Məhkəmə qərarları › İş №1(006)-235/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-235/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-235/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi – “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxxxx 2003-cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Yuxarı Şilyan Ərazi Dairəsi, Yuxarı Şilyan kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə, saat 14 radələrində tanışı X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən “H.M GOLD” qızıl-zinət əşyalarının alışsatışı mağazasının fəaliyyət göstərdiyi vaxtda həmin mağazanın qarşısından keçərkən içəridə digər şəxslərin olmamasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə Nihad İsmayılov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan rolların bölgüsünə əsasən Nihad İsmayılov kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə müştəri qismində mağazanın açıq qapısından daxil olaraq vitrində satış üçün qoyulmuş Zərərçəkmiş şəxs məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 4200 manat dəyərində 33,84 qram çəkidə, sarı rəngli metaldan hazırlanmış, üzərində 750 əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun olan boyunbağını, ümumilikdə 600 manat dəyərində 6,16 qram çəkidə 01 ədəd sarı rəngli metaldan hazırlanmış, açar formalı, üzərində bir ədəd ağ şəffaf qaş olan “amber 585” adlıq və əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan kulon ilə birlikdə 01 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində “Midas 14K” adlıq və əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun olan boyunbağını, 01 ədəd 2700 manat dəyərində 20 qram çəkidə, 750 əyarlı boyunbağını və 01 ədəd 500 manat dəyərində 4,5 qram çəkidə, 750 əyarlı qızıl boyunbağını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları aralarında bölüşdürməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 uzun illərdir ki, tanıyır. Belə ki, onlar həmkəndli və dost olmuşlar. 20 sentyabr 2024-cü il tarixdə onların hər ikisinin borcları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Moskva" univermağının yaxınlığında yerləşən qızıl mağazalarının ətrafında müşahidə aparsalar da, həmin gün uyğun mağaza tapa bilməmişlər. Növbəti gün, yəni 21 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində təkrarən "Moskva" univermağına getmişlər. Həmin ərazidə piyada hərəkət edərkən yolun sağ tərəfində yerləşən “H.M” Gold adlı mağazada heç kimin olmadığını görmüşlər və həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Nihad qapıya yaxınlaşaraq açıq olub-olmamasını yoxlamış, açıq olduğunu gördükdə ona içəri keçib bir qədər qızıl götürməyini tapşırmışdır. O içəri keçmiş, Nihad isə ətrafa nəzarət etdiyini deyərək qapıda gözləmişdir. O tələsik içəri girib üzbə-üzdə olan vitrin modellərinin boynundan dörd ədəd boyunbağını götürüb mağazanı tərk etmişdir. Boyunbağılardan birinin üzərində klon da var imiş. Daha sonra həmin ünvandan uzaqlaşmışlar və həmin gün oğurladıqları qızıllarcan üç ədədini ümumilikdə 4000 manat müqabilində Bakı şəhəri, Nəsimi rayonu ərazisində "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən qızıl mağazasına satmışlar. Həmin qızılları alarkən satıcı onlardan sənəd tələb etdikdə Nihad öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin 4000 manat Nihadda qalmışdır. Onlar əvvəlcə həmin pulun bir hissəsi ilə Nihada telefon almış, daha sonra isə hər ikisi paltar almışlar. Qalan bir ədəd qalın boyunbağını isə növbəti gün yəni 22 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsi yaxınlığında yerləşən lombard mağzasına 1300 manata satmışlar. Həmin qızılı satarkən o öz şəxsiyyət vəsiqəsini təqdim edərək qızılın özlərinə məxsus olduğunu demişdir. Ümumi 5300 manat puldan 1300 manatını Nihad ona verdi qalan pulla isə hər ikisi aviabilet almışdır. Bir neçə gün sonra onlar birlikdə Qazaxıstana getmişlər. Qazaxıstanda iş tapa bilmədikləri üçün Qazaxıstandan da Rusiyaya getmişlər. Rusiya Federasiyasında yaşaya bilmədikləri üçün o Azərbaycan Respublikasına qayıtmağa qərar vermiş, Nihad isə Rusiya Federasiyasında qalmışdır. Qızılları satdıqları şəxslərə qızılların özlərinə məxsus olduqlarını bildirmişlər, hadisəni törətdiyi vaxt X3 ilə birlikdə olmuş, heç kimin köməyindən istifadə etməmiş və cinayəti törədərkən onları heç kimin görməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərəri ödədiyini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən “H.M GOLD” adlı qızıl alqı-satqı mağazasını icarə əsasında işlədir. xx.xx.2024-cü il tarixdə vitrinlərdəki qızılları yoxlayarkən 04 ədəd qızıl boyunbağının yerində olmadığını görmüşdür. Bu səbəbdən mağazaya quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirdikdə iki nəfər gənc oğlanın xx.xx.2024-cü il tarixdə günorta saatlarında onun mağazasından bir neçə dəqiqəlik çıxmağından istifadə edərək qızıllarının oğurladığını aşkar etmişdir. Daha sonra o oğurlanmış qızılların növünü və çəkisini dəqiqləşdirdikdə ona məlum olmuşdur ki, həmin şəxslər mağazadan bir ədəd 4200 manat dəyərində 33,84 qram ağırlığında 750 əyyarlı, 01 ədəd 2700 manat dəyərində 20 qram ağırlığında 750 əyyarlı və bir ədəd klon ilə birlikdə 600 manat dəyərində 6,16 qram ağırlığında qızıl boyunbağını və 01 ədəd 500 manat dəyərində 4,5 qram ağırlığında 750 əyyarlı olmaqla ümumilikdə 04 ədəd qızıl boyunbağı oğurlayaraq ona 8000 manat maddi ziyan vurmuşlar. Bundan başqa Zərərçəkmiş şəxs ona ümumilikdə 8000 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 ildir ki ünvan 3 ünvanında yerləşən icarə əsasında iştətdiyi mağazaca qızıl zinyət əşyalarının alışı ilə məşğuldur. Gündəlik müxtəlif şəxslərdən hazır mal kimi deyil lom kimi aldığı qızılları topdan qızıl alışı yerinə verərək gəlir əldə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində mağazaya iki nəfər gənc oğlan gələrək özlərinə məxsus qızıl əşyasını satdıqlarını ona demişlər. Həmin oğlanların təklif etdiyi qızıllara baxaraq satmaq istədikləri, bir ədəd 33,86 qram ağırlığında olan 750 əyaq boyunbağını, 1 ədəd üzərində klon olan 6.32 qram 585 əyar boyunbağı və klonu, həmçinin 1 ədəd təxminən 3 qram ağırlığında olan qırıq boyunbağını həmin oğlanlardan 4000 manata razılaşaraq almışdır. O aldığı boyunbağılardan qırıq olanını elə həmin gün lom kimi üzərində müəyyən gəlir əldə etməklə satmışdır. xx.xx.2024-cü i tarixdə mağazaya polis əməkdaşları yaxınlaşaraq oğurluq hadisəsi baş verdiyini və həmin şəxslərin mağazaya daxil olduqlarını qeyd etmiş, o da həmin şəxslərin qızılı satdıqları şəxsiyyət vəsiqəsinin surətini və şəxslərin qızılın özlərinə məxsus olması barədə qeydlərini polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə həmin şəxslərdən aldığı hal hazırda özündə olan qızıl zinyət əşyalarımda o polis əməkdaşlarına təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); “hadisə yerinə baxış keçirilməsi barədə” 22 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “H.M GOLD” qızıl-zinət əşyalarının alış-satışı mağazasıdır (i.v. 10-11); “əşyanın təqdim edilməsi və götürülməsi barədə” 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 zəng mərkəzi sisteminə və Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edərək ona məxsus ünvan 6 ünvanında yerləşən “H.M GOLD” adlı qızıl alışı vəı satışı mağazasından xx.xx.2024-cü il tarixdə saat təxminən 16:20-də 40 qram ağırlığında 750 əyar 1 ədəd qızıl boyun bağının, 26 qram ağırlığında 750 əyar 1 ədəd qızıl boyunbağının, 7 qram ağırlığında 585 əyar 1 ədəd qızıl boyun bağının üzərindəki klonla və 4 qram ağırlığında 750 əyar 1 ədəd qızıl boyunbağının 2 nəfər naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. Təhqiqat araşdırması zamanı vətəndaşın müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və hadisə yerində müşahidə kameralarının mövcud olması müəyyən edilmişdir. Həmin müşahidə kameraları ilə qeydə alınmış video görüntülər maddi sübut kimi götürülmüş və video görüntülərə baxış keçirilmişdir. Qeydə alınmış video görüntülərə əsasən keçirilmiş Keçirilmiş ƏAT tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin xx.xx.2003-cü il təvəllüdlü, Ucar rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Yuxan Şilyan ərazi dairəsi, Yuxarı Şilyan kəndində qeydiyyatda olan X3 və xx.xx.2003-cü il təvəllüdlü, Ucar rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Yuxan Şilyan ərazi dairəsi, Yuxan Şilyan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxslərin saxlanılması üçün keçirilən ƏAT davam etdirilir. Əldə olunan video görüntülərin yoxlanılması zamanı davam etdirilən ƏAT nəticəsində qeyd edilən oğurluq hadisəsini törətmiş şəxslərin əldə etdikləri qızıl zinyət əşyalanm ünvan 3 ünvanında yerləşən, Şahid1 məxsus qızıl alışı mağazasına satdıqları məlum olmuşdur. Şahid1lə aparılan proflaktiki söhbətlər zamanı həmin iki nəfərdən birinin X1 vəsiqəsini təqdim edərək qızılı satdığını, onlardan aldığı 1 ədəd 33 qram 750 əyar boyunbağı, 1 ədəd üzərindəki klonla birlikdə 6,3 qram ağırlığında boyunbağı və 3 qram ağırlığında qızıl sep üçün üçün ümumilikdə 4.000 manat ödədiyini qeyd etmişdir. Həmin oğurluq hadisəsini törətmiş şəxslərdən aldığı qızıllardan hal hazırda onda olan 33 qram və 6.3 qram olan boyunbağıları təhqiqat orqanına təqdim etdi. Təqdim edilmiş qızıl zinyət əşyaları ilə bağlı protokol tərtib edildi. Götürülmüş qızıl zinyət əşyalar qablaşdırılıb materiala əlavə olunaraq istintaqa təqdim ediləcəkdir. Oğurlanmış qızıl zinyət əşyalarının sahibi Zərərçəkmiş şəxs Hətəm oğlu həmin qızıl zinyət əşyalarına baxış keçirərək ona məxsus olduğunu təsdiq etdi (i.v. 28); Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “H.M Gold” qızıl mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş əl izlərindən 01 ədədi (ADİS məlumat bankına Ucar RPŞ-dən daxil olan) xx.xx.2003-cü il tarixdə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı (qızıl qoyulan qabın üzərindən), digər 02 ədədi isə (ADİS məlumat bankına Binəqədi MSY və Nəsimi MSY-dən daxil olan) xx.xx.1996-cı il tarixdə Masallı rayonunda anadan olmuş Şahid3 sağ əlinin şəhadət (02 dəfə) barmaqları (qızıl qoyulan qabın üzərindən götürülmüş) ilə eynilik təşkil etmişdir (i.v. 42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4868-9/8415 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərinə “750” əyyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 33,84 qramdır. 1 ədəd sarı rəngli metaldan boyunbağı üzərinə “MİDAS 14K” adlıq və əyyar damğası həkk olunmuşdur, metalı 585 qızıla uyğundur, çəkisi 2,34 qramdır. 1 ədəd sarı rəngli metaldan, açar formalı, üzərində 1 ədəd ağ şəffaf qaş olan kulon-üzərinə “AMBER 585” adlıq və əyyar damğası həkk olunmuşdur, metalı 585 əyyarlı qızıla uyğundu, ümumi çəkisi 3,82 qramdır, qaşı qiymətli qaşa aid deyil. Ekspertiza tədqiqatına təqdim olunmuş məlumatların 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4646,0 manat müəyyən edilir (i.v. 44-47); “əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 33.86 qram ağırlığında 750 əyar qızıl boyunbağı və 01 ədəd açar formalı klon olan 6.32 qram ağırlığında 750 əyyar qızıl boyunbağı maddi sebut kimi tanınması və saxlanması üçün qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (i.v. 59); “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 08 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 80-81); “baxış keçirilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən "H.M Gold" qızıl mağazasının qarşısında və içərisində qeydə alınmış videogörüntülərə baxış keçirilmişdir. Diskdə əks olunmuş videgörüntülərdən görünür ki, iki nəfər kişi cinsindən olan şəxs mağazanın qarşısında bir qədər dayanır. Onlardan birinin əynində qara rəngli qısaqol köynək, digərində isə ağ rəngli uzunqol köynək vardır. Qara paltar geyinmiş şəxs mağazanın qarşısında dayanaraq müşahidə aparır. Ağ köynəkli şəxs isə içəriyə daxil olaraq vitrindən qızıl-zinyət əşyalarını götürür və oranı tərk edirlər. Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, əynində uzun qol köynək olan şəxs odur, qara rəngli qısaqol köynək geyinən şəxs isə Nihad İsmayılovdur (i.v. 94); “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 98-99); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.102-103); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 701/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 29 yanvar 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 08 dekabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablanması qərara alınmışdır (i.v.120-124); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.133-134); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən maddi sübut kimi tanınmış 33,86 qram ağırlığında 750 əyyar qızıl boyunbağının və 01 ədəd üzərində açar formalı klon olan 6,32 qram ağırlığında 585 əyyar qızıl boyunbağının iş üzrə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əl-barmaq izləri və oğurluq vaxtı qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 və Şahid2 təqdim etdiyi alqı-satqı barədə qeydlərin surəti iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın (i.v.144-152); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heçbir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Onlar barışmışlar. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, məhkəmə istintaqı zamanı həbs altında saxlanıldığı 04 (dörd) ay, 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 33,86 qram ağırlığında 750 əyyar qızıl boyunbağının və 01 ədəd üzərində açar formalı klon olan 6,32 qram ağırlığında 585 əyyar qızıl boyunbağının iş üzrə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əlbarmaq izləri və oğurluq vaxtı qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd DVD disk və Şahid1 və Şahid2 təqdim etdiyi alqı-satqı barədə qeydlərin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə Ucar rayonunun ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay, 17 (on yeddi) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay, 4 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan - 33,86 qram ağırlığında 750 əyyar qızıl boyunbağının və 01 ədəd üzərində açar formalı klon olan 6,32 qram ağırlığında 585 əyyar qızıl boyunbağının iş üzrə qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş əlbarmaq izləri və oğurluq vaxtı qeydə alınmış videogörüntülərin yazıldığı 01 ədəd DVD disk və Şahid1 və Şahid2 təqdim etdiyi alqı-satqı barədə qeydlərin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FİDES” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar