Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-236/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-50/2024 saylı hökmü ilə 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(011)- 5/2025 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə saat 05:36-də fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olduğu “Saipa” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs sərnişin qismində ünvan 2 ünvanının qarşısına gətirdikdən sonra sonuncunun 7 manat təşkil edən gediş haqqını əldə etməsi üçün ona təqdim etdiyi mobil telefonun “Birbank" tətbiqinin 5239-1515-1112-8392 nömrəli kart hesabından 7 manat komissiya haqqı olmaqla 700 manat pul vəsaitini Zərərçəkmiş şəxs hiss etmədiyi şəraitdə istifadəsində olan 4098-5844- 9697-2918 nömrəli bank kartının hesabına köçürməklə elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 707 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxsi 2-3 dəfə “ayıq sürücü” xidməti kimi ünvanına aparmışdır. O, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Səbail rayonu, “Tarqovu” kimi bilinən ərazidə yerləşən restoranların birinin qarşısında taksi kimi dayanan zaman zərərçəkmiş şəxs onun avtomobilinə əyləşərək onu “Papanin” adlanan əraziyə aparmasını xahiş etmişdir. O da onu dediyi ünvana aparmışdır. Yolda zərərçəkmiş şəxs “Şamaxinka” deyilən ərazidə tantuni yemək istədiyi üçün avtomobili saxlatmış və ona da onunla birlikdə tantuni yeməyi təklif etmişdir. O, zərərçəkmiş şəxsin təklifi ilə razılaşmış və onlar birlikdə kafedə oturub tantuni yemişlər. Daha sonra zərərçəkmiş şəxsi dediyi ünvana aparmışdır. Yolda onunla zərərçəkmiş şəxs arasında səmimi söhbət yaranmış və söhbət zamanı o, zərərçəkmiş şəxsə maddi problemləri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ondan 700 manat pulun onun problemlərinin həlli üçün kifayət edib-etmədiyini soruşmuş və həmin məbləğdə pulu ona göndərməklə jest etmək istədiyini bildirmişdir. O da zərərçəkmiş şəxsin təklifinə etiraz etməmişdir. Zərərçəkmiş şəxs ondan kart nömrəsini istəmiş və sonuncu özü onun kartına 700 manat pul göndərmişdir. İbtidai istintaq zamanı təzyiq altında olmuş, polis əməkdaşları tərəfindən döyülmüşdür. Lakin onların hərəkətlərindən heç bir yerə şikayət etməmişdir. Zərərçəkmiş şəxsin ona göndərdiyi pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün sonuncu pulu geri tələb etdikdə həmin pulu qaytara bilməmişdir. Daha sonra ittiham olunduğu cinayət əməlini törətmədiyini nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Səbail rayonu, “Tarqovu” kimi bilinən ərazidə yerləşən restoranların birində spirtli içkidən istifadə etmişdir. Artıq səhər saatlarında yaşadığı mənzilə qayıtmaq üçün təxminən saat 05:15 radələrində markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan bir avtomobilə əyləşmişdir. Özünü Orxan kimi təqdim edən şəxslə aralarında olan razılaşmaya əsasən onu “Tarqovu” ərazisindən yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 20 C ünvanına 7 manata aparmalı idi. Onlar təxminən 05:36-da onun yaşadığı binanın qarşısına çatmışlar. Onun üzərində nağd pul olmadığı üçün mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəmişdir. Spirtli içkinin təsiri altında olduğu üçün və gözü yaxşı görə bilmədiyi üçün öz mobil telefonunu taksi sürücüsünə vermiş və "Birbank" mobil telefon tətbiqi vasitəsilə ona məxsus 5239 1515 1112 8392 kodlu ’’Kapital Bank” kartından öz bank kartına 7 manat ödəniş etməsini xahiş etmişdir. Sürücü bununla razılaşmış və mobil telefonu götürüb ödəniş etmişdir. O isə bu ödəniş əməliyyatına baxmadan həmin şəxslə sağollaşıb öz yaşadığı mənzilə qalxmışdır. Bir gün sonra bank kartının əməliyyat tarixçəsinə baxarkən saat 05:36-da özünə məxsus bank kartından 4098 58**** 2918 kodlu "Leobank" kartına 700 manat pul köçürüldüyünü aşkar etmişdir. Yəni özünü Orxan kimi təqdim edən taksi sürücüsü 7 manat əvəzinə bank kartından 700 manat pulu başqa bir kart hesabına köçürmüşdür. Bu əməliyyat zamanı 07 manat komissiya haqqı da çıxılmışdır. Sonradan Orxan adlı şəxslə telefon əlaqəsi saxlayaraq köçürtdüyü pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu xərclədiyini bildirərək geri qaytarmaqdan imtina etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, 2024-cü ilin yay aylarında özünə məxsus olan 4098-5844-9697-2918 nömrəli “LeoBank” kartını oğlu Təqsirləndirilən şəxs vermişdir. Belə ki, oğlu taksi fəaliyyəti ilə məşğul olduğu üçün ona tez-tez kart lazım olurdu. Bu məqsədlə öz kartını ona vermişdir. 2024-cü il 26 noyabr tarixində polis əməkdaşları tərəfindən ona zəng olunmuş və oğlunun saxlanılması barədə məlumat verilmişdir. Onun Təqsirləndirilən şəxs 700 manat pulu oğurlayaraq ona məxsus kart hesabına göndərməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.56-57); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.90-91); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 20 C ünvanının qarşısında özünə məxsus 5239-1515-1112-8392 nömrəli kart hesabından gediş haqqı kimi 7 manat ödəməsi üçün müştəri kimi əyləşdiyi taksi sürücüsünə mobil telefonunu vermiş, lakin həmin şəxs Zərərçəkmiş şəxs məxsus kart hesabından 700 manat pul oğurlamışdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya götürülməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.12-14); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, 27 iyul 2024-cü il tarixdə saat 05:36:21-də Şahid adına olan 4098-5844- 9697-2918 nömrəli “LeoBank” kartına “BirBank” tətbiqi vasitəsilə 700 manat pul köçürülmüşdür. (i.v.100); - “Tanınma keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş 4 ədəd fotoşəkildən hadisəni törətmiş Təqsirləndirilən şəxs tanımışdır (i.v.39-40); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx"dan göndərilmiş Təqsirləndirilən şəxs taksi fəaliyyətində istifadə etdiyi anası Şahid məxsus 4098-5844-9697-2918 nömrəli “LeoBank” kartına ‘"BirBank” tətbiqi vasitəsilə 700 manat pulun köçürülməsinin əks olunduğu DVD disk və həmin köçürmənin qəbzi maddi sübut kimi tanınmışdır. (i.v.112-119); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4 və 69.3-cü maddələri ilə 02 il 07 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.92-93); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 (iki) il 07 (yeddi) ay 18 (on səkikiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.102-109); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bil) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-670/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərar ilə həbs qətimkan tədbiri seçilməsi və Bakı İstintaq Təcridxanasında olması nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi isə eyni əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsin 700 manat pulu öz istəyi ilə onun kartına göndərməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində ilkin vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadəsinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadə cinayət işinin materiallarında olan sübutlarla (zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə məlumat verilməmiş, eyni zamanda polis əməkdaşlarının hərəkətlərindən rəsmi olaraq hər hansı bir orqana şikayət etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-50/2024 saylı hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(011)-5/2025 saylı qərarı ilə 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəza hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 28 noyabr 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx"dan göndərilmiş Təqsirləndirilən şəxs taksi fəaliyyətində istifadə etdiyi anası Şahid məxsus 4098-5844-9697-2918 nömrəli LeoBank kartına ‘"BirBank” tətbiqi vasitəsilə 700 manat pulun köçürülməsinin əks olunduğu DVD disk və həmin köçürmənin qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Ekol» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-50/2024 saylı hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(011)-5/2025 saylı qərarı ilə 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx"dan göndərilmiş Təqsirləndirilən şəxs taksi fəaliyyətində istifadə etdiyi anası Şahid məxsus 4098-5844-9697-2918 nömrəli “LeoBank” kartına "BirBank” tətbiqi vasitəsilə 700 manat pulun köçürülməsinin əks olunduğu DVD disk və həmin köçürmənin qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Ekol» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-236/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-236/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver