Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-237/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,221 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 12 yanvar 2024-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:30-da Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 17 ünvanının qarşısında saxlanılaraq ünvan 3şən Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə 0,221 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Bu səbəbdən tez-tez bədənində güclü ağrılar olur. xx.xx.2024-cü il tarixdə yenidən bədənində güclü ağrılar yarandığından, həmin ağrıları sakitləşdirmək məqsədilə narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Təxminən saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən, 20 manata şəxsi istifadəsi üçün heroin almışdır. Həmin narkotik vasitəni əldə etdikdən sonra istifadə etmək məqsədilə yaşadığı ev istiqamətində piyada getməyə başlamışdır. Təxminən 20-30 dəqiqə sonra ünvan 5 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və onu Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə dəvət etmişdirlər. Orada otaqların birində onun razılığı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağızın içərisində olan sellofana bükülmüş, tünd boz rəngli qatılaşmış maye formasında olan “Heroin” adlanan narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da üzərində hər-hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır, belə ki, ilk öncə onun geyindiyi üst geyimlərinin qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi şalvarının yan, arxa ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ayaqqabılarını çıxarmağı tələb olunmuş və o, ayaqqabılarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar edilmiş narkotik maddə çəkiliş vasitəsilə qablaşdırılmış və möhürlənmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, himayəsində yaşlı anasının və nikahdan kənar uşağının olmasını nəzərə alıb aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 12 yanvar 2024-cü il tarixdə “Əliislam” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, o və Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. “Əliislam” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Əliislam” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 12 yanvar 2024-cü il tarixdə saat 10:00-da ünvan 6 ünvanın qarşısına Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra, saat 10:30-da “Əliislam” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini həmin şəxsə təqdim etmiş, daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, Şahid2, müdafiəçinin eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqlarında olan ayaqqabılarının içərisinə baxılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd ağ kağıza bükülmüş, içərisində tünd boz rəngli, qablaşdırılmış maye formasında, spesifik iyə malik narkotik vasitənin “heroin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs həmin bükümü xx.xx.2024-cü il tarixində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd ağ kağıza bükülmüş, içərisində tünd boz rəngli, qablaşdırılmış maye formasında, spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd ağ kağızda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-16/2024 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 26, 98-102). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Cəmaləddin Mehvalıyev tərəfindən tərtib edilmiş və həmin Şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 12 yanvar 2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şəxsi axlarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (i/v 50-53). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/184 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..3. Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan tünd qəhvəyi rəngli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 59-62). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki maddə, təmiz çəkisi 0,221 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq 0,171 qram hissəsinin saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 118-119). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1429 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (i/v 130-131). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə Nəsimi rayon məhkəməsinin hökmü ilə 01 il 02 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 27 gün hissəsini çəkmədən vaxtından əvvəl şərti azad edilmişdir (i/v 115-116). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,221 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,171 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-237/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,221 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,171 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-237/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-237/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver