilən şəxs İ.H.Xudadatzadə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs İ.H.Xudadatzadənin təqsirli olması özünün etirafı ilə yanaşı, şahidin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «İlyas» adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə saat 18 radələrində əldə etdikləri məlumat əsasında ünvan 3 ünvanın qarşısında olarkən «İlyas» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «İlyas» adlı şəxsi Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət etmişlər. Orada olarkən «İlyas» adlı şəxsin X5 olması müəyyən olunmuş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə gəlmişdir. 19-cu PŞ-yə gəldikdə tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması X10ə həvalə olunmuşdur. X10 tərəfindən İ.H.Xudadatzadə şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə İ.H.Xudadatzadənin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə İ.H.Xudadatzadəyə üzərində hər hansı bir qanunsuz əşya və ya predmet o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman İ.H.Xudadatzadə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd büküm təqdim etmişdir. Daha sonra isə İ.H.Xudadatzadənin üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İ.H.Xudadatzadənin təqdim etdiyi büküm açıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini “Xutor” adlı ərazidən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Daha sonra İ.H.Xudadatzadənin üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İ.H.Xudadatzadənin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-ci PŞnin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə İ.H.Xudadatzadənin əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngdə olan büküm aşkar olunmuşdur. Cinayət işinin 28-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İ.H.Xudadatzadə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-85-ci vərəqələrində olan Nəsimi RPİ-nin müstəntiqi S.Quluzadənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İ.H.Xudadatzadə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, İ.H.Xudadatzadə barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 53-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/169 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs İ.H.Xudadatzadədən götürülmüş...” və.s sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,105 qram maddə kütləsi kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,105 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 1,055 qram olmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X11 Hüquqi Şəxsi əlavə Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1880 saylı rəyindən görünür ki, müayinə zamanı İ.H.Xudadatzadəda opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-121-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İ.H.Xudadatzadədən aşkar olunmuş bir ədəd bükümdəki maddə, ekspertiza tədqiqatından sonra qalmış 1,055 qram heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş və şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, İ.H.Xudadatzadə əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 19:30-dan başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı Elşad Vəliyev özünü, əməliyyat müvəkkilərini, mütəxəssisi və onların iştirakı ilə İ.H.Xudadatzadənin üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən İ.H.Xudadatzadə təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. İ.H.Xudadatzadə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən, gümüşü rəngli siqaret kağızında bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. İ.H.Xudadatzadədən üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən İ.H.Xudadatzadənin üzərində şəxsi axtarış aparılır, onun əynində olan qara rəngli gödəkcənin boynuna və içərisi yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı İ.H.Xudadatzadənin üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu bükülünün içərisində “kakos” deyilən narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni “Xutor" adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Beləliklə, İ.H.Xudadatzadənin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs İ.H.Xudadatzadəyə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla İ.H.Xudadatzadəyə cəza təyin edərkən özünü təqsirli bilməsini, anasının xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən İ.H.Xudadatzadənin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, İ.H.Xudadatzadənin üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin miqdarını (1,105 qram) və AR Səhiyyə Nazirliyi Respublika X11 Hüquqi Şəxsi əlavə Ambulator X4 ekspert komissiyasının rəyinə əsasən asılılıq sindromunun (narkomaniya xəstəliyinin) olmasını, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hazırda da narkotik vasitə istifadə etməsini etiraf etməsini, ayağında olan yaranın müalicə edilməsi üçün maddi imkanının olmamasını, azadlıqda qalacağı təqdirdə ayağındakı ağrılarının qarşısını almaq üçün yenidən eyni tərkibli cinayət əməlinin törətməsi ehtimallarının çox olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi İ.H.Xudadatzadənin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İ.H.Xudadatzadəyə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-ci il tarixdən 13 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, İ.H.Xudadatzadə həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, İ.H.Xudadatzadənin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs İ.H.Xudadatzadənin azadlığı faktiki olaraq hökmün çıxarıldığı 24 may 2023-cü il tarixdən, saat 10:30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X4nın 04 aprel 2023-cü il tarixli 1880 saylı rəyinə əsasən İ.H.Xudadatzadə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs İ.H.Xudadatzadəyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxs İ.H.Xudadatzadənin üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,055 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İ.H.Xudadatzadənin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İ.H.Xudadatzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2023-cü il tarixdən, saat 10:30-dan hesablansın. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. X5 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,055 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar