Məhkəmə qərarları › İş №1(006)-234/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-234/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-234/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1967-ci ildə Naxçıvan Muxtar Respublikasının İliç rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 75 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən rəsmi sənəd hesab olunan saxta arayışdan istifadə etmişdir. Belə ki, o, 1364,41 manat pensiya alması barədə, istintaqa “Əyyub Behbudov” kimi məlum olan şəxsdən əldə etdiyi Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət X15 “X14 İdarəsi”nin, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış, texniki qurğu (skan fotoaparat) vasitəsilə kompüterə köçürülmüş, qrafik proqramı təminatından istifadə edilməklə birbaşa axınlı printerdə çap edilmiş, X14 İdarəsinin möhür və ştampının eksperimental əks nümünələri ilə eynilik təşkil edən, saxta arayışı xx.xx.2019-cu il tarixdə, saat 10 radələrində Nəsimi rayon, 28 May küçəsi 71/77 ünvanında yerləşən “xxx X24 Kredit Təşkilatı” MMC-yə təqdim edərək, “Baku 1-38952-16455” nömrəli xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” bağladıqdan sonra həmin tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “Bank Respublika”nın Nəsimi filialından bağlanmış kredit müqaviləsi əsasında 15000 manat pul kredit götürməklə bilə-bilə hüquq verən rəsmi sənəd hesab olunan saxta arayışdan istifadə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 2019-cu ilin may ayında tanışı Şahid1 ilə Sumqayıt şəhərində yerləşən obyektlərin birində birlikdə çay içərkən əvvəllər tanımadığı Əyyub Behbudov və Rauf Adıgözəlov onlara yaxınlaşaraq Şahid1lə salamlaşmışlar. Şahid1 həmin zaman Əyyub Behbudovun işgüzar və çoxsaylı şəxslərlə əlaqəli olduğunu demişdir. O, bu səbəbdən banklardan kredit götürmək istədiyini və ona bu barədə köməklik etmələrini Əyyub Behbudovdan xahiş etmişdir. X19 Adıgözəlov 4000 manat müqabilində onun üçün yüksək pensiya almasına dair saxta arayış düzəldəcəklərini və onun da həmin arayış əsasında “xxxxxxxxxxxxxxx” MMC-dən 15000 manat pul kredit götürəcəyini bildirmişdir. O, X19 Adıgözəlovun təklifi ilə razılaşdığı üçün öz şəxsiyyət vəsiqəni onlara vermiş, bundan sonra sonuncular onun kredit götürməsi üçün mütləq şəkildə zaminə ehtiyacın olduğunu bildirdikdə o da Şahid1 ona zamin olmasını xahiş etmiş və Şahid1 onun xahişini qəbul edərək ona təmənnasız zamin olacağına razılıq vermişdir. Daha sonra X19 Adıgözəlov onu xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Nəsimi rayon, 28 May küçəsi 71/77 ünvanında yerləşən “xxxxxxxxxxxxxxx” MMC-yə çağırmışlar və o da öz növbəsində Şahid1 ora dəvət etmişdir. X18 Rauf Adıgözəlov onun adına tərtib olunmuş 1364,41 manat pensiya alması barədə, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət X15 “X14 İdarəsinin, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış saxta arayışı ona verərək digər sənədləri ilə birgə kredit mütəxəsisinə təqdim etməsini demişlər. O, həmin saxta arayışla birgə digər sənədlərini eyni zamanda, Şahid1 də öz sənədini bank işçisi olan kredit mütəxəsisi Şahid2 təqdim etmişdir. Şahid2 sənədlərə baxdıqdan 10-15 dəqiqə sonra ona kredit ayrılmasına dair müqavilə və digər sənədləri imzalatdıqdan sonra qəbz verərək ünvan 2 ünvanında yerləşən “Bank Respublika”nın Nəsimi filialına göndərmişdir. Şahid1 ondan ayrıldıqdan sonra o, Əyyub Behbudov və Rauf Adıgözəlov ilə birgə banka gedərək oradan 15000 manat götürdükdən sonra aralarında əvvəlcədən razılaşdıqları kimi 4000 manat pulu Əyyub Behbudova vermişdir. O, bankdan götürdüyü məbləğdən 8000 manata özünə 2002-ci il buraxılışlı “Mitsubishi Grander” markalı avtomobil almış və qalan pulları isə öz ehtiyacına xərcləmişdir. Götürdüyü krediti hər ay vaxtında ödəmiş, lakin son iki üç aydır ki, maddi vəziyyəti yaxşı olmadığı üçün ödəyə bilməmişdir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu, ilk dəfə olaraq məsuliyyətə cəlb olunduğunu bildirərərk, maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 2019-cu ilin may ayında tanışı Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhərində yerləşən obyektlərin birində çay içərkən digər tanışları Əyyub Behbudov və Rauf Adıgözəlov onlara yaxınlaşaraq salamlaşmışlar. O, həmin zaman Əyyub Behbudovun işgüzar və çox saylı şəxslərlə əlaqəli olduğunu Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs bu səbəbdən banklardan kredit götürmək istədiyini və ona bu barədə köməklik etmələrini Əyyub Behbudovdan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla Əyyub Behbudov öz aralarında kreditlə bağlı söhbətlər etmiş, lakin onların söhbətlərindən onun xəbəri olmamış və həmçinin Təqsirləndirilən şəxs saxta arayışdan istifadə edərək kredit götürəcəyindən məlumatı olmamışdır. X16 Məhyəddinə kredit götürmək üçün mütləq şəkildə zaminə ehtiyacın olduğunu bildirmişdir. Məhyəddin də eyni zamanda, ona zamin olmasını xahiş etmiş və o da sonuncunun xahişini qəbul edərək ona təmənnasız zamin olacağına razılaşmışdır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs onu “xxxxxxxxxxxxxxx” MMC-yə dəvət edərək kreditlə bağlı sənədləşmə işlərinin aparılacağını demişdir. X18 Rauf Adıgözəlov Təqsirləndirilən şəxs adına tərtib olunmuş 1364,41 manat pensiya alması barədə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət X15 “X14 İdarəsi”nin, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış sonradan saxta olduğunu bildiyi arayışı Təqsirləndirilən şəxs verərək digər sənədləri ilə birgə kredit mütəxəsisinə təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs həmin arayışla birgə digər sənədlərini bank işçisi olan kredit mütəxəsisi Şahid2 təqdim etmişdir. Sonuncu sənədlərə baxdıqdan 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs kredit ayrılmasına dair müqavilə və digər sənədləri imzalatdıqdan sonra qəbz verərək ünvan 2 ünvanında yerləşən “Bank Respublika”nın Nəsimi filialına göndərmişdir. Orada kredit müqaviləsini imzaladıqdan sonra onlardan ayrılaraq öz işlərinin dalınca getmişdir. Məhyəddinin həmin arayışa görə Əyyub Behbudova və Rauf Adıgözəlova pul verməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şəfiyevna verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar olaraq tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2011-ci il tarixdən etibarən “xxx” kredit BOKT MMC-də kredit mütəxəsisi kimi işə başlamış, xx.xx.2019-cu il tarixdən etibarən isə həmin MMC-də layihə rəhbəri vəzifəsinə təyin edilmişdir. “xxx” kredit BOKT MMC-dən kredit götürərkən saxta pensiya arayışı təqdim edən şəxslərdən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 15000 manat, X11 xx.xx.2019-cu il tarixdə 5000 manat və X12 Adıgözəlov İslam Rauf oğlunun 11000 manat krediti götürərkən xx.xx.2019-cu il tarixdə ona zamin olması ilə bağlı “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X10 Təyinat İdarəsi” tərəfindən verilmiş saxta arayışları ona təqdim etmişlər. Lakin o, onlara kredit ayrılmasından ötrü toplanmış sənədləri yoxlayarkən sözü gedən arayışların saxta olmalarını bilməmişdir. Həmin arayışlarla birgə digər sənədləri öz növbəsində yoxlayaraq elektron qaydada “Kredit Komitəsi”nə göndərmiş, orada nəzarəti həyata keçirən, eyni zamanda kredit analitiki işləyən vəzifəli şəxslər yoxlayaraq onlara kredit verilməsini təsdiqlədikdən sonra “Kredit İnzibatçılar” şöbəsinə yönləndilmiş və həmin şöbənin əməkdaşları müştəriləri dəvət edərək onlara lazım olan bütün sənədləri imzalatdıqdan sonra xəzinədən kredit götürülməsindən ötrü ödəniş tapşırığı verilərək “Bank Respublika” nin Nəsimi filialına göndərmişlər. İş materiallarında olan “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X10 Təyinat İdarəsi” tərəfindən verilmiş, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış saxta arayışdan görünür ki, arayışda Təqsirləndirilən şəxs 1364,41 manat məbləğində pensiyanı yaşa görə aldığı göstərilmişdir (i/v 10). İş materiallarında olan “Baku1-38693-16470” nömrəli, xx xxx 2019-cu il tarixli kredit müqaviləsindən, “Baku1-38693-16470+Baku1-38966” nömrəli, xx xxx 2019-cu il tarixli zaminlik müqaviləsindən, “Baku1-38693-16470” nömrəli, xx xxx 2019-cu il tarixli razılaşmadan və ödəniş qrafikindən görünür ki, “xxx X24 Kredit Təşkilatı” MMC tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə ödənilməklə 15.000 manat məbləğində kredit verilmiş və Şahid1 zamin kimi öhdəlik götürmüşdür (i/v 11-17). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2984 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan xx.xx.2019-cu il tarixli 126 nömrəli arayışın üzərindəki möhür və ştamp əksləri hər hansı bir texniki qurğu (skaynr fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdirlər. Təqsirləndirilən şəxs adına olan xx.xx.2019-cu il tarixli, 126 nömrəli arayışın üzərlərindəki “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X10 Təyinat İdarəsi” məzmunlu möhür və ştamp əksləri ekspertizaya təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil etmişlər (i/v 78-81). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıqekspertizasının xx xxxx 2020-ci il tarixli, 2985 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs adına olan arayışda “Rəis müavini:” qrafalarındakı imzalar - X13 tərəfindən yox başqa şəxs tərəfindən icra olunnmuş, “Baş mühasib:” qrafalarındakı imzalar - X1 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuş, həmçinin “İcraçı:” qrafalarındakı imzalar X3 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur (i/v 82-84). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X10 Təyinat İdarəsi”nin, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış ştampı, eləcə də həmin idarənin həqiqi peçatı vurulmuş saxta arayış maddi subut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i/v 106-107). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 86). İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 147). İş materiallarında olan “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xxx X24 Kredit Təşkilatı MMC-dən 15000 kredit pul götürərək 36 ay ərzində, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 591 manat, son ay isə 610,71 manat ödəməklə ümumlikdə 21,259,71 manat qrafik üzrə ödəməli olduğu halda, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 320 və 279 manat, xx.xx.2019-cu il tarixdə 343,49 və 255,51 manat, xx.xx.2019-cu il tarixdə 279,67 və 319,33 manat, xx.xx.2019-cu il tarixdə 297,22 və 301,78 manat, xx.xx.2019-cu il tarixdə 267,75 və 301,25 manat, xx.xx.2019-cu il tarixdə 270,35 və 328,65 manat, xx.xx.2019-cu il tarixdə 272,57 və 321,3 manat, xx.xx.2020-ci il tarixdə 345,23 və 248,77 manat, xx.xx.2020-ci il tarixdə 267,14 və 292,86 manat, xx.xx.2020-ci il tarixdə 1 və 0,99 manat, xx.xx.2020-ci il tarixdə 235,43, 3,55, 0,24 və 159,78 manat ödəməklə 12,068,74 manat ödəmiş və 9,19097 manat kredit borcu qalmışdır (i/v 102-103). İş materiallarında olan “Sənədlərə baxış keçirilməsi haqqında” tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli arayışla bağlı “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X10 Təyinat İdarəsinin “Arayışlar” üçün qeydiyyat kitabında heç-bir qeydiyyatı yoxdur (i/v 74). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətyə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ondan 173 (yüz yetmiş üç) manat 52 (əlli iki) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X10 Təyinat İdarəsi”nin, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış ştampı, eləcə də həmin idarənin həqiqi peçatı vurulmuş saxta arayış cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-234/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərara əsasən xx xxxx 2020-ci il tarixdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 173 (yüz yetmiş üç) manat 52 (əlli iki) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin yanında Dövlət Sosial müdafiə X10 Təyinat İdarəsi”nin, üzərində “Az1108. Bakı şəhəri Z.Bünyadov 43” xx.xx.2019-cu il tarixli, nömrə 126 sözləri yazılmış ştampı, eləcə də həmin idarənin həqiqi peçatı vurulmuş saxta arayış cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar