Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-236/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan və yaşayan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 17 yanvar 2020-ci il tarixdə saat 16:35-də ünvan 2 ünvanda yerləşən “Künefe” restoranının 2-ci mərtəbəsində təsadüfən rastlaşaraq tanış olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış səmimi münasibətdən istifadə edərək sonuncudan zəng edib qaytaracağı adı ilə içərisində 3 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 550 manat dəyərində bir ədəd “Samsung” markalı “S9+” modelli mobil telefonunu götürdükdən sonra telefonla danışmaq görüntüsü yaradıb restoranı tərk edərək qeyd edilən telefonu ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 553 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu tanışlığı olmamışdır.17 yanvar 2020-ci il tarixdə saat 16 radələrində 3-cü mikrorayon dairəsindən yuxarı Əcəmi metrostansiyasına tərəf piyada hərəkət edən zaman bir nəfər cavan oğlanın onunla eyni istiqamətdə hərəkət etməsini və əlində də mobil telefon olmasını görmüşdür. Maddi vəziyyəti ağır olduğundan və pul lazım olduğu üçün fikirləşmişdir ki, tanımadığı həmin cavan oğlanı aldadaraq telefonunu ələ keçirsin. Əvvəllər tanımadığı sonradan adını bildiyi Kamrana yaxınlaşaraq “Sən haralısan mənə tanış gəlirsən” soruşmuşdur. Bu sözdən sonra Kamran ona Masallı rayonundan olduğunu demiş, həmin şəxsi inandırmaq üçün yalandan Kamrana onun da Masallı rayonundan olduğunu, həm yerlisi həm də qohumu olduğunu demişdir. Bundan əlavə Kamranı inandırmaq üçün onu tanıyıb-tanımadığını soruşmuş, Kamran isə onu tanımadığını demişdir. Bundan sonra söhbət edə-edə Əcəmi metrostansiyasının yaxınlığına gəlmişlər. Oraya çatdıqda Kamrana “Künefe” restoranında çay içməyi təklif etmiş, Kamran etiraz etməyib razılaşdıqdan sonra birlikdə “Künefe” restoranına çay içmək üçün girmişlər. Restoranın ikinci mərtəbəsində çay sifariş verdikdən sonra həmin Kamranın əlində “Samsung S9+” markalı mobil telefonun olduğunu dəqiqləşdirmiş, sonra yalandan Kamrandan telefonun hansı markalı telefon olduğunu soruşmuş, Kamran cavab olaraq ona telefonun “Samsung S9+” markalı telefon olmasını demişdir. Mobil telefonu ələ keçirmək üçün Kamrana yalandan “olarmı anama zəng vurum vacib lazımdır” deyərək mobil telefonu istəmiş, Kamran etiraz etməyib mobil telefonu ona vermişdir. Bundan sonra telefonu götürüb yalandan nömrə yığaraq telefonla danışırmış kimi özünü göstərərək restorandan çıxaraq uzaqlaşmış və bir daha restorana qayıtmamışdır. Həmin vaxt Kamrandan götürdüyü mobil telefonu satmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən mobil telefonların alqı-satqı və təmiri dükanına daxil olaraq tanıdığı Fəridə yaxınlaşaraq təcili pul lazım olduğunu, anasının xəstə olduğunu deyərək mobil telefonu ona satmağı təklif etmişdir. Fərid mobil telefonu şübhələnib almadıqdan sonra Anar mağazadan çıxaraq, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında təsadüfən rastlaşdığı əvvəllər tanımadığı şəxsə Samsung markalı, “S9+” modelli mobil telefonu satmağı təklif etmişdir. Mobil telefonu satarkən həmin şəxsə özünə məxsus hərbi biletin surətini çıxarıb vermişdir. Bundan sonra həmin şəxs ona inanıb mobil telefonu almışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, oğurluğu maddi imkansızlıq ucbatından törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək imkanına malik olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2020-ci ilin yanvar ayının 17-də təxminən saat 16 radələrində yaşadığı ünvanın qarşısında əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq “qohum salam necəsən” demiş, həmin şəxsə “səni tanımadım” dedikdə həmin şəxs ona “məni necə tanımadın keçən dəfə də mən sənə salam verdim sən isə mənə heç bir reaksiya vermədin” demişdir. Bundan sonra həmin şəxs ona təklif etmişdir ki, çay içək tanışlıq verəcək. O, etiraz etməyib onunla birlikdə çay içmək üçün Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən Künefe restoranına getmişdir. Restorana girdikdə tanımadığı şəxs 2 ədəd kofe sifariş etmiş və onlar restoranın 2-ci mərtəbəsində masaların birində əyləşmişlər. Həmin şəxs söhbət əsnasında əvvəlcə ondan Masallı rayonundan olub- olmadığını soruşmuşdur. Anası Masallı rayonundan olduğuna görə düşünmüşdür ki, həmin şəxs ana tərəfdən onun qohumudur. Bundan sonra həmin şəxs ona adının Anar olduğunu bildirmişdir. Söhbət edən vaxt Anar adlı əvvəllər tanımadığı şəxs ondan əlində tutduğu istifadəsində olan mobil telefonun markasını soruşmuşdur. Anara istifadəsində olan mobil telefonun Samsung markalı, S 9+ modelli mobil telefon olduğunu bildirdikdən sonra əvvəlcə Anar ondan mobil telefon almaq istədiyini, ona görə də mobil telefona baxmaq üçün icazə istəmişdir. O, etiraz etməyib Samsung markalı, S 9+ modelli mobil telefonu baxmaq üçün Anara vermişdir. Anar mobil telefona baxarkən mobil telefonun kredit olub-olmadığını soruşmuşdur. Anara mobil telefonu kreditlə aldığını, halhazırda kredit ödədiyini demişdir. Bundan sonra Anar evə zəng etmək üçün konturu olmadığını, onun mobil telefonu ilə evlərinə zəng etmək üçün icazə istəmişdir. O, etiraz etməyib mobil telefonun şifrəsini açıb Anara vermişdir. Bundan sonra Anar masadan ayağa qalxıb mobil telefonla nömrə yığa-yığa restoranın 1-ci mərtəbəsinə düşmüşdür. Anarı masada təxminən 5 dəqiqə gözlədikdən sonra gəlmədiyini görüb restoranın 1-ci mərtəbəsinə düşmüş və küçəyə çıxmış, lakin Anarı tapa bilməmişdir. Anarın onu aldadaraq onun Samsung markalı, S 9+ modelli mobil telefonunu ələ keçirdiyini başa düşüb restoranın pulunu ödəyib restorandan çıxmışdır. Həmin vaxt Samsung markalı, S 9+ modelli mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrə olduğuna görə mobil nömrəyə dəfələrlə zəng etsə də, mobil telefona cavab verən olmamışdır. Bundan sonra DİN-nin 102 Xidmətinə zəng edərək baş vermiş hadisə barədə Nəsimi RPİ-nin 19-cu PŞnə gəlib ərizə yazmışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən, ona qarşı şikayətçidir. Cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X3 tərəfindən tərtib edilmiş “diskə baxış keçirilməsi barədə” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müşahidə kamerasının qeydə aldığı həmin görüntüdəki bir nəfər əynində göy rəngli gödəkçə, qara rəngli kənarı ağ zolaqlı idman şalvarı, qara rəngli ayaqqabı geymiş, əlində mobil telefon tutmuş cavan oğlanın onun özü olduğunu, 17 yanvar 2020-ci il tarixdə 16:35 radələrində görüntüdə qeyd olunan masada əyləşən isə Samsung markalı mobil telefonu ələ keçirdiyi Zərərçəkmiş şəxs olduğunu, Zərərçəkmiş şəxs aldadaraq mobil telefonunu danışmaq adı ilə ələ keçirib restoranı tərk etdiyini, əlində tutduğu Samsung markalı mobil telefonun isə Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir (i/v 79). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 17.01.2021-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2021-ci il tarixli, 9/537 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd «Samsung» markalı “S9+” modelli mobil telefonun 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 550,0 (beş yüz əlli) manat müəyyən edilir (i/v 97-99). İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması barədə” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində saxlanılaraq 19cu PŞ-nə gətirilmişdir (i/v 55). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli tələbnamədən və Ucar rayon Məhkəmənin 25.04.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (i/v 50,101- 106). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında 17 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 85). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.01.2021-ci il tarixdən 17.01.2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan məhkəmə ekspertiza xərci 50 (əlli) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-236/2021 saylı, 07 mart 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 18 mart 2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-236/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-236/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver