Məhkəmə qərarları › İş №1(006)-237/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-237/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-237/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 37A-da yerləşən «The kings» restoranının qarşısında olan Zərərçəkmiş şəxs1 məxsus «VAZ- 21074» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısını vint açan ilə açaraq, salondan bir ədəd 50 manat dəyərində «PİONEER» markalı, «DEH-P7150UB» seriyalı avtomaqnitafonu; bir ədəd 70 manat dəvərində «JECİK» markalı, üzərində «CA- 3252» «3600 P.M.P.O WATTS» «4 CHANNEL MOSFET BRİDGEABLE HİGH POWER AMPLİFİER» sözləri yazılmış səs gücləndirici tənzimləyəni (usilitel); bir ədəd 40 manat dəyərində «uzluşka» kimi adlanan salon güzgüsünü; bir ədəd 80 manat dəyərində kustar üsulla taxtadan hazırlanmış «PİONEER» markalı, üzərində «CLASS D MONO AMPLİFİER» «CM-D 7500M» sözləri yazılmış mono bloku, bir cüt 60 manat dəyərində «X METAL BASS», «PİONEER Champion series» sözləri yazılmış səs gücləndiriciləri və 200 manat pulu götürüb gizli talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7-nin qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus «VAZ-21214» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısını vint açan ilə açaraq, salondan bir cüt 30 manat dəyərində «PİONEER» markalı, üzərində «TS-6975 V2» «500 W MAX 80 W NOM» sözləri həkk olunmuş səs gücləndiriciləri; bir ədəd 100 manat dəyərində «PİONEER 6550 DVD» markalı avtomaqnitafonu; bir ədəd 60 manat dəyərində «SONY» markalı, «1000 Watt» gücündə səs gücləndirici tənzimləyəni (usilitel); bir cüt 120 manat dəyərində «PİONEER» markalı, «500 Watt» gücündə xrom kimi adlanan səs gücləndiriciləri (bosovik); bir ədəd 50 manat dəyərində salon güzgüsünü; bir ədəd 20 manat dəyərində sürücü qapısında olan və yan güzgüləri tənzimləyən bloku; 9 manat dəyərində hər üç əyləcin (pedal) üzərinə vurulmuş rezin başlıqları götürüb gizli talamaqla, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 389 (üç yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 2ci mikrorayon, ev 54-ün qarşısında olan Zərərçəkmiş şəxs3 məxsus «VAZ-21074» markalı, ** EA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapısını vint açan ilə açaraq, salondan bir ədəd 40 manat dəyərində «PİONEER» markalı avtomaqnitafonu; bir ədəd 50 manat dəyərində monitoru; bir cüt 50 manat dəyərində «PİONEER» markalı səs gücləndiricini (bosovik); bir cüt 10 manat dəyərində markası bilinməyən Çin istehsalı səs gücləndiricini (bosovik); bir ədəd 10 manat dəyərində kustar üsulla taxtadan yığılmış qoltuqaltını (bar) götürüb gizli talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 160 (yüz altmış) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər avtomobil təmiri emalatxanalarında çilingər işləmiş, lakin sonradan həmin emalatxana bağlandığına görə işsiz qalmasına görə maddi ehtiyacları yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ərazisində yerləşən «The kings» pub restoranının qarşısından keçən vaxtı orada ağ rəngli, «VAZ-21074» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayanmasını görüb, işləmədiyi və maddi ehtiyacları olduğu üçün avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı onun üzərində vint açan olmuş və ətrafa baxıb heç kimin olmadığına, onu görə bilməyəcəyinə əmin olduqdan sonra həmin vint açan ilə sürücü qapısının kilidini burub açmış, qapını açanda xəbərdaredici səs işə düşüb səs etdiyinə görə mühərrik örtüyünü açıb enerji ötürücü akkumlyatoru ayırmış, sonra avtomobilin salonuna keçib oradan bir ədəd «Pioneer» markalı avtomaqnitafonu, 1 ədəd salon güzgüsünü, 200 manat pulu, həmçinin avtomobilin baqajından 1 ədəd səs gücləndiricini tənzimləyən qurğunu (usilitel), 2 ədəd «Pioneer» markalı səs gücləndiricini (bosovik), 1 ədəd «Pioneer» markalı monobloku götürüb hadisə yerindən bir qədər kənara qoymuş, həmin əşyaları sellofan paketə qoyub yaşadığı evə aparıb özünə məxsus otaqda çarpayının altına yığmış, lakin evdə ailə üzvlərinə oğurluq etməsi barədə bildirməmişdir. Onun həmin əşyaları satıb pul əldə etmək məqsədi olmuş, lakin həmin vaxtı qorxduğu üçün əşyaları sonra satmaq qərarına gəlmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 05:00 radələrində Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, ev 54-ün qarşısından keçən vaxtı orada ağ rəngli, «VAZ-21074» markalı, ** EA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayanmasını görüb, həmin avtomobildən də oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına, onu görə bilməyəcəyinə əmin olduqdan, sonra üzərində olan vint açan vasitəsi ilə avtomobilin irəli sağ qapısının kilidini burub açmış, qapını açanda xəbərdaredici səs işə düşüb sonra dayanmış, avtomobilin salonundan 1 ədəd «Pioneer» markalı avtomaqnitafonu, 1 ədəd monitoru, 2 ədəd «Pioner» markalı səs gücləndiricini (bosovik), 2 ədəd Çin istehsalı səs gücləndiricini (bosovik), kustar üsulla yığılmış qoltuqaltını (bar) və 50 manat pulu götürüb hadisə yerindən bir qədər kənara qoymuş, həmin əşyaları sellofan paketə qoyub yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin vaxtı saat 06:00 radələri olmuş, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7-nin qarşısından keçən vaxtı orada qara rəngli, «VAZ-21214» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dayanmasını görüb həmin avtomobildən də oğurluq etmək qərarına gəlmişdir. O, əlində olan və oğurladığı əşyaları bir qədər kənara qoymuş və həmin avtomobilə yaxınlaşaraq üzərində olan vint açan vasitəsi ilə avtomobilin irəli sağ qapısının kilidini burub açmış, qapını açanda xəbərdaredici işıqlar yanıb-sönməyə başlamış, avtomobilin salonundan 1 ədəd «pioneer» markalı avtomaqnitafonu, 1 ədəd «SONY» markalı səs gücləndiricini tənzimləyəni (usilitel), 2 ədəd «Pioner» markalı xrom səs gücləndiricini (bosovik), 1 ədəd salon güzgüsünü, 1 ədəd sürücü qapısında olan və yan güzgüləri tənzimləyən bloku, hər 3 əyləcin (pedal) üzərinə vurulmuş rezin başlıqları götürüb sellofan paketə qoymuş, sonra «VAZ-21074» markalı avtomobildən oğurlayaraq kənara qoyduğu sellofan paketi götürüb, yaşadığı evə aparıb özünə məxsus otaqda çarpayının altına yığmış, lakin evdə ailə üzvlərinə oğurluq etməyi barədə bildirməmişdir. Onun həmin əşyaları satıb pul əldə etmək məqsədi olmuş, səhəri günü həmin əşyalardan bir neçəsini satıb pul əldə etmək qərarına gəlmiş və 1 ədəd avtomaqnitafon, 1 cüt səs gücləndirici (bosovik), səs gücləndiricini tənzimləyən qurğunu (usilitel), səs gücləndiricini (bosovik), 1 ədəd monoblokdan başqa digər əşyaları götürüb Sumqayıt şəhərində yerləşən avtomobil bazarına ehtiyyat hissələri almaq üçün gəlmiş tanımadığı şəxsə satıb həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra o, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət olunmuş və polis şöbəsində oğurluq etdiyi avtomobillərin sahiblərinin ərizə ilə müraciət etməsi məlum olmuş, polis şöbəsində törətdiyi cinayəti səmimi etiraf etmiş, sonra o, yaşadığı evə yığdığı maddi sübutları təqdim etmiş və həmin əşyalar götürülərək bu barədə protokol tərtib olunmuşdur. O, götürülən əşyaların içərisində tanışı Şahid1 məxsus səs gücləndirici və avtomaqnitafonun olmasını, oğurladığı əşyaların sahiblərini əvvəllər tanımamasını və həmin şəxslərlə heç bir münasibətinin olmamasını, oğurluq edən vaxtı onu heç kimin görməməsini, həmçinin oğurluq hadisələrində tək olmasını və ona heç kimin kömək etməməsini, oğurluq etməsi barədə əvvəlcədən və ya sonradan ailə üzvlərinin, eləcə də heç kimin məlumatının olmamasını, qeyd olunan cinayət hadisələrindən başqa cinayət törətməməsini, mobil telefonunun olmamasını, əvvəllər mobil telefonunun olmasını və işləmədiyi üçün satıb pul əldə etməsini bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X6 və digər zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Etibarnamə əsasında «VAZ-21074» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində idarə etdiyi «VAZ-21074» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı binanın qarşısına getmiş, idarə etdiyi avtomobili daimi həmin binanın aşağı mərtəbəsində fəaliyyət göstərən «The kings» pub restoranının yaxınlığında saxlamışdır. Qapıları uzaqdan idarə edilən açar (kilid) vasitəsi ilə bağlayıb yaşadığı mənzilə getmişdir. Səhər, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 11:40 radələrində yaşadığı mənzildən çıxıb həyətə düşmüş və idarə etdiyi avtomobilə yaxınlaşmağa bir neçə metr qalmış uzaqdan idarə olunan açarın düyməsini basanda səs gəlmədiyini görmüş, avtomobilə yaxınlaşanda sürücü tərəfdən qapının və mühərrik örtüyünün yarımçıq bağlanmasını görmüş, mühərrik örtüyünü açıb baxanda enerji ötürücü akkumlyatorun naqillərinin ayrılmasını görmüşdür. Avtomobilin salonuna baxanda 1 ədəd «Pioneer» markalı avtomaqnitafonun, 1 ədəd «Jecik» markalı səs gücləndirici tənzimləyənin (usilitel), 2 ədəd «Pioner» makalı 1000 Watt gücündə səs gücləndiricinin (bosovik), 1 ədəd «Pioneer 7500» markalı monoblokun, 1 ədəd salon güzgüsünün və 200 manat pulun olmadığını görüb oğurluq olmasını başa düşməsinə görə dərhal DİN-in «102» xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, sonra o, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət olunmuş və hadisə ilə əlaqədar ərizə, izahat yazmışdır. O, avtomobilindən oğurluq edən şəxsi tanımamasını və onunla heç bir münasibətinin olmamasını, avtomobilin salonundan 1 ədəd 170 manat dəyərində «Pioneer» markalı avtomaqnitafon, 1 ədəd 140 manat dəyərində «Jecik» markalı səs gücləndiricini tənzimləyən (usilitel), 2 ədəd ümumi 250 manat dəyərində «Pioner» makalı 1000 Watt gücündə səs gücləndirici (bosovik), 1 ədəd 250 manat dəyərində «Pioneer 7500» markalı monoblok, 1 ədəd 60 manat dəyərində salon güzgüsü və 200 manat pulun oğurlanmasını müəyyən etmişdir. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 1.070 (min yetmiş) manat maddi ziyan dəymişdir. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur və ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X6 və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Özünə məxsus «VAZ-21214» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. xx xxxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində idarə etdiyi «VAZ-21214» markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı minik avtomobillə yaşadığı binanın həyətinə getmişdir. Yaşadığı evin qarşısında yer olmadığına görə idarə etdiyi avtomobili 7 №-li yaşayış evinin qarşısında saxlamış, avtomobildən düşüb qapıları uzaqdan idarə edilən açar (kilid) vasitəsi ilə bağlayıb yaşadığı mənzilə getmişdir. Səhər, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı mənzildən çıxıb həyətə düşmüş və idarə etdiyi avtomobilə yaxınlaşmağa bir neçə metr qalmış uzaqdan idarə olunan açarın düyməsini basanda səs gəlmədiyini görmüşdür. O, avtomobilə yaxınlaşıb əli ilə qapını açanda qapının açıq olmasını müəyyən etmişdir. Avtomobilin salonuna əyləşmiş və baxanda 1 ədəd «Pioneer 6550 DVD» markalı avtomaqnitafonun, 1 ədəd «SONY» markalı 1000 Watt gücündə səs gücləndiricini tənzimləyənin (usilitel), 2 ədəd «Pioner» markalı 500 Watt gücündə xrom səs gücləndiricinin (bosovik), 1 ədəd salon güzgüsünün, sürücü qapısında olan və yan güzgüləri tənzimləyən blokun, hər 3 əyləcin üzərinə vurulmuş rezin başlıqların olmadığını görüb oğurluq olmasını başa düşmüşdür. Buna görə də, dərhal DİN-in «102» xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət olunmuş və hadisə ilə əlaqədar ərizə, izahat yazmışdır. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 925 (doqquz yüz iyirmi beş) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X6 və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. «VAZ-21074» markalı, ** EA *** dövlət qeydiyyat nişanlı minik avtomobili atası X8 mülkiyyətində olsa da, həmin nəqliyyat vasitəsi ona məxsusdur və hazırda da etibarnamə əsasında özü idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində idarə etdiyi «VAZ-21074» markalı, ** EA *** dövlət qeydiyyat nişanlı minik avtomobillə yaşadığı binanın həyətinə getmiş və avtomobili daim yaşadığı evin qarşısında saxlamış, avtomobildən düşüb qapıları uzaqdan idarə edilən açar (kilid) vasitəsi ilə bağlayıb yaşadığı mənzilə getmişdir. Səhər, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində yaşadığı mənzildən çıxıb həyətə düşmüş və idarə etdiyi avtomobilə yaxınlaşaraq uzaqdan idarə olunan açarın düyməsini basıb qapıları açıb avtomobilə əyləşmiş, avtomobilin salonuna baxanda 1 ədəd «Pioneer» markalı avtomaqnitafonun, 1 ədəd monitorun, 2 ədəd «Pioner» markalı səs gücləndiricinin (bosovik), 2 ədəd markasını xatırlamadığı Çin istehsalı səs gücləndiricinin (bosovik), kustar üsulla yığılmış qoltuqaltının (barın) və monitorun arxasında olan 50 manat pulun olmadığını görüb oğurluq olmasını başa düşmüş və dərhal DİN-in «102» xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət olunmuş və hadisə ilə əlaqədar ərizə, izahat yazmışdır. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 350 (üç yüz əlli) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinə etiraz etmir. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X10 onun uşaqlıq dostudur, normal münasibəti vardır. Zərərçəkmiş şəxsləri tanımır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. «VAZ-2121» markalı, ** XL *** dövlət qeydiyyat nişanlı minik avtomobili qeydiyyat şəhadətnaməsi əsasında X5 adına olsa da həmin avtomobili baş etibarnamə əsasında özü almış, lakin həmin avtomobili Orxana idarə etməyə vermişdir. O, özünə məxsus 1 cüt «Pioneer 6994» markalı 600 Watt gücündə, 1 cüt «Pioneer 6975 Xrom» markalı 500 Watt gücündə səs gücləndiriciləri, 1 ədəd «Pioner 1750» markalı, 1 ədəd «Pioner 7150» markalı avtomaqnitafonu evində yer olmadığına görə Orxana saxlamağa vermiş və o həmin səs gücləndiriciləri yaşadığı evinə qoymuşdur. Sonradan ona Orxan Qayıbxanovun oğurluq etməsinə görə polis əməkdaşları tərəfindən saxlanılması, həmçinin polis əməkdaşları tərəfindən evindən ona məxsus səs gücləndiricilərin və avtomaqnitafonun götürülməsi məlum olmuşdur. O, 2 cüt səs gücləndiricilər və avtomaqnitafonların ona məxsus olmasını və Elnura saxlamaq üçün verməsini, həmin səs gücləndiricilərin və avtomaqnitafonun Orxan tərəfindən törətdiyi oğurluq hadisəsinə heç bir aidiyyətinin olmamasını, Orxan Qayıbxanovun oğurluq etməsindən əvvəlcədən heç bir məlumatının olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X10 onun oğludur. Zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Arvadı və oğlu Orxan Qayıbxanov ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə oğlu Orxan Qayıbxanov polisə dəvət olunmuşdur. Daha sonra polis əməkdaşları evə gəlib baxış keçirəcəklərini bildirmiş, o, etiraz etməmiş və oğlu Orxanın otağına baxış keçirilən vaxtı çarpayının altından səs gücləndirici və avtomaqnitafonlar aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Həmin vaxtı ona oğlu Orxan Qayıbxanovun avtomobillərdən səs gücləndirici, avtomaqnitafon və sairə əşyalar götürərək oğurluq etməsi məlum olmuşdur. O, oğlu Orxanın əvvəlcədən oğurluq etmək istəməsi, eləcə də oğurladığı əşyaları öz otağına yığması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı X13 tərəfindən tərtib olunan baxış və maddi sübutun götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X5 müxtəlif avtomobillərdən oğurladığı 6 ədəd “pioner” markalı səs gücləndirici, 3 ədəd “pioner” markalı maqnitofon sonuncunun yaşadığı Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ev 25 ünvanından götürülmüşdür (i/v 45-47). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi X11 tərəfindən tərtib olunan götürmə və baxış aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, təqsirləndirilən şəxs X10 iş üçün əhəmiyyət kəsb edən, yəni Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21074» markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilindən oğurladığı 1 ədəd «PİONEER» markalı, «DEH- P7150UB» seriyalı avtomaqnitafonu; 1 ədəd «Jecik» markalı, üzərində «CA-3252» «3600 P.M.P.O WATTS» «4 CHANNEL MOSFET BRİDGEABLE HİGH POWER AMPLİFİER» sözləri yazılmış səs gücləndirici tənzimləyəni (usilitel); 1 ədəd «uzluşka» kimi adlanan salon güzgüsünü; 1 ədəd kustar üsulla taxtadan hazırlanmış «Pioneer» markalı, üzərində «CLASS D MONO AMPLİFİER» «CM-D 7500M» sözlər yazılmış mono blok, «X METAL BASS», «PİONEER Champion series» sözləri yazılmış səs gücləndiriciləri istintaqa təqdim etdiyindən həmin əşyalar Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi X11 tərəfindən götürülmüşdür (i/v 163-168). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 03/08 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «b», «c» əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki «b» əl-barmaq izi, 3-7 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki «a» əl- barmaq izi, 2 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi X1 əlinin orta barmağından qalmışdır (i/v 174-180). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1258 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, eləcə də avtomobil avadanlıqlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən əvvəllər istismar olunmuş tədqiqat obyektlərinin hazırki işlənmiş köhnə vəziyyətdə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: - Zərərçəkmiş şəxs1 məxsus xx xxxxxx 2020-ci il tarixdə oğurlanmış əmlak üzrə 300,00 manat; - Zərərçəkmiş şəxs2 məxsus xx xxxxxx 2020- ci il tarixdə oğurlanmış əmlak üzrə 389,00 manat; - Zərərçəkmiş şəxs3 məxsus xx xxxxxx 2020-ci il tarixdə oğurlanmış əmlak üzrə 160,00 manat (i/v 210-213). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq haqqında xx.xx.2020-ci il tarixli qərardan, Zərərçəkmiş şəxs1 tərəfindən verilən xx xxxx 2020-ci il tarixli qəbzdən və Zərərçəkmiş şəxs2 tərəfindən verilən xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd «PİONEER» markalı, «DEH- P7150UB» seriyalı avtomaqnitafon; 1 ədəd «Jecik» markalı, üzərində «CA-3252» «3600 P.M.P.O WATTS» «4 CHANNEL MOSFET BRİDGEABLE HİGH POWER AMPLİFİER» sözləri yazılmış səs gücləndirici tənzimləyən (usilitel); 1 ədəd «uzluşka» kimi adlanan salon güzgüsü; 1 ədəd kustar üsulla taxtadan hazırlanmış «Pioneer» markalı, üzərində «CLASS D MONO AMPLİFİER» «CM-D 7500M» sözləri yazılmış mono blok, həmçinin «X METAL BASS», «PİONEER Champion series» sözləri yazılmış səs gücləndiricilər maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs2 məxsus 1 cüt «PİONEER» markalı, üzərində «TS-6975 V2» «500 W MAX 80 W NOM» sözləri həkk olunmuş səs gücləndiricilər maddi sübut kimi tanınaraq, Zərərçəkmiş şəxs2 qaytarılmışdır (i/v 172, 217-219). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X5 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat Sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 141). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan, məhkəmə qərarından və qətimkan tədbiri seçilməsinə dair qərardan görünür ki, təqsirləndirilən şəxs X10 xx.xx.2020-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-79/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 91,136-140). İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəmə istintaqı zamanı verilən ərizlərdən görünür ki, onlara dəymiş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X5 törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X7 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X10 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs X5 cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, ondan 105 (yüz beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd «PİONEER» markalı, «DEH- P7150UB» seriyalı avtomaqnitafonun, 1 ədəd «Jecik» markalı, üzərində «CA-3252» «3600 P.M.P.O WATTS» «4 CHANNEL MOSFET BRİDGEABLE HİGH POWER AMPLİFİER» sözləri yazılmış səs gücləndirici tənzimləyənin (usilitel), 1 ədəd «uzluşka» kimi adlanan salon güzgüsünün, 1 ədəd kustar üsulla taxtadan hazırlanmış «Pioneer» markalı, üzərində «CLASS D MONO AMPLİFİER» «CM-D 7500M» sözləri yazılmış mono blokun, həmçinin «X METAL BASS», «PİONEER Champion series» sözləri yazılmış səs gücləndiricilərin Zərərçəkmiş şəxs1, 1 cüt «PİONEER» markalı, üzərində «TS-6975 V2» «500 W MAX 80 W NOM» sözləri həkk olunmuş səs gücləndiricilərin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs X5 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-237/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X7 göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X5 cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 105 (yüz beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «PİONEER» markalı, «DEH- P7150UB» seriyalı avtomaqnitafonun, 1 ədəd «Jecik» markalı, üzərində «CA-3252» «3600 P.M.P.O WATTS» «4 CHANNEL MOSFET BRİDGEABLE HİGH POWER AMPLİFİER» sözləri yazılmış səs gücləndirici tənzimləyənin (usilitel), 1 ədəd «uzluşka» kimi adlanan salon güzgüsünün, 1 ədəd kustar üsulla taxtadan hazırlanmış «Pioneer» markalı, üzərində «CLASS D MONO AMPLİFİER» «CM-D 7500M» sözləri yazılmış mono blokun, həmçinin «X METAL BASS», «PİONEER Champion series» sözləri yazılmış səs gücləndiricilərin Zərərçəkmiş şəxs1, 1 cüt «PİONEER» markalı, üzərində «TS-6975 V2» «500 W MAX 80 W NOM» sözləri həkk olunmuş səs gücləndiricilərin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X7 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar