Məhkəmə qərarları › İş №1(006)-238/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-238/2020

11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-238/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Tərcüməçi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci ildə X1 vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 75b, mənzil 10-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən “Azinko” şirkəti tərəfindən inşa olunmuş yaşayış kompleksinin yaxınlığında, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə, ümumi çəkisi 1,013 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış metafetamini, təsiredici maddəsinin ümumi miqdarı 0,22 qram təşkil edən 01 ədəd üzərində “öküz” şəkili həkk olunmuş yaşıl rəngli kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həbi (“ekstazi”), 21 ədəd polietilen torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,370, 0,424, 0,425, 0,315, 0,438, 0,510, 0,444, 0,410, 0,457, 0,430, 0,242, 0,445, 0,440, 0,395, 0,427, 0,300, 0,445, 0,430, 0,448, 0,420 və 0,60 qram olmaqla, ümumi təmiz çəkisi 8,275 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış metafetamini, 01 ədəd polietilen torbacıqda təsiredici maddəsinin ümumi təmiz çəkisi 5,95 qram təşkil edən 35 ədəd çəhrayı rəngli “ürək” formasında olan MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatını əldə edib üstündə saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 27 saylı ünvanda yerləşən “28 MALL” ticarət mərkəzindəki “Zara” və “Pull Bear” mağazalarından kişi geyimlərini talamaqda şübhəli bilinməklə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilərək xx xxxx 2020-ci il tarixdə, saat 00:55-də üzərində axtarış aparılarkən içərisində 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,013 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış metafetamin və təsiredici maddəsinin ümumi miqdarı 0,22 qram təşkil edən 01 ədəd üzərində “öküz” şəkili həkk olunmuş yaşıl rəngli kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həb (“ekstazi”) olan dəmir qab əynindəki tünd yaşıl rəngli şalvarının qabaq sağ yan cibindən, həmin tarixdə saat 15:20 radələrində İdarənin Müvəqqəti saxlama yerinə təhvil verilərkən üzərindən 21 ədəd polietilen torbacıqlarda ümumi təmiz çəkisi 8,275 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış metafetamin və 01 ədəd polietilen torbacıqda təsiredici maddəsinin ümumi təmiz çəkisi 5,95 qram təşkil edən 35 ədəd çəhrayı rəngli “ürək” formasında olan MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı aşkar edilərək götürülmüşdür. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayon ərazisində olarkən özünü Arif kimi təqdim edən şəxsdən çəkmək üçün siqaret almışdır. Bir müddət onunla söhbət etdikdə, o, Arifə narkotik istifadəçisi olduğunu, lakin son zamanlar onu tapa bilmədiyini və olduğu təqdirdə özünə bir neçə müddətlik narkotik alnaq istədiyini söyləmişdir. Arif də ona köməklik edə biləcəyini deyəndə o, ondan telefon nömrəsini istəmiş, sonuncu da Türkiyə mobil operatoruna aid nömrə verib həmin nömrə ilə ancaq “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlaya biləcəyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında o, həmin nömrəyə zəng vurmuş və Arif “MilliÖn” ödəniş terminalı vasitəsilə onun verəcəyi hesaba 400 manat pulun köçürülməsini istəmişdir. O da həmin günü saat 14 radələrində metronun “Nərimanov” stansiyası yaxınlığında olan “MilliÖn” ödəniş terminalı vasitəsilə göndərilən hesaba 400 manat pul ödəmişdir. Çox keçmədən Arif “WhatsApp” proqramı vasitəsilə ona zəng edib pulun yükləndiyini bildirmiş və saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayon, Ə.Əliyev küçəsində yerləşən “Azinko” şirkətinin binalarının yaxınlığına gəlib ona zəng vurmasını demişdir. O da buna əməl edib ona zəng vurmuş və onlar qeyd olunan binaların yaxınlığında görüşərək Arif bir ədəd balaca dəmir qab və bir ədəd balaca qara torbacıq verərək orada narkotik vasitə və psixotrop maddə olduğunu bildirib dərhal çıxıb getmişdir. Arifdən ayrılıqdan sonra o, özünə paltar almaq üçün “28 MALL” ticarət mərkəzinə getmişdir. Saat 17 radələrində ticarət mərkəzinə gələrək “ZARA” geyim mağazasına daxil olmuş, oradan 89 manata 01 ədəd qara rəngdə qış gödəkcəsi, 39 manat və 55 manat dəyərində 02 ədəd qısaqol köynəkləri götürsə də, yalnız gödəkçənin pulunu ödəyib sakitçə mağazadan çıxmışdır. Bundan sonra, o, “Pull Bear” mağazasına daxil olaraq oradan bir ədəd 79 manat dəyərində ayaqqabı almışdır. Sonra isə mağazadan bir ədəd 79 manat dəyərində şalvarı və 45 manat dəyərində köynəyi götürüb pulunu ödəmədən “Zara” geyim mağazasından aldığı gödəkcənin olduğu paketin içərisinə qoyaraq mağazadan çıxmaq istəyərkən mühafizə siqnalı işə düşmüşdür. Bu zaman mühafizəçi ona yaxınlaşaraq paketləri təqdim etməsini istəmişdir. Mühafizəçi paketlərə baxdıqda “Zara” geyim mağazasından oğurladığı köynəkləri və “Pull Bear” geyim mağazasından oğurladığı şalvar və köynəyi aşkar etmişdir. Bundan sonra, mühafizəçilər onu orada kameraların olduğu otağa aparmış və bir müddət sonra polis əməkdaşı həmin yerə gəlmişdir. Sonradan adını Nicat kimi bildiyi polis əməkdaşı onu sorğu-sual edərək onu 22-ci polis şöbəsinə aparmışdır. Orada o, əynindəki şalvarın arxa sağ yan cibindən qara rəngli pul qabını, üzərində olan pulu və müxtəlif kartları, bir ədəd mobil telefonu, bir ədəd ağ rəngli yaddaş kartını, habelə əynindəki şalvarın qabaq sağ yan cibindən bir ədəd dəmir qab çıxarıb təqdim etmiş, alt paltarında gizlətdiyi narkotik vasitələri isə verməmişdir. Daha sonra o, xx xxxx 2020-ci il tarixdə, saat 15:20 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis X5 yerinə təhvil verilərkən oranın əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman alt paltarında saxladığı qara rəngli kisədə olan 35 ədəd metafetamin, digər 20 ədəd xırda torbacıqlarda və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş olan metafetamin, 21 ədəd bitki tərkibli ot aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində yerləşən “28 MALL” ticarət mərkəzində bir nəfər şəxsin oğurluq etməsi ilə bağlı daxil olan məlumat əsasında şöbənin əməliyyat müvəkkili Şahid2la birlikdə saat 20 radələrində həmin ticarət mərkəzində yerləşən “Zara” geyim mağazasının videokamera müşahidə otağına getmişlər. Orada Təqsirləndirilən şəxs adlı şəxsin olmasınə görmüşdür. Onunla şifahi söhbət zamanı Artem “Zara” geyim mağazasından bir gödəkcə aldığını, iki ədəd qısaqol köynəyin oğurladığını, sonra da “Pull Bear” geyim mağazasından bir ədəd ayaqqabı aldığını, bir ədəd şalvar və bir ədəd qısaqol köynəyin oğurladığını demiş, həmçinin üzərində narkotik vasitə də olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın qabaq sağ yan cibindən bir ədəd dəmir qab çıxarıb içərisində narkotik vasitələr olduğunu deyərək qabı açmış və oradan psixotrop maddə və narkotik vasitə aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi üçün xarici nömrədən sifariş verib aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis X5 yerinin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15:20 radələrində şübhəli şəxs kimi tutularaq Bakı şəhəri Nəsimi Rayon Polis X5 Yerinə təhvil verilmişdir. Müvafiq Təlimata uyğun olaraq onunla müayinə otağında tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması, gəzdirilməsi və ya istifadəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş və o, bu barədə müvafiq iltizama qol çəkmişdir. Sonra onun üzərində baxış aparılan zaman Təqsirləndirilən şəxs alt paltarında qara rəngli kisə aşkar olunmuşdur. Həmin kisə açıldıqda onun içərisində bir ədəd polietilen torbacıqda 35 ədəd çəhrayı rəngli, “ürək” formasında həb, 21 ədəd şəffaf sellofan paketdə bitki mənşəli kütlə, 20 ədəd polietilen torbacıqda maddə və bir ədəd bükülü halda siqaretin gümüşü kağızının bükülmüş vəziyyətdə olması aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis X5 yerinin əməkdaşı Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və maddi sübutun götürülməsi barədə” xx.xx.2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli cins şalvarın arxa sağ yan cibindən qara rəngli pul qapı (içərisində 3 ədəd 20 manatlıq, 6 ədəd 1manatlıq pul əskinazları, maxtəlif kartlar var), bir ədəd qara rəngli “Xiaomi Note 8 Pro” markalı telefon, bir ədəd ağ rəngli USB, qabaq sağ yan cibindən üzərində “10 messi” yazısı olan bir ədəd dəmir qab (içərisində narkotik vasitə və psixotrop maddələrə bənzər əşyalar) aşkar edildi. Axtarış zamanı videoçəkilşdən istifadə olundu (İ cild, i.v.57-64); - xx.xx.2020-ci il tarixli Akta görə həmin günü saat 15:20 radələrində Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis X5 Yerinə gətirilən zaman onun üzərində baxış keçirilərkən alt paltarından qara rəngli kisənin içərisindən şəffaf rəngli paketlərdə 1 paketdə 35 ədəd çəhrayı rəngli, “ürək” formasında həb, 21 paket yaşıl rəngli bitki tərkibli, 20 paket ağ kristal formasında maddələr aşkar olundu (İ cild, i.v.148); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx.xx.2020-ci il tarixli, 6/88 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs ...” yazısı olan zərfdəki, 2 ədəd bükümdə, ümumi çəkisi 1,013 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir, bir ədəd bükümdə, təmiz çəkisi 2,196 qr və 01 ədəd ağ-qəhvəyi rəngli kapsuldakı ağ rəngli tozşəkilli maddə preqabalin tərkibli dərman preparatıdır, 01 ədəd üzərində “öküz” şəkili həkk olunmuş yaşıl rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həbdir (“ekstazi”). 01 ədəd həbdə təsiredici maddəsi MDMA-nın miqdarı 0,22 qr və 01 ədəd kapsulda və bükümdəki ağ rəngli maddədə təsiredici maddəsi preqabalinin ümumi miqdarı 1,18 qr təşkil edir. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,913 qr, qalıq ½ həbin hissəsi, ağ rəngli tozşəkilli maddənin ümumi qalıq çəkisi 2,146 qr və 0,354 qr (kap.), aparılmış tədqiqatın dəyəri 114,00 manat təşkil edir (İ cild, i.v.70-72); - xx.xx.2020-ci il tarixli, 6/96 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. qeydlər olan zərfdəki: 21 ədəd polietilen torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,370, 0,424, 0,425, 0,315, 0,438, 0,510, 0,444, 0,410, 0,457, 0,430, 0,242, 0,445, 0,440, 0,395, 0,427, 0,300, 0,445, 0,430, 0,448, 0,420 və 0,600 qram, ümumi təmiz çəkisi 8,275 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 01 ədəd polietilen torbacıqdakı 35 ədəd çəhrayı rəngli ürək formasında həblər MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatıdır. Ümumi sayı 35 ədəd həbin tərkibində MDMA təsir maddəsinin ümumi təmiz çəkisi 5,95 qram təşkil edir. Təsir maddəsinin ümumi təmiz çəkisi 5,95 qram təşkil edən psixotrop maddə - MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləridir. Tədqiqatdan sonra qalıq 34 ədəd MDMA həb, metafetaminin ümumi qalıq çəkisi 8,075 qram, aparılmış tədqiqatın dəyəri 108,46 manat təşkil edir (İ cild, i.v.190-192); - xx.xx.2020-ci il tarixli, 7/27 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş,üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə 21 ədəd kiçik şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinioidlərə aid 5F-MDMB-PİCA adlı maddə vardır. Onun çəkisi – 0,076 qram təşkil edir. Tədqiqatdan sonra bitki mənşəli kütlələrin ümumi qalıq çəkisi 16,299 qr, aparılmış tədqiqatın dəyəri 89,00 manat təşkil edir (İ cild, i.v.195-196); - xx.xx.2020-ci il tarixli, 7/227 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 21 ədəd kiçik şəffaf sellofan paketdə olan bitki mənşəli kütlələrin tərkibindəki 5F-MDMB-PİCA adlı maddə elmi mənbələrə əsasən psixotrop maddələrə aiddir. Aparılmış tədqiqatın dəyəri 89,00 manat təşkil edir. Həmin maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahıları”na daxil edilməmişdir (İİ cild, i.v.113-114); - xx.xx.2020-ci il tarixli, 6/820 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1№-li kağız paketdəki iki ədəd kiçik ölçülü polietilen paketdə ümumi təmiz çəkisi 0,913 qram olan olan psixotrop maddə - metafetaminlə 2 №-li kağız paketdəki iyirmi bir ədəd kiçik ölçülü polietilen paketdə ümumi təmiz çəkisi 8,075 qram olan psixotrop maddə - metafetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 1 №-li kağız paketdəki 01 ədəd ağ-qəhvəyi rəngli dərman kapsulu və bir ədəd polietilen paketdəki təmiz çəkisi 2,146 qram olan ağ rəngli tozşəkilli maddələr eyni tərkibli güclü təsir edən maddə preqabalindir. 2 №-li kağız paketdəki 34 ədəd çəhrayı rəngli metilendioksimetamfetamin (MDMA) həbləri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə (rənginə, ölçüsünə, formasına və s.) görə eynidirlər. 1 №-li kağız paketdəki yaşıl rəngli həb 2 №-li kağız paketdəki 34 ədəd çəhrayı rəngli həblərdən kimyəvi tərkibinə və xarici əlamətlərinə (rənginə, ölçüsünə, formasına və s.) görə fərqlənirlər. Aparılmış tədqiqatın dəyəri 81,82 manat təşkil edir (İİ cild, i.v.134- 138); - “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” xx.xx.2020-ciil tarixli qərarla 1 №-li zərfdəki 0,813 qram metafetamin, 01 ədəd metilendioksimetamfetamin (MDMA) tərkibli həbin ¼ hissəsi, 2 №-li zərfdəki 7,875 qram metafetamin və MDMA (metilendioksimetamfetamin, ekstazi) preparatı olan 33 ədəd həb iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir (İİ cild, i.v.157-160); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X3 haqqında xx.xx.2020-ci il tarixli, 866 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.234-235); - “Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (İİ cild, i.v. 161-192); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-119/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 138-142); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli arayışında Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir (İ cild, i.v. 221); - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(009)-72/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İİİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metafetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram, MDMA-nın isə 0,03 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur (68.1-ci maddə). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən həbsdə olduğu üçün o, ona Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 28 gün müddətin azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmasını və cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti cəzanın təyin olunmasını məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan - xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,813 qram psixotrop maddə olan metafetamin, metilendioksimetafetaminin (MDMA) tərkibli həbin ¼ hissəsi, 7,875 qram psixotrop maddə olan metafetamin və MDMA (metilendioksimetafetamin, ekstazi) preparatı olan 33 ədəd həb Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 482,28 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi vəsaiti hesabına 18 saat üçün nəzərdə tutulan 108 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 08 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatlarının dəyəri 482 (dörd yüz səksən iki) manat 28 (iyirmi səkkiz) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,813 qram psixotrop maddə olan metafetamin, metilendioksimetafetaminin (MDMA) tərkibli həbin ¼ hissəsi, 7,875 qram psixotrop maddə olan metafetamin və MDMA (metilendioksimetafetamin, ekstazi) preparatı olan 33 ədəd həb məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi vəsaiti hesabına 18 saat üçün nəzərdə tutulan 108 (yüz səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar