Məhkəmə qərarları › İş №1(006)-236/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-236/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-236/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 08, mənzil 04-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 26, mənzil 1124də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxstanışı Şahid4 xahişi ilə isintaqa məlum olmayan vaxtda və mənbədən 60 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,046 qram, 0,044 qram və 0,041 qram təşkil edən, ümumi təmiz çəkisi 0,338 qram psixotrop maddə metafetamini əldə edərək xx xxxxxx 2019-cu il tarixdə, saat 16:50 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 08 saylı ünvanda həmin maddəni Şahid4 vermiş, sonuncu isə həmin psixotrop maddəni götürərək üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Pirşağı qəsəbəsində yerləşən «Həyat» ailəvi istrahət mərkəzində polis əməkdaşları tərəfindən saxlanılaraq X4 Polis İdarəsinə gətirilmiş, orada üzərində axtarış aparılarkən əynində olan qara gödəkcənin sağ yan cibindən xırda şəffaf sellofan kəsiklərinə bükülmüş həmin psixotrop maddə və ayrıayrılıqda təmiz çəkiləri 0,258 qram, 0,195 qram, 0,138 qram, 0,198 qram, 0,178 qram, 0,048 qram, 0,047 qram, 0,058 qram və 0,041 qram təşkil edən, ümumi təmiz çəkisi 1,161 qram narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,003 qram çəkidə ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, ayrıayrılıqda təmiz çəkiləri 0,18 qram, 0,15 qram və 0,1 qram olan bir ədəd yaşıl rəngli qumbara formalı, bir ədəd üzərində öküz şəkili həkk olunmuş sarı rəngli və yarımçıq bej rəngli, təsiredici maddəsinin ümumi miqdarı 0,43 qram təşkil edən psixotrop maddə metilendioksimetafetamin (MDMA) tərkibli həblər əldə edib ayrı-ayrı 03 ədəd polietilen torbacıqlarda özünə məxsus pul qabına qoyaraq üzərində daşımış, X4 Polis İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, 156 saylı ünvanın qarşısında saxlanılaraq idarə etdiyi “BMW” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə X4 Polis İdarəsinə gətirilmiş, saat 14:45 radələrində İdarənin həyətində onun avtomobilində baxış keçirilən zaman ön hissədə sərnişin oturacağının üzərində olan, ona məxsus pul qabının içərisindən ayrı-ayrı polietilen torbacıqlarda həmin psixotrop maddə və psixotrop maddə metilendioksimetafetamin (MDMA) tərkibli həblər aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, el arasında “şüşə” kimi deyilən psixotrop maddədən istifadə edir. Hadisədən bir ay əvvəl Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən “şüşə” və “ekstazi” həbləri əldə etmiş, onları isə özünə məxsus pul qabında saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat, 13 radələrində “Karl Marks” deyilən ərazidə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu X4 Polis idarəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və idarə etdiyi “BMW” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəyə gəlmişdir. Orada əvvəlcə üzərində axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, daha sonra idarə etdiyi avtomobilə öz razılığı ilə baxış keçirilən zaman ön hissədə yerləşən sərnişin oturacağının üzərindəki qara rəngli əl çantasının içərisindən 03 ədəd balaca sellofan torbacıqların içərisində ağ rəngdə kristalvari maddə, bir ədəd açıq yaşıl rəngli, qumbara formasında, bir ədəd sarı rəngli üçbucaq formasında həb, bir ədəd ağ rəngli yarımçıq həb aşkar edilmişdir. O, tanımadığı şəxsdən “şüşə” olan maddəni 30 manata, “ekstazi” olan həblərin hər birini isə 20 manata öz istifadəsi üçün almışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Maşın alveri ilə məşğul olan zaman tanıdığı Şahid4 yalnız bir dəfə 60 manata “şüşə” adlanan psixotrop maddə vermişdir. Həmçinin onunla birlikdə bəzən həmin maddəni qəbul etmişdir. 2019-cu ilin dekabr ayının sonunda Orxan ona zəng edib psixotrop maddə qəbul etmək istədiyini bildirmiş, o isə onda həmin maddənin olmadığını, özü də istifadə etmək istədiyi üçün tapmağa çalışacağını demişdir. Orxan onun üçün də psixotrop maddə almasını xahiş edəndə üzərində əlavə pulunun olmadığını, ödəniş terminalı vasitəsilə onun kart hesabına pul qoyduğu təqdirdə ona da ala biləcəyini söyləmişdir. Orxan onun kartına 60 manat pul yükləmiş, o da tanımadığı şəxsdən həm özünə, həm də ona psixotrop maddə almış, daha sonra Orxan onun yaşadığı yerə gələrək həmin maddəni ondan götürmüşdür. Onun bu işdə heç bir qazancı olmamış və psixotrop maddənin satışını həyata keçirməmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində üç azyaşlı uşağı və İ qrup əlil olan xəstə anası var. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, 5-6 ildir ki,psixotrop maddə metafetamin və heroin istifadə etmiş, onları müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə etmişdir. Əvvəllər maşın alveri ilə məşğul olan zaman tanıdığı Təqsirləndirilən şəxs zəng edib ondan metafetamin istəmiş, sonuncu isə bu maddəni özü üçün almaq istədiyini və pulunun az olduğunu bildirmişdir. Buna görə də o, Ruslanın bank kartına 60 manat pul köçürmüş və həmin pula ona da metafetamin almasını xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 08 saylı ünvana gedərək ondan ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram, 0,046 qram, 0,044 qram və 0,041 qram təşkil edən, ümumi təmiz çəkisi 0,338 qram psixotrop maddə metafetamini, habelə digər şəxsdən ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qram, 0,195 qram, 0,138 qram, 0,198 qram, 0,178 qram, 0,048 qram, 0,047 qram, 0,058 qram və 0,041 qram təşkil edən, ümumi təmiz çəkisi 1,161 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Pirşağı qəsəbəsində yerləşən «Həyat» ailəvi istrahət mərkəzində polis əməkdaşları tərəfindən saxlanılaraq X4 Polis İdarəsinə gətirilmiş, orada üzərində axtarış aparılarkən əynində olan qara gödəkcənin sağ yan cibindən xırda şəffaf sellofan kəsiklərinə bükülmüş həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 X5-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, idarədə istintaq olunan Şahid4 cinayət işi üzrə əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıqda Şahid4 üzərində aşkar olunmuş metafetaminin sonuncunun Təqsirləndirilən şəxs əldə olunduğu göstərilmişdir. Bu əməliyyat tapşırığına uyğun olaraq tədbirlər keçirilmiş və əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində və idarə etdiyi “BMW” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə daşıyır. Bunu yoxlanılması üçün ondan, şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və Azadlıq prospekti, 156 saylı ünvanın qarşısındakı avtoyuma yerinin qarşısında saxlanılmış, məsələ barədə ona məlumat verib onu idarəyə dəvət etmişlər. Ruslan onlara etiraz etməyib idarə etdiyi “BMW” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis idarəsinə gəlmişdir. Orada onun üzərində videoçəkilişlə axtarış aparılan zaman qanunsuz hər hansı əşya aşkar edilməmiş, daha sonra İdarənin həyətində “BMW” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən ön hissədəki sərnişin oturacağında bir ədəd qara rəngli pul qabının içərisindən üç ədəd sellofan torbacıqda ağ rəngli kristalvari maddə, açıq yaşıl rəngli və qumbara formasında sarı rəngli həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs torbacıqlardan birində “şüşə” deyilən psixotrop maddə olduğunu, həmin maddəni 30 manata tanımadığı şəxsdən aldığını, digər torbacıqlarda isə dərman olduğunu, onların hər birini 20 manata aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid X4 X5-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2020-cu il tarixli, 4011 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs...Təqsirləndirilən şəxs ...”yazısı olan 2 zərfdə, birində bir ədəd polietilen torbacıqda təmiz çəkisi 1,003 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir və digər zərfdə polietilen torbacıqlarda 1 ədəd “qumbara” formalı yaşıl rəngli həb, 1 ədəd üzərində “öküz” şəkli həkk olunmuş sarı rəngli həb və bej rəngli həbin ½ hissəsi metilendioksimetafetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). Təqdim edilmiş həblərdə təsiredici maddəsinin MDMA-nın ümumi miqdarı 0,43 qr (0,18, 0,15, 0,1) təşkil edir. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,953 qram, həblərin qalıqları (½ hissə yaşıl və sarı rəngli, ¼ hissə bej rəngli), aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.35-37); - xx.xx.2020-ci il tarixli, 11 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Şahid4...” sözlər və imzalar olan bir ədəd zərfdəki 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qr., 0,195qr., 0,138 qr., 0,198 qr., 0,178 qr., 0,048 qr., 0,047 qr., 0,058 qr., 0,041 qr., ümumi təmiz çəkisi - 1,161 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin zərfdə 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,207 qr., 0,046 qr., 0,044 qr., 0,041 qr., ümumi təmizi çəkisi - 0,338 qram ağ rəngli kristal formada maddə metafetamindir (İ cild, i.v.217-219); - “Maddi sübut kimi tanımaq və saxlanılmaya təqdim etmək haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş 1,003 qram çəkidə psixotrop maddə metafetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 0,18 qram, 0,15 qram və 0,1 qram olan bir ədəd yaşıl rəngli qumbara formalı, bir ədəd üzərində öküz şəkili həkk olunmuş sarı rəngli və yarımçıq bej rəngli, təsiredici maddəsinin ümumi miqdarı 0,43 qram təşkil edən, psixotrop maddə metilendioksimetafetamin (MDMA) tərkibli həblər iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalan psixotrop maddə metafetaminin 0,953 qram və ½ hissə yaşıl və sarı rəngli, ¼ hissə bej rəngli psixotrop maddə metilendioksimetafetamin (MDMA) tərkibli həblər saxlanılması üçün X4 Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.88- 89); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli, 1147 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.212-213); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən xx xxxx 2016-cı ildə ilə cəzadan azad edilmişdir (İ cild, i.v.231-232); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-80/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır(İ cild, i.v.75-82); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-238/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (İ cild, i.v. 274); - Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il, xx.xx.2008-cı il və xx.xx.2020-ci il təvəllüdlü üç övladı var (İ cild, i.v.108-109,İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan psixotrop maddə olan metafetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram, metilendioksimetafetaminin isə (MDMA) 0,03 qram təşkil edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən, cinayətlərin təkrar törədilməsini isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini, ailə vəziyyətini və cəzasının yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin əvvəli isə həbsə alındığı andan – xx xxxxxx 2020ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq X4 Polis İdarəsində saxlanılan, qalıq qalan 0,953 qram psixotrop maddə olan metafetamin, ½ hissə yaşıl və sarı rəngli, ¼ hissə bej rəngli psixotrop maddə metilendioksimetafetamin (MDMA) tərkibli həblər Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pulTəqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, X4 Polis İdarəsində saxlanılan, qalıq qalan 0,953 qram psixotrop maddə olan metafetamin, ½ hissə yaşıl və sarı rəngli, ¼ hissə bej rəngli psixotrop maddə metilendioksimetafetamin (MDMA) tərkibli həblər məhv edilsin. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar