Məhkəmə qərarları › İş №1(006)-233/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-233/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-233/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,339 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2024- cü il tarixdə saat 15:45-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,339 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarına əsasən 02 ya 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Onun bu işdə heç bir günahı yoxdur. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, həmin saxlanılan günü mən məhəllə uşağının evində olmuşdur. Onun evinə polis əməkdaşları gəlib giriblər, onunla birlikdə onu da idarəyə aparıblar. İdarədə olarkən həmin bükümü onun qabağına qoyub deyiblər ki, boynuna almalısan. Almadığın tədqirdə evindən külli miqdarda aşkar edəcəyik və küllü miqdarla səni bağlayacağıq və o da məcbur olub boynuna almışdır. Bildirmək istəyir ki, o, yerdən hər hansı büküm tapmamış, üzərində gəzdirməmiş, həmin bükümdə metamfetamin olduğunu görməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, hazırda Yasamal RPl-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, bundan əvvəl isə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. İşin mahiyyət üzrə deyə bilər ki, Nəsimi RPl-də işlədiyi müddətdə 24 fevral 2024-cü il tarixdə “Abdul" aldı şəxsin ünvan 2 ünvanın qarşısında narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat NBM digər əməkdaşı Şahid1 tərəfindən raportla RPİ-nin rəhbərliyinə məruzə olunmuş və Abdul adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Şahid1 tərəfindən qərar qəbul olunaraq RPİ-nin rəhbərliyi tərəfindən təsdiqlənmişdir. Bundan sonra rəhbəri o və NMB-nin əməliyyat müvəkkili Şahid1 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə Şahid1la birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 15:45 dəqiqədə, Nəsimi rayonu Ə.Topçubaşov küçəsi 142 saylı ünvanın qarşısında özünü şübhəli aparan, orta yaşlı bir kişiyə yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmiş, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra biz Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməkdə, saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu deyərək sonuncunu dəvət edib Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Saleh Salahzadə tərəfindən müdafiəçi RPİ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi axtarış və götürmə prosesində videoçəkiliş aparması üçün Nəsimi RPİ-nin KTQ-nun inspektor kriminalisti Vahid Kazımov mütəxəssis qismində dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin, mütəxəssisin, mənim və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təhqiqatçı Saleh Salahzadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı Saleh Salahzadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol cibindən pul qabını, şalvarının sağ yan cibindən 01 ədəd bükümü və 01 ədəd açarı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabı açılan zaman içərisində 02 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq əskinazlardan ibarət cəmi 70 manat pul olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən sual verildikdə, Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. 01 ədəd açar, pul qabı və 70 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 27-28-ci vərəqlərində olan “Şübhəli şəxsin tutulması haqqında” 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə, saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-50-ci vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 24 fevral 2024-cü il tarixdə saat 17:15 dəqiqədən saat 17:45 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ciblərindən 01 ədəd qara rəngli portmanat (pul qabı), 01 ədəd halqada 01 ədəd açar və 01 ədəd polietilen sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin 01 ədəd qara rəngli portmanatın içərisindən 02 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 01 ədəd 05 manatlıq və 05 ədəd 1 manatlıq olmaqla ümumilikdə 70 manat pul əskinazı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, təqdim etdiyi 01 ədəd bükümü 2 gün əvvəl, yəni 22 fevral 2024-cü il tarixdə yaşadığı ünvanda məhəllədə yerdən tapdığını və bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əyninə geyindiyi paltarlarının ciblərinə və digər yerlərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması xahiş edilmişdir. Bundan sonra həmin 01 ədəd bükümün ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi iştirakçılara bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və zərfin içərisinin boş olduğu müəyyən edildikdən sonra həmin 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPlnin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. 01 ədəd halqada 01 ədəd açar, 01 ədəd qara rəngli portmanat və 02 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 01 ədəd 05 manatlıq və 05 ədəd 01 manatlıq olmaqla ümumilikdə 70 manat pul əskinazı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Cinayət işinin 61-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksləri, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,339 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 104-108-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-95/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 24 fevral 2024-cü il, saat 16:40 tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 118-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:06 dəqiqədən saat 10:40 dəqiqəyədək olan müddət ərzində 24 fevral 2024-cü il tarixdə Nəsimi RPl-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, 01 ədəd DVD diskində 02 ədəd videofayl vardır. DVD diskində olan 1-ci fayldakı 01207 adlanan video görüntü 12 dəqiqə 20 saniyədən, 2ci fayldakı 01208 adlanan video görüntü isə 02 dəqiqə 07 saniyədən ibarətdir. 1-ci fayldakı video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Saleh Salehzadə tərəfindən şühbəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymaqla təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol cibindən 01 ədəd pul qabı, şalvarının sağ yan cibindən isə 01 ədəd büküm və 01 ədəd açar çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabı açılan zaman içərisində 02 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq əskinazlardan ibarət cəmi 70 manat pul olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə sual verildikdə, öz istifadəsi üçün metamfetamin olduğunu, 02 gün əvvəl, ayın 22-si yaşadığı məhəllədə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kütlə olması müəyyən edilmiş, həmin 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, 01 ədəd açar, pul qabı və 70 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. 2-ci fayldakı video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, heç bir şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 120-122-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 124-127-ci vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(011)-687/2023 saylı qərarından görünür ki, ərizənin təmin olunması, Azərbaycan Respublikası Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 134-135-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 1427 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 142-149-cu vərəqlərində olan “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdəki təmiz çəkisi 0,339 qram olan psixotrop maddə metamfetamin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra, tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,289 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən mtamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,339 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(011)-687/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-487/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 24 fevral 2024-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(011)-687/2023 saylı qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikasının CM-nin 67.1ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(011)-687/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,289 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar