Məhkəmə qərarları › İş №1(006)-236/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-236/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-236/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonu, Karrar kəndində doğulmuş, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 noyabr 2017-ci il tarixli, 2(006)-8273/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ondan 10000,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 noyabr 2017-ci il tarixli, 2(006)-8273/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 14 iyun 2019-cu il və 03 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolları ilə iki dəfə həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli 3(006)-3/2019 saylı qərarı əsasında Azərbaycan Respublikası İXMnin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 15 gün, 03 mart 2021-ci il tarixli 3(006)-740/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 15 mart 2021-ci il tarixdə xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 26 may 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə həmin məbləğdə zərər çəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid4 avtomobil almış, pulun yarısını ödəmiş, 10.000 manat borcu qalmışdır. Həmin 10.000 manat pula görə 12 noyabr 2015-ci il tarixdə aralarında borc müqaviləsi bağlamışlar. Xəlyəddin müəllimin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən borc müqaviləsi onun həyat yoldaşı Zərərçəkmiş şəxs ilə bağlanmışdır. Sonradan pulu qaytara bilməmiş, sonuncu isə borcunu tələb edərək 2017-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Məhkəmənin 28 noyabr 2017-ci il tarixli, 2(006)-8273/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 10.000 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı olmadığından məhkəmə aktını icra edə bilməmişdir. Hətta iki dəfə həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(006)-3/2019 saylı qərarı əsasında Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün, 03 mart 2021-ci il tarixli, 3(006)-740/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilmişdir. Borcunu ödəməkdən yayınmır, özünün də alacaqları var. Bir nəfərə 21.000 manat borc pul vermişdir. Özünə məxsus mənzili satışa qoymuşdur, lakin aşağı qiymət verdikləri üçün hələki satmır. Evi satandan sonra borcunu ödəyəcəkdir. 5-6 ildir ki, heç bir yerdə işləmir, maddi imkanı olmadığı üçün borcunu bu vaxta qədər qaytara bilməmişdir. Daha sonra iki əlil bacısının olduğunu, onlara özünün baxdığını, əlil bacısının aldığı pensiya ilə dolandıqlarını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Şahid4 avtomobil almış, pulun yarısını ödəmiş, 10.000 manat borcu qalmışdır. Həmin 10.000 manat pula görə 12 noyabr 2015-ci il tarixdə aralarında borc müqaviləsi bağlamışlar. Bir müddət sonra borcu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin 28 noyabr 2017-ci il tarixli, 2(006)-8273/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pulun onun xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmurlarının qətnamənin icrası ilə bağlı borcluya bildirişlər təqdim etməsinə baxmayaraq Təqsirləndirilən şəxs qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən iki dəfə həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(006)- 3/2019 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün, 03 mart 2021-ci il tarixli, 3(006)-740/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan kifayət qədər pul qazanmasına baxmayaraq 7 ildir ki, borcunu ödəməkdən imtina edir. Daha sonra qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. O, Təqsirləndirilən şəxs “BMW 750” minik markalı avtomobil satmış və sonuncunun həmin avtomobildən 10.000 manat borcu qalmış, bu səbəbdən də Zərərçəkmiş şəxs ilə borc müqaviləsi bağlamışdır. Lakin artıq neçə ildir ki, pulu ödəmir. Gah evi satıb pulu ödəyəcəyini, gah da bankdan kredit götürəcəyini desə də, 7 ildə 100 manat belə pul ödəməmişdir. Pulu ödəmək imkanı var, özü işləyir, balıq satır, evdə oğlu, bacısı oğlu işləyir, amma borcu ödəməkdən imtina edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, satmaq üçün avtomobilini Şahid4 yanına qoymuş, Təqsirləndirilən şəxs Xəlyəddinin yanına gedib-gələn zaman görmüşdür. Təqsirləndirilən şəxs tanıyan şəxslər ona sonuncunun uzun illərdir Abşeron rayonu, Novxanı qəsəbəsində qeyri-rəsmi olaraq balıq tutanların yanında köməkçi işlədiyini və əlavə olaraq onlardan balıq alaraq müxtəlif ünvanlarda satışını təşkil etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs Şahid4 avtomobil satması və əvəzində ondan “BMW 750” minik markalı avtomobil alması barədə məlumatı var. Avtomobili alan zaman Təqsirləndirilən şəxs 10.000 manat borclu qalmış, buna görə Zərərçəkmiş şəxs ilə borc müqaviləsi bağlamışdır. Lakin artıq neçə ildir ki, borcunu ödəməyə maddi imkanı olsa da, ödəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək ona uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 2(006)-8273/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı icra sənədi 29 yanvar 2018-ci il tarixdə icraatına daxil olmuş, icra sənədi icraata qəbul edilərək 29 yanvar 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmişdir. Məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara sorğular verilmiş və həmin sorğulara verilmiş cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Müxtəlif tarixlərdə borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Borclu hər dəfə borcu ödəyəcəyini bildirsə də, sonradan icra məmurunun çağırışlarına gəlməmiş, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməkdən yayınaraq məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də iki dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 3(006)-3/2019 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün, 03 mart 2021-ci il tarixli, 3(006)-740/2021 saylı qərarı əsasında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətlərində inzibati qaydada həbs edilmişdir. Borclu borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı tərəfindən təqdimat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək ona uyğun ifadə vermişdir. İş materiallarında olan: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli, 2(006)- 8273/2017 nömrəli qətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir (l cild i.v.9- 11); - Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 29 yanvar 2018-ci il tarixli qərarından və müvafiq bildirişdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(006)-8273/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və 10 gün müddətində könüllü icrası barədə məlumatlandırılmışdır (l cild i.v.17-18); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 3(006)-740/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir (l cild i.v.85-87); - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(006)-3/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir (l cild i.v.61); - “Borclunun axtarışı haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir (l cild i.v.74); - xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir (l cild i.v. 89); - 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdən axtarışda olan Təqsirləndirilən şəxs könüllü olaraq xx.xx.2022-ci il tarixdə saat 09:00-da Nəsimi RPİ-nin 19-cu PŞ-ə gəlmişdir (l cild i.v.168); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (l cild i.v.189-190); - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (l cild i.v.133); - Nəsimi rayon 33 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2007-ci ildən hal hazıra kimi ünvan 1 saylı mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Qeyd olunan ünvanda yaşadığı və qeydiyyatda olduğu müddət ərzində onun barəsində heç vaxt Nəsimi rayon 33 saylı MKİS-ə hər hansı bir yerdən heç bir şikayət və müraciət daxil olmamışdır (l cild i.v.104). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxan 2(006)-8273/2017 saylı qətnaməni icra etmək üçün kifayət qədər vaxtı və maddi imkanı olmuşdur. Təqsirləndirilən şəxs bu günədək məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməməsini CM-nin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əvvəllər məhkum edilməməsini, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına barəbər tutulsun və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar